İsveç Azərbaycanlıları Koordinasiya Şurası idarə heyətinin üzvü, tanınmış yazıçı, şair və publisist Eluca Atalının (Mədinə Hüseynova) 55 yaşı tamam olur.
İsveçin paytaxtı Stokholm şəhərində yaşayan və Kärsby məktəbində çalışan yazar ”Atlara güllə atmayın” “Azadlıq hekayələri”, “Tiqranizm Xocalıda” kitablarının, ”Qız və quzğun”, ”Ağ gəminin kapitanı”, “Ənqa quşu” uşaq əsərlərinin, “Adamdan üstün”, “Paşa Qəlbinur: biblioqrafiyası”, “Atillanın açıq pəncərəsi”, “Qum üstündə sərçələr”, “Milli monoloq”, “Gecikmiş oyuncaq”, “Bir udum azadlıq”, “Kərküklülər – təklənmiş türklər” siyasi məqalələr toplusunun, “Azərbaycanda ədəbiyyat: formalaşması, inkişafı, müasir dövrü və meylləri” adlı doktorluq işinin müəllifidir. O, xaricdə Azərbaycan ədəbiyyatının təbliği ilə fəal məşğul olur, siyasi-sosial mövzularla bağlı mütəmadi olaraq xarici mətbuatda və sosial media şəbəkələrində çıxış edir.
Qeyd edək ki, yazıçı 1966-cı il noyabrın 19-da Azərbaycanın Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb.
Diasporla İş üzrə Dövlət Komitəsi tanınmış yazarı və diaspor hərəkatının fəal üzvlərindən biri olan Eluca Atalını yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür və yaradıcılığında davamlı uğurlar qazanmağı arzulayır.
Biz də bu təbrikə qoşulur, Eluca Atalıya yeni-yeni nailiyyətlər arzu edirik!!!
Dünyanın rəngi də qaçıb, ağ-qara şəkillər kimi, Divardan bizə boylanan 70-ci illər kimi. Saralıb, solub, köhnəlib güllər də eyni rəngdədi Bir sığala həsrət qalan tellər də eyni rəngdədi. Həftələr, aylar ötüşür qoşulub dönür illərə Eyni rəngdə, eyni tonda ömrü veririk yellərə, Qocalıq da astanadan üzümüzə gülümsəyir. Mən deyirəm kefim yoxdu, Həkimlər depresiya deyir!..
Qoxusu da bir başqadı çürüyüb sanki nə vaxtdı, Çiçək qoxulu dünyanın birdən-birə yatdı baxtı. Doğmaların ətri gəlmir nə dostdan, nə tanışından, 1001 məna çıxarardıq bir gözəlin baxışından. İndi daha, mənası yox bu həyatın heç gözümdə, Tanrı da elə “Döz!” deyir, nə deyirəm, qoy dözüm də! Könlüm nə qalmaq istəyir, nə də ki, getmək istəyir. Mən deyirəm kefim yoxdu, Həkimlər depresiya deyir!..
Ağzımızın ləzzəti yox, dadı qaçıb, tamı qaçıb, Dünyada adam qalmayıb, sonuncu adamı qaçıb. Gecələr yuxum da qaçaq yorğan-döşək gəlir cana, Elə hey, dönüb dururam gözüm dikilir tavana. Gündüzləri çalmaz qapım, nə qonşum var, nə qonağım Öz evimdə dəfn olmuşam daş məzarım, daş otağım. Qurda-quşa ehtiyac yox öz içim özümü yeyir, Mən deyirəm kefim yoxdu, Həkimlər depresiya deyir!..
O mahnılar çalmır daha, qulağım elə səsdədi, Ruhumun cəzası bitmir, bədən adlı qəfəsdədi. Boylanıbdı üzügöyə yer də bezar, göy də bezar Qəbir qazan bir insançün de, neçə yol qəbir qazar?! Mürdəşir də bezib məndən kəfənimin sapı bitib, Tanrı üzümə açmağa qapı yoxdu, qapı bitib. Hər şey bitir bu dünyayla bircə savaşım bitməyir. Mən deyirəm kefim yoxdu, Həkimlər depresiya deyir!..
28.02.2021.
Bir az səssizlik, bir az sənsizlik.
Bir stəkan çay istəyirəm, yanında da limonu. Bir qırıq qənd parçası, bir kağız, bir qələm cızmaqara edim onu… Vəssalam, mənə bu da yetər hələlik! Gün batar, ay doğar, bir az səssizlik, bir az sənsizlik…
Soyuq istəyirəm, sümüyümə işləsin, bürünüm şalıma. İsidim sobanı, deyinim halıma: -Lap üşüdüm, xəstələnəcəm, Vallahi bərk! Əynimi qalın geyinəydim gərək! Danlayım, dansayım sübhədək özümü, Hesaba-kitaba calayım əyrimi-düzümü… Vəssalam, mənə bu da yetər hələlik! Gün batar, ay doğar, bir az səssizlik, bir az sənsizlik…
Bir parça çörək də pis olmaz, üstündə yağ-pendir. Ey Fələk, bu gecə könlümü gəl, dindir! Bir sən ol, bir də mən, bir də ki təkliyim, Bitməsin sübhədək əlindən çəkdiyim… Durmadan özünə, lap elə üzünə eyləyim şikayət! Ürəyim boşalsın nəhayət… Vəssalam, mənə bu da yetər hələlik, Gün batar, ay doğar, bir az səssizlik, bir az sənsizlik…
14.11.2016.
Ruhumla söhbət Atam həkim- Fazilov Rafaelə İthaf olunur.
Ruhum, dur yığış gedək, Çağırır göylər bizi! Daha bəsdi seyr etdik, Bu dağı, bu dənizi!
Əzbərlədik dünyanın Qurusunu, suyunu. Gördük, hər bir fəslini, Gördük, hər bir huyunu.
Soyuq qışı, payızı, İsti yayı, baharı. Ha, əksinə üzsək də Dəyişməyir axarı!
Dara düşdük, qarğıdıq Arxasınca o ki, var! Ruhum, topla bu gecə Sağ-solunda hər nə var!
Bu dünyada qalmağa Başqa üzüm yox daha! Bizim yolumuz uzun Çıxaq, üzüsabaha!
İçimdəki həvəsim Nə qədər ki, yatmayıb, Elə baxma üzümə, Demə, vaxtın çatmayıb!
Demə, hələ sırada Gör nə qədər adam var! Ruhum, dur yığış gedək, O göylərdə Atam var!
Haçandı ləngiyirəm, Yəqin gözü yoldadı. Bil, Atam hardadısa, Mənim dünyam ordadı..
04.05 2016.
Mənə bir az nağıl danış...
Mənə bir az nağıl danış, ruhum bir az təzələnsin. Səmadakı ulduzlardan göydən yerə nur ələnsin. Danışginən bədirlənmiş 14 gecəlik ayından, Günəşin bizə verdiyi bir ovuc ümüd payından. Bir az külək, bir az çovğun, bir az bulud, bir az yağış. Başımı qoyum dizinə mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, gah o qızdan, gah da divdən, Quşun qanad salmadığı qırx qıfıllı həmən evdən. Şahlara meydan oxuyan igiddən de, qoçaqdan de! Bir qarının daxmasında alışmayan ocaqdan de! Cırtdan toplasın odunu üşüməyək daha bu qış! Başımı qoyum dizinə, mənə bir az nağıl daniş!
Mənə bir az nağıl daniş, yuxum tökülür gözümdən. Danış qoy başım qarışsın, özüm bezmişəm özümdən. Məcnun kimi dönə-dönə dolanıram otaqları. Lap əlimdən zara gəlib evin bütün yataqları. Göz dikdiyim tavan bezib, bezib yorğan, bezib balış. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl daniş, Məlikməmməd, Keçəl Həsən. Biri vardı, biri yoxdu… danış hansını istəsən. Az getdiyin, üz getdiyin təpədən, düzdən, dərədən. Göydən üç alma düşəndə günəş doğsun pəncərədən. Bir gecəlik uşaq olum saçımda-dən, üzdə-qırış. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl daniş, başıma da bir sığal çək. Evimizin qarşısında o sehirli almadan ək! Qızıl balığı axtaraq, sahil-sahil, liman-liman. Bu gün lap əldən düşmüşəm işlərim çox olub yaman. Oğul-uşaq, iynə-dərman bütün günü çalış-vuruş. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, çıxar Fatmanı təndirdən. Tülkülərə pay düşməsin qarğadakı o pendirdən. Tənha qalıb Tıq-tıq xanım, bir vəfalı dost tap ona. Turpun ən iri tikəsin parçalayıb ver siçana. “-İsgəndərin buynuzu var!” qoy, yaymasın elə qamış! Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, gəl öldürmə bu həvəsi. Sübh açılır, uzaqlardan eşidilir xoruz səsi. Simurq quşu qanad çalsın səmamızda səhər-səhər. Ağ qoç, qara qoç kəsdirsin qapımızı beldə yəhər. Gəzək hər iki dünyanı addım-addım, qarış-qarış. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, bir az gülüş, bir az qorxu. Bilirəm, sən də yorğunsan gözlərindən axır yuxu. Durma, danış tez-tələsik bitir nağılı sonra yat! Bir az sevgi, bir az nifrət, içinə bol həyəcan qat! Bir az hicran, bir az vüsal, odlu nəfəs, isti baxış. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, sehirli xalçada gəzim. Açılmayan qapıları açsın, bircə “Sim-sim!” sözüm. Qat başımı, elə danış, içim içimdən yıxılır. Bilsən, bəlkə ağlayarsan canım nə cürə sıxılır. Eyni, divin canı kimi dar qəfəsdə çırpınan quş. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, bədheybətin sarayından. Bəxtimə yaman az düşüb nənəmin noğul payından. Yaxşıları xoşbəxt elə, pisləri çək sonda dara! Mən hələ də uşaq kimi inanıram nağıllara… Duyğularım, istəklərim darma-duman, qarma-qarış. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
07.07.2021.
Mənəm!
Bir ev var ki, uzaqlarda hasarı yox, çəpəri yox. Nə gələni, nə gedəni, nə qalan bir nəfəri yox. Bu günəşdən, bu səmadan, bu həyatdan xəbəri yox toz basmış, kifə bürünmüş Bax, həmən o otaq mənəm!
Gah deyirəm bədahətən, gah yazıram kərən-kərən. Bir şeirəm qafiyəsi, hecaları pərən-pərən. Şairlərin din-imanı, quranı, kitabı-qələm, ağ köksündə qara yazı Bax, həmən o varaq mənəm!
Yerdən göyə ah-naləyəm, göydən yerə göz yaşıyam. Neçə dərdə, neçə sərə başdaşıyam, döşdaşıyam. Xəzan çağı tökülməyib, boranı, qışı yaşıyan budaqdakı tənha-təkcə Bax, həmən o yarpaq mənəm!
Bircə yol köks ötürmədim nə komaya, nə saraya. Nə malına göz dikmişəm, nə puluna, nə paraya. Qırx ilməylə, qırx düyünlə o dünyadan bu dünyaya əzrayılın caladığı Bax, həmən o yamaq mənəm!
Gah oynayıb, gah ağlayıb, gah da deyib, gülə-gülə. Bir dəyərsiz əşya kimi ömrü verdik əsən yelə. Oğrun-oğrun boylandığım dən düşmüş qapqara telə xəbərsizcə sığal çəkən Bax, həmən o daraq mənəm!
Bir igidin taleyinə yazılan qara yazıyam. Şaxtasıyam, boranıyam, çovğunuyam, ayazıyam. Nefti qutarmış, tüstünün his-pasına alazıyan külək vurduqca alışan Bax, həmən o çıraq mənəm!
Kimi cavan, kimi qoca, kimi körpə qucağında Bir havanın həsrətində, bir nəfəsin sorağında. Gecələri sakit-səssiz xəstəxana otağında sübhə kimi cırıldayan Bax, həmən o yataq mənəm!
Hər vəzndə, bır sərbəst, bir az heca, bir az qəzəl. Yaza-yaza 100 yaşında qapımı döysə də əcəl, Hələ də tam böyüməyən, bir az şıltaq, bir az dəcəl Atasının sonbeşiyi Bax, həmən o uşaq mənəm!
Xeyirlə-şər, ağla-qara təzad dolu başdan-başa. Başı eyni, sonu eyni həyat sanki, bir tamaşa. Bütün ömrü oynayaraq bir çiçəyə, bir alqışa son pərdədə üz tutduğun Bax, həmən o torpaq mənəm!
Daha dayana bilməyib, bədən adlı qəfəsində. Özü verib əzrayıla verdiyi son nəfəsin də! Daş pəncərə, dəmir qarmaq şaxtalı qış gecəsində bir kəndirlə söndürülən Bax, həmən o ocaq mənəm!
Tale, yazı, bəxt işidi deyib, keçdim hər bir şeyə. Dilənçitək əl uzadıb yaranandan üzügöyə. Şükr elədim, zikr elədim dərd içimi yeyə-yeyə ilahinin göndərdiyi Bax, həmən o sınaq mənəm!
Hər kəsin həyatında az-çox əlamətdar və acı hadisələr olur. Mənimsə həyatımda baş verən bir hadisə olduqca utancverici və unudulmazdır. 1985-ci ildə müəllim işlədiyim kollektivdə “oğru” kimi tanınmağımı hec vaxt unutmuram…
Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunu (indiki Xankəndi) bitirdikdən sonra təyinatımı Laçın rayonuna aldım və Daşlı kənd orta məktəbində müəllimlik fəaliyyətinə başladım. Daşlı kənd orta məktəbinin direktoru Zəlimxan müəllim ailə dostumuz olduğü üçün birinci ili onların evində ailənin bir üzvü kimi yaşadım. Böyük külfət sahibi olan Zəlimxan müəllimlə Səmərqə müəllimə mənə valideyn qayğısı ilə yanaşırdılar (Allah hər ikisinə rəhmət eləsin!). Ailədə böyüyən uşaqlarla qardaş-bacı kimi qaynayıb-qarışdım… Beləcə, ilk tədris ilini başa vurdum.
Daşlı kəndi rayon mərkəzindən 55 km. şimal qərbdə, Çalbayır silsiləsinin ətəyində, Həkəri çayının qolu olan Şəlvə çayının sahilində yerləşir. Rayonun Hətəmlər, Vəlibəyli, Şəlvə, Narışlar və Kaha kəndləri ilə həmsərhəddir…
Növbəti dərs ilində məktəbimizə təyinatla Qərbi Azərbaycandan Musa adlı (soyadını unutmuşam) kimya müəllimi gəldi. Qərara gəldik ki, kənddəki boş evlərin birində Musa müəllimlə birlikdə qalaq.
Çayın sahilində geniş həyətli bir boş ev vardı. Bir günün içərisində evdə səliqə-sahman işi aparıb Musa müəllimlə oraya yığışdıq. Onu da deyim ki, Musa müəllimlə birlikdə qalmaq üçün Zəlimxan müəllimdən və ailəsindən bir həftə çəkən söhbətdən sonra çətinliklə razılıq ala bilmişdim.
Təbii ki, yaşamaq üçün ucqar dağ kəndinin bəzi problemləri vardı. İşıqların tez-tez sönməsi, təbii qazın olmaması, yanacaq üçün yalnız odundan istifadə edilməsi və s. ehtiyaclar müəyyən çətinliklər yaradırdı. Televizorumuz olmadığı üçün dərsdən sonra boş vaxtlarımızda mənim “Vesna” maqnitofonum köməyimizə çatırdı. Azərbaycan müğənnilərinin mahnılarından ibarət çoxlu kasetim vardı. Demək olar ki, musiqidən korluq çəkmirdik. Hətta tətil günlərində Ermənistandakı evlərinə gedən Musa müəllim sovet estradasının ulduzu Alla Puqaçovanın, məşhur rus müğənnisi Vladimir Vısotskinin kasetlərini də gətirmişdi.
Doğma el-obamızdan, ailələrimizdən aralı düşdüyümüz üçün Daşlı və qonşu kəndlərin camaatı bizə çox mehriban yanaşırdılar. Hətta tez-tez bizi evlərinə qonaq dəvət edirdilər. Bir sözlə, qəribçilik çəkməyə imkan vermirdilər. Beləcə, günlər bir-birini əvəz edirdi…
Daşlıdan olan Xosrov İsmayılov Hətəmlər kənd məktəbinin direktoru idi. Hər səhər onu at belində Hətəmlər kəndinə gedən görərdik. Məkəbimiz yolun kənarında olduğu üçün Xosrov müəllim bizi həyətdə görəndə atı saxlayıb hal-əhval tutardı. Çox mehriban və səmimi insan idi. Bir gün onunla söhbət zamanı öyrəndik ki, rəhbərlik etdiyi Hətəmlər məktəbində təyinatla gəlmiş əslən Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan Kamandar Eyvazlı (Sonralar “Azəriqaz” QSC-nin mətbuat xidmətinin rəhbəri işlədi – şair-jurnalist kimi tanınan Kamandar Eyvazlı) və Ermənistandan Kərim adlı (soyadını unutmuşam) müəllimlər işləyir. Bir müddətdən sonra onlarla da tanış olduq. Tez bir zamanda aramızda münasibət yarandı. Dəfələrlə Kamandar Eyvazlı ilə Kərim müəllimi yaşadığımız evə dəvət etdik. Süfrə açdıq, çörək kəsdik, saatlarla söhbət edib, musiqi dinlədik…
Bir gün Musa müəllim mənə dedi ki, diplomat çantasını aça bilmir. Həm də bildirdi ki, diplomatın açarı yoxdur, neçə ildir itirib. Dedim ki, ver mən də bir baxım görüm nə olub, niyə açılmır? Diplomatın “zamok”una diqqətlə baxdım. Çox götür-qoydan sonra mətbəx bıçağı ilə zədə yetirmədən diplomatı açdım…
…Vacib işim olanda həftənin 5-ci günləri direktordan icazə alıb ya Xankəndinə, ya da Ağdama gəlib, bazar günü yenidən Laçına qayıdardım. Belə gediş-gəlişlərimin birinin səhəri günü dərsə gedəndə məktəbin tədris işləri üzrə direktor müavini Lətif Həsənov müəmmalı tərzdə müəllim kollektivinin içərisində məndən soruşdu ki, rayona kasetləri gətirməyə getmişdin?
Düzü, Lətif müəllimin bu sözlərindən bir şey başa düşmədim. Dərhal soruşdum ki, nə kaset? Dedi ki, Musa müəllimin kasetlərini… Yenə də onun nə dediyini anlamadım. Qayıtdı ki, guya Musa müəllimin oğurlanmış kasetlərindən xəbərin yoxdur?! Gözləmədiyim bu xəbərdən yerimdə donub qaldım. Yalnız onu deyə bildim ki, mənim heç nədən xəbərim yoxdur…
Bu zaman Musa müəllim sərt bir baxışla səsini ucaldaraq içindəki neçə gündür saxladığı zəhərini ortaya tökdü:
– Əgər diplomatın içindəki kasetləri və qolbağımı sən götürməmisənsə, o gün onun necə açdın?!
Hamının maraq dolu baxışları üzərimə tuşlanmışdı. Doğrusu, aldığım bu qəfil zərbədən sarsılmışdım. Cavab verməyə söz tapa bilmirdim. Sonradan anladım ki, rayondan qayıdanda Musa müəllim niyə mənimlə soyuq görüşüb, sonra da heç söhbət etməmişdi…
Sən demə, bağlı diplomatı açmağımdan sonra yoxa çıxan kasetlərin və həbsxanada məhkumlar tərəfindən hazırlanmış rəngli şüşədən olan qolbağının mən tərəfindən oğurlandığı qənaətinə gələn Musa müəllim bütün olanları və məndən şübhələndiyini mən rayonda olarkən müəllim kollektivinə danışıb. Ona görə də hamı mənim bu vəziyyətdən necə çıxacağımı maraqla izləyirdilər. Mənimsə əlimdə bir sübut və ya şahidim olmadlığı üçün kimsəni inandıra bilmədim ki, bu olanlardan mənim xəbərim yoxdur. Bu məsələ ilə bağlı mübahisələr həftələrlə davam etdi. Məsələ artıq kənd camaatının qulağına da çatmışdı. Hamının gözündə əməlli-başlı bir oğruya çevrilmişdim. Özümü təmizə çıxarmaq üçün isə heç bir iş görə bilmirdim. Günlərlə bir il ailəsində övladları kimi yaşadığım Səmərqə müəllimənin qarşısında uşaq kim ağlayıb göz yaşı tökdüm, mənim bu oğurluq məsələsindən xəbərim olmadığını söylədim. Təbii ki, o və ailə üzvləri mənə inanırdı. Amma çox təəssüf ki, ortada oğurluq faktı və bir günahkar vardı. Əcəba kim?!
…Bir otaqda qaldığım, bir süfrədə çörək kəsdiyim Musa müəllimi inandıra bilmirdim ki, onun kasetlərini və qolbağısını mən götürməmişəm. Hətta oracan deyirdim ki, Musa müəllim, hər şeyi bir kənara qoyaq, axı o rus mahnılarını dinləməyi xoşlamadığımı bilirdin, o kasetləri neynirəm ki, hələ bir oğurlayım da?! Sonra da dedim, dəfələrlə Kamandarla Kərim bizdə olublar, yeyib-içmisiniz, hətta üçünüz keflənmisiniz də, bəlkə onlar götürüb. Musa müəllim qayıtdı ki, yox, sən nə danışırsan, ola bilməz, onlar götürməz…
***
Bu məsələnin sədası Hətəmlər kəndinə də gedib çatmışdı. Kamandar Eyvazlı və Kərimlə də bu məsələni müzakirə etmişdik. Ancaq suçlu ortada yox idi. Hadisənin hədəfində yalnız mən vardım. Mənsə çıxış yolu tapa bilmirdim. Bu arada hətta Kamandar Eyvazlı məni vəziyyətdən çıxarmaq üçün məsləhət bildi ki, mən kasetləri və qolbağını gətirib ona verim, o da bir yolla məsələni yoluna qoyacaq. Beləliklə də, mən bu oğurluq ittihamından qurtulmuş olacam. Fədakarlığa bax eee!!! Əhsən!!!
…Daşlı kəndində bir ağır seyid ocağı vardı. Qərara gəldik ki, mən, Kamandar Eyvazlı və Kərim həmin ocağa gedib orada and içək ki, bu oğurluqdan xəbərimiz yoxdur. Bir gün səhər tezdən Kamandar Eyvazlı ilə Kərim məktəbə gəldi. Musa müəllimlə mənim səhər novbəsində dərsimiz olduğu üçün o, mənə dedi ki, evin açarını Kamandargilə verim, onlar bizim evə getsinlər, məktəbdə gözləməsinlər. Dedim, eybi yoxdu, qoy, gözələsinlər, dərsi qurtarıb birlikdə gedərik. Mənim bu etirazıma Musa müəllimin acığı tutduğunu hiss etdim. Amma yenə də evin açarını vermədim. Dərsimizi deyib dördümüz də evə getdik. Onu da deyim ki, bizim and içəcəyimizdən məktəb kollektivinin də xəbəri vardı. Hamı maraqla işin sonunu gözləyirdi. Evə çatıb içəri keçdik. Onlar evin ortasındakı masanın ətrafında əyləşdilər. Mən isə öz dəmir çarpayımın üstündə oturdum. Birdən Kamandar Eyvazlı mənə dedi ki, gəl, ikimiz bayıra çıxaq, deyəsən, Kərimlə Musanın şəxsi söhbəti var. Yenə də etirazımı bildirdim ki, heç yerə getmirəm, burada nə şəxsi söhbət ola bilər, məsələ oğurluq hadisəsidirsə, hər şey ortada olmalıdır. Uzun söhbətdən sonra yenə də hər kəs suçsuz olduğunu söylədi. Belə olan halda, hazırlaşıb seyid ocağına and içməyə yollandıq. Kədin ortasından keçən Şəlvə çayının üstündəki körpüyə çatanda Müsa müəllim dedi ki, gəlin, geri qayıdaq, mən sizə inandım…
…Səhəri gün Musa müəllim məktəb kollektivinə bildirdi ki, bir anlaşılmazlıq olub, məsələ həll olundu. Buna baxmayaraq, yenə mənim narahatlığım davam edirdi. Çünki oğurlanan əşyalar ortada yox idi, oğru da tapılmadı. Çoxlarının nəzərində suç yenə də mənim üzərimdə qalırdı. Bu minvalla məktəblilərin yay tətili gəlib çatdı. Biz də məktəbdəki işlərimizi yekunlaşdırıb rayona yollandıq…
***
…Növbəti yeni dərs ili başlayanda Daşlıya qayıdıb başqa bir evdə tək qalamaq qərarına gəldim. Məktəbin qonşuluğunda yaşayan Arif dayının ikimərtəbəli evinin birinci mərtbəsindəki otaqlardan birində qalmalı oldum. Kəndin insanlarını bir-birindən fərqləndirmək istəmirəm, hamısı səmimi, gözəl insanlar idi, Arif dayı da həmçinin…
Sonralar eşitdim ki, Arif dayının vaxtilə şagirdim olan oğlu Sulduz Tağıyev və Lətif müəllimin oğlu Elşad Həsənov Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıblar. Onlara və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm!
…Yay tətili müddətində Musa müəllim ailə qurduğu üçün Daşlıya həyat yoldaşı ilə birlikdə gəlmişdi. Onlar Musa müəllimlə qaldığım evdə yaşamalı oldular…
Və… Və Musa müəllim budəfəki gəlişi ilə nə vaxtdan bəri daşlıların və məktəb kollektivinin ağlını dolaşdıran oğurluq hadisəsinə aydınlıq gətirən bir açıqlama verdi… Dedi ki, yay tətilində Yerevanda olarkən diplomatının içərisindən yoxa çıxan qolbağını Kərim müəllimin bir dostunun qolunda görüb. Sonra da araşdırıb öyrənib ki, qolbağını həmin adama Kərim verib…
Musa müəllim bütün bu olanlara görə məndən üzr istəsə də, artıq gec idi…
P.S. Yuxarıda qeyd etdim ki, mən evin açarını Kamandar Eyvazlıgilə vermədim və birlikdə evə gedəndən sonra onun dəfələrlə təkidinə baxmayraq, otaqdan bayıra çıxmadım. Səbəbini heç kimə deməsəm də, sanki içimdə mənə qarşı oynanılan oyunu, oğurlanan əşyaları yatağımın altına qoyub məndən «oğru» yaratmaq niyyətlərini hiss etmişdim. Bu səbəbdən də nə açarı verdim, nə də otaqdan bayıra çıxdım…
Bax belə…
Heç vaxt unutmayacağım bu hadisəni oxucularımızla bölüşmək istədim…
1. Xatirə Fərəcli, bir az sizi tanıyaq? Xatirə İlğım idi, ötüb keçdi dalğa-dalğa, təpə-təpə, rəngli-rəngli …Xatirə… nəğmə idi həzin, kövrək oxunmadı, naxış idi bər-bəzəkli toxunmadı, göydən gələn arzu idi çatan olmadı …Xatirə… ümid idi təzə dünya doğuldu, beşiyində boğuldu, ağlı başına bəla, bir az havalı, dəli… şəkli, izi düşüb qaldı ürəkdə …Xatirə… ürək idi döyünmədi, elə gəldi, elə getdi
bu dünyaya endirmədi, enmədi …Xatirə… 2. Yaradıcılığınızın ilk nümunələri nələrdir? Mən ilk şerimi həyətimizdəki akasiya ağacına yazmışam. O şeiri çapa verməmişəm, amma durur şeirlərimin içində, İndi də o şeiri heç yerinə toxunmadan oxucuya təqdim edə bilərəm. Ümumiyyətlə, mənim işimlə bağlı yeni yazarlarlar mənə müraciət edir. Şeirlərinə baxıram, poeziyanın sirlərinə yiyələnməmiş, öz üzərində işləmədən, şair kimi yetişmək də demirəm, şeirin məsuliyyətini dərk etmədən çap olunmaq, tanınmaq istəyirlər. Mən poeziyaya o qədər məsuliyyətlə yanaşmışam ki, ilk dəfə çox sonralar çapa təqdim etmişəm şerimi , halbuki ilk çap olunana qədər mənim bir kitablıq şerim var idi. 3. Həmin şeirlər əzbərinizdə qalıb, şair kimi sizi qane edir həmin o iki şeir? İlk dəfə “Bu nədi” və “ Təbiətin qoynunda” şerləri ilə Sumqayıt qəzetində çap olunmuşam. İndi də o şeirlərimi alın açıqlıı ilə oxuyuram lazım gələndə. Çox zaman şairlər ilk kitabından, ilk çap olunan şeirlərindən utanır. Peşəkarlaşandan sonra şair gözü ilə baxıb görür zəifliyinimi, qüsurunumu. Məndə bu olmayıb, çünki çapa tələcməmişəm, öz üzərimdə işləmişəm, yazdıqlarımdan əmin olandan sonra ortalığa çıxarmışam şeirlərimi. Şeir çar olunandan sonra oxucu ixtiyarına verilir şairin imzası olaraq və bu imzaya hörmət etmək mütləqdir. 4. Hansı nəşriyyatlarla işləmisiniz? Çap işi yazarların sevmədiyi bir işdir. Əsasən tərcümə işi ilə məşğul olanlar nəşriyyatlarla işləyir.Mən konkret hansısa nəşriyyatla işləmirəm. Ümumiyyətlə kitab çıxarmağa ərinirəm. Axrıncı kitabımın çapından sonra xeyli vaxt keçib, təzə kitabı demək olar ki, hazır etmişəm, çox az bir iş qalıb, ərinirəm məşğul olmağa və eləcə də gecikir. Təzə şeir yazmaq mənə daha asan gəlir nəinki kitab üçün şeirləri hazırlamaq))) Bir az da bu bayaq dediyim məsuliyyətdən, kitaba, şeirə, sənətə sayğıdan irəli gəlir. Kitabın sayının yox, içindəki şeirlərin keyfiyyəti məni maraqlandırır. Nəşriyyatlara gəlincə, yaxşı olar ki, nəşriyyatlar elə yazarların, əsasən də şairlər kitab sifarişini götürüb, maliyyəsini alıb çap etmək yox, Şeirlərinin keyfiyyətinə əmin olduqları şairlərin kitabın nəşr edib, satışını özləri təşkil etsələr çox yaxşı olar. Bu bizdə yox səviyyəsindədir.
5. Ədəbiyyat sizə nə verdi?
Daha çox mən ədəbiyyata nə verdim deyə düşünürəm hər zaman. Nə xoş o şairin halına ki, ədəbiyyata nəsə verə bilə.
6. Kimləri oxuyursunuz yazarlarımızdan, dünya ədəbiyyatını izləyirsinizmi? Əlinə qələm alan hər bir kəs mütləq ədəbi cərəyanları izləməli, ədəbi hadisələrdən xəbərdar olmalıdır. O cümlədən müasir yazarların da yazdıqlarına bələd olmaq vacib olmasa da hər halda pis olmaz. Həm vəzifəmlə əlaqədar olaraq, həm məclis idarə edirəm, həm təşkilatım sırf mədəniyyətin təbliği ilə bağlıdır ona görə, mən ədəbiyyatın içində olan adamam. Müasir yazarlarımızın əksəriyyətini şəxsən tanıyıram, yaradıcılıqlarına bələdəm. Tanımadığım bir yazarın da bircə bənd şerini deyin, onun necə yazdığı haqqında dəqiq fikir söyləyim, Mənim şeir zövqümü oxşamaq, təəccübləndirmək çox çətindir, şeir zövqüm çox yuxarıdır. Bəyəndiyim şeirlər də var, bəyənmədiyim də. Hər yaş dövrünün öz mütaliəsi var, onu da deyim ki, dəyərli kitabları oxuyandan sonra bəsit kitablar oxumaq olmur. Mən oxuduğum kitabların adlarını çəksəm siyahı çox uzun olar)) Evimdə özüm dizaynın verib düzəltdirdiyim böyük bir kitab şkafım var. Orda olan kitablar çox dəyərli kitablardır. 7. Bəs stolüstü kitabınız hansıdır masa arxasında oturanda hər dəfə o kitabdan bir kəlmə olsa da oxuyasınız. Stolüstü kitablar iki ehtiyacdan doğur. Bir karyera ilə, sənət ilə bağlı kitablar. Lazım olanda əlin altinda olsun, götürüb baxmaq üçün. Bir də darıxanda, boş vaxtın olanda götürüb oxuyacağın kitab. Darıxmaq .air üçünnəticəsi gözəl olan bir momentdir. Mən şeirlərimin çoxunu darıxanda yazmışam. Darıxanda gedəcək yerim- yarımçıq şeirlərim. Amma indi hal-hazırda stolumun üstündə Jan-Pol Sartrın “Varlıq və heçlik” əsəridir ki, təzə başlamışam oxumağa. 8. Son olaraq nələr demək istərdiniz oxucularımıza, hansı şeri paylaşardınız bizimlə? Bu zamanlar Zəfərimizin sevincini yaşayırıq. Bu günləri bir gün yaşayacağımıza ümidimiz tam itməsə də, çox da deyildi. İndi o müqəddəs, tarixə qızıl hərflərlə yazılan günləri yaşayırıq. Bu sevinc, bu qürur heç zaman xalqımızdan əskik olmasın. Şairlərimiz bir daha Qarabağ nisgilli şeirlər yazmasın. Uğurlarımız daimi və davamlı olsun! Şairin əzəl sözü də, axır sözü də şeirdir. Mən də şeirlə başladım elə şeirlə də bitirim. II Qarabağ savaşının başlamasından 3 gün sonra(30 sentyabrda) yazdığım şeiri sizinlə paylaşıram. Daha qürur zamanı Daha qürur zamanı, sevinc maqamı gəldi. Aldığımız yaranın sağalmaq anı gəldi. Otuz il idi məğlub ölkə vətəndaşıydım, Öldürməyib inamı mən bu günə daşıdım. Belə böyük həsrətin qəhəri də böyükdür, Belə məğlubiyyətin zəfəri də böyükdür!