Tag: RƏFAİL TAĞIZADƏ

RƏFAİL TAĞIZADƏ İLƏ “SƏMİMİ SÖHBƏT” – TƏRANƏ MƏMMƏD

No Comments
Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Rəfail Tağızadə ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış ictimai-siyasi xadim, şair, publisist Rəfail Tağızadədir.

İnsanların ünsiyyətdən qaçdığı, bir növ tənhalığa qapandığı, bəlkə də biri-birinə etibar etmədiyi bir vaxtda az tanıdığın, bəlkə də heç tanımadığın bir insanla ünsiyyət qurub onunla səmimi söhbət etmək asan olmasa da, mümkündür. Söhbət etmək istədiyim insan yaradıçılığı, bənzərsiz şeirləri ilə diqqətimi çoxdan cəlb etmişdi. Onun özü ilə şeirlərindən daha sonra tanış oldum. Şeirlərindəki gizli kədərin, qeyri-adiliyin səbəbini öyrənmək arzusu var idi məndə. Dəfələrlə tədbirlərdə görüşdüyüm bu gülərüz, mehriban və nisbətən az danışan insanın iç dünyası mənim üçün çox maraqlı idi. ”Gündüzü oğurlanmış kimidir həyat”, – deyən bir insanın elə həyata baxışları da. Deyirlər, insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Təəssüf ki, tanımaq istədiyim insanla yol getmək mənə nəsib olmayıb, amma səmimi söhbət etmək fürsətindən istifadə edib ona bir neçə sual verə bildim.
Həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı, Rəfail Tağızadədir. Rəfail müəllimlə söhbəti sizə təqdim etməkdə məqsədim FB səhifələrində dəfələrlə şeirlərini və yazılarını həvəslə oxuyub bəyəndiyiniz bu maraqlı insanı sizə daha yaxından tanıtmaqdır.
İlk sualım adi olsa da məncə, cavabı həmsöhbətimi düşündürdü.

– Rəfail müəllim, sizcə Rəfail Tağızadə kimdir?

 İlk növbədə Azərbaycan vətəndaşıdır. Vətənini, xalqını, azadlığı sevən; yurdsuz qalan vətəndaş. Azərbaycan türküdür.

– Özünüz haqqınızda qısa da olsa, məlumat verərdiniz.

-Qarabağda, Ağdamda doğulmuşam. Qarabağ mənim ata-baba yurdumdu. Çox təəssüf ki, indi “qarabağlıyam”, “ağdamlıyam” deyəndə, o yerlər işğal altında olduğundan bir vətəndaş olaraq itkilərin qismən günahkarı kimi utanıram. Uşaqlıqdan riyaziyyatı çox sevdiyimdən dəqiq elmlərə marağım olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşımda Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olmuşam. Diplom işimi Rusiyada yazdım. Uzun müddət o vaxtlar “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışmışam. Elə ordan da müharibə bölgələrinə yollandım. Cəbhə həyatından çox danışılıb deyə, ondan danışmaq istəmirəm. İnşallah qələbədən sonra

– Rəfail müəllim, neçə yaşınız var?

– 11 fevral 1958 ci ildə anadan olmuşam. Dolça bürçündənəm. (gülür)

– Nə bildiniz ki, bürcünüzü soruşacam?

 Nə bilim, hərdən fikirləri qabaqlamağı bacarıram. Bu bir qədər çətinlik yaratsa da, belədi.

– Onda deyin. Bürclər haqda yazılanlara inanırsınız?

– Yox. İnanmıram. Amma doğulduğun yer, şərait kimi, zamanın da xarakterə təsir edən məqamları var.

 Bəs qismət deyilən bir şeyin olduğuna necə? İnanırsınız?

 Düzü, əvvəllər inanmırdım, ancaq həyatda qarşılaşdığım bəzi hadisələrdən sonra inanmalı oldum.

 Allaha inanırsınız?

 Əlbəttə. Dini ritualları etməsəm də, inanıram. Tanrıya, yaradana mütləq inanıram.

 Sizinçün yaşamaq nədir?

 Yaşamaq səndən sonra yaşamaqdır.

– Bəs ölüm nədir?

 İlk növbədə həyatın sonudu. Dəfələrlə təkrar olunmuş ifadə osa da, “ölüm haqqdır”.

 Rəfail müəllim, şeirlərinizdə dəfələrlə ruha müraciət etdiyinizə rast gəlmişəm. Sizcə ruhlar nədir, varmı ruh?

– Əlbəttə, var. Ruh müxtəlif din və cərəyanlarda müxtəlif formada izah olunur. Ruh ilahidən gələndi.

– Ölümdən qorxursunuz?

 Yox. Ölümdən, qaranlıqdan, təklikdən qorxmuram. Hərdən gözübağlı daha yaxşı görürəm. Axtardığımı daha tez taparam. Qaranlıqda kəndimizin kol-kos basmış cığırları ilə gedib, evləri tapa bilərəm. Cəbhədə qaranlıqda o qədər dərəli-təpəli yol getmişəm ki…

– Dediniz ki, təklikdən qorxmursunuz. Bəs tənhalıqdan necə?

Yaradıçılıqda tənhalıq adamın həmdəmi olur. Ancaq həyatın tənhalığını sevmirəm.

– Rəfail müəllim, hamı sizi barış, davanı sevməyən bir insan kimi tanıyır. Nəyə görə davaya qatılardınız?

– Heç düşünmədən Vətən uğrunda savaşaram. Bu birmənalıdır. Bir də insan sevdiyi qadın uğrunda savaşar.

– Gözəlliyi sevərsiniz hər halda.

– Şübhəsiz. Kiçik bir çiçəyi, qanad açan quşu, ağacları, … təbiətin yaratdığı bütün gözəllikləri. Gözəlliyi görüb sevməmək olarmı?

– Banal bir sual olsa da bilmək istəyərdim Rəfail Tağızadə qadınlarda daxili gözəlliyi sevir, yoxsa xarici?

– Gözəl qadın ilk görünüşdən adamın diqqətini tez çəkir, bu təbiidi. Mən ağıllı qadınları, onların düşüncələrini daha çox sevirəm. Qarşında ağıllı qadın olanda, daha çox məsuliyyət hiss edirsən. Ağıllı qadının qarşısında güclü olmaq çətin olsa da, maraqlıdır.

Qarabağlısınız. Deyirlər, Qarabağda körpələr də muğam üstə ağlayır. Musiqi sizin üçün nədir?

– Musiqi insanın ruhunu oxşayır. Bir qarabağlı kimi mən də muğamı çox sevirəm. Eləcə də xalq və bəstəkar mahnılarını da.

– Bəs aşıq musiqisini sevirsiz?

– Əlbəttə. O bizim qanımızdadır.

– “Musiqiçi dostum,
bir nöktrün çal,
məni məndən qopar,
məni məndən al“.
Bu sözləri yazan məncə klassik musiqini də sevir?.

– Bəli. Klassik musiqidə sanki muğamın əksini duyuram.

– Bəlkə cazı da sevirsiniz?

Konsertlərinə qatılıram. Dinləyirəm.

– Sizcə sevgi nədir?

– Sevgi insanı sən eləyən, daxilən təmizləyən, başqası üçün yaşamağın nə olduğunu anladan ülvi bir hissdir. Sevgi insanın özündən asılı olmayaraq gələn duyğudur. Sevgi gözəldir. Ağrısı, acısı, sevinci ilə yaşamaq həzzidir. Hec kim deyə bilməz ki, o nə vaxtsa sevməyib və ya nə vaxtsa sevməyəcək. İnsan hər zaman ona mübtəla ola bilər. Həqiqətən sevən insandan pislik gözləmə…

– Yaşından asılı olmayaraq?

– Bəli. Bəzən yaşlı insan 17 yaşlı cavandan daha etirasla, güclü sevə bilər. Sevginin yaşı olmur.

– Sevgi insana nə verir, sizcə?

– Yenidən doğulmuş kimi olursan. Lazım olduğunu bir daha anlayırsan. Yaşamaq və yaşatmağı dərk edirsən. Səndə daxili bir oyanış yaranır. Sevgi insanın üzünə, gözünə gizlədə bilməyəcək yeni xoş çalarlar gətirir. Ruhunu təzələyir…

– Siz dənizi sevirsiniz! Dənizə həsr etdiyiniz şeirlər insanın ürəyinə toxunur, dənizi həm sevir, həm də sevdirə bilirsiniz. Bu yaxınlarda Kamran Nəzirlinin müsahibəsini dinlədim. Kamran müəllim dedi ki, dənizə sevgim uşaqlıqdan var idi, çünki, Astarada, dəniz kənarında keçib uşaqlığım. Bəs siz? Axı, siz elə yerdə doğulmusunuz ki, dağları, meşəni daha çox sevməli idiniz, məncə.

– Mən dənizi çox sevirəm. Danışan canlı kimi. Dəniz safdır, təmizdir. Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Boşalıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı…
– Rəfail müəllim, şeirlərinizdə həmişə qizli bir kədər var. Nədən? Hətta sizin şeirlərə “qanla yazılmış şeirlər” də deyən olub.

– İtki ağır şeydi. Bir var doğmaların, mütləq olacaq itkilərin ağrısı. Bu başa düşüləndi. Yarananın dünyadan köçməsi nə qədər ağrılı olsa da anlaşılandı. Amma yurd, vətən itkisi bambaşqadı. Bu itkinin ağrısını izah etmək olmur. Sənin olanın göz-görə əlindən alınır, sənin olmur. O itkiylə ilk addımların, uşaqlığın, gəncliyin də itir. Yox olur. Geridə böyük bir boşluq yaranır. Yurd həsrəti bütün sevincli xatirələrin üzünə qara bir pərdə çəkir. Ağırdır. Çox ağırdır. Hər dəfə nikbin, şən bir şeir yazanda, sanki, o dərd kürəyinə vurub “mən hələ varam…”, – deyir. O ağrını, kədəri nəinki üzdə, şeirdə də gizlətmək olmur.

– “Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”, bu sözləri sizin haqqınızda məşhur alimimiz Rafiq Əliyev deyib. Bilirəm ki, bu yaxınlarda görkəmli alimimizin həyat və yaradıçılığından bəhs edən bir kitabınız işıq üzü görəcək. Xeyirli uğurlu olsun.

– Çox sağ olun. Bu kitabı böyük sevgiylə hazırlamışam. Maraqlı kitab olacağına inanıram. Əlbəttə, son söz yenə də oxucularındır.

 Oxucu demişkən. Mən də sizin oxucunuzam və şeirlərinizi çox bəyənirəm. Bəzən sizin şeirləri abstrakt rəsm əsərlərinə bənzədirəm. Orda görünən və görünməyənlər var. O görünməyənləri siz özünüz necə görürsünüz?

– Hamının görmədiyini mən də görmürəmsə, onda niyə yazıram, nəyi yazıram? Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.

Yazılarınızda belə bir ifadəyə rast gəldim “Söz deyilən, yazı oxunan, kitab isə qalandır”. Rəfail müəllim, sözünüzün, yazdıqlarınızın və kitablarınızın yaddaşlarda qalacağına əminliklə sizə yeni yaradıcılıq uğurları arzu edirəm. Əminəm ki, bir gün Qarabağ dərdi kürəyinizə astaca toxunub deyəcək: Yaz! Yarat! Sevin! Qarabağ azaddır!

– Çox sağ olun. Qarabağı azad görmək ən böyük arzumdur. Mən də sizə gizli ağrılardan uzaq, sevinc dolu əsərlər diləyirəm.

Bax beləcə söhbət edib ayrıldım Rəfail müəllimdən. Amma onun kitablarını oxuduqca, insan onun şeirlərindən, niskilindən, yaratdığı bəzən vahiməli, bəzən həzin, bəzən sevgi, bəzən ayrılıq, bəzən hicran, bəzən intizar dolu aləmdən ayrılmaq istəmir. Şairlərin sayının artdığı, ədəbiyyatda yeni adların çoxaldığı bir zamanda öz orijinallığı ilə diqqəti çəlb edən bir şairin olduqca təvəzökar şəkildə yazıb yaratması məncə, diqqəti çəlb etməyə bilməz.

Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.

Qeyd:

2019-cu ilin oktyabırında “Səmimi söhbət”in ilk qonağı Rəfail Tağızadə olmuşdu.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ORDU GÜNÜNƏ ŞEİRLƏR

No Comments

TORPAQ DİVARLAR
(… o günləri mənimlə birgə yаşаmış keçmiş zаbit dоstlаrımа…)
Mən,
çırаq,
bir də bilindаj,
nimdаş bir yаtаq,
bоz səhrаyа zəif işıq sаlаn
bаlаcа pəncərə,
vаhiməli bir gecə.
Аrzulаr, хəyаllаr içində sən,
sənsiz dünyаnın yuхulu vаrlıqlаrı,
bir də növbəsi dəyişiləsi əsgər.
Eni uzununа bərаbər
sаnki yаrıyаcаn
yerə bаsdırılmış
mənimlə sübhədək
keşik çəkən
аçılаcаğı səngər yоlunа аçılаn-
оlаcаğım.
Bir ömür yаşаdın
sən də mənimlə.
Qоrхulu,
fərəhli,
həsrətli ömür.
Neçə əsgərin
mülki хаtirələri,
sevgi məktublаrı,
gələcək аrzulаrı,
səndə аçıb dərdini,
diləyini.
Kürəyi-güllə yаğışlı,
içi rütubətdən аğаrmış
tоrpаq divаrlаr.
Ömrümüz kimi
yаnаcаğı qurtаrаn çırаğındа
məktubа ürək-dirək verən
sоn cümlələr tаmаmlаnаr
gecə sааt üçün yаrısındа,
qəfil ölüm аyаqyаlın dоlаşаr
səngərlər аrаsındа
gecə sааt üçün yаrısındа,
qızıl lаlə аlışаr
bir şəhidin yаrаsındа
gecə sааt üçün yаrısındа
və hаrаdаsа sevənlərin
ulduzlаrı bаrışаr
gecə sааt üçün yаrısındа.
Pоstlаrı gəzərəm.
Növbəti ахşаmdа
təzədən bаşlаr
mənimtək dаrıхаn
хаtirə məktublаr.
Yenə о yаtаq,
mən, sən, о dоğmа-
аrхeоlоqlаr tаpmış kimi
yаrısı yerin аltındа
torpaq divarlar.
…mənim uzаq хаtirələrim,
və üfüqdə dоğаn səhərim,
ən аğır,
ən dоğmа günlərim…
1995.
Müəllif: Rəfail TAĞIZADƏ

ƏSGƏR MARŞI
Məmləkət uğrunda fani dünyadan vaz keçmişik,
Diz çöküb, bayraq öpüb sadiqliyə and içmişik,
Ən müqəddəs, ən şərəfli, ən uca yol seçmişik.
Dönmərik haqqın yolundan, zirvələr ünvanımız,
Qoy fəda olsun Vətən, torpaq yolunda canımız.
* * *
Birləşək yumruq kimi can dərdinə düşsün yağı,
Görməsə bizdən təpər, verməz alınmış torpağı,
Qoymayaq düşmənlərə bir qönçəni, bir yarpağı,
Bəxş edək azadlığı xalqa, ucalsın şanımız,
Qoy fəda olsun Vətən, torpaq yolunda canımız.
* * *
Verdi Ali Baş komandan əmri, hazır ərlərik,
Xalqın arzu-istəyindən güc alan ləşgərlərik,
“Öldü vardır, döndü yoxdur” -söyləyən əsgərlərik,
Biz şəhadət badəsin içdik, halaldır qanımız,
Qoy fəda olsun Vətən, torpaq yolunda canımız.
* * *
Dalğalansın daima göylərlə tən bayrağımız,
Qoymarıq ensin bir an biz var ikən bayrağımız,
Sağ ikən paltar, şəhid olsaq kəfən bayrağımız,
Sayəmizdə qoy bütöv olsun Azərbaycanımız,
Qurban olsun bu Vətən, torpaq yolunda canımız.
Müəllif: Müzəffər MƏZAHİM

AZƏRBAYCAN BAYRAĞI
Namusumun örpəyi, qürurumun baş tacı,
Yaralarım saranım, bütövlüyün ilacı,
İstiqlalın simvolu, müstəqillik əlacı,
Ölkəmə nurun saçan, azadlığın çırağı,
Zirvələri fəth edən, Azərbaycan Bayrağı!
* * *
Rənglərində özgürlük, rənglərində din, iman,
Rənginə hopub tarix, rənginə hopub zaman,
Rəngində şəhid qanı, rəngindən qeyrət daman,
Cismim tutan dirəyi, başım üstü durağı,
Varsan, sənə can fəda, Azərbaycan Bayrağı!
* * *
Günəşdən min rəng alan, küləklə nəğmə ötən,
Savalana, Kazbekə, hətta Everestə tən,
Səninlə onurludur bu el – oba, bu Vətən,
Bəzəyirsən səmamı, bəzəyirsən növrağı,
Əbədi dalğalan sən, Azərbaycan Bayrağı!
* * *
Ulduzundu, ayındı üzərində sayrışan,
Sənə həsəd aparır gecələrdə kahkəşan,
Şəninə qibtə edir müxtəlif sancaq, nişan,
Üxüvvətin harayı, istiqbalın sorağı,
Əsrə meydan oxuyan, Azərbaycan Bayrağı!
* * *
Əsgər şücaətiylə Şuşaya çatacaqsan,
Zəngəzuru, Göyçəni kölgənə qatacaqsan,
İrəvandan yağını xırs ilə atacaqsan,
Qisasın ilhamçısı, İntiqamın yarağı,
İşğala sinə gərən Azərbaycan Bayrağı!
Müəllif: Təvəkkül GORUSLU

RƏFAİL TAĞIZADƏMÜZƏFFƏR MƏZAHİM və TƏVƏKKÜL GORUSLUnun digər yazıları ilə də tanış ola bilərsiniz >>>>


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru