Etiket arxivi: SƏMİMİ SÖHBƏT

BU DƏFƏ “SƏMİMİ SÖHBƏT”İN QONAĞI LEYLA QƏDİRZADƏDİR

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı  Leyla Qədirzadə ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı Leyla Qədirzadədir. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirəm.

1. Leyla xanım siz çox orijinal qadınsınız. Başqalarına bənzəməmək çətindirmi?
Çox maraqlı komplimentdir… Əslində başqalarına bənzəməmək, özün olmaqdan asan nə var ki? Sadəcə özün olursan. Amma bir məqam da var – hər bir insan, özü də bilmədən kiməsə bənzəyə bilər. Xüsusilə də, valideynlrinə, nənə-babalarına və s. Bu DNK ilə gələn bənzərlikdir. Təbiidir. Amma hansısa bir məşhura özünü oxşatmaq – ən uğursuz niyyətdir. İstər zahirən, istər daxilən.Çünki hər insan məhz özünəməxsusluğu ilə maraqlıdır.
2. Anlatmaq çətindir yoxsa anlanmaq?
Məncə, hər ikisi eyni dərəcədə. Baxır kimə və nəyi anlatmaq istəyirsən və ya kim tərəfindən anlanmaq istəyirsən. Bəzən bu o qədər müşkül, ən əsası isə lazımsız bir işdir ki, əziyyətinə dəyməz. Qəlbən, ruhən səninlə eyni dalğada olanlar səni yarısözdən anlayacaq. Başqalarına isə vaxt itirməyə dəyməz…
3. Şərqşünas olmaq istəyirdiniz yoxsa tərçüməçi?
Əslində ixtisasım elə iki peşənin simbiozudur, yəni şərqşünas-tərcüməçiyəm. Amma tale elə gətirdi ki, əsasən tərcüməçi kimi fəaliyyət göstərirəm. Özü də fars dilindən deyil, Azərbaycan dilindən rus dilinə və rusdan Azərbaycana. Və bu işi çox sevirəm. Gənc vaxtında hobbi kimi başladığım bir iş sonra çörək ağacım oldu.
Bu günə qədər yadımdadır – ilk tərcümə etdiyim əsər atamın “Haram pul” adlı povesti idi. “Literaturnı Azərbaycan” jurnalında çap olundu. Mən 9-cu va ya 10-cu sinifdə oxuyurdum… Bəlkə, atam məndən çox fəxr edirdi… Məndən çox sevinirdi. Mən isə, açığı, daha çox ilk qonorarıma sevindim. Əməlli bir məbləğ idi. Təxminən 100 rubl. Çox fikirləşdim, ilk qazancımı nəyə xərcləyim ki, yadda qalsın… Evimizin yanındakı Passajda xırda dükanlar var idi. Biri – güzgü mağazası idi. Gözüm çoxdan böyük divar güzgüsünə düşmüşdü, elə 100 rubl idi qiyməti. Nə isə, onu aldım. Elə indi də həmin güzgü durur, koridorda asılıb 
4.Dilləri gözəl bilirsiniz. Bu bir istedaddır yoxsa daimi mütaliə?
Dil öyrənmək çətin iş deyil. Mütaliədən çox canlı ünsiyyət, mühit kömək edir. Axı körpə uşaq, təbii ki, mütaliə etmir, amma böyük adamdan tez dil öyrənə bilir. Özümü tanıyandan iki dildə danışmışam – anamla rus dilində, atamla və qardaşımla Azərbaycan dilində. Atam icazə vermirdi evdə anamdan başqa kiminləsə rus dilində danışaq.
Üstəlik, çox gözəl mühitdə böyümüşəm. Hüsü Hacıyev 19 (indiki Azərbaycan prospekti) ünvanında yerləşən Yazıçılar binasında dünyaya göz açıb boya-başa çatmışam. Bəxtiyar Vahabzadə, Hüseyn Abbaszadə, İlyas Əfəndiyev, Qabil, Kamal Talıbzadə, Əliağa Kürçaylı, Bayram Bayramov, Qasım Qasımzadə, İsa Muğanna və digər yazıçılar bu binada yaşayırdılar. Biz, uşaqlar yaşıd idik. O vaxt bizlərdən, demək olar ki, heç kim bağçaya getmirdi. Bütün günü həyətdə oynayardıq, yəni lap uşaqlıqdan, dil açandan bir yerdə idik. Atalarımız dost idi, biz də dostluq edirdik. Sanki bir ailə idi Hüsü Hacıyev 19. Ən xoş xatirələrim bu dövr ilə bağlıdır.
Sözümün canı odur ki, yazıçıların uşaqları, təbii ki, öz aralarında da Azərbaycanca danışırdılar. Başqa cür ola da bilməzdi axı.
Rus dilinə gəldikdə… anam rusdur və təbii ki, rus dili də mənə doğmadır. Məktəbdə ingiis dilini keçirdik. Qardaşım şərqünaslıqda oxuyurdu, məndə də fars dilinə həvəs oyandı, məktəbi bitirəndən sonra sənədlərimi Şərqşünaslıq fakültəsinə verdim.
Uzun sözün qısası, dil bilmək – istedad deyil. Savadlı insan bir neçə dil bilməlidir.
5. Necə oldu ki müxtəlif peşələrə yiyələndiniz?
Tale elə gətirdi… İnstitutu bitirəndə “Yazıçı” nəşriyyatında işə düzəldim. O vaxt orada yeni şöbə açmışdılar – ərəb əlifbası ilə kitab nəşri. İxtisasıma uyğun idi. Nəşriyyatın direktoru rəhmətlik Əjdər Xanbabayev, baş redaktoru Sabir Rüstəmxanlı idi. Uzun müdddət redaktor, sonra böyük redaktor kimi çalışdım. Sonra Mətbuat komitəsində (indiki Mətbuat nazirliyi), Gənclik nəşriyyatlnda işlədim… Sonra yenidənqurma başladı, maddi çətinliklər yarandı. Məcbur oldum 2 yerdə işləyim – səhərlər Fars təmayüllü gimnaziyada müəllim, məktəbdən sonra – Günay qəzetində tərcüməçi.
Sonra fəaliyyətimi reklam sahəsiylə bağladım və s. Açığı desəm, müxtəlif peşələrə yiyələnməyim hər zaman maddi durumla bağlı olub. 1-ci həyat yoldaşım 45 yaşında rəhmətə gedib, uşaqlara həm ana, həm ata olmaq məcburiyyətindəydim. Yəni pul qazanmalıydım. Səmimi desəm, səbəb bu idi əslində.
6. Sizin bir şəkliniz məni cəlb etdi bir dəfə. Dərin xəyala dalıb çoox uzaqlara baxırdınız. Olur belə hallar?
Xəyala dalmaq hər adama xasdır, amma mən xəyala dalanda uzaqlara baxmıram. Yəni o qədər romantik deyiləm. Şəkildə, çox güman poz verirdim 
7. Sİz müasir həyatla çox gözəl ayaqlaşa bilirsiniz. Bunu necə bacarırsınız?
Bəlkə özümü daxilən gənc hiss edirəm, ona görə. Gənclərlə daha çox ünsiyyətdə oluram, işləyirəm. Şəxsən mən onlardan çox şey öyrənirəm. Söhbət əlbəttə ki, ziyalı, peşəkar gənclərdən gedir.
8. Nədən inciyirsiniz? Nəyi qəbul edə bilmirsiz?
Əslində təbiətcə çox küsəyənəm. Məktəbdə kimsə, məsələn, müəlimə 1-ci dərsdə mənə acıqlananda ya “4” yazanda axırıncı dərsə qədər ağlayırdım. Məndən asılı deyidi. Nəinki, kiminsə acı sözü, hətta tonu belə məni yaralaya bilər. Sonra həmin an kinolent kimi 1 saat deyil, 1 gün deyil, bir neçə gün gözümün önündə canlanır, məni incidir. Çox əziyyət çəkirəm buna görə. Kobudluğu, tərbiyəzisliyi və namərdliyi (həm kişilərdə, həm qadınlarda) qəbul etmirəm.
9. Sizi aldatmaq olar?
Bəlkə bəxtim gətirib, bilmirəm. Yəni bir o qədər də aldanmamışam. Amma, təbii ki, olar. Hər adamı aldatmaq olar.
10. Sizin rus dilinə etdiyiniz tərcümələr demək olar ki,mükəmməldir.
Təhsili rus dilində almısınız?

Bəli, rus dilində təhsil almışam. Anam da milliyətcə rus olub. Atam məni rus bölməsinə vermək istəmirdi, qardaşım Azərbaycanca təhsil alıb. Burada həlledici məqam o oldu ki, atam məktəbdə keçirilən valideyn iclaslarına getmirdi. Moskvadan gələn anam isə həmin iclaslarda kompleks keçirirdi, çünki o vaxt dili bir o qədər də mükəmməl bilmirdi. Atama dedi ki, onda iclaslara sən gedərsən. Atam razı olmadı. Beləliklə, məni 189 nömrəli məktəbə göndərdilər.
Son vaxtlar bir çox insan rus bölməsinin əleyhinə çıxış edir. Mən düşünürəm ki, insan istənilən dildə təhsil ala bilər. Önəmlisi təhsilin keyfiyyətidir. Bizim məktəb o vaxt çox güclü məktəb idi, çox yaxşı müəllimlərimiz var idi. Ömrümün sonuna qədər onlara borcluyam.
11. Sizin soyadınız Azərbaycanda çoxlarına məlumdur.
Yəni atanız Salam Qədirzadəni hamı tanıyır.
Atanız haqda maraqlı xatirələriniz olmamış deyil…

Atam haqqında o qədər xatirələr var ki… Hər zaman onları təbəssümlə xatırlayıram, amma eyni zamanda çox kövrəlirəm…
Çox incə yumoru var idi. Atam, Əliağa Kürçaylı, Qabil və Mehdi Məmmədovun qardaşı Teymur Məmmədov möhkəm dost idilər. Bir gün Qabilin Nəsimi poeması çapdan çıxır. Kitabı avtoqrafı ilə yaxın dostlarına hədiyyə edir. Ağarəhim adlı bir Buzovnalı kişi var idi, şofer idi. Ədəbiyyatı çox sevirdi. Atamgili tez-tez qonaq çağırırdı, həyat yoldaşı yaxşı qutab bişirirdi. Qabil atama deyir ki, könlümdən qutab keçir, dur gedək Ağarəhimgilə. Elə kitab da bağışlayaram ona, qoy kişi sevinsin. Nə isə, gedirlər. Yolda Qabil deyir ki, “heç bilmirəm kitabda nə yazım Ağarəhimə. Nəsə səmimi bir söz olsun. Məsləhət ver!” Atamda dərhal cavab verir: “Yaz “al kitabı – ver qutabı” Ən səmimisi elə budur.
12. Valideynləriniz əsl sevgi yaşayıblar. Ananız milliyyətcə rus olaraq Salam müəllimə həmişə sadiq həyat yoldaşı olub. Maraqlıdır, onlar necə tanış olublar?
Anam təzə rəhmətə gedib. Çox kövrəlirəm haqqında danışanda…
Tanışlıqları barədə tez-tez danışardı… Atam Qorki adına Ədəbiyyat institutunda oxuyub. Nəbi Xəzri, Əli Kərim, İsa Muğanna ilə bir yataqxanada qalırdılar. Yataqxana Peredelkino qəsəbəsində yerləşirdi. Hər səhər elektrik qatarı ilə Peredelkinodan Moskvaya, instituta gedəndə qatarda bir qız görürdülər, yolboyu kitab oxuyurdu. O, mənim anam idi. Vnukovo kəndindən Moskvaya işə gedirdi. Beləcə qatarda tanış oldular. Anam Bakıya gələndə Səməd Vurğunla görüşünü hər zaman xatırlayırdı. Atamla Yazıçılar İttifaqının pilləkənlərində Səməd Vurğunla rastlaşıblarmış. Atam Səməd Vurğuna deyib ki, tanış olun, mənim həyat yoldaşımdır. Təzəcə evlənmişik, Moskvadan gəlib. O da anama baxıb rusca deyib ki “Lyubov pobedila Rodinu” (Məhəbbət Vətənə qalib gəlib). Anam bu sözləri tez-tez xatırlayardı…
14. Ən çox sevdiyiniz rəng?
Təbiətdə saf, təmiz rəngləri sevirəm – ağacların, otun yaşıl rəngini, göyün, dənizin mavisini. Geyimdə çox şey insanın ovqatından asılıdır. Bəzən heç kimin diqqətini cəlb etmək istəmirsən – boz geyinirsən. Kədərə bürünəndə qara sənə həmdərd olur. Sevinəndə – qırmızı. Ümumiyyətlə, yayda parlaq, əlvan rənglərə üstünlük verirəm.
15. Siz televiziya işçisi olaraq TV kanallarımıza nə tövsiyyə edərdiniz?
İnsanların zövqünü, səviyyəsini inkişaf etdirən verilişlərə üstünlük vermək. Reytinqin dalınca qaçmamaq. Təəssüf ki, baxış sayı, reytinq bu gün həlledici amillərdir. Jvanetskinin bir sözü var idi – “reytinq üçün təkcə ağıllı adam azdır, bizə adamların hamısı lazımdır”. Çalışaq ki, hamı ağılı olsun, zövqlü olsun.
16. Musiqi zövqünüzü televiziyada sizin verilişlərindən müəyyən etmək olur. Amma yenə də bilmək istərdim musiqiyə münasibətiniz.
Musiqini sevməmək olarmı?

O, ruhumuzun səsidir. Sevincimizə, kədərimizə şərik olanımızdır. Bizə təsəlli verənimiz, göz yaşımızı silənimizdir… Bir sözlə, musiqi ruhumuzun dilidir. Onsuz həyat lal olar.
17. Azərbaycan sizin üçün nədir?
Azərbaycan hamımızın qürur yeridir, sevgi yeridir. Atalar sözündə danılmaz həqiqət var – gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşıdır. Başqa ölkəyə gedirsən, orda çox şeylər xoşuna gələ bilər… Amma bir müddətdən sonra darıxırsan, evin üçün, doğma küçən üçün, Vətən üçün darıxırsan. Bir söz də var – Vətəni başqa şeyə görə deyil, ona görə sevirlər ki, o, sənindir, özünküdür, doğmadır.
18.Qələbəmizin ildönümünü necə qeyd etdiniz?
Qələbəmizin ildönümünü bağda qeyd etdik, televizorda bayram verilişlərinə, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun musiqisi, Cəngi, Qarabağ şikəstəsinin sədaları altında Bakıda, Şuşada, möhtəşəm atəşfəşanlığa baxa-baxa. Bu günə qədər keçirdiyim ən möhtəşəm, misli olmayan bayram idi bu. Qürur bayramı.
Çox təntənəli şəkildə keçirdik Zəfər gününü – bir neçə ailə yığışmışdıq bağda – qardaşımgilin ailəsi, uşaqlar öz həyat yoldaşları ilə, qudalarım… Bizə bu günü yaşadan Uca Tanrıya min şükür. Şəhidlərimizin ruhu şad olsun…
19. Sizin arzularınız çox olmalıdır məncə. Ən çox arzu etdiyiniz nədir?
Bilirsiniz, insan cavanlıqda arzularla yaşayır, yaşlaşanda isə daha çox xatirələrlə. Və yaşadığı hər gününə görə Allaha şükür edir. Mənim arzularım indi daha çox uşaqlarımın, nəvələrin gələcəyi ilə bağlıdır. Arzum – onların sağlamlığı, xoşbəxtliyidir.
20. Bütün arzularınız çin olsun. “Səmimi söhbət”in qonağı olduğunuz üçün sizə təşəkkür edirəm . Mənə və oxuculara nə deyərdiniz?
Hər günün qədrini bilin, çünki hər gün ömürdən gedir. Bu, atamın son kitabının başlığıdır. Bu sözləri onun baş daşında da yazdırmışıq.
Dəvətinizə görə təşəkkür edirəm, əziz Təranə xanım.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

LEYLA QƏDİRZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“SƏMİMİ SÖHBƏT”İN BUGÜNKÜ QONAĞI YAZIÇI, PUBLİSİST, İCTİMAİ XADİM ÇİNGİZ ABDULLAYEVDİR.

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Çingiz Abdullayev ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayev dir.
Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakıda anadan olub. Azərbaycanın xalq yazıçısıdır. Əsasən siyasi detektiv janrında yazır. Əsərlərini rus və azərbaycan dillərində yazır . Bir çox beynəlxalq mükafatların laureatıdır. Dəfələrlə orden və medallarla təltif edilib.Çingiz Abdullayevin əsərləri dünyanın bir çox ölkələrində çap edilib və bir çox xarici dillərə tərcümə olunub. Çingiz müəllim ictimai xadim kimi də fəaliyyət göstərir.
Düşünürəm ki, dünyaşöhrətli yazıçımızın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki onu hamı tanıyır, hamı sevir və əsərlərini sevə- sevə oxuyur. Çingiz Abdullayev mütəmadi olaraq görüşlərdə olur, insanlarla ünsiyyətdən çəkinmir və hər bir görüş onu sevənlər üçün bir hadisəyə çevrilir.

Vaxtının məhdudluğunu nəzərə alıb Çingiz müəllimə sadəcə bir neçə sual verdim və qısa, lakonik cavablar aldım. Qeyd edim ki, Çingiz müəllim çox pozitiv müsahibdir. Onunla ünsiyyətdən sonra insan bir çox problemini unudur . Buyurun, siz də söhbətimizin şahidi olun.
Sual:
 Sizin yazıçı, ictimai xadim , dövlət qulluqçusu kimi xüsusi təqdimata ehtiyacınız yoxdur. Bəs bir insan kimi özünüzü necə xarakterizə edərdiniz?
Cavab : Qoy başqaları mənə qiymət versin.
Sual: Sosial şəbəkəyə münasibətiniz.
Cavab: Bu gün sosial şəbəkələr insanlara çox lazımdır.
Sual: Sizi sevənlərin sayı sevməyənlərdən daha çoxdur. Hər iki cəbhəyə nə deyərdiniz?
Cavab : Sevənlərə çox sağ ol deyirəm, sevməyənlərə də təşəkkürümü bildirirəm. Onlar mənə yazıb yaratmağa mənəvi cəhətdən dəstək olurlar.
Sual: Taleə, qismətə inanırsınız? İnsan öz taleini dəyişə bilərmi?
Cavab : İnanıram ki, insandan çox şey asılıdır.
Sual: Deyirsiniz ki, bəlkə yaxşı müstəntiq ola bilmədim deyə
detektiv əsərlər müəllifi oldum. Bu zarafatdır yəqin ki.
Cavab : Hər zarafatda bir az zarafat var.
Sual: Axirət dünyasına inanmadığınızı bilirəm. Bu həyatda nələri etməlisiniz bundan sonra?
Cavab : Nəvə toyu görməliyəm.
Sual: Sizinçün insan amili maraqlıdır. Əsl insan necə olmalıdır?
Cavab : İnsan müstəqil və azad olmalıdır.
Sual: “Özümü heç kəsə sübut etməyə ehtiyacım yoxdur” dedikdə nəyi nəzərdə tutursunuz?
Cavab : Yazıçının kitabları onun yerinə onu təmsil etməlidir.
Sual: “Həyatında bir dəfə ürəkdən sevən insan daha məhəbbətsiz yaşaya bilməz” . Bu sizin sözlərinizdir. Bəs sevgisiz yaşayanlar varmı sizcə?
Cavab : Təəssüflər olsun ki, 99% insan sevgisiz yaşayır .
Sual: Siz dəfələrlə ən yüksək tribunalardan Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Rusiya telekanalındaki çıxışınız heç yadımdan çıxmır. Həqiqəti sübut etmək niyə bu qədər çətin olur hərdən?
Cavab : Hər zaman, hər yerdə həqiqəti sübut etmək çox çətindir.
Sual: Möhtəşəm qələbə günümüzün ildönümünə az qalıb. Bu bir il ərzində şəxsən sizin həyatınızda nə dəyişikliklər oldu?
Cavab : Bu il üçüncü dəfə baba oldum.
Sual: Qəhrəmanlarınızın hansı sizsiniz?
Cavab : “ Dronqo”.
Sual: Siz bir neçə dildə sərbəst danışırsınız. Ədəbi tərcümələr də edirsiz. Yazmaq asandır yoxsa tərcümə etmək?
Cavab :Təbii ki, yazmaq.
Sual: Kitablarınızı özünüz redaktə edirsiniz?
Cavab : Əsərlərimi heç vaxt redaktə etmirəm. Ancaq kitablarımın tərcüməsində və redaktəsində hər zaman səhvlərlə qarşılaşıram.
Sual: Bütün müharibələr sülhlə bitir. Sizcə Ermənistanla Azərbaycan arasında sülh
mümkündür?
Cavab : Bəli, belə də olmalıdır, inanıram.
Sual: Dünya miqyaslı yazıçımızsınız. Sizin əsərlər dünyanın bir çox ölkələrində çap edilir. Amma siz ruhən azərbayçanlısınız. Əsərlərinizin hamısında bir çümləylə də olsa azərbayçanlılığınızı bildirirsiniz. Sizn üçün Azərbaycan nə deməkdir?
Cavab : Azərbaycan mənim Vətənimdir, doğulduğum ölkədir, anamın, atamın, nənələrimin və babalarımın qəbri olan məskən, övladlarım və nəvələrimin Vətənidir.
Sual: Olum və ölüm. Nədir bunlar?
Cavab : Ölümün nə olduğunu indiyədək bilmirəm .
Sual: Heç özünüz özünüzə sual vermisiniz? Nə sual verərdiniz özünüzə?
Cavab : Mən həyatda hələ nəyi eləməmişəm?
Çingiz müəllim, bilirəm ki, vaxtınız çox məhduddur . Buna baxmayaraq mənim dəvətimi qəbul edib suallarıma cavab verdiyiniz üçün sizə təşəkkür edirəm. Sizə yaradıcılıq uğurları və şəxsi həyatınızda müvəffəqiyyətlər arzu edirəm.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMİMİ SÖHBƏTİN QONAĞI NƏRİMAN QASIMOĞLUDUR

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Nəriman Qasımoğlu ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ


Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış yazıçı, şərqşünas alim, ADA universitetinin professoru Nəriman Qasımoğludur.


Sual: Nəriman müəllim,yapon yazıçısı Kobo Abe deyir ki, özünü tapmaq boş pulqabında pul axtarmaq kimi bir şeydir. Sizcə, siz kimsiniz?
Cavab: Kobe Abe-ni vaxtilə ruscada mütaliə etmişəm. Ona ehtiramım öz yerində, amma, sözün açığı, itkin olduğumu heç zaman hiss etməmişəm və bu üzdən də ehtiyac duymamışam özümü axtarıb tapım. Yarı-zarafat, yarı-ciddi deyim ki, hamı kimi mən də özüməm.
Sual: Qasımoğlu olmaq həm fərəh, qürur, həm də məsuliyyətdir məncə. Sizcə?
Cavab: Əvvəllər “Qasımoğlu” olmaq məndən ötrü bu sadaladıqlarınızın hamısı idisə, indi heç biri deyil. Bu, indi cəmiyyət qarşısında deyil, yalnız Qasım Qasımzadənin ruhu qarşısında sadəcə bir borc hissini yaradan sözdür, ona saysız borclarımı qaytarmaq istəyimin üzərinə vurduğum möhür, üzərində olan imzadır. Bu şeirimdə ifadə etdiyim kimi:
Baxıram dünyaya sənin gözünlə,
harda işıq varsa iz səninkidir.
Baxışlarım dan yerinə od saçır –
zülmətə köz salan göz səninkidir.
* * *
Oldum sərnişini nur gəmisinin,
bu da meracıdır eşq dəlisinin,
Rəbbimin ən gözəl təcəllisini
görürəm qarşımda üz səninkidir.
* * *
Ruhun ucalarda şad olsun deyə
oxu, nələr vermiş Tanrı bəndəyə,
mən yerdən göylərə yüksələn ayə –
üstündən qalxdığım miz səninkidir.
* * *
Dar eylərəm qaranlığın yerini,
zülmət dələn taleyim bir mərmimi,
sən özün cəm eylə qəlpələrimi,
göyə ulduz-ulduz düz, səninkidir.
* * *
Mən hicran qənimi, vüsal dəmiyəm,
içirəm ruhundan, dəmlər dəmiyəm,
tənimlə badəyəm, ruhumla meyəm,
içəlim bu meyi, süz, səninkidir.
* * *
Yerişim, duruşum, qaçışım səndə,
həvəsim, ilhamım, uçuşum səndə,
göylərin, yerlərin Rəbbi önündə
səcdəyə gedirəm, diz səninkidir.
* * *
Canın canımdadır, qanın qanımda,
ayrılmaz ruhlarıq Tanrı yanında,
qiyamət günündə, məhşər anında
sənsən şəfaətçi, söz səninkidir.
Sual: Nəriman müəllim, siz deyirsiniz ki, Harvardda təhsil ilinin açılışında Rektor Bibliyadan sitatlar gətirir. Deyirsiniz ki, amerikalılar avropalılara baxanda ilahi hikmətlərə daha çox bağlıdırlar. Bəs biz?
Cavab: Təsəvvür edin, dünyanın elm, sənaye, texnologiya baxımdan ən inkişaf etmiş dövləti olasan, əhalinin də doxsan faizdən artığı inanclı, altmış faizə qədəri isə fəal inanc sahibi ola, yəni hər bazar günü əksəriyyətin kilsə mərasimlərində iştirak edə. Bu, Amerika nümunəsidir, elm və din bir arada ola bilməz dünyagörüşünü etibarsız edən nümunə. Bunun dərin tarixi-siyasi səbəblərindən əlavə, həm də din adına yayğın səbəbi var. Yeri gəlmişkən, Qərbdə tarixən sürətli inkişafın bir səbəbini bəzi Qərb sosioloqları xristian reformasiyasına təkan vermis protestantlığın belə bir təlimi ilə izah edirlər ki, yaradıcı əməyə, zəhmətə qatlaşmaq xristian inancının vacib şərtlərindən biridir. Bizimkilərdə isə əksəriyyətin dini təsəvvürləri təxminən elə orta əsrlər səviyyəsində qalmaqdadır. Əlbəttə, Azərbaycan müsəlmanlarının dini görüşlərini yaxşı mənada fərqləndirən cəhətlər də var və bunların içində ilk növbədə başqa inanclara tolerant yanaşma şüurudur. Amma ümumilikdə götürüldükdə, elmlənmənin, təhsillənmənin, zəhmətə qatlaşmanın dini inanc mövcibincə də bir borc olduğu qənaəti dindarlarımızın əksəriyyətinin şüurunda yoxdur. Gərək olsun. Ən adi və sadə səbəbə görə: Quran bunu tələb və təlqin edir…
Sual: Dindarsınız?
Cavab: “Dindar” sözü o qədər mövhumatla assosiasiya olunur ki, az qala mənfi çalarlı bir sözə çevrilib. Özümə dindar yox, inanclı deyə bilərəm.
Sual: Siz Quran kitabını dilimizə tərcümə etdiniz və adını “Oxu” qoydunuz. Nədən bu ağır və çətin işə qərar verdiniz?
Cavab: Bu qərarımın tarixi var. Xatırlayırsınızsa, 3-cü kursda oxuyanda bir ara ərəb dili müəllimimiz Malik Qarayevi Fidan xanım – yazıçı Anarın bacısı – əvəz etmişdi. Bizə məsləhət görmüşdü ki, ilkin mənbədən olan mətnlərin tərcüməsi ilə məşğul olaq. Akademkitabda Qurandan bəzi ayələrin, ərəb hekayələrinin də olduğu bir kitabın satışda olduğunu dedi. Kitabı alıb vərəqlədim. Qərara gəldim həmin kitabda getmiş qısa surələri tərcümə edim. O dəftəri indi də saxlayıram, tərcümədə diyircəkli qələmdən yox, mürəkkəblə yazan şiş uclu dəmir qələmdən istifadə etmişəm, vərəqlər arasında suçəkən hələ də qalır. Sadəlövhcəsinə elə düşünmüşəm ki, müqəddəs mətndirsə, tərcüməsini yazanda xəttin olduqca gözəl olmalıdır. Uzun müddət o yazıya yaxınlaşmadım, dəftərlərimin arasında öz ömrünü yaşadı. Bir dəfə Liviyada tərcüməçi işləyəndə kitab dükanından Quran aldım, ürəyimdən keçdi, görəsən, nə vaxtsa bunu tərcümə edə biləcəyəmmi? Dostum Vaqif Bayatlının təkidi olmasaydı, bəlkə elə arzu olaraq da qalardı. “Xəzər” jurnalının baş redaktoru olanda dedi, gərək boynuna götürəsən, ərəbcəni yaxşı bilirsən, səndə əla alınacaq. Yəni, bu işə Vaqif Bayatlı bir növ vəsilə oldu. 2018-ci ildə tamamilə yeni bir tərcümə variantını ərsəyə gətirdim. Adını OXU yazdım. Tərcümədirsə, adı da tərcümədə səslənməlidir. Çünki adın da insalanrımıza ismarışı var, Azərbaycanlılar bilmirlər ki, Quran onlara ilk enən ayəsindəcə “Oxu!” deyə müraciət edir. Bu OXU-da aşkarladığım teoloji tapıntılar Quran tərcüməsi tarixində ilklərdir və unikal məzmunda olaraq Quran məntiqinə, orijinaldakı sözlərin izahlı lüğətlərdə anlaşılan mənalarına tam uyğundur. Bunların əksəriyyəti dünyanın heç bir dilində olan tərcümələrdə ifadə edilməyib və inanclı insanların şüurlarında dəyişiklik yaradacaq mahiyyətdədir.
Sual: “Oxu” zamanı önləyir. Müsəlman şüuru isə zamandan geri qalır”. Bu da sizin sözlərinizdir. Şüurun inkişafı üçün nə lazımdır, sizcə?
Cavab: Öyrənmək, öyrənmək, yenə də öyrənmək… Yəni oxumaq, oxumaq, yenə də oxumaq. Nəyi? Dünyanı, insanları, elmləri, təbiəti, kainatı, müqəddəs mətnləri, yaradıcılıq məhsulu olan hər şeyi… Müsəlman şüuruna gəlincə, yalnız OXU ilə, onun məntiqi və təlqinləri ilə ahəngdə olsa, zamanı önləyə bilər. Hədislər, dini əfsanə və nağıllar müsəlman şüurunu mövhumat buxovlarında saxlayır.
Sual: Müqəddəs məkanlara ziyarətə münasibətiniz. FB-da belə bir təklif oxudum ki, ziyarətimizi düşmən tərəfindən darmadağın edilmiş və 5 mindən çox şəhid vermiş Ağdama edək bəlkə? Siz nə deyərdiniz?
Cavab: Müqəddəs məkanlara ziyarət ya sadəcə günahlardan tövbə etmək məqsədilə, ya istəkləri hasilə gətirmək, ya da sadəcə bir din borçunu yerinə yetirməkdir. Müsəlmanlar üçün ən müqəddəs yer Kəbə Evidir. Bəziləri Kəbəni ziyarətdən sadəcə “hacı” titulu qazanmaqla bunun cəmiyyətdə onlara hansısa üstünlüklər qazandırdığını düşünürlər. Belə bir titula müqəddəs Kitabımızda ümumiyyətlə yer yoxdur. Tanrı qatında ən möhtərəm sayılan kimsələr imanı, taqva duyğusu daha çox olanlardır, bu barədə uyğun Oxu ayəsi də var. Həcc ziyarətinin mahiyyəti ondan ibarətdir ki, müqəddəs yerin ziyarəti bir toplantı yerinin ziyarəti olaraq dəyərləndirilsin. Kəbə evini nəzərdə tutan ayədə deyilir: “Biz evi insanlar üçün eylədik bir toplantı yeri…” Bu toplantı əslində o anlamdadır ki, ayrı-ayrı ölkələrin nüfuzlu şəxsləri oraya gəlib öz xalqlarının dərdlərini başqaları ilə paylaşsınlar, söhbətlər aparsınlar, ünsiyyət yaratsınlar və s. Misal üçün, vaxtilə müsahibələrimdə vurğulayırdım ki, Azərbaycandan gedən zəvvarlar bunu anlasalar, Qarabağ problemi ətrafında həqiqətləri oraya daşıya bilərlər. İndi problem həll edilib deyə buna ehtiyac qalmayıb. Yəni demək istədiyim odur ki, müqəddəs yerləri ziyarətlərin ruhiyyəsini belə şeylər müəyyənləşdirir. Əlbəttə, indiki halda bütün ziyarətlər ilk növbədə şəhid qanı axıdılmış və buna görə qüdsallaşmış yerlərə olmalıdır. Azad edilmiş hər şəhəri, kəndi müqəddəs bilib, obrazlı ifadə ilə desəm, onların başına Kəbə Evinin başına dolandığımız kimi dolanmalıyıq. Oralar olsun qaçqınların məskunlaşma, qaçqın olmayanların isə bir növ vətənin qorunmasına and yerləri kimi “toplantı yerləri”… Həcc ziyarəti isə – bunu bütün müsəlmanlar da dərk etsinlər – OXU-ya uyğun öz mahiyyətinə qayıtmalıdır. O ziyarətə bizimkilər içində nüfuzlu ziyalıların, yaxud təlim keçmiş sıravi inanclılarımız getməlidirlər ki, ölkəmizin problemlərini, yaxud uğurlarının təbliğatını dindaşları ilə müzakirə etsinlər, məscidlərimizdə donuz saxlamışlara dəstək verən “müsəlman” ölkələrinin vətəndaşlarına həqiqətləri çatdırsınlar.
Sual: Məhərrəm ayında toy etmək olar?
Cavab: Hər şəxs etiqadı gərəyincə özü nəyin olarına, olmazına qərar verir. Bizdə tarixən şiə əksəriyyətinin Məhərrəm ayını yas ovqatında keçirmək ənənəsi var. Etiqad azadlığına hörmətlə yanaşmalıyıq. Bu ayda toy etməyənə də, edənə də normal baxmağa borcluyuq. “Dində məcburiyyət yoxdur” – bir OXU ayəsi belə də deyir.
Sual: Sizin bir yaralı yeriniz var. Oxuculara da açıqlayaqmı alimimizin ana dilinə münasibətini? Dilimizin başına gətirilən oyunlar sizi sarsıtmır ki?
Cavab: Ədəbi dilimizin ləhcələşməsi prosesinin səbəblərinə, Azərbaycan dilçilərinin bu prosesə məşum töhfəsindən silsilə yazılarım, çıxışlarım olub. Təəssüf ki, səylərimiz bəhrəsini vermir. Əksinə, Nazirlər Kabineti səviyyəsində iyun ayında Azərbaycan dilinin orfoepiyasına dair bir qərar qəbul edildi. Və bununla da ölkədə yazı dilimiz vasitəsilə yüz illər ərzində püxtələşmiş, elitarlaşmış və siyasi-mədəni dəyərə çevrilmiş Azərbaycan ədəbi dilində nitq, ədəbi dil orfoepiyasını məişət dili ilə, dialektoloq (ləhcəşünas) – dilçilərin savadsızcasına əsasını qoyduğu qaydalarla qarışıq salanlar, ədəbi dilimizin gözəl avazını, musiqisini zədələyənlər ləhcələşmə prosesini rəsmiləşdirməyə nail oldular. Ancaq problem şəxsən mənim deyil ki, sizin təbirinizcə, yaralı yerim olsun. Bizdən sadəcə bildiklərimizi car çəkməkdir, çatdırışdır. İnanıram ki, ağıllı adamlarımız bu prosesin qarşısını indi olmasa da, nə zamansa alacaqlar.
Sual: Siz bir neçə xarici dili mükəmməl bilirsiniz. Və bu imkandan istifadə edib həmişə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Vətənpərvərlik nədir?
Cavab: Qərbdə gəzərgi bir ifadə var: “vətənpərvərlik əclafların son sığınacaq yeridir”. Bunu ilk dəfə 18-ci əsrin məşhur ingilis yazıçısı Samuel Conson deyib. Deyəndə də nəzərdə tutubmuş ki, öz ölkəsini sevdiyini daim pafosla car çəkən şəxs cinayətlərə, biabırçılıqlara yol verirsə, onun əməllərinə dözümlü yanaşırmışlar. Üstəlik, dövləti, hökuməti sorğulayan nəcib şəxsləri də satqın, xain elan edirmişlər. Yəni vətənpərvərlik sözü inkişaf etmiş ölkələrdə bir növ hörmətdən düşüb. Millətçiliyi hər fürsətdə elan edənlərdən, sözün açığı, mən də həqiqi mənada vətənpərvərlik gözləmirəm. Həyatımda “millət, vətən” bağıranlara aid elə çoxsaylı nümunələrlə qarşılaşmışam ki, belələri tək şöhrət yox, ciddi sərvət yiyələrinə də çevriliblər. Yəni vətənpərvərliyin də bazarı, biznesi olur, təəssüf. Sovetlərin hələ güclü olduğu dövrdə bir dəfə Qasım müəllimdən Gülhüseyn Hüseynoğlu barədə soruşmuşdum. Gülhüseyn müəllim vaxtilə Azərbaycanın müstəqilliyini məqsəd seçmiş məşhur “İldırım” təşkilatının üzvü olub. Soruşanda ki, necə olur, milli amallar uğrunda mücadilə vermiş bir şəxsi indi millətçi kimi heç yada salan yoxdur, gənclər arasında yazıçılardan daha çox başqalarının adları çəkilir, onun yox, deyirdi, hazırda millətçi karyerası ilə məşhurlaşanlardan Gülhüseyn özünü kənar tutur, onlara “keqebe”nin potensial agentləri kimi baxır. Gülhüseyn Qasım müəllimlə məhrəm söhbətlərində ad da çəkirmiş ki, bəs filankəsin millətçiliyinə qəti inanmır, əsil millət davasını aparanları həbsə salırlar, bunu isə hökumət tez-tez təltifləyib şöhrətləndirir. Qasım müəllim bir yazısında hər azərbaycanlıdan bu sullarına cavablar istəyirdi: “de görək ağlın kəsəndən, əlin bir işin qulpundan yapışan gündən xidmətin bu mənsub olduğun millətə nədən ibarət olub? Ana torpağın, ata-baba yurdunun son illərdəki narahat çağlarında övladlıq borcunu necə yerinə yetirmisən?”. Və, əslində, mənə görə, vətən milli müstəqilliyini yaşayırsa, yetər ki, vətənpərvər yox, yaxşı mənada vətəndaş olasan.
Sual: Hər ikimiz 30 ildən çox babalarımızın vətəninə, Qarabağa həsrət qaldıq. Sizinçün o həsrət nə idi?
Cavab: Biz bu otuz ildə elə bir boşluğa düşmüşdük. Yenə Qasım müəllimdən sitat çəkim. 1992-ci ildə yazırdı: “Əgər biz inansaq ki, Şuşa biryolluq əlimizdən çıxıb, Xocalı həqarəti, Laçın bədnamlığı ilə birdəfəlik barışası olacağıq, elə bilirəm, Azərbaycan qeyrətli hər bir vətəndaşın fikrini ifadə edib deyərdim ki, onda daha yaşamağın mənası qalmamışdır. Bir adı Qala, bir adı da Pənahabad olan Şuşa, Laçın təkcə bu günümüz yox, tariximizdir, sərkərdələr, sənətkarlar yetirən əcdadımızın yadigarıdır, Pənah xanı, İbrahim xanı, Vaqifi, Natəvanı, Adıgözəl bəyi, Mehmandarovu, Xosrov bəyi, Sultan bəyi, Üzeyir bəyi, Seyidi, Xanı, Bülbülü yetirən diyardır. Şuşa bizim qartal qıylı, bülbül cəhcəhli yuvamızdır. Buna görə də indi Şuşasız günlərimdə mən özümü yuvasız quş sayıram…” Mənin üçün arxada qalan Qarabağ itkisi sadəcə həsrət deyilən şeydən betər bir discomfort yaratmışdı ötən illərdə. Çoxumuz özümüzü aşağılanmış, ədalətsizliyə uğramış, təklənmiş bir durumda hiss etmişik. Bir yandan da ötən otuz ildə, təsəvvür edin, Qarabağ itkisi ilə bağlı duyğuların, fikrin-zikrin hər fürsətdə səni haqlaya, rahat buraxmaya, bu, elmi-bədii yaradıcılıqla məşğul şəxs üçün bilirsiniz nə deməkdir? Bu barədə istəməzdim təfərrüatlara varım, ancaq onu qeyd edim ki, ilk gənclik illərində nəzərdə tutduğum yaradıcılıq planlarımda, işlərimdə müəyyən itkilər yaratdı…
Sual: Səmimi deyin, 44 günlük müharibədən sonra əldə edilən zəfər sevinci gözlərinizi yaşartdımı?
Cavab: Elə əvvəlki cavablarımı da səmimi demişəm t. Ümumiyyətlə, məhrəm bildiyim məsələləri açıqlamağı xoşlamıram. Amma təkid edirsiniz deyə bildirim: iki dəfə olub. Füzulinin azad olunan ilk kəndlərinin müjdəsini eşidəndə Mərdəkanda təsərrüfat malları dükanının qarşısında idim. Xəbəri televiziya car çəkirdi. Sevindiyimdən qəhərlənərək avtomobilimə əyləşib sükan arxasında donub qaldım, yanaqlarımda da sevinc yaşları… Yaxınlarıma zəng etdim. Başqa heç nə yox, elə bunu deyə bildim: “Eşitdiniz?” Telefonun o başından da boğuq bir “hə” sözü. Onlar da mənim kimi… Bir də “Əziz Şuşa, sən azadsan!” nidasını mənzilimdə televiziyadan eşidəndə.
Sual: Siz çox pozitiv insansınız. Gənclərlə işləyirsiniz. ADA kimi mötəbər bir tədris ocağında çalışırsınız. Sizinçün ADA nədir?
Cavab: ADA vaxtilə çalışdığım Amerika universitetlərinin gözəl bir modelidir. Gənclərimiz burada yüksək təhsil standartlarına uyğun dərslər keçirlər. ADA-nı bitirənlər aldıqları biliklərlə yanaşı, özlərində fərqli bir düşüncə tərzini də tərbiyə edə bilirlər ki, bu hər mənada millətimizin gələcəyi üçün olduqca vacibdir. İstərdim ADA təhsil mühitimizdə bir ada olaraq qalmasın, bütün təhsil müəssisələrimiz onun kimi olsun.
Sual: Nəriman müəllim, siz şeirlər yazırsınız, rus ədəbiyyatından mükəmməl tərcümələr edirsiniz. Mənə elə gəlir ki, sizin poeziyanız bir qədər səmavidir. Şeirləriniz sanki göylərdə yazılır.
Cavab: Bir qismi göy şeirləri, bir qismi yer şeirləri…
Sual: Bir şeirinizi mən daha çox sevirəm. Kədərli də olsa, o şeir sanki oğulun ana həsrətiylə ürəkdən çəkdiyi ahdır.
Cavab: “Ana haqqı Tanrı haqqı” deyimi var Kitab-i Dədə Qorqudda. Heç zaman haqqı ilə ödəyə bilməyəcəyimiz ana haqqı. Yer şeirlərimə daxil olan sətirlərdir:
Sıcaq-sıcaq xatirələr oyanır,
ruhun qonaq gəlir bizə qəfilcən.
Canım, tənim sənli-sənsiz hey yanır –
dodağın alnımda hərarətölçən.
* * *
“Sənə maman qurban” nəvazişlərin
qopur dodağından bir dua kimi,
göylərdən içimə dolub səslənir
cənnətdən ucalan bir səda kimi.
* * *
Azarım, dərdlərim yox olur bir an,
gözümə nur gəlir, dizimə taqət,
üzülür ayagım yerdən nagahan,
ruhummu bu yüngül qanadlı xilqət.
* * *
Bu addım səsləri mənə bəllidi,
işdənmi qayıdıb gəlirdin yenə,
doğma bir həsrətlə qulaq kəsildim
qapıya saldığın açar səsinə.
* * *
Qoyduğun nə varsa qalıbdır bizdə,
səliqə-sahmanın, qabın-qacağın.
Plovun dəmdədir ocağın ustə,
sən özün süfrə aç bu axşam çağı.
* * *
Evin hər küncündə bir mələk bitir,
gəlib əyləşirlər süfrə başında,
açdığın süfrənin bərəkətidir –
göylər bu məclisin tamaşasında.
* * *
Şənlik sona yetir məclisimizdə,
hər ruh öz səmtilə uçub qeyb olur.
Bura sənin evin, qalsana bizdə –
tutmuşam əlindən, gözlərim dolur.
* * *
Çıxırsan qapıdan, əlim yellənir –
Allah amanında, yaxşı yol sənə!
Enirsən ehmalca pilləkənləri,
su səpir arxanca gözlərim yenə.
Sual: Nəriman müəllim, səhv etmirəmsə siz vaxtilə Azərbaycanı Səudiyyə Ərəbistanında səfir kimi təmsil etmisiniz, bir çox xarici universitetlərdə mühazirələr oxumusunuz. Siz Azərbaycanın gələcəyini necə görürsünüz?
Cavab: Səfir təyin olunsam da bu statusda çalışa bilmədim. Amma səfir təyinatından öncə Səudiyyə Ərəbistanının mərhum kralı Fəhdlə rəsmi danışıqlarda iştirak etmişdim, onunla çox ümidverici, maraqlı söhbətlərimiz olmuşdu… Azərbaycanın gələcəyinə böyük ümidlə baxıram. Bu, təkcə Qarabağ zəfərimizlə bağlı deyil. Dünyada dəyişən geosiyasi reallıqların ölkəmizə hansı yaxşı perspektivlər bəxş etdiyinin də fərqindəyəm.
Sual: Söhbətimiz tam səmimidir. İkimiz də qarabağlıyıq. Deyirlər qarabağlıların yaxşı musiqi duyumu olur. Bax indi desəydim ki, gəlin bir yerdə bir mahnı oxuyaq, hansı mahnı düşərdi yadınıza?
Cavab: Xalq mahnısı “Laçın”.
Sual: Ailənizdə musiqiçi var. Hətta bir neçə mötəbər müsabiqələrin iştirakçısı və laureatı olan var. Sizin musiqiyə münasibətiniz. Hansı musiqini daha çox sevirsiniz?
Cavab: İki musiqiçi, ikisi də beynəlxalq səviyyələrdə özlərini təsdiq ediblər. Biri bəstəkar Türkər, o biri pianoçu Humay. Türkərin bu il yeni əsərləri Amerikada, Avropada, Rusiyada dəfələrlə ifa olundu. Humayın da beynəlxalq səviyyədə xeyli ifaları. Onu da qeyd edim, indi musiqi zövqümün inkişafında bu iki peşəkar musiqiçinin də rolu var. Hansı musiqini daha çox sevirəm? Sözün açığı, ha fikirləşirəm, amma nəyinsə üstündə ayrıca dayana bilmirəm. Muğam da, aşıq musiqimiz də, caz musiqisi də, akademik musiqi də beynimi və emosiyalarımı qidalandırır. Yeri gəlmişkən, tar təhsilim var, muğamlarımızı özüm üçün, yaxınlarım üçün ara-bir tarda ifa edirəm.
Sual: Gülləri sevirsiniz? Siz güllərə baxanda ilk baxışdan gülün özünü görürsünüz yoxsa tikanlarını?
Cavab: Çiçəkləri sevirəm. Çəmənliklərdə otlara qarışan tikansız, zərif çiçəkləri:
Nə qədər göz zillənərmiş göyünə
səhər çağı çiçəklərdən, yarım hey!
Nurundan, ətrindən bihuşam yenə
ayılt məni, al yanına, Tanrım hey!
Sual: Sevgini necə təsvir edərdiniz?
Cavab: Sevgi bir xəstəlikdir, dəlilikdir, mübtəla olmayan bilməz nədir. İcazə verin cavabıma bir az da zarafat qatıb bunu belə təsvir edim: mən ona baxdım, o mənə baxdı, yaman baxa-bax düşdü.
Sual: Siz Şuşa səfərindən yeni qayıtmısınız. Mümkünsə bu barədə də təəssüratınızı bölüşərdiniz.
Cavab: Qarabağ üçün simvollaşan Şuşa ilə vüsal, əlbəttə, unudulmaz, möhtəşəm hadisə kimi, Oxu ayəsi kimi taleyimizə yazıldı. Dağlar, qayalar, ağaclar bizləri öz həsrətliləri, öz doğmaları sayaq qarşılayıb “xoş gəldiniz” şərqisini oxudular! Cıdır düzü bizi ovcuna alıb gəzdirdi… Bundan gözəl nə ola bilər? Şuşadan canlı bağlantı ilə Asan-radio dinləyicilərinə bu xoş ovqatı çatdırdım. “Şuşadan canlı bağlantı” – bu ifadənin özü nəyə desən dəyər. Bir şeirimdə Şuşanı xitabət kürsüsünə bənzətmiş, ayəti-kürsüyə qarışıb oraya xəyali enişimdən yazmışdım. İndi fiziki ziyarətimiz xəyalımı gerçəkləşdirmiş oldu. Özü də poeziyanın qanadlarında baş tutmuş bir səfərdə: Vaqif məqbərəsinin əvvəlki hala gətirilməsinin açılışı münasibətilə ənənəvi Vaqif poeziya günlərinin bərpası tədbirində. Qarabağın “Zümrüd tacı” (Q.Qasımzadə) əvvəlki hüsnü ilə bərq vururdu…
Sual: Bilirəm ki, arzularınız çoxdur, tükənməzdir. Sizə bütün arzularınızın, diləklərinizin yerinə yetməsini arzu edirəm və mənimlə söhbətə qatıldığınız üçün çox təşəkkür edirəm.
Cavab: Çox sağ olun, əzizimiz Təranə xanım. Arzularınız çin olsun.
Sual: Bəs siz “Səmimi söhbət”ə nəsə demək istəyərsiniz?
Cavab: Sizə onu da arzu edim ki, həm bu formatda, həm şəxsi həyatınızda maraqlı müsahiblər sarıdan korluq çəkməyəsiniz.
Həmsöhbətim o qədər maraqlı insan idi ki, söhbətin bitməsini istəmirdim. Nə yaxşı ki, belə maraqlı insanlar var! Hər birinizə təşəkkür edib yeni görüş ümidilə ayrılıram. Təki ömür möhlət versin…


Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

NƏRİMAN QASIMOĞLUNUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KƏMALƏ ABİYEVA İLƏ SƏMİMİ SÖHBƏT

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Kəmaləa Abiyeva ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış pedaqoq, şair, publisist KƏMALƏ ABİYEVAdır.

“Səmimi söhbət” yenə sizinlədir. Qonağımın xüsusi təqdimata ehtiyacı olmasa da deyim ki, bu maraqlı insan tanınmış şair, bir çox mahnıların söz dünyasını yaradan Kəmalə Abiyevadır.
Kamalə Aydın qızı Abiyeva Astarada dünyaya gəlib. Bakıya köçəndə 4 yaşı olub. Birinci sinfə Bakıdakı 14 nömrəli məktəbdə başlayıb. Yasamal rayon 52 nömrəli məktəbin məzunudu.Məktəbi fərqlənmə ilə bitirib. İndiki APU-nin fizika fakultəsində təhsil alıb. Pedaqoq, publisist,şair, AYB-nin üzvüdür.
Kəmalə xanım, səmimi söhbətin ənənəvi ilk sualını yəqin ki, bilirsiniz. Kəmalə Abiyeva kimdir?
Özünə məsuliyyətlə, özünə və başqalarına hörmətlə yanaşan, həqiqəti qoruyan, ədaləti sevən biridi- İnsandı. Xalqını sevən vətəndaşdı.
Mənə elə gəlir ki, siz təbiətcə çox sakit adamsınız. Sizi özünüzdən nə çıxara bilər?
Sakit olmuşam. Sinif, tələbə yoldaşlarım həmişə belə deyib ”çox səbrli, təmkinlisən.Qonum-qonşu “sakit” deyib. İş yoldaşlarım “ tamam fərqlisiz, sizin kimi olmaq çətindi ”, məzunlarım “sizin kimi kimsə ola bilməz, idealsız” və s. deyirlər. Başqalarının münasibətini görəndə nöqsansız kimi görünürəm. Çoxu üçün ciddi adamam. Boşuna vaxt keçirməyi sevmirəm. Belələrinə heyrət edirəm. Haqsızlıq, yalan özümdən çıxara bilər.
Demək siz də dünyaya yalan dünya deyirsiniz? Ümumiyyətlə yalan nədir?
Girir ömrümüzə rahatca yalan,yalanla doludur böyür-başımız.
Yalandı həmişə bizimlə olan, elə həqiqətdi axtardığımız,- belə demişəm.

Həyat boyu özümüzü aldadırıq, aldanırıq böyük mənada.
Yalan mənim üçün bağışlanmazdır. Bəzən kimisə qıra biləcək həqiqəti gizlətmək üçün yalan danışırıq. Bir də var yalançılar-ən qorxulu adamlar. Başqalarının həyatına yalanla soxulan, öz həyatını yalanlarla yaşayan…Hətta öz yalanını sənə qəbul etdirmək istəyənlər də var.
Siz dünyanı nağıl bilməyi təklif etmisiniz. “Bu dünyanı nağıl bilək”. Bu şeirinizi də, ona bəstələnmiş musiqini də çox sevirəm. Dünyanı nağıl bilsək yaşamaq asan olardı, yoxsa…?
Nağıllar təsadüf deyil ki. Sadəcə dünyanı nağıl bilmək hissi dəyişir.Nağıllar gerçəkliyi göstərir: gözəlliyi əsir alan təpəgözlər, divlər, mərdlərin qarşısını kəsən əjdahalar, xeyirin gözünü çıxaran namərdlər. Nağıllardakı kimi həmişə qələbə olmur sonda. Kaş “bu dünyanı nağıl bilək”. Çoxdan yazdığım “Mənə nağıl danış” şeirim var:
Mənə nağıl danış, inanım sənə
qorxmayım, ay ana, təpəgözlərdən.
İnanım xeyirin qələbəsinə,
bilim qurtaracaq dünyanı şərdən…
Mənə nağıl danış, ay ana, de ki,
ötən günlərimiz nağıldı elə.
Sonu yaxşı olur hər bir nağılın
nə qədər qorxulu olsa da belə….
Gözəlliyin, xeyirin, ədalətin qalib olduğu yerdə yaşamaq asan olar.

Sizin şeirləriniz sanki insanın ruhuna sığal çəkir. Bu sizin həyat tərzinizdir, yoxsa yalnız yazılarınız bu qədər xəfifdir?
Belədirsə, xoş halıma. Məncə həyat tərzimdir. Qarşılıqlı münasibətdə, ünsiyyətdə ehtiyatlı davranıram. Kimisə sındırmaq, duyğularına toxunmaq mənlik deyil. Kimsənin şəxsiyyətinə toxunacaq, qəlbini yaralayacaq hərəkət etmərəm, sevmədiyim olsa belə.
Məncə siz bağışlamağı bacarırsınız Bağışlamaq asandır?
Bağışlayanam. Yadlardan inciyəndə unuduram. Yaxın, doğma bildiklərimi bağışlayıram. Hətta irad tutanlar olur ki, kinin yoxdu, hər şeyi bağışlayırsan. Daha doğrusu susuram, güzəştə gedirəm. O qədər susuram ki, arada nəsə deyəndə, inciyirlər. Öyrəşməyiblər. Həmişə asan deyil. Özün inciyirsən. Sevgim daha güclüdü, bağışlayır.
Şeirlərinizdə ayrılıq o qədər gözəl səslənir ki, hərdən düşümürəm, bəlkə heç vüsala ehtiyac yoxdur Siz necə düşünürsünüz?
“Əgər sevə bilmirsənsə, ayrılıq daha gözəldi. Sevilmədiyindən getmək özü də bir gözəllikdir”-deyirəm. Belə deyil? Alınmadısa, alınmadı. Həmişə ah-zar etmək nəyə gərək? Orda da təmkinliyəm yəni. Hər gördüyündə”səhv etməmişəm”düşündüyün birinin vüsalına ehtiyac var. O yoxdusa-yoxdu demək ki.
Nə gözəl müdrük cavab verdiniz. Məncə bu cavab bir dərsdir. Eləsə deyin, siz həyatı nə rəngdə görürsünüz?
İstənilən rəngdə. Məncə həyat ağ rəngdədi. Fizikada öyrənirik ki, ağ rəng mürəkkəbdi. 7 rəngə bölünür. Göyqurşağı, spektr deyirik. Hansı cisim hansı rəngi qaytarırsa, o rəngdə görünür. Qara bütün rəngləri udur. Təki bundan uzaq olaq. İşığı udmayaq.
Dostluğa,sevgiyə çox etibarlı olan Kəmalə xanım heç dostdan, yaxınlardan zərbə alıbmı?
Nə deyim, haqlısız. Etibarlıyam. Həyat göstərir ki, daha çox, incidildiyi zaman belə susan, güzəştə gedən daha çox zərbə alır. Mən də almışam. Yad biri, tanış, qonşu nə zərbə vurar ki? Bu incitməz. Güvəndiyin, illərlə birlikdə olduğunun, doğma bildiyinin zərbəsi ağır olar. Çox təəssüf ki, bağışlamağım bəzən ağrı yaşadır. Vaxtında deyilməyən söz, həqiqət mənasını itirir.
Zaman ötür, hər şey dəyişir və siz deyirsiniz ki, bir də o yağışdan yağmayacaq ki… Ötən günlərdən nəyi qaytarmaq istəyərdiniz?
Zaman ötür, hər şey dəyişir həqiqətən. Kimi müdrikləşir, kimi cılızlaşır. O yağış bir də yağmır.
Həyatımda çox şeyi dəyişərdim. Uşaqlığımı, gəncliyimi qaytarmaq istərdim təbiiki. Zaman və sağlamlıq əvəzsizdir. Kimə və nəyə sərf etdiyinə diqqət etməlisən ki, təəssüfün az olsun.

“Bağışlama məni” deyirsiniz. Niyə? Axı hamı bağışla deyir.
Bağışlama deməyi də bacarmalısan. Özün elədiyin yanlışa “bağışlama” deməlisən. Hələ bir özün özünü bağışla, gör bacarırsan? “Özün günahkarsan” da demişəm…
Bəli. Onu da demisiniz və bu şeir mahniya çevrildikdə ürəkləri , ruhları titrədib. Məncə bu mahnını sevməyən yoxdur. Bəs özünüz necə, onu sevirsinizmi?
Əlbəttə sevirəm. O mahnıdan sonra onlarla qadın zəng vurub, minlərlə qadın özünü görüb.Təəssüf ki, qadınlarımız bunu yaşayır, amma mahnı möhtəşəmdi. Cəsarətli mahnı deyirlər sözlərin yaşantıları ifadəsinə görə. Musiqini, şeiri çox sevirəm.
Sizcə qadın üçün xoşbəxtlik nədir?
Tək qadın üçün yox, insan üçün rahatlıq xoşbəxtlikdir. Ən çox özümüzlə danışırıq. Elədiklərimiz narahatlıq yaratmırsa, yanındakının səni anladığından əminsənsə, gördüyün işdən razısansa, kaşkilər yoxdusa və s. rahatsan, yəni xoşbəxtsən.
Sizi hamı sevir. Çünki siz ürəkdən sevməyi bacarırsınız Hamınımı? İnsanlarda nəyi daha çox dəyərləndirirsiniz?
Nə deyim? Özündən razılıq kimi alınır. Amma siz də belə düşünürsüz. Az ünsiyyətdə olduğum adamların belə o qədər sevgisini, sayğısını görürəm ki. Sevildiyini yaşamaq duyğusu möhtəşəmdi. İstedadlı cavan şairimiz Elçin Məmmədov status paylaşmışdı ki, yer üzündə o boyda sevgi tapasan ki, bu adamın haqq etdiyi sevgini verə biləsən. Bilirsiz, çox xoşdu. Əslində mən insanları sevirəm. Və sevgi dolu insanları dəyərləndirirəm. Təkrar alınır, amma münasibətlərdə həqiqi sevgi varsa, sən cılızlaşa bilmirsən. Adam var ki, 10, 20 il öncə deyilən sözü unutmur, həmişə xoşagəlməz nəsə tapır. Onların sevgisi olmur. Sevdiyiklərindən vaz keçmək asan deyil. Bunu yaxınlarım bilir, bəziləri bundan sui-istifadə də edir. Təəssüf edirsən… Münasibətlərdə dürüst, sabit, sevginin, sayğının dəyərini bilənlər dəyərlidir. Bacarmırsa, heç olmasın, onu itirmək istəməsən belə.
Siz yaxşını, gözəlliyi görüb dəyərləndirə bilirsiniz.Niyə hamı bunu bacarmır? Paxılıq adətən kimə məxsus olur?
Hamı bacarmır. Həqiqi sevgi hissi yoxdu onlarda, sadəcə onlara elə gəlir. Sevgi olsa, yaxşıya yaxşı deyə bilərlər. Bilirsiz, görürsən, yaxın adamdı, yanında sənə diqqət göstərəndə, qısqanclıq yaranır, əsəbləşir… Paxıllıq özünəgüvənsizlikdən yaranır, belələri həmişə “mən,mən” deyir, əslində boşdular. İnsan daxilən o qədər zəngin olmalıdır ki, cılız duyğular yaşamasın.
Siz müəllimsiniz. Maraqlıdır ki, məhz sizin yazdığınız şeirə bəstələnmiş mahnı məktəblilərin məzun himninə çevrilib. Üç insanın Kəmalə Abiyeva, Aygün Səmədzadə və Lalə Məmmədovanın əməyinin məhsulu olan bu gözəl mahnı necə yaranıb?
Şeir özündənrazı, amma həyatı alınmayan məktəb yoldaşımı görəndən sonra yarandı. Şagird olanda hamının necə xoşbəxt, qayğısız olduğunu düşündüm. Çox təsirləndim. Aygün xanım “mahnı yazıram” deyəndə, “kədərlidir” dedim. “Gör necə mahnı olacaq, artıq müsiqini eşidirəm” dedi. Aygün xanımın yaratdıqları bir-birindən gözəldi. Bu mahnı ilk səslənmədən məşhur oldu. Son illərdə ilk dəfə səslənməklə bu qədər uğur qazanan mahnı olmayıb.
Xatirələrlə yaşayırsınız yoxsa arzularla?
Hamı kimi – xatirələr, arzularla.
Şəhid analarıyla görüşəndə hansı hissləri yaşayırsınız?
Şəhidlərdən yazıram. Ailələrlə əlaqə yaratmalı oluram. Qələbəni illərlə gözləmişik. İtgilər olacağını bilirdik. Amma çox ağırdı. Analar bir yana, atalar var ki, göz yaşına, üzündəki ağırlığa dözmək olmur. Düzü təsəlli verə bilmirəm. Hamımızın təsəllisi Qələbədir- Vətənin bütövlüyüdür.
Sizinlə ilk dəfə belə səmimi söhbət edirəm. Yormadım ki sizi?
Sevilməyimdən söz açdınız. Hər kəs bunu deməzdi. Özünüz də sevimlisiz. Maraqlı, yaradıcı insansız. Pandemiyanın həyatımızı sıxdığı bir zamanda darıxmağa qoymursuz. Bu da sevgidir. Sevgi dolu insanlar riyakarlıqdan uzaq olur-səmimi olur. Onlardan yorulmaq olmur. Əksinə rahatlıq tapırsan.
Təşəkkür edirəm, Kəmalə xanım, ən çox sevdiyiniz şeirinizi mənə və “Səmimi söhbət”in oxucularına hədiyyə edərmisiniz?
Nağıllardan danışdıq. Bu duyğuyla yazdığım şeir olsun.
Nələri anlatdı bizə nağıllar,
bildik ki, həmişə bağlı qapı var.
Bağlı qapıları açmaq istəsək,
açıq qapıları bağlayaq gərək.
Bir az da aldatdı bizi nağıllar,
Ağ atlı oğlanlar gəlib çıxmadı.
Xeyirxah pərilər görünmədi heç,
Yetimin üzünə kimsə baxmadı.
Anladıb aldatdı bizi nağıllar
divlər, təpəgözlər öləcək deyə.
Bir az da ağlatdı bizi nağıllar
göylərdən üç alma düşəcək deyə.

Bu gözəl insanla söhbətdən zövq aldım. Bu zövqü siz də yaşaya bildinizsə demək söhbətimiz alınıb. Bizimlə bərabər olduğunuz üçün hər birinizə təşəkkür edir və yenidən görüşmək arzusuyla ayrılıram. Təki ömür möhlət versin…

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

KƏMALƏ ABİYEVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏFAİL TAĞIZADƏ İLƏ “SƏMİMİ SÖHBƏT” – TƏRANƏ MƏMMƏD

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Rəfail Tağızadə ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış ictimai-siyasi xadim, şair, publisist Rəfail Tağızadədir.

İnsanların ünsiyyətdən qaçdığı, bir növ tənhalığa qapandığı, bəlkə də biri-birinə etibar etmədiyi bir vaxtda az tanıdığın, bəlkə də heç tanımadığın bir insanla ünsiyyət qurub onunla səmimi söhbət etmək asan olmasa da, mümkündür. Söhbət etmək istədiyim insan yaradıçılığı, bənzərsiz şeirləri ilə diqqətimi çoxdan cəlb etmişdi. Onun özü ilə şeirlərindən daha sonra tanış oldum. Şeirlərindəki gizli kədərin, qeyri-adiliyin səbəbini öyrənmək arzusu var idi məndə. Dəfələrlə tədbirlərdə görüşdüyüm bu gülərüz, mehriban və nisbətən az danışan insanın iç dünyası mənim üçün çox maraqlı idi. ”Gündüzü oğurlanmış kimidir həyat”, – deyən bir insanın elə həyata baxışları da. Deyirlər, insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Təəssüf ki, tanımaq istədiyim insanla yol getmək mənə nəsib olmayıb, amma səmimi söhbət etmək fürsətindən istifadə edib ona bir neçə sual verə bildim.
Həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı, Rəfail Tağızadədir. Rəfail müəllimlə söhbəti sizə təqdim etməkdə məqsədim FB səhifələrində dəfələrlə şeirlərini və yazılarını həvəslə oxuyub bəyəndiyiniz bu maraqlı insanı sizə daha yaxından tanıtmaqdır.
İlk sualım adi olsa da məncə, cavabı həmsöhbətimi düşündürdü.

– Rəfail müəllim, sizcə Rəfail Tağızadə kimdir?

 İlk növbədə Azərbaycan vətəndaşıdır. Vətənini, xalqını, azadlığı sevən; yurdsuz qalan vətəndaş. Azərbaycan türküdür.

– Özünüz haqqınızda qısa da olsa, məlumat verərdiniz.

-Qarabağda, Ağdamda doğulmuşam. Qarabağ mənim ata-baba yurdumdu. Çox təəssüf ki, indi “qarabağlıyam”, “ağdamlıyam” deyəndə, o yerlər işğal altında olduğundan bir vətəndaş olaraq itkilərin qismən günahkarı kimi utanıram. Uşaqlıqdan riyaziyyatı çox sevdiyimdən dəqiq elmlərə marağım olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşımda Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olmuşam. Diplom işimi Rusiyada yazdım. Uzun müddət o vaxtlar “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışmışam. Elə ordan da müharibə bölgələrinə yollandım. Cəbhə həyatından çox danışılıb deyə, ondan danışmaq istəmirəm. İnşallah qələbədən sonra

– Rəfail müəllim, neçə yaşınız var?

– 11 fevral 1958 ci ildə anadan olmuşam. Dolça bürçündənəm. (gülür)

– Nə bildiniz ki, bürcünüzü soruşacam?

 Nə bilim, hərdən fikirləri qabaqlamağı bacarıram. Bu bir qədər çətinlik yaratsa da, belədi.

– Onda deyin. Bürclər haqda yazılanlara inanırsınız?

– Yox. İnanmıram. Amma doğulduğun yer, şərait kimi, zamanın da xarakterə təsir edən məqamları var.

 Bəs qismət deyilən bir şeyin olduğuna necə? İnanırsınız?

 Düzü, əvvəllər inanmırdım, ancaq həyatda qarşılaşdığım bəzi hadisələrdən sonra inanmalı oldum.

 Allaha inanırsınız?

 Əlbəttə. Dini ritualları etməsəm də, inanıram. Tanrıya, yaradana mütləq inanıram.

 Sizinçün yaşamaq nədir?

 Yaşamaq səndən sonra yaşamaqdır.

– Bəs ölüm nədir?

 İlk növbədə həyatın sonudu. Dəfələrlə təkrar olunmuş ifadə osa da, “ölüm haqqdır”.

 Rəfail müəllim, şeirlərinizdə dəfələrlə ruha müraciət etdiyinizə rast gəlmişəm. Sizcə ruhlar nədir, varmı ruh?

– Əlbəttə, var. Ruh müxtəlif din və cərəyanlarda müxtəlif formada izah olunur. Ruh ilahidən gələndi.

– Ölümdən qorxursunuz?

 Yox. Ölümdən, qaranlıqdan, təklikdən qorxmuram. Hərdən gözübağlı daha yaxşı görürəm. Axtardığımı daha tez taparam. Qaranlıqda kəndimizin kol-kos basmış cığırları ilə gedib, evləri tapa bilərəm. Cəbhədə qaranlıqda o qədər dərəli-təpəli yol getmişəm ki…

– Dediniz ki, təklikdən qorxmursunuz. Bəs tənhalıqdan necə?

Yaradıçılıqda tənhalıq adamın həmdəmi olur. Ancaq həyatın tənhalığını sevmirəm.

– Rəfail müəllim, hamı sizi barış, davanı sevməyən bir insan kimi tanıyır. Nəyə görə davaya qatılardınız?

– Heç düşünmədən Vətən uğrunda savaşaram. Bu birmənalıdır. Bir də insan sevdiyi qadın uğrunda savaşar.

– Gözəlliyi sevərsiniz hər halda.

– Şübhəsiz. Kiçik bir çiçəyi, qanad açan quşu, ağacları, … təbiətin yaratdığı bütün gözəllikləri. Gözəlliyi görüb sevməmək olarmı?

– Banal bir sual olsa da bilmək istəyərdim Rəfail Tağızadə qadınlarda daxili gözəlliyi sevir, yoxsa xarici?

– Gözəl qadın ilk görünüşdən adamın diqqətini tez çəkir, bu təbiidi. Mən ağıllı qadınları, onların düşüncələrini daha çox sevirəm. Qarşında ağıllı qadın olanda, daha çox məsuliyyət hiss edirsən. Ağıllı qadının qarşısında güclü olmaq çətin olsa da, maraqlıdır.

Qarabağlısınız. Deyirlər, Qarabağda körpələr də muğam üstə ağlayır. Musiqi sizin üçün nədir?

– Musiqi insanın ruhunu oxşayır. Bir qarabağlı kimi mən də muğamı çox sevirəm. Eləcə də xalq və bəstəkar mahnılarını da.

– Bəs aşıq musiqisini sevirsiz?

– Əlbəttə. O bizim qanımızdadır.

– “Musiqiçi dostum,
bir nöktrün çal,
məni məndən qopar,
məni məndən al“.
Bu sözləri yazan məncə klassik musiqini də sevir?.

– Bəli. Klassik musiqidə sanki muğamın əksini duyuram.

– Bəlkə cazı da sevirsiniz?

Konsertlərinə qatılıram. Dinləyirəm.

– Sizcə sevgi nədir?

– Sevgi insanı sən eləyən, daxilən təmizləyən, başqası üçün yaşamağın nə olduğunu anladan ülvi bir hissdir. Sevgi insanın özündən asılı olmayaraq gələn duyğudur. Sevgi gözəldir. Ağrısı, acısı, sevinci ilə yaşamaq həzzidir. Hec kim deyə bilməz ki, o nə vaxtsa sevməyib və ya nə vaxtsa sevməyəcək. İnsan hər zaman ona mübtəla ola bilər. Həqiqətən sevən insandan pislik gözləmə…

– Yaşından asılı olmayaraq?

– Bəli. Bəzən yaşlı insan 17 yaşlı cavandan daha etirasla, güclü sevə bilər. Sevginin yaşı olmur.

– Sevgi insana nə verir, sizcə?

– Yenidən doğulmuş kimi olursan. Lazım olduğunu bir daha anlayırsan. Yaşamaq və yaşatmağı dərk edirsən. Səndə daxili bir oyanış yaranır. Sevgi insanın üzünə, gözünə gizlədə bilməyəcək yeni xoş çalarlar gətirir. Ruhunu təzələyir…

– Siz dənizi sevirsiniz! Dənizə həsr etdiyiniz şeirlər insanın ürəyinə toxunur, dənizi həm sevir, həm də sevdirə bilirsiniz. Bu yaxınlarda Kamran Nəzirlinin müsahibəsini dinlədim. Kamran müəllim dedi ki, dənizə sevgim uşaqlıqdan var idi, çünki, Astarada, dəniz kənarında keçib uşaqlığım. Bəs siz? Axı, siz elə yerdə doğulmusunuz ki, dağları, meşəni daha çox sevməli idiniz, məncə.

– Mən dənizi çox sevirəm. Danışan canlı kimi. Dəniz safdır, təmizdir. Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Boşalıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı…
– Rəfail müəllim, şeirlərinizdə həmişə qizli bir kədər var. Nədən? Hətta sizin şeirlərə “qanla yazılmış şeirlər” də deyən olub.

– İtki ağır şeydi. Bir var doğmaların, mütləq olacaq itkilərin ağrısı. Bu başa düşüləndi. Yarananın dünyadan köçməsi nə qədər ağrılı olsa da anlaşılandı. Amma yurd, vətən itkisi bambaşqadı. Bu itkinin ağrısını izah etmək olmur. Sənin olanın göz-görə əlindən alınır, sənin olmur. O itkiylə ilk addımların, uşaqlığın, gəncliyin də itir. Yox olur. Geridə böyük bir boşluq yaranır. Yurd həsrəti bütün sevincli xatirələrin üzünə qara bir pərdə çəkir. Ağırdır. Çox ağırdır. Hər dəfə nikbin, şən bir şeir yazanda, sanki, o dərd kürəyinə vurub “mən hələ varam…”, – deyir. O ağrını, kədəri nəinki üzdə, şeirdə də gizlətmək olmur.

– “Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”, bu sözləri sizin haqqınızda məşhur alimimiz Rafiq Əliyev deyib. Bilirəm ki, bu yaxınlarda görkəmli alimimizin həyat və yaradıçılığından bəhs edən bir kitabınız işıq üzü görəcək. Xeyirli uğurlu olsun.

– Çox sağ olun. Bu kitabı böyük sevgiylə hazırlamışam. Maraqlı kitab olacağına inanıram. Əlbəttə, son söz yenə də oxucularındır.

 Oxucu demişkən. Mən də sizin oxucunuzam və şeirlərinizi çox bəyənirəm. Bəzən sizin şeirləri abstrakt rəsm əsərlərinə bənzədirəm. Orda görünən və görünməyənlər var. O görünməyənləri siz özünüz necə görürsünüz?

– Hamının görmədiyini mən də görmürəmsə, onda niyə yazıram, nəyi yazıram? Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.

Yazılarınızda belə bir ifadəyə rast gəldim “Söz deyilən, yazı oxunan, kitab isə qalandır”. Rəfail müəllim, sözünüzün, yazdıqlarınızın və kitablarınızın yaddaşlarda qalacağına əminliklə sizə yeni yaradıcılıq uğurları arzu edirəm. Əminəm ki, bir gün Qarabağ dərdi kürəyinizə astaca toxunub deyəcək: Yaz! Yarat! Sevin! Qarabağ azaddır!

– Çox sağ olun. Qarabağı azad görmək ən böyük arzumdur. Mən də sizə gizli ağrılardan uzaq, sevinc dolu əsərlər diləyirəm.

Bax beləcə söhbət edib ayrıldım Rəfail müəllimdən. Amma onun kitablarını oxuduqca, insan onun şeirlərindən, niskilindən, yaratdığı bəzən vahiməli, bəzən həzin, bəzən sevgi, bəzən ayrılıq, bəzən hicran, bəzən intizar dolu aləmdən ayrılmaq istəmir. Şairlərin sayının artdığı, ədəbiyyatda yeni adların çoxaldığı bir zamanda öz orijinallığı ilə diqqəti çəlb edən bir şairin olduqca təvəzökar şəkildə yazıb yaratması məncə, diqqəti çəlb etməyə bilməz.

Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.

Qeyd:

2019-cu ilin oktyabırında “Səmimi söhbət”in ilk qonağı Rəfail Tağızadə olmuşdu.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru