Etiket arxivi: NARINGÜL NADİR

NARINGÜL NADİR – PROFESSOR

NARINGÜL NADİR – YAZIÇI.

PROFESSOR

(Hekayə)

Professor 50-55 yaşlarında, ağbənizli, mavi gözlü, arıq bədənli, balacaboy qadındır. Son dəblə olmasa da, zövqlə geyinməyi xoşlayır. Ayağında həmişə hündürdaban ayaqqabı olur. Üz-gözündən ətrafda hər kəsə meydan oxuyan hökmranlıq iddiası boylanır. Professor öz çəkisini, yerini, dəyərini bilən adamdır. Ətrafdakı adamlarla mümkün qədər məsafə saxlayır. Yaxından tanıyanlar deyirlər ki, çox qürurlu olduğundan adamlarla dil tapa bilmir. Tanıyanlar bunu da deyirlər ki, professor acıdildir, ünsiyyəti sevmir, amma ürəyi təmizdir.

Əlbəttə, onu yaxından tanıyanların sayı çox deyil. Professor yol gedərkən başını dik tutub ətrafa baxmadan, şəstlə yeriyir, salam verib yanından ötən tanış–bilişlərini də çox vaxt görmür. Buna görə ondan inciyənlərdə olur. Amma inciməyə dəyməz! Durub adamlara hesabat verməyəcək ki, niyə belə şəstlə yeriyirəm, niyə adamlardan bir pillə yuxarıda görünürəm? Hesabatı yalnız özünə verir. İçində ciddi bir qadın gizlənib, onu öz zəhmi, zabitəsi ilə daim yuxarıda saxlayır, artıq hərəkət etməyə, aşağı enməyə qoymur. Professor divarlarına  yasəmən çiçəkli divar örtüyü çəkilmiş otağında tək yaşayır. Bir də “Zəvzək” adlı pişiyi var ki, evin içində quyruğunu dik tutaraq onunla o baş-bu başa gəzişir.

Pişik demişkən, professorun çalışdığı institutda bəzi xoşagəlməyən dedi- qodular gəzir. Guya professor tək yaşadığı evində pişiyi ilə adam kimi rəftar edir, onunla danışıb-gülür, məsləhətləşir, hətta ona mühazirələr oxuyur. Pişik də guya qeyri-adi pişikdir, dil açıb adam kimi onunla danışır. Guya professor pişiyinə sevgili tapıb, onları evdə görüşdürür, hətta toy da edib onlara.

Dedi-qoduçular ardınca da əlavə edirlər ki, yazıq neyləsin axı?.. Tək adamdır, özünü vaxtında sevən, alan olmayıb, o da azarını belə öldürür. Bu tipli bir çox dedi-qodular eşidilir və bəziləri gəlib professorun qulağına da çatır. Dedi-qoduçular bütün bunlardan sonra qulaqlarını şəkləyib gözləyirlər ki, görək professor nə cavab verəcək, nələri açıqlayacaq, nələri öyrənəcəklər? Amma boş yerə… Bütün bunlar professorun heç vecinə də deyil, baş qoşmur onlara. Bilir ki, şöhrətli adamın arxasınca həmişə belə dedi- qodular gəzir. Düşünür ki, hələ axtarsan, bəlkə, paxıllıq da var bunun içərisində. Bir sözlə, professor bağlı boğçadır, qıfıllı sandıqdır ətrafdakılar üçün. Bəzən adama elə gəlir ki, o, elə doğdubitdi, anadangəlmə,hazırca professordur. Ara-sıra qulağına dəyən ”Qarımış qız!”, “Evdə qalmış!”, “Ürəksiz müqəvva!” sözləri də professoru sındıra bilmir. Amma evindəki yasəmən çiçəkli divar kağızları yaxşı bilirlər ki, professorun gizlində, özüylə tək qaldığı vaxtlarda, geriyə baxıb qəhərləndiyi, köks ötürdüyü vaxtlar da az olmayıb. Divar örtüyündəki çiçəklər professorun sirdaşıdır. Professorun o çiçəklərlə danışdığı vaxtlar da çox olub. Hətta tək qaldığı uzun gecələrdə özü üçün bayatılar da deyib. O yasəmən çiçəkləri şahiddir ki, professorun geridə bir keçmişi var və bu keçmişin içərisində Qədir adlı bir oğlan da var. Bir vaxtlar tələbə yoldaşı olmuş bu oğlan onun zəif tərəfidir, xatırlamalı olduğu ən işıqlı yerdir. Həm də, Qədir onun keçmişindən boylanan yeganə kişidir.  Çiçəklər də, professor da yaxşı bilir ki, bir vaxtlar Qədir adlı oğlan ölürdü onunçün. Məcnun kimi, Kərəm kimi, daha nə bilim, nə kimi dərdindən çöllərə düşmüşdü. Az qalmışdı sevgisi dastana çevrilsin. O vaxt professor da cavan, yaraşıqlı qızdı. Göz qoyanı, söz deyəni də az deyildi. Amma eşq, sevgi söhbəti heç vecinə də deyildi. Yüz dənə işi, qayğısı, planları vardı. Gecə-gündüz kitabxanalardan çıxmır, az qala yol gedə gedə kitab oxuyurdu. Elə tələbələr də, müəllimlər də savadına, çalışqanlığına görə onu “Professor” deyə çağırırdılar. Bu ad onu çox fərəhləndirirdi. Şöhrət özü gəlib onu tapmışdı, elmi iş də vermişdilər. O vaxtdan da ətrafdakı yaşıdları ilə arasında bir sədd yaranmışdı. Özünü yuxarıda hiss etdiyindən, nə qədər edirdi o uşaqların yanına enə bilmirdi. Belə bir məqamda Qədir də düşmüşdü onun dalınca. Hara gedirdisə, kölgə kimi izləyirdi. İnstituta gedirdi orda görürdü, kitabxanaya gedirdi orda qarşısına çıxırdı, dayanacağa gəlirdi Qədir ordaydı. Amma Qədir nə qədər cəhd edirdisə də qız yumşalmırdı ki, yumşalmırdı. Hər dəfə Qədirin sevgi dolu ismarıclarına qısa və sərt cavab verirdi. O zaman tələbələrin içərisindən Qədiri danlayanlar da çox idi: Bunun nəyini sevirsən? Qupquru odun kimi bir şeydir, hissi, duyğusu da yoxdur. Amma xeyri olmamışdı. Görünür, oğlan öz ürəyiylə bacarmırdı. Qədirlə sonuncu görüş isə professorun gün kimi yadındadır.

Diplom işi ərəfəsiydi. Tələbə yoldaşları ondan diplom işiylə bağlı məsləhətlər alırdı. Qədir də məsləhət almaq onun yaşadığı tələbə yataqxanasındakı köhnə, balaca otağına gəlmişdi. Masanın ətrafında üz-üzə oturmuşdular. “Professor” mövzunu bir müəllim kimi həvəslə başa salır, Qədiri tələbə kimi suala tutaraq bilmədiyini izah edirdi. Amma hiss edirdi ki, oğlanın fikri dağınıqdır, qonur rəngli gözlərini tez-tez ondan qaçırır. Sonra masaya çay gəldi. Oğlan çaydan bir qurtum alıb ürəyini boşaltdı. Bu çay da, qulpu düşmüş güllü fincan da professorun indiki kimi yadındadır. Hətta, bir az dərinə getsə, o çayın qurtumunun səsi də yadına düşər. Oğlan aramla danışırdı. Səsində əlacsızlıqdan doğan bir titrəyiş vardı, rəngi ağarmışdı, elə bil məhkəmədə ömürlük həbs cəzası alan birisi son nitqini söyləyirdi:

-Mənim sənə olan münasibətimi özün bilirsən. Bu gün sabah institutu bitirib hərəmiz bir tərəfə gedəcəyik. Səni uzaqdan da olsa görə bilməyəcəyimi fikirləşəndə dəli oluram. Səni görməsəm ölərəm! Sənsiz mümkün deyil! İnan ki, ölərəm!

O zaman Qədirin səsi onlarla tələbəni yola vermiş o köhnə otağın divarlarına dəyib ordan geri qayıdırdı. Otağın, saysız-hesabsız tələbələri o tərəf-bu tərəfə ötürmüş, üstünün rəngi qopmuş taxta qapısı belə, oğlanın ürəyindəki alovu- odu duyur, cırıltısını boğub susurdu.

Doğrudur, sonralar professor özünə hesabat verirdi ki, onu o vaxt içindəki bir dəli şeytan yoldan çıxartdı. Yoxsa, razılaşacaqdı Qədirin təklifiylə. Guya o gün az qalıb desin ki, razıyam səninlə getməyə, gəl evlənək! Amma deyə bilməyib, tamamilə əksini söyləyibmiş.

O gün “professor” ciddi görkəm alıb Qədiri qapıya ötürmüşdü:

– Əlvida! Get xoşbəxt ol! Mənim başqa planlarım var! Məni bir də narahat eləmə!

Qapının ağzında üzbəüz dayanmışdılar. Birdən- birə Qədir nə fikirləşmişdisə, qızı özünə tərəf çəkib sinəsinə sıxmış, dodaqlarını dodaqlarına yapışdırıb bərk- bərk öpmüşdü. “Professor” onun güclü qollarının arasından çıxmağa çalışsa, çabalasa da, çıxa bilməmişdi. Sonra sakitləşib qeyri -ixtiyari oğlana təslim olmuşdu. Bu eşq səhnəsi bir qədər çəkmiş və nəhayət ki, oğlanın qolları arasından qurtularaq özünü çarpayıya atmış, əlini hələ də göynəyən dodaqlarına sıxıb xeyli ağlamışdı. Qədirdən bunu gözləmirdi. Ona elə gəlmişdi ki, qüruru parçalanıb tökülüb, yerlə yeksan olub. Bərk qəzəblənmişdi.

Aradan illər keçmiş və professor bir daha Qədiri görməmişdi. Bu illər ərzində çoxlu uğurları olmuş, ad-san qazanmışdı. Bir vaxt müəllimlərinin ona verdiyi “professor” adını doğrultmuşdu. Artıq dünyanın çox yerində tanınırdı. Əlbəttə, bütün bunlar asan qazanılmamışdı. Geçə-gündüz çalışmış, zamanını, əməyini sərf etmişdi. Başı o qədər qarışmışdı ki, illərin necə keçdiyindən xəbəri olmamışdı. Amma tək qaldığı vaxtlarda Qədirlə olan son görüşünü də dəfələrlə xatırlamışdı professor. Daha əvvəlki kimi qəzəblə deyil, həyəcanla, həsrətlə xatırlayırdı. Hər dəfə də xatırlayanda dodaqları göynəyir, bədəninə həyəcan gəlirdi. Ürəyi xoşbəxlikdən çırpınırdı. Yenə də o sevgini, o həyəcanı istəyirdi. O sonuncu görüşü, rəngi tökülmüş qapının ağzında oğlanın qolları arasında sıxılıb qaldığı dəqiqələri heç unutmamışdı. Hətta professor belə güman edir ki, o vaxt oğlan onu qollarının arasından buraxmasaydı, tamamilə ona təslim də ola bilərdi… Sonralar bir neçə dəfə Qədirə zəng etmək də istəmişdi professor. Amma müxtəlif səbəblərdən fikrindən daşınmışdı. Sevdasını qüruruyla, şöhrətiylə birlikdə özüylə uzun illərin sonuna daşımışdı. Bütün bunları divar örtüyündəki yasəmən çiçəkləri də bilirdi. Yasəmən çiçəkləri sirr saxlamağı yaxşı bacarır…Tanış-bilişlərdən öyrənmişdi ki, Qədir evlənib, iki qızı da var. Qədir haqqında son məlumatı isə 5 il əvvəl almışdı: Qədirin yoldaşı rəhmətə gedib, qızlarını ərə verib, özü də evində tək yaşayır.

Bir gün professor yenidən Qədiri xatırladı. Özü də elə xatırladı ki, bu əvvəlki xatırlamalara bənzəmədi. Birdən–birə ürəyi Qədiri istədi. Bu gün sanki ona nəsə olmuşdu… Əslində, bu gün o biri günlərdən elə də fərqlənmirdi. Professor bu gün də həmişəki kimi institutda mühazirəsini oxumuş, dərslərə gəlməyən tələbələrə ciddi şəkildə xəbərdarlıq etmiş, xarici ölkədə keçiriləcək konfransa cavab məktubu yazmışdı. Mühazirəsini birtəhər, candərdi yola

verən müəllimləri danlamağı da unutmamışdı. Sonra institutun geniş dəhlizində xeyli gəzişmiş, tələbələrin, eləcə də gənc müəllimlərin onu görərkən özlərini necə yığışdırmasına

gizlincə göz qoymuş, ürəyində qürurlanmışdı. Yenə də küçədə şəstlə addımlamış, tanışlara başıyla salam verib keçmişdi. Evə həmişəki kimi yorğun qayıtmışdı. Amma bu dəfə

həmişəkindən fərqli olaraq elə dəhlizdəcə ayaqqabısını soyunarkən ürəyinə bir darıxmaq havası gəlmiş, onun ardınca da Qədiri xatırlamışdı. Görəsən, Qədir indi hardadır? Bu an nə edir? Yəqin ki, yatmış olar. Tək adamdır. Özlüyündə etiraf etdi ki, son günlər Qədiri yaman tez-tez xatırlayır, həm də həmişəkindən çox arzulayır. Görəsən, Qədir yenə də onu sevirmi? Aradan nə qədər illər keçib, sular axıb. Yox, unuda bilməz! Düz beş il “professor”la nəfəs alıb, arxasınca gəzib, zarafat deyil. Yağış bilmirdi, qar bilmirdi yataqxananın qarşısında dayanırdı. Professor köksünü ötürdü, yenidən ürəyinin başı odlandı.

Pəncərənin qarşısına gəldi. Küçəyə tamaşa edən professora elə gəldi ki, hamı qeybə çəkilib, bu şəhərdə bircə o mövcuddur, bircə o təkdir. Bu şəhər də, adamlar da harasa köçüb. Az qaldı dəli olsun. Onsuz da gecədən xoşu gəlmirdi. Gecə, adəti üzrə, küçədəki adamları sakitcə udurdu…

Professor ünsiyyət qurmağı sevməsə də, uzaqdan adamlara tamaşa etməyi sevirdi. Həmişə təkliyə meydan oxuyan professor əməlli-başlı darıxdı, az qaldı hönkürüb ağlasın, canavar kimi ulasın…

Divar örtüyündəki yasəmən çiçəkləri də ləçəklərini sallamışdı.

“Qədir də mənim kimi təkdir, bəlkə o da darıxır. Bəlkə, o da indi pəncərənin qarşısında dayanıb darıxmağını boğur”. Ruhlar haqqında yazılan  kitablardan oxumuşdu ki, müxtəlif insanlar eyni anda eyni şeyi hiss edə, eyni şeyi düşünə bilirlər. Qədirə görə də ürəyi sıxıldı, ürəyinə sevgi qarışıq bir mərhəmət hissi də doldu. Amma bir az keçmiş ağlına bir fikir də gəldi. Bu dəfə bir az da bəd tərəfini düşündü… “Nə bilirsən, bəlkə heç tək deyil, kimisə tapıb

baş-başa verib, günü də xoşdur”. Bax, bu fikir az qaldı professoru dəli eləsin. “Bu axmaq fikir hardan ağlıma gəldi?!”

Evin ortasında o tərəf-bu tərəfə gəzişməyə başladı. Özünü danladı: “gərək elə harda pis şeylər var ağlıma gətirim. Yox, bu hamısı o şeytanın işidir…”

Professor əli ilə divar örtüyündəki çiçəkləri sığalladı. Çiçəklər sakitcə ləçəklərini şəklədi. Çiçəklərin professora kömək etməyə güçü çatmadı. Professor əməlli-başlı narahat

oldu, təlaşlandı. İçində həyəcan qarışıq bir qorxu baş qaldırdı. Yox, bu gün nə isə qəribə gündü. Bir az keçmiş içində bir işıq yandı, bu işıqdan ürəyi istiləndi. “Sabah Qədirə zəng edəcəm, açıq danışacam. Deyəcəm, gəl birlikdə yaşayaq! Baş-başa verək!” Ürəkləndi. Qəti qərara gəldi: bu dəfə alınsa da, alınmasa da sözünü deyəcək! Bu dəfə hər şey başqa cür olacaq! Necə də ağlına gəlməyib bu vaxta kimi… “Açıb deyəcəm ki, mən də səni sevirəm. Mən də sənə biganə deyiləm. Bunu sonralar başa düşmüşəm. Sadəcə açıb deyə bilmirəm”. Görəsən, alınarmı?

Divar kağızındakı yasəmən gülləri gülümsündü. Çiçəklər canlandı. Ləçəkər razılıqla başını yellədi. Professor daha heç nə düşünmədən yatmağa çalışdı, yatanda vaxt keçib gedirdi. “Birtəhər sabahı açmaq lazımdı. Kim nə deyir-desin, gündüzün öz hökmü var. Elə ki, sabah açıldı hər şey düzələcək. Sabah hər şey gözəl olacaq!” Amma nə qədər cəhd etdisə, yata bilmədi. Qədir söhbəti beynindən çıxmadı. “Görəsən, indi neyləyir, yatıbmı? Yatmış olar. Bəlkə elə indi zəng edim?..”

Vərəqləri saralmış dəftərçədə Qədirin, bir vaxtlar hər ehtimala qarşı köhnə tələbə yoldaşından götürdüyü və heç vaxt zəng etmədiyi, telefon nömrəsini tapdı. Əlləri titrəyə-titrəyə nömrəni yığdı. Ürəyi az qaldı həyəcandan yerindən çıxsın.

Dəstəyin o başından səs gəldi. Qədirin səsi heç dəyişməmişdi. Həm də səs aydın idi. Demək yatmayıbmış hələ…

Qədir dərhal onun səsini tanıdı. Səsində çaşqınlıq qarışıq sevinc hiss olunurdu. Bir-birini uzun müddət görməyən adamlar necə əhvallaşırlarsa, eləcə hal-əhval tutdular.

-Səni görmək istəyirəm,- söylədi- işim var.

Qədir yenə əvvəlki aydın səslə:

-Sabah iş yerimə gəl,- dedi. Sonra işin ünvanını başa saldı, sağollaşdılar.

Vəssəlam! Xoşbəxtliyin bu qədər yaxında olacağı, həm də belə asan başa gələcəyi heç ağlına da gəlməzdi. Çiçəklər baş-başa verdilər, ləcəklər alışıb yandılar. Sonra çiçəklər divarda yallı getdilər. Ev işığa büründü. Aman allah, xoşbəxt olmaq olurmuş! Hər şey adamın öz əlindəymş! Bu başqa cür xoşbəxtlik idi. Seminarlarda alqışlanmaq, institutun rəhbərinin əlindən diplomlar almaq, gözqamaşdıran titiullar, filan deyildi bu! Nə idisə, başqa şeydi

və çox gözəldi… “Görəsən, Qədir bura gələrmi yaşamağa? Bəlkə də, onun öz evində qalarıq. Nə fərqi var?.. Amma yox, bu evə öyrəşmişəm. O bura gəlsə yaxşı olar. Yataq otağının mebelini də dəyişərəm. İki adamlıq çarpayı almaq lazımdır”.

Birdən -birə bədəni istiləndi. Qədirin nəfəsini hiss elədi. Həyəcanlandı. Ürəyi sevinclə döyündü.

Səhər işdən icazə aldı. İşlədiyi müddət ərzində ilk dəfə işə getmədi.

Evdən çıxmazdan əvvəl xeyli güzgünün qarşısında dayandı. Fərəhlə üz-gözünə əl gəzdirdi, bacardığı kimi bəzəndi. Hiss etdi ki, bəzənməyə əli yatmır. Belə şeyləri çoxdandı yadırğamışdı. Amma rəngi xeyli açılmışdı. Güzgüdən sanki başqa bir qadın boylanırdı. Bu qadın xeyli cavan görünürdü.

Tələsmədən, Qədirin söylədiyi kimi, 4-cü mərtəbəyə qalxdı. Qapının ağzında xeyli tərəddüd elədi. Nəhayət qapını döydü. İçəridən səs gəldi. Ağ xalat geyinmiş 40-45 yaşlarında xoşsifətli, gülərüz bir qadın qapıda göründü. Professorun düşündüyünə görə qapını Qədir açmalıydı. Hələ qapının ağzında bir xeyli donub qalmalıydı da… sonra qucaqlaşıb görüşməliydilər.

-Buyurun, professor! Qədir demişdi gələcəksiz. Bir iş üçün çıxdı, 10 dəqiqəyə qayıdacaq. Siz allah, əyləşin, çay verim sizə.

Küncdəki kolbalardan və başqa cihazlardan anladı ki, bu qadın Qədirin laborantıdır. Qadın mehribanlıq göstərdi, çay süzdü.

-Qədir sizdən danışıb. Bilirəm, birlikdə oxumusunuz. Ən yaxşı oxuyan, şöhrət qazanan da siz olmusunuz tələbələrin arasında.

Professor istədi soruşsun ki, daha nələri danışıb Qədir, üzü gəlmədi. Qadının Qədir müəllim yox, eləcə Qədir deməsi professoru açmadı. Nəsə narahatlıq yarandı ürəyində. Bu niyə Qədir müəllim demir?! Həm də, bu qadının yanında Qədirlə necə açıq danışacaq? “Yəqin ki, bu qadın çölə çıxar, ya da biz başqa bir yerdə oturarıq”. Gözəyarı qadını süzdü, ürəyində onu özüylə müqayisə etdi. Üstünlüyü özünə verdi və anladı ki, bu yerdə çığallıq edir. Çox keçmədən Qədir qayıtdı. Qapıdan içəri girən kimi professorun üstünə gəldi, professorun ürəyi titrədi. O qədər də dəyişməmişdi. Şux qaməti, qonur gözləri, gülümsəməyi əvvəlkiydi elə. Doğma adamlar kimi qucaqlaşdılar. Professor onun ürəyinin döyüntüsünü də hiss elədi. Ona elə gəldi ki, neçə il əvvəlki kimi, yataqxanada, qapının ağzında qucaqlaşıblar. Ürəyi sevinclə çırpındı. Adətinə xilaf olsa da, birinci özü hal-əhvl tutdu, həm də dil-dil

ötdü.

Qadın ayaq üstə dayanıb onlara tamaşa edirdi. Birdən Qədir qadına tərəf döndü, ona işarə edib dilləndi:

– Yəqin ki, artıq tanışsınız, bu da mənim köməkçi laborantım, dostum, iş yoldaşımdır. Həm də…həm də, həyat yoldaşımdır – bir sözlə, hər şeyimdir… 3 ildir evlənmişik. Yəqin xəbərin oldu, həyat yoldaşım 5 il bundan əvvəl vəfat edib. Mən də təkliyin daşını bu gözəl xanımla atdım.

Professorun ürəyinə sanki ox sancıldı. Bir anda əli yerdən-göydən üzüldü. Qüruru çilk-çilik olub yerə səpə ləndi. İmkanı olsa, özünü gizlədib yoxa çıxardı. Nə edəcəyəni, nə söyləyəcəyini bilmədi. Sanki halalca əri öz evində üstünə başqa arvad gətirmişdi. Az qaldı müvazinətini itirsin. Dizləri titrədi. Bayaqkı gülərüz, mehriban qadın gözünə

ifritə kimi göründü. Birtəhər özünü ələ aldı. Şeytanı köməyə çağırdı, şeytanla köməkləşib rol oynadılar.

–Hə, nə gözəl! Sevindim, əladır! Xoşbəxt olun! Təklik bir şey deyil… Doğrudur, mənim üçün elə də fərqi yoxdur. Başım qarışır, elə tək olmaq sərf edir.  Elmi işlərim, məqalələr…

Ürəyindən qara qanlar axsa da, professor şöhrətindən, uğurlarından söz açdı, bir az da qadının acığına qazandıqlarını dönə-dönə sadaladı. Özü də hiss etdi ki, danışdıqları sabun köpüyü kimi uçub getdi. Qədir maraqla onu dinlədi, qadına üzünü tutdu:

– Sənə danışmışdım axı, professor bizim tələbələrin gözü   idi. Çox istedadlıdır. Hətta bir müddət dəlicəsinə vurulmuşdum da ona. Az qalırdım dərdindən intihar edəm. Gənclik idi də, hisslərimiz coşub daşırdı. Dəlilikdi…

Şeytan professorun yadına saldı ki, bura gəlməyinin məqsədini deməlidir, nəsə uydurmalıdır.

-Mən də sizin mərkəzlə bağlı bir elmi məqalə yazmaq üçün gəlmişdim. Amma işə qayıtmalı oldum. Qalsın gələn dəfəyə.

-Hə… Necə istəyirsən. Amma nə vaxtdır görüşmürük. Aşağı düşək, üçümüz birlikdə nahar edək, həm də söhbətləşək.

-Yox, sağ ol! Çox tələsirəm! İşdən zəng ediblər, təcili qayıtmalıyam!

Aşağı düşdü. Qədir onu küçəyə kimi ötürdü. Dərhal taksiyə əyləşib oradan uzaqlaşdı.

Taksidən düşüb ayağını sürüyə -sürüyə gəlib oturacaqda əyləşdi. Ürəyində, beynində bir boşluq hökm sürürdü. Daha nə Qədir vardı, nə də illərlə ürəyində gəzdirdiyi xəyalları! Belini oturacağa söykədi. Uzaqdan çalışdığı institutun ağappaq divarları görünürdü. Ağappaq, boyasız, rəngsiz divarları…

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN DİGƏR YAZILARI


HEKAYƏ ƏSƏD CAHANGİRİN LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YAYIMLANIR. MARAQLI ŞƏXSLƏR Esad Cahangir SƏHİFƏSİNƏ KEÇİD ETMƏKLƏ MÜZAKİRƏDƏ İŞTİRAK EDƏ BİLƏRLƏR.


ƏSƏD CAHANGİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru