Etiket arxivi: ŞƏBNƏM HƏSƏNƏLİZADƏ

BİRİ VARDI, BİRİ YOX… – ŞƏBNƏM HƏSƏNƏLİZADƏ

Şəbnəm HƏSƏNƏLİZADƏ, yazar.

1. Tanıyaqmı biraz sizi Şəbnəm Həsənəlizadə?

Mən, hal-hazırda Azərbaycan dili və ədəbiyyatı üzrə filologiya təhsili alan, iki uşaq anası Şəbnəm Həsənəlizadə. Uşaqları çox sevdiyimdən və nağılların da uşaqların inkişafında faydalı olacağına inandığım üçün, onlara youtube platformasından nağıllar səsləndiririrəm.

2. Özünüz uşaq vaxtı ən çox hansı nağılı sevirdiniz?

Qoğalın nağılını. Baxmayaraq ki, özüm şirin yox, şorqoğal sevənəm, amma bu personaj mənə şirin gəlirdi.

3. Bir Ana kimi övladlarınıza qarşı necəsiniz?

Deyərdim ki, mən də onlarla birlikdə böyüyürəm, onlarla birlikdə öyrənirəm. Çünki, bizlər ana/ata titulunu məhz onlar sayəsində alırıq və insan artıq valideyn olmağı da bu zaman öyrənir. Əlbəttə ki, ideal heç nə, heç kim yoxdur və mənim də yanlışlarım olur, amma əsas olan bu yanlışları bilmək, düzəltməkdir. Çünki, bizlər övladlarımızı bir şəxsiyyət kimi yetişdirməliyik və buna görə də onları könül gözü ilə görməyi, can qulağı ilə dinləməyi, yeri gəldiyində onların da fikrini almalı, yeri gəldiyində onlardan üzür istəməli, yeri gəldiyində də izn almalıyıq. Onlara doğru-düzgün nümunə olmalıyıq. Bəli, banal səslənsə də məhz nümunə. Çünki, uşağa “yalan danışmaq yaxşı şey deyil, yalan danışma” deyib, özümüz isə kənarda hər hansısa məsələdə yalan danışırıqsa, uşağa “kitab oxumaq lazımdır” deyib, özümüz heç oxumuruqsa…(bu siyahını çox uzatmaq olar) uşaq da gördüyünü götürür. Buna görə mən də çalışıram ki, onlara yaxşı nümunə ola bilim. Bundan əlavə, əsas da ki, onları sevgi, qayğı və diqqətlə qidalandıra bilim.

4. İndi ki uşaqlar necə dinləyirlərmi nağılları?

Bəli, çox sevirlər. Bunu istər ətrafda olan uşaqlardan, istərsə də mənim ünvanıma olan rəylərdən müşahidə edirəm. Əgər nağıl maraqlıdırsa və onun səsləndirilməsi də maraqlı tərzdədirsə, səsləndirən rolda ola bilirsə bu zaman uşaqlar da böyük maraqla dinləyirlər.
Buna görə də analar uşaqlara nağıl oxuyarkən ordakı qəhrəmanları canlandıra bilsələr çox gözəl olar. Davamında nağılı müzakirə edərək də uşağa daha böyük fayda vermiş olacaqlar.

5. Gördüyünüz işi sevirsinizmi hardan yarandı bu maraq?

Bəli, çox sevirəm. Qızlarıma hər gün nağıl oxuyurdum. Bəzən əlimin altında olan vəsaitlər kifayət etmədiyindən artıq internetdən axtarmağa başlayırdım. Bu zaman da qarşıma maraqlı nağıllar çıxırdı. Sonra düşündük ki, niyə də bu nağıllar öz dilimizdə tək mənim qızlarım üçün yox, eləcə də başqa uşaqlar üçün də əlçatan olmasın?! Bu səbəbdən mən də əlimdən gələni etməyə çalışıram.

6. Belə düşünürəm ki, tərcüməçiliklədə məşğulsunuz eləmi?

Deməzdim ki, professional səviyyədə, amma dil biliklərim əsəri tərcümə etməyimə kifayət edir. Xüsusən də, rus dilindən.

7. Bu istedadı özünüzdə nə zaman kəşf elədiniz?

Əslində mənim uşaqlıqdan belə həvəsim olub, hələ məktəb yaşlarında da hər dəfə səhnələrdə çıxış edirdim, şeirlər deyirdim. Nağılçılığı isə ana olduqdan sonra kəşf elədim. Dediyim kimi, mən də uşaqlarla birlikdə böyüyür, çox şeyi də məhz uşaqlardan öyrənirəm.

8. Uşaqlarınızın adını siz qoymusunuz…?

Bəli, yoldaşımla ortaq qərarımızdır...

9. son olaraq nələr demək istərdiniz?

Övladlarımızın gözəl gələcəyi, yaxşı cəmiyyət qurmaq üçün bizlərin vəzifəsi böyük və məsuliyyətlidir. Buna görə də istərdim ki, bütün valideynlər buna görə canla-başla səy göstərələr. Uşaqları sevgiyə, diqqətə, qayğıya ac, yoxsul böyütməyələr, onların yanında, arxasında olalar. Əlbəttə ki, büdrəmələr də, səhvlər də olacaq, yıxıla-yıxıla öyrənir insan və əgər biz də övladlarımızın hər büdrəyişini alçaltmasaq, və ona dəstək olsaq, gələcək üçün də sağlam şəxsiyyətlər qazandırmış olarıq.
O ki qaldı nağıllara, çox istərdim ki, analar mənim kanalımdakı nağılları uşaqlarla birlikdə izləsinlər ki, sonra uşaqla o nağılı analiz edib, müzakirə edə bilərlər. Nağıllar uşaqlar üçün həqiqətən də çox faydalıdır, ana əgər uşağa özü oxuyursa bu daha da gözəldir.

ŞƏBNƏM HƏSƏNƏLİZADƏNİN DİGƏR YAZILARI

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru