Tag: XƏYALƏ ZƏRRABQIZI

BİR QRUP YAZAR ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

No Comments
İmdat Avşar “Göyərçin sevdası” kitabı

Cənab İmdat Avşarın “Göyərçin sevdası” kitabı Azərbaycanda ışıq üzü görüb. Bu münasibətilə yazar İmdat Avşar və “Göyərçin sevdası” kitabının Azərbaycan dilinə uyğunlaşdırılaraq nəşr olunmasında müstəsna əməyi olan Xəyalə Zərrabqızı , Narıngül Nadir , Tarana Vahid , Aygün Yaşar Cəfərova və Şəfa Vəli “Ziyadar” Mükafatına layiq görülüblər. Bütün laureatları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun !

Diplom doğrulama lingi>>>LAUREATLAR


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RUHUMUZUN  MEMARI…

No Comments

RUHUMUZUN  MEMARI…

Böyük Zərdabi yazırdı ki: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur. Qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstünə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə yetişə bilsin…”

Həmin tarixdən əsr yarım bir zaman keçib… Böyük Zərdabinin bina etdiyi, başladığı qutlu yolda, şükürlər olsun ki, Həqiqətə səcdə etdiyi kimi qələminə sarılan işıqlı insanlar yürüməkdədir. Və bu gün onların daxili dünyasının ziyası hesabınadır ki, qaranlıqlarımız aydınlanır…

Qələm Vicdandır!

Qələm ədəbi və mənəvi məsuliyyətdir!

Qələm milli özünüdərkin və mənlik şüurunun ifadəsidir!

Bu gün bizim vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitabından dərs aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi duruşundan  belə xanımlıq, xatunluq, əzəmət öyrəndiyimiz Mahirə xanıma və onun timsalında zəkasından pay aldığımız müəllimlərimizə borcluyuq!

“Əkinçi”nin amalını, işığını günümüzə daşıyan aydın zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir qələm sahibidir Mahirə xanım Nağıqızı…

Mahirə xanım – təqdimata və izahata ehtiyacı olmayan Adam!

Özü ən ləyaqətli örnək olmaqla mənəviyyatımızı, daxili dünyamızı, düşüncələrimizi formalaşdıran, Ruhumuzun, mənəvi dünyamızın Memarı olan – Uca ürəkli Adam…

Səmimiyyətin və Sadəliyin böyüklüyünü öz şəxsində bütövləşdirən Adam…

Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan, hamıya yanan Qayğıkeş Adam…

Təkcə özünün, sözünün üzağlığını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacaran məsuliyyət nümunəsi olan Adam…

Çiynini cəmiyyətimiz üçün mənəvi sütun, ömrünü çıraq edən fədakar Adam!

                                         *****

Hüseyn Cavid “Naxçıvana nə lazımdır?” məqaləsində yazırdı ki:  “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə, müəllimə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.

 “Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi və ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə  öz təsirini göstərəcəkdir.

Bunları yazmaqda bir məqsədim var: bu gün biz qalib bir ölkənin vətəndaşı kimi, demokratik bir cəmiyyətin azad düşüncəli yazarı kimi “Milli Mətbuat Günümüzü” qeyd edirik. Amma zənnimcə, təqvimin Mətbuat günü də, Ordu günü də, Zəfər günü… bizi yetişdirən, düşüncəmizi formalaşdıran Müəllimlərimizin bayramıdır.

Öyrətmən sadəcə elm öyrədən deyil, xarakterimizdəki naqislikləri tərbiyə edə – edə bizi formalaşdıran,  rəndə kimi cəmiyyətin kələ – kötürlüklərini hamarlayandır. Öyrətmən Aydındır – Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır…

         Bu gün Qələmimizi Vicdanımız kimi qoruya biliriksə, Həqiqətə Tanrıya sığındığımız kimi sığına biliriksə, bu Mahirə xanım və onun timsalında dəyərli ziyalılarımızın sayəsindədir.

Bu cəmiyyətin ən işıqlı qələmi də, yazı əhli də Sizin zəka işığınızdan pay alıb yetişən nəsildir, əziz Mahirə xanım!

Siz Bizim Ruhumuzun Memarı – Mənəvi Anamızsınız! İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur. Var olun! Gününüz Mübarək! Qələminiz və Yolunuz həmişə qutlu olsun! Tanrı Sizin ziyanızı – Qələminizin işığını bizə, millətimizə çox görməsin!

Sayğılarla: Xəyalə ZƏRRABQIZI

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI


MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİZ HAMIMIZ SƏNİN OĞLUNUQ, ANA!!!

No Comments

Milli davamız – Vətən savaşımız Ali baş komandanımızın dəmir yumruğu, məğrur xalqımızın onun ətrafında yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Azərbaycan Ordusunun rəşadətini və misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.

Vətən Savaşı və savaşdan sonra yaşadıqlarımız bütün dünyaya millət olaraq kimliyimizi sübut etməklə bərabər həm də özümüzü özümüzə tanıtdırdı… Bəzən adi görünən bir detalın arxasında o qədər dərin həssasiyyət, o qədər böyük insanlıq dayandığını müşahidə edirsən ki, ruhunun mənəvi qida aldığı o işıqlı məqamları yazmağa, deməyə, təbliğ etməyə bir vətəndaş kimi içində ehtiyac hiss edir adam… Bu günlərdə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıqla şəhid olan mərd oğullardan birinin Əli Nağıyevin döyüş yolunu oxuyarkən şəhidin anası Lalə xanım Nağıyevanın çox təsirli bir müraciəti ilə qarşılaşdım. Övladını general kimi bağrına basmağı arzulayan ana şəhid övladının adaşı olan general Əli Nağıyevi evlərində görməyi arzulayır. Ciyərparası Vətən yolunda candan keçən Lalə Ananın bu arzusunu oxuyanda göz yaşlarıma hakim ola bilmədim…

Və növbəti gün mətbuatda Ananın arzusu qədər kövrəldiyim və sözlərə düzüb ifadə edə bilməyəcəyim bir xəbərlə qarşılaşdım:

“General Əli Nağıyev Şəhid Əli Nağıyevin ailəsini ziyarət edib. Qeyd edək ki, şəhid anası Lalə Nağıyeva bir neçə gün öncə oğlunun döyüş yolundan danışarkən eyni ad-soyadı daşıyan DTX rəisi Əli Nağıyevi evlərinə dəvət etmişdi…”

İngilislər belə yerdə “No comment!” deyirlər. Şərhsiz! Bəzən insan elə uca duyğular yaşayır ki, adi kəlmələrə çevirib ifadə edə bilmir…   

Şəhid anasının bircə kəlməsi ilə Vətən üçün candan keçən adaşının ailəsini ziyarət edən böyük ürəkli Vətən Oğlu!… həm də Oğul mehri-məhəbbəti ilə… Həm də bir könlü sınıq bir Anaya Övlad qayğısı ilə…

Bu, təkcə şəhid anasının arzusunu gerçəkləşdirmək deyil, həm də Vətən qarşısında təqdirolunası qutsal bir görəvdir…

Bir ananın köksündəki övlad ağrısına məlhəm olmağa çalışmaq bu millətin ürəyinin içindəki Qarabağ boyda yaranı bayraqla sarımaq qədər uca və müqəddəs bir addımdır…

Bir könül sevindirmək Kəbə evini yapmaq kimidir…

Necə ki, general Əli Nağıyev bir Ananın ürəyini sevindirməyi özü üçün vəfa borcu hesab etmişdi… bu cür yaxşı olan addımları, xeyirxahlıqları yazmaq və İşıqlı adamların əməllərini təbliğ etmək həm də bizlər üçün bir vəfa borcu olmalıdır.

Savaş günlərində Ordumuzun “Dəmir yumruq” kimi xüsusi təyinatlandırıldığı kimi, Ali baş komandanımızın xalqa ünvanladığı “xüsusi təyinatlı bir sözü” var idi – “Biz birlikdə güclüyük!” – Bəli, bu gün general Əli Nağıyev atdığı bu işıqlı addımı ilə həm də cənab prezidentin bu prioritet kəlməsinə necə sayğıyla yanaşdığını öz əməlində bir daha göstərmiş oldu…

Ustad Məhəmmədhüseyn Şəhriyarın gözəl bir sözü var: “Şair ola bilməzsən, anan doğmasa Şair…” Bu dünyada şair ola bilmək üçün, yazar ola bilmək üçün də, general ola bilmək üçün Anadan İnsan doğulmaq gərək imiş…”

Var olun, adının və daşıdığı rütbənin haqqını layiqincə verən General!

Var olun, düşüncəsi, əməli, bütün addımları ilə Vətən adlanan Anamıza ləyaqətlə xidmətdə bulunan Vətən Oğlu!

Var olun, İçindəki işıq üzünə yansıyan Böyük ürəkli Adam! Böyük hərflərlə Adam!

Tanrı Sizə yar və yardımçı olsun! Bu cür yaxşı adamlar və addımlar isə həmişə cəmiyyətimiz üçün örnək olsun!!!

Müəllif: Xəyalə ZƏRRABQIZI

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ARSLAN MİSALİ UCA TÜRK XATUNU… – XƏYALƏ

No Comments

Arslan misali uca Türk Xatunu…

Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür!

Qalib bir ölkənin vətəndaşı kimi bu günü qeyd etmək izaholunmaz dərəcədə  möhtəşəm duyğudur… Bunu bütün varlığınla hiss etmək hətta qışın oğlan çağı olsa belə bahar kimi səadət gətirir adamın ömrünə… Bu duyğudan ən çox pay alan yəqin ki, yaradıcı adam, yaradıcı təxəyyül olur…

Zəfərin bəxş etdiyi əzəmət və ilahi bir hüzur hissi ilə yaşadığımız ötən günlərə boylanmaq, həmin günləri səhifələmək isə bir ayrı qürurdur…

Həmin günlərdə Ali baş komandanın azad Qarabağa ilk səfəri zamanı bir hadisə heç unutmayacağım anılarla yaddaşımda iz qoydu.. Füzulidə bir çay evində adamlar oturub çay içdiyi vaxtda cənab prezident idarə etdiyi maşını saxlayır və orda oturan adamlara tərəf gedir. Çox təsirli bir mənzərə idi. Hamı ayağa qalxıb ona sarı yüyürür və “Qarabağ! Qarabağ!” deyirdi. Bu kadrları izləyəndə göz yaşlarımı saxlaya bilmədim… Necə ki, övladımız bizə adımızı yox “ana”, “ata” deyə müraciət edir, həmin an anladım ki, Ali baş komandan bu xalqdan ötrü “Qarabağ” imiş, lap övladın “ata” deyə doğma səslənişi kimi…

Biz O Atanın dəmir yumruğu, yolgöstərənliyi, əzmi və yenilməz iradəsi ilə 45 günlük… böyük, şərəfli bir yol yürüdük…

Sözün həqiqi mənasında əfsanə kimi günlər yaşadıq. Lap Çingiz Aytmatov demişkən, “Əsrə bərabər gün”lər… Həmin günlərdə yeganə təsəllimiz Söz, yeganə pənah yerimiz sözündəki işığa sığındığımız milli düşüncəli aydınlarımız idi… Səngərdə kürəyindəki qrantamyotu, əlində kalaşnikovunu bir an belə yerə qoymadan əzmlə irəliləyən əsgərə, orduya mənəvi güc verən, ideoloji cəbhədə qaldırdığı savaşdan bircə addım belə çəkilməyən, sözüylə, ilahi səsiylə bir ordunun gücü bərabərində fatehlik edən bir ər qeyrətli Azərbaycan qadının sözündəki, ürəyindəki işığa sığınmışdım mən savaş günlərində…

Arslan misalı həmin türk xatunu Mahirə xanım Nağıqızı idi… O xanımın üstləndiyi mənəvi missiyanı müşahidə etdikcə düşünürdüm ki, təkcə ordu yox, bütövlükdə məmləkətimiz dəmir yumruğa çevrilib və ziyalısı əsgərinə dayaq olan belə bir məğrur xalqı isə heç bir şər məğlub edə bilməz…

*****

“Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək.
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”

– deyərək “Peyğəmbər” əsərində qadını “bəşəriyyətin xilaskarı” adlandırırdı Hüseyn Cavid. Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən uca qadın olasan.
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur – insanlıq, fədakarlıq, saflıq, səmimilik və ləyaqət nümunəsi… Mahirə xanım Nağıqızı məhz o insanlardandır…
***
Adamı çətin gündə tanıyarlar… Ölkəmizin həyatındakı ən həlledici məqamlarda müzəffər ordunun ön cəbhədə gördüyü işə mənəvi dayaq kimi ideoloji savaşda əlindən gələni böyük ürəklə, milli qürur və təəssübkeşlik hissi ilə həyata keçirməsi, bir ordunun görə biləcəyi işi mənəvi-ideoloji cəbhədə mətinliklə üstlənməsi və o şərəfli missiyanın öhdəsindən layiqincə gəlməsi Mahirə xanımın fədakar xarakterindən, ləyaqətli vətəndaşlığından və ən əsası İnsanlığından xəbər verir.

Bu günün pəncərəsindən baxanda – azadlığın, bütövlüyün verdiyi qürur hissi ilə Mahirə xanımın yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur…

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Mahirə xanım məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən vətəndaş ziyalı…

“TRT Belgesel”də hər bazar ertəsi “Su savaşları” verilişinə baxıram, Hakan Girginer və Çağlar Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl – ələ verib Hakan və Çağlar bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə – edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir…

Qəribədir… heç özüm də bilmədən nədənsə “Su savaşları”nın son kadrlarını izləyəndə Mahirə xanım gəlib gözlərimin önündə dayanır. Beynimdə belə  assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Mahirə xanım mənim bu dünyadakı ən böyük tapıntımdı…

Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Mahirə xanım kimi sözündə ilahi hüzur bulduğun insanı tapmaq körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur.

Müharibə ilə, terrorla, pandemiya ilə bizi sınağa çəkən çətin günləri səmimi etiraf edim ki, mən Mahirə xanımın insanların ruhuna məlhəm olan, hüzur dolu səsi, sakitləşdirici intonasiyası, təskinliyi, təmkini – sözün həqiqi mənasında bu  böyük ürəkli Qadının – mənəvi Anamızın varlığı ilə unuda bildim. Ruhumuza, mənəvi ağrılarımıza varlığı ilə məlhəm olan Adam… Böyük hərflərlə ADAM…

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi insanların qəlbinə gedən yoldur. Mahirə xanım öz işığı – ziyası, dərin düşüncəsi, səmimiyyəti ilə ürəklərə gedən o yolu çoxdan fəth edib və peşəsinə sədaqəti, insanlığı, dürüstlüyü, sevgisi, vicdanı, fədakarlığı, böyük ürəyi ilə bizim mənəvi dünyamızda Min İlin Doğmasına çevrilib…

Yazıçı Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” – deyir. 

Nədənsə, Mahirə xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Onun özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim  çatmasa da”,  peşə vicdanı,  mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və dövlətimiz, dövlətçiliyimiz və cəmiyyətimiz üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bunu yazmağın vacib olduğunu düşünürəm…

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Mahirə xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Mahirə xanim Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir və insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.

Yaxşı ki varsınız, Mənəvi Anam kimi, Bilgə bir ziyalı kimi işığını hiss etdiyim Doğma Adam! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı…

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… İnsanların sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Mahirə xanım!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Mənəvi dəyərləri getdikcə aşınan bir dünyanın tən ortasında Sizin kimi  öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Mahirə Nağıqızı ləyaqətdə qutsal və uca İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…

Həqiqətləri deyən diliniz, yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, dəyərli Mahirə xanım! Ulu Tanrı Sizin işığınızı bütün Türk dünyasına doyunca versin!

Savaş bitsə də hələ də ideoloji  savaşda qələmiylə külüng çalan  və hər daim  Özünü, İlahidən gələn Sözünü şərə qarşı mübarizədə sipər edən Arslan misallı Türk xatunu!… Bundan sonrakı yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və  uğurlar arzulayıram… Diləyirəm ki, təqvimimizin bundan sonrakı bayramları azad Qarabağımızda, Şuşa, Kəlbəcərdə, Ağdamda… kitablarınızın imza gününə toplaşaq və Sizi ömrünüzün unudulmaz yağmuruna – xarıbülbül yağışına qərq edək!…

Sonsuz sayğılarla : Xəyalə


XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru