Tag: SEVGİ ŞEİRLƏRİ

AYTAC İBRAHİM – YADINDAMI?

No Comments

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI

Yadındadır o günlər?
Sizə gələrdik …
Gülərdik, əylənərdik,
sonra qəfildən
hamımız bircə-bircə  susardıq…
Bir də görərdik ki,
uzaqların lap uca məqamından
gözlərimizə baxırsan…
Gizlətmə məndən ;
Ha tərəfə dalırdı gözlərin?
Şəhid qardaşının,
hələ cavan yaşda,
beli bükülən ananın,
sənə həyan olan,
o sadə atanın yanına ?
Uzaqlara?
Çox darıxırdın, gözünə qurban?
kimsəsizliyin çox mu dərd olurdu,
ömrün boyu yük daşıyan başına?
Səninləyəm e, torpağına həsrət,
Cavab ver …
Çoxmu əzab çəkirdin ölüm yatağında?
Susma …
Yaxşı,
sus…
Sən sus,
mən danışım…
Xatırlayırsan?
bir konfeti,
bir almanı,
bir çörəyi
yarı bölərdin,
düz üçümüzün arasında.
Götürməsək, söz edərdin…
Bəs indi dillən görüm,
son istəyin nə oldu ?
Nəyi dadmaq istədin?
Kimi görmək istədin ?
Hansımızın adı əzbərində idi?
Lənət oxudun mu bizə ?
İncidinmi, bu yad doğmalardan,
küsdünmü, biriciyim?
Necə dirəndin bu səfalətə,
necə dirəndin bu ağrılara,
bu səfilliyə,
bu alçaqlığa ?!
Çox yaxşı xatırlayıram…
Son görüşlərimizdə,
divarları nəmdən paslanmış,
soyuq xəstəxananın bir küncündə,
astadan danışdın;
Dedin, aparın məni…
Çox aciz idim,
çox uşaq idim,
yanında idim,
amma əlim çatmırdı sənə.
Görərdin xeyir yoxdur kimsədən,
bir sığal çəkərdin,
İndi əllərinə möhtac qalan,
ucu qırıq-qırıq  saçıma.
Sən gedəndən küsüb e,
uzanmır ki bu mirət…
Yoxluğundan 3 həftə əvvəl,
burnumun ucu göynədi sənə;
baxışına,
duruşuna,
sözlərinə kimi.
sözlərinin hərflərinə kimi .
Varlığını düşündüm hər gecə,
hamıdan xəbərsiz.
Amma bağışla,
hamı ilə birgə
yoxluğunu düşünə bilmədim.
Ağrını,
Xəstəliyini,
sənin də darıxdığını,
düşünə bilmədim …
Bilmədim sənsizliyə az qalıb…
Yuxuma girdin dəfələrlə,
yuxularda mesajlaşdıq biz…
Əl etdin,
qaçdın,
gəldin,
amma birdən getdin …
Bu dəfə röyalarda yox,
reallıqda heçə döndün…
Sən onları bağışlayarsan,
körpədir sənin qəlbin,
incədir,
qıymaz heç kimə,
bilirəm…
Amma mən bağışlamayacam heç kimi ;
Özümü,
Onu,
Bunu,
heç kəsi,
heç bir kəsi,
heç vaxt bağışlamayacam….
Son dəfəki gülümsəmən,
bir iz qoydu beynimin
sağ yarımkürəsində.
Hansı ki,
çarəsizlikdən,
kimsəsizlikdən,
yetimlikdən
kinayə ilə gülürdün…
Neçənci gündür yoxsan?
Neçənci yuxundasan?
Gəlim, oyadım səni?
gəl, yuxuma…
Gəl elə yuxumdaca,
səssizcə apar məni öz yanına…
Qayıtmayaq bir də…
Görməyək heç kimi,
kimsəylə danışmayaq…
İnsanlar pisdir, dostum…
Gəl ruh olaq,
dalaq göy üzünün ənginliklərinə,
gülək bir-birimizin üzünə…
Bu dəfə kinayə ilə yox,
daxildən gülək,
qəhqəhə ataq,
dolaşaq göy üzündə…
Amma nə olar,
haçansa,
bir də,
əsla,
buralara enməyək …
Qayıtmayaq, dostum,
qayıtmayaq ….

22.01.2021.


Müəllif:
 Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏYYUB MƏMMƏDOV – ŞEİRLƏR

No Comments
Əyyub MƏMMƏDOV, jurnalist, şair.

Bu gün jurnalist, şair (AJB-nin üzvü) Əyyub MƏMMƏDOVun doğum günüdür. Ad günü münasibəti ilə Əyyub müəllimi təbrik edir, yaradıcılığından nümunələr təqdim edirik:

Gələr bu dünyanın bir gün bəd üzü

Gələr bu dünyanın bir gün bəd üzü
Qatar öz qabağına, əllini-yüzü.
Bağlanar insanın bəsirət gözü
Etmə pis rəftarı, sinə dağlama,
Dürüst olanın, yolun bağlama.
* * *
Uyma yalana, vermə sən cəza
Baş verər ömrünə acı bir qəza.
Saxla bu dünyadan köçənə əza
Əyriyə düz deyib, haqqına girmə,
Versə də birisi sənə yüz tirmə.
* * *
Keçmişi unudub, dünəni silmə
Əlində nə varsa, daimi bilmə
Dolansın beynində qoy ilmə-ilmə
Məqamın səninlə həmişəlik deyil,
İnsanı ucaldan vəzifə deyil.
* * *
Səadət, xoşbəxtlik önündə ərin,
Getmə çox dayaza, düşün ki, dərin
Nə qədər ev yıxılıb, əlində şərin,
Mən deyim biləsən sözüm tükənməz
Dünyanın əvvəli, sonu bilinməz.

Bizim Yardımlı

Vüqarlı dağları, zirvəsi qarlı,
Torpağı bərəkətli, meyvəsi barlı,
Buluddan nəm çəkir Peştəsər dağı
Ucadan ucadır, bizim Yardımlı.
* * *
Hayana baxırsan şiş qayalardır
Yamacı yamyaşıl, gül-bağçalardır.
Bumbuz suyunu hər içən deyir,
Ömür uzadandır, bizim Yardımlı.
* * *
Payızı buludlu, çənli-dumanlı,
Yayı küləkli, sərin havalı
Qışı sərt keçən ayaz-şaxtalı,
Baharı əlvandır, bizim Yardımlı.
* * *
İnsanlar təbiət qoynunu seçir,
Bilir səfalıdır, gur meşələri
Dillərdə dastandır, buz çeşmələri
Könül coşdurandır, bizim Yardımlı.
* * *
Zəngindir tarixi abidələri
Çoxdur sirli sərdabələri.
Kəşf edilməyən küp qəbirləri,
Tarixi kalandır, bizim Yardımlı.

Yaman ağırmış hicranın sənin

Sözlərin dolanır, başımda mənim,
Qaynayır qazanımda, aşımda mənim
Qalıb yaddaşımda, başımda mənim
Gör necə yasını tutmuşam sənin,
Dərdini, qəmini udmuşam sənin.
* * *
Ürəyimdə min arzu, min dilək donub
Bağımda, bağçamda, gül-çiçək solub
Taleyim də giley-güzarla dolub,
Yaman ağırmış hicranın sənin
Boğazda qəhərdir, qubarın sənin.
* * *
Daha alışmır, od-ocağımız,
Nə də ki, danışmır, dil-dodağımız
Çoxdan çalınıbdır, bizim sazımız
Bir də gəlməz səsin, sorağın sənin,
Heç vaxt unudulmaz marağın sənin.

Müəllif: Əyyub MƏMMƏDOV

ƏYYUB MƏMMƏDOUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru