Tag: RESENZİYALAR

O BİR EŞQ ATƏŞİDİR – ZAUR USTAC VAHİD ÇƏMƏNLİDƏN YAZIR

No Comments

“Mən eşq atəşiyəm”

Salam olsun! İlk öncə onu xatırladım ki, bu mənim artıq Vahid Çəmənlinin söz dünyasına ikinci belə səyahətimdir. Eyni zamanda demək olar ki, artıq uzun illərdir hər gün olmasa da ən azı həftədə bir-birimizin yeni bir şeirini, yazısını oxuyuruq. Hacı Vahidin “Bu yay da belə keçdi” kitabı haqqında yazdığım yazını (02.08.2018. Ön söz.) əbəs yerə xatırlatmadım. Həmən yazını  “… Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah…” belə bir  arzu, istək, Böyük Allahdan təvəqqe ilə yekunlaşdırmışdım. Biz gec-tez bu arzuların reallaşacağına inanırdıq. Bizi yaşadan elə bu ümid dolu həyata, dünyaya baxış idi. Bütün bu hiss-həyacanın təsirləri də qələmimizə yansıyır, bizi gah kövrəldir, gah da sevindirirdi…

QISA ARAYIŞ

Hacı Vahid Çəmənli – Vahid Valeh oğlu Qasımov 27 iyun 1965 – ci ildə Azərbaycan Respublikası, Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. “Dəli Çəmənli”,  “Nə ömürdü yaşadım”,  “Hər şey yaxşıya doğru”,  “Bu yay da belə keçdi”  … kitablarının müəllifidir. “Mən eşq atəşiyəm” adlı haqqında söhbət açdığımız bu kitab şairin özündən əvvəlki kitablarından hər cəhətdən fərqlənir.

Qeyd etdiyim kimi şairin “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə yazmışdım. Artıq üstündən zaman baxımından üç ilə yaxın vaxt keçib. Bu 3  il tarix səhnəsində qısa zaman kəsiyi olsa da, ötən vaxt ərzində çox böyük dəyişikliklər baş verdi. Ozan dili yüyürək olar deyirlər. Arzularımız çin, niyyətlərimiz hasil oldu…  Şairin  söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutdu. Çiçək açdı. Bar verdi…  Uzun illər Vətən, doğma yurd  həsrəti ilə qovrulan, nisgilini, arzusunu ağ kağızlara köçürüb kitab edərək “Bu yaz da gələ bilmədik”,   “Bu yaya da belə keçdi” deyən, yazan Hacı Vahid Çəmənli nəhayət “Biz gəlirik” barədə düşünməyə başladı…  Onun söz bağçasına nəhayət Bahar gəldi. Bu baharın gəlişi Miladi ilə qanlı-qadalı 2020 (2+2=4, ölüm + ölüm = zəfər) – dən sonra, 2021-ci ilə təsadüf etdi.  Hansı ki,  hal-hazırda bu keşməkeşli mövsümü yaşayırıq…

Belə bir dövrdə Hacı Vahid yeni bir kitabla oxucuların görüşünə tələsir. Əvvəlki kitablarda zəmanədən şikayətçi olan şair bu dəfə yeni kitabını şövqlə “Mən eşq atəşiyəm” deyə adlandırıb.  Elə oxucu ilə ilk qarşılaşmasındaca inamla;

Bu, eşq atəşidir, sönən yeri yox,
Ayrılan yolların dönən yeri yox.
Elə öyrənmişəm mavi göylərə,
Ruhumun torpağa enən yeri yox…

deyən şair şanlı zəfərdən ruhlandığını, bihuş olub mavi səmanın ənginliklərinə daldığını, nə olur-olsun bir daha enməyəcəyini vurğulayır.

Və ya

Gəldin, yenə gördük gülər üzünü,
Əlləri xonçalı, gözü nəm Bahar.
Qocaman yurdumun övladlarını
Tonqalın başında etdin cəm Bahar.

həmən ardınca, demək olar ki, büllür çil-çıraqlı göz qamaşdıran söz sarayının elə dəhlizindəcə  şəhidlərimizin qanı bahasına əldə olunmuş qələbəni xatırladır… Bu bahardakı birliyi, vəhdəti tərənnüm edir.

Həqiqətən həddindən artıq sevincək görünən şair elə dəhlizdəcə ürəyini boşaltmaq, dilində nə var demək acələsi ilə;

Gəlişin çox ağır zamana düşdü,
Ömrümüz naqafil dumana düşdü.
Vahidin ürəyi gümana düşdü,
Sevinci bir azca oldu kəm, Bahar!..

sanki, “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə bəndəniz tərəfindən qeyd olunmuş “…bu xəmir hələ çox su aparacaq…” fikrini xatırlayır və bu fikri oxucusu ilə bölüşməyə tələsir. Təəssüf  hissi  keçirir.

Ancaq,

Vahid, sözlərini nizama düz çək,
Tikanın üstündə bitsin gül-çiçək…
Ayıq ol, deməsin hər ağzıgöyçək,
Şirini qatırsan şora yazırsan.

qeydi ilə söhbətinə çəki-düzən verən şair, ağır təbəddülatlı günləri, qapalı karantin günlərini, dost-tanışı bir-bir yada salıb xatırlayır. Gələcəyin ümidverici olduğuna, ən azından bu ilin bu gününün ötən ilin bu gönündən çox fərqləndiyini inamla, qürurla, fəxrlə oxucu ilə  bölüşür. Hardasa qəlbin bir küncündə azacıq kədər gizlənsə də şairin gələcəyə ümidi böyükdür. Burada onu da qeyd etmək istəyirəm ki, Hacı Vahid Çəmənli sözünü bu imid işartısı, gələcəyə inam heç vaxt tərk etməyib. Məsələn hələ onunillər əvvəl işıq üzü görmüş kitablarından biri yuxarıda qeyd etdiyim kimi “Hər şey yaxşıya doğru” adlanır. Vahid  Çəımənli yaradıcılığı həmişə (ən azı mən tanış olandan) haqqa söykənib, gələcəyə ümidlə baxıb. İndi isə demək olar ki, şair sevincinin pik nöqtəsindədir;

Mən bir od parçası,
Sən bir ovuc su,
Töküldün üstümə, cızdağım çıxdı.
Olanım, qalanım bir can qorxusu,
O da sönüb getdi, gözdağım çıxdı.

İçi boş olanda güyüm səs edər,
Ürək güyüm deyil səs sala, gülüm.
Odu söndürməyə suyun bəs edər,
Qorxmursan, ürəyin boşala, gülüm?

Soyuq ilan kimi sarılar sənə,
Qalan təpərin də candan tez çıxar…
Mən eşq atəşiyəm,-
Sönsəm də, yenə
Külümün altından təzə köz çıxar.

deyən şair, artıq bütün çətinliklərin, ağrı-acının arxada qaldığına inanır və bunu oxucusuna çatdırmağa, onu da inandırmağa çalışır.

Bu kitabda toplanmış şeirlər də Hacı Vahid  Çəmənli yaradıcılığına xas olan  hər yerdən, hər şeydən söhbət açmaq xüsusiyyəti ilə yükümlü olsa  da, artıq hiss olunr ki, söhbətin mövzusunun nə olmasından asılı olmayaraq şair hər dəfə keçənə şükür edir, gələcəyə isə ümidlə baxır. Ürəyində sönməyən eşq atəşi olan şair yazıb-yaratmaq eşqi ilə yanıb, tutuşur. Dilinə gətirmək istəmədiyi kiçicik bir incikliyi, narazılığı qəlbinin dərinliklərinə gömərək, sanki belə bir şey yoxmuş tək davranır. Uğurdan, xoş gələcəkdən söhbət açır.

Söhbətimin əvvəlində qeyd etdiyim kimi, Hacı Vahid Çəmənli özü də, sözü də mənə yaxın, doğma olan bir şəxsdir. Yəni sözün əsl mənasında bu kişini filan vaxtdan tanıyıram demək mümmkün deyil. Biz elə bir-birimizi söz yaranandan tanımışq ki, bunu da hər hansı bir zaman, məkan çərçivəsində məhdudlaşdırmaq mümkün deyil.

Qələm dostum, söz sirdaşım Hacı Vahid Çəmənliyə özünün arzuladığı, şeirlərində vəsf edib oxucusuna təlqin etdiyi o xoş günləri görməyi arzu edirəm. Hacı, yuxarıda qeyd etdiyim məlum yazının sonunda “… Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah…” deyə arzu etdik, niyyət tutduq çin çıxdı. İnşəAllah bu çiçəklər bar tutar, barın dərərsən, bizlərlə bölüşərsən! İnşəAllah. Uğurlarınız bol olsun!!!

Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir və sizləri əsl söz ziyafətinə dəvət edirəm. Hacı Vahid Çəmənlinin  “Mən eşq atəşiyəm” deyə adlandırığı ziyafətə.

06.06.2021. – Bakı.


Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BELƏ BİR KİTAB VAR – ARAZ ŞƏHRİLİNİN KİTABI

No Comments

Belə bir kitab var–ARAZ ŞƏHRİLİNİN KİTABI…

(Sizin stolüstü kitabınız – vacib kitab)

OTUZ ÜÇÜNCÜ YAZI

Salam olsun, çox dəyərli oxucum!

Şükürlər  olsun böyük Allahın ədalət və mərhəmətinə ki, gözəl bir səbəb, xeyirli bir məqsəd üçün yenidən görüşmək imkanını bizə tanıdı.

Allahın salamı olsun Peyğəmbərə və onun pak Əhli-Beytinə. Bu şükrü-sənadan sonra ustad Bəhmənyara və Mahmud Kaşğariyə uca Allahdan rəhmət diləməyi özümə borc bilirəm. Ruhları şad olsun. İndi isə, istədiyi bəndəsinin üzünə bağlı qapıları taybatay açan rəhmli Allahın könüllərimizi aydınladan doxsan doqquz  adı ilə keçək mətləbə.

Yurdumuzun dahi oğlu ustad Bəhmənyarı söhbətimizin girişində rəhmətlə anmağım səbəbsiz deyil. Bu adı hələ orta məktəb şagirdi olarkən eşitmişdim. Onun ömür yolu məndə heyrət, fəlsəfəsi isə valehlik hissləri doğururdu. Həyata baxışımın formalaşmasında Bəhmənyarın fikirlərinin çox böyük təsiri oldu. Anladım ki, dünya və onun kiçik bir zərrrəsi olan insan həyatı, əslində, müəyyən qanunauyğunluqlar əsasında baş verən daimi təkrarlardan ibarətdir. Onu da dərk etdim ki, bu dairəvi hərəkətə necə daxil oluruqsa, hansı istiqaməti əsas götürürüksə, sonrakı nəsillərə də elə bu tərzi, bu yönü miras qoyuruq. Beləliklə, əcdadlarımız bizim, biz isə övladlarımızın taleyində bəzən müsbət, bəzən isə mənfi rol oynayırıq. Bu hərəkətə müdaxilə edib onun xarakterini və səmtini dəyişmək də bəzən çox çətin, bəzən isə ümumiyyətlə qeyri-mümkün olur. “Divanu Luğət-it-Türk” (ديوان لغات الترك – ”Türk dilləri lüğəti” – türk dünyasının ilk ensiklopedik əsəri – XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdad şəhərində 1072–1074-cü illərdə yazılmış türkcə-ərəbcə lüğətdir) əsərinin müəllifi Mahmud Kaşğarini anmağımızın səbəbinə gəlincə, bu barədə bir qədər sonra…

Yuxarıda təkrarlar məsələsinə əbəs yerə toxunmadım. Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri haqqında məlumata ilk dəfə bax elə bu “TARİX TƏKRARLANIR” ifadəsinin sayəsində“Fədai” qəzetində rast gəldim. Sonralar yenə ara-sıra müəyyən suallar yarandıqda düzgün və ya həqiqətə daha yaxın hesab etdiyim cavabları tapdığım məqalələrdə adətən mənbə kimi Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən ” qeydi nəzər-diqqətimi cəlb edirdi…

Əski əlifbanı orta məktəbin son siniflərində, o vaxtlar Elçin müəllimin sədrlik etdiyi “Vətən” Cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetindən müstəqil şəkildə öyrənmişəm. Buna görə də Elçin müəllimi müxtəlif təhsil müəssisələrində mənə dərs demiş müəllimlərimdən ayırmıram. Onlardan biri, bəlkə də birincisi hesab edirəm. Gözümü açıb dünyanı dərk edəndən ana babam Molla Mürşüdün namaz qıldığını, “Quran” oxuduğunu görmüşəm. Həftənin Cümə axşamı günlərində (bu günə “Adına günü”dədeyirdilər) aramsız olaraq, təkrar-təkrar “Yasin” surəsini qiraət edərdi. “Yaasiiiin” kəlməsindən sonra  “Vəl Quranil – həkim…” ayəsinin gəlməsinə rəğmən babam və sonralar diqqət etdikdə gördüm ki, digər mollalar da arada “səlləllahu əleyhi və alihi və səlləm” deyirlər. Halbuki, kitabda bu cümlə yoxdur. Nə qədər ki, kəndimizin hüdudlarından kənara çıxmamışdım, sanırdım ki, dünyada bütün müsəlmanlar eyni qaydalara riayət edirlər. Axı dinimiz bir, kitabımız bir, imanımız birdirsə, fərqli nə isə ola bilər? Sonralar rastlaşdığım mübahisəli və eyni zamanda maraqlı məsələlərdən biri məhz “Yasin” surəsinin ilk ayəsinin oxunuşu zamanı yaranan məqam idi. Düşünürəm ki, onun ən yaxşı izahını Türküyə telekanallarının birində çıxış edən ilahiyyatçıdan eşitmişəm. Alim bildirdi ki, Həzrəti Peyğəmbərin adı çəkiləndə “səlləllahu əleyhi və alihi və səlləm” söylədiyimiz kimi, “Yasin” kəlməsini də deyəndə və ya onu eşidəndə “səlləllahu əleyhi və alihi və səlləm” duasını oxumalıyıq. Çünki “Yasin” Peyğəmbərin ləqəblərindən, ayamalarından biridir. İzah məni qane etsə də, bu suala ən dolğun cavabı verən yazılı mənbə ilə çox-çox sonralar rastlaşdım. Necə düşünürsünüz? Bu, hansı kitabdır? Beləliklə, bir çox qaranlıq mətləblərin üzərinə işıq salan “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki məlumata nəzər salaq: “Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”dir. 83 ayədən ibarət olan bu surəyə “Quran”ın qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyil. Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri həmin surədəki “ya” və  “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarır, başqaları “ey insan” anlamı verdiyini ehtimal edirlər. Bir təfsirə görə, “Yasin” adı altında Muhəmməd Peyğəmbər nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, “Yasin” surəsinin 2–4-cü ayələrinin məzmunu da faktiki olaraq sonuncu fikri təsdiq edir.” Bu cümlələri oxuduqdan sonra müxtəlif sahələri əhatə edən belə zəngin bir ensiklopedik kitabın daim yazı masamın üstündə, əlimin altında olmasını istədim. “Google” axtarış sisteminin köməyi ilə kiçik bir araşdırma apardıqdan sonra öyrəndim ki, şəhərimizin əsas kitab dükanlarında (“Libraff”, “Azərkitab”, “Kitabevim.az”, “Baku book enter”, “Akademkitab”, “Akademiya kitab mərkəzi”, “Book zone”, “Kitabıstan” və s.) “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri vardır. Mənə ən yaxın olan mağazanı seçdim və bu kitabdan iki ədəd aldım. Birini özümə, birini isə ad gününü təbrik edəcəyim dostuma. Əsl dosta layiq hədiyyədir bu kitab. Xüsusi kitabdır.

QISA ARAYIŞ. Araz Şəhrili (Abbasov) 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir.  “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.

Kitabdan çoxlu misal gətirib yazını uzatmaq istəmirəm. Bu işi sizin özünüzə həvalə edirəm. Kitabla tanışlığıma vəsilə olmuş, yuxarıda qeyd etdiyim misalla kifayətlənirəm. Siz sadəcə internetin müxtəlif axtarış sistemlərində, məsələn “Google”də  Araz Şəhrili və ya “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” yazıb axtarışa verin. Əmin olun ki, nəticədən məmnun qalacaqsınız.

Sonda bir daha onu qeyd etmək istəyirəm ki, bu kitabı hər dəfə açanda Bəhmənyara, bağlayanda isə Mahmud Kaşğariyə rəhmət oxuyuram. 

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…”adlı 352 səhifəlik kitabı bir neçə cilddən ibarət  qalın-qalın ensiklopediyaları əvəz etmək iqtidarında olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, müxtəlif elm sahələrinin mütəxəssisləri, tələbələr, aspirantlar, doktorantlar, araşdırmaçı yazarlar tərəfindən istifadə edilə biləcək sözün əsl mənasında etibarlı və mötəbər mənbədir.

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı müasirimiz tərəfindən dövrümüzdə yazılmış və Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk”ünə bərabər olan bir əsərdir.

Əziz dostlar, əminəm ki, necə mən yuxarıda adlarını qeyd etdiyim şəxsləri rəhmətlə anıram, eyni ilə siz də Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından hər dəfə maraqlı və qiymətli bir məlumat öyrənəndə məni xatırlayacaqsınız.

Araz Şəhrili necə xoşbəxt müəllifdir ki, bu qədər xeyirli işlərə vəsilə olur.

Öz adımdan və digər çoxsaylı oxucular adından Araz müəllimə təşəkkürlərimizi bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Uğurlarınız bol olsun, Araz müəllim!  

10.04.2021 – Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ  ÜÇÜCÜ  yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:

  1. “Yazarlar” jurnalı, May 2021, say: 05 (05).


Müəllif:
 Zaur USTAC

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru