Tag: Kərim Ağa

PROFESSOR ASİF RÜSTƏMLİ – URŞAN ABİ

No Comments
Şəkildəkilər Professor Asif Rüstəmli, Urşan Rəhimov və Kərim Ağa (Tehran)

URŞAN ABİ

Bilqamıs bəyan edib Urşan abiyə dedi:

“Qalx, Uruk Qalasının divarı üstə yeri,

Gör bünövrə necədir, necədir kərpicləri?…”

(“Bilqamıs dastanı”, Bakı, 1985, s.98)

Onunla düz otuz il bundan əvvəl tanış olmuşdum. O zaman Azərbaycan Televiziyası ilə “Yaddaş” adlı silsilə verilişlərim yayınlanırdı. Verilişlərdən sonra çağdaş texnoloji aktivlik o vaxt müşahidə olunmasa da redaksiyaya zənglər, məktublar… və bəzən maraqlı şəxslərin özləri də gəlirdi…

“Yaddaş”ın növbəti buraxılışı ermənilərin Bakı şəhərində və ətraf kəndlərdə törətdiyi soyqırım hadisəsinə həsr edilmişdi. Verilişdə Füzuli adına Əlyazmalar İnstitutunun arxivində mühafizə olunan materiallardan, şahid ifadələri və xatirələrdən faydalandığım üçün maraqla qarşılanmışdı. Redaksiyaya çatanda mənə xəbər verdilər ki, Cəlilabaddan bir nəfər gəlib məni görmək istəyir. Otaqda məni gözləyən ucaboy, gülərüz, yaraşıqlı bir oğlan tanış olmaq üçün əlini mənə uzadaraq: Urşan! – dedi. Mən də “Urşan abi, xoş gəlmisiniz” – dedim və əlavə etdim ki, bu ada “Bilqamıs dastanı”nda rast gəlmişəm. Hesab edirdim ki, arxaik addır. Sən demə Urşan adını yaşadanlar var… Urşan abi…

Cəlilabadlı qonaq “Yaddaş”ın son buraxılışı haqqında xoş və səmimi fikirlərini bildirdikdən sonra əsas mətləbə keçərək dedi: Asif müəllim, verilişdə istinad etdiyiniz arxiv materiallarında erməni barbarlarına qarşı döyüşən və adı çəkilən Əlixan mənim atamdır. O mövzuda evdə dəfələrlə söhbətlər olsa da, əldə bir sənəd, fakt yox idi. Əslimiz Cənubi Azərbaycandan olduğu üçün 1930-cu illərdə Bakıdan məcburi köçürüblər. Soyqırımı hadisələrinin şahidi, yaşı səksəndən çox olan Heydərəli kişi hazırda Cəlilabadda yaşayır. Onunla da görüşə bilərsiniz…

Doğrusu, yaxşı mənada xeyli təəccübləndim… Suallar doğuran məqamlar da az deyildi… Həm da eyni mövzuya təkrar qayıtmaq çətin idi. Amma Heydərəli kişi ilə görüşmək arzumu bildirdim. Urşan abi o görüşü həvəslə təşkil etdi. Heydərəli kişi 73 ildən sonra uşaqlıq illərinin beşiyi, Bakı şəhərində yaşadığı məhəlləni, döyüşlərin getdiyi dalanları gənclik şövqü ilə bizə təqdim edirdi. Təbii ki, yeni veriliş yarandı… Məndən yaşca böyük Urşan abi ilə tanışlığımız əsl dostluğa çevrildi.

Ötən əsrin 90-cı illərin əvvəllərində İçərişəhərdə Folklor Elmi-Mədəni Mərkəzinin (indiki Folklor İnstitutunun) direktoru işləyirdim. Burada keçirilən tədbirlərə Urşan Rəhimovu da dəvət edir, o isə yolun uzaqlığına baxmayaraq mütləq gəlirdi. Ədəbiyyat İnstitutunun direktoru, professor Yaşar Qarayev də Urşan Rəhimovu buradakı tədbirlərdən çox yaxşı tanıyırdı. Yaşar müəllim onu görəndə vurğulayırdı: “Urşan müəllim olan yerdə problem olmaz!” Bu qənaətin yaranma səbəbi Urşan Rəhimovun Folklor Elmi-Mədəni Mərkəzinə təmənnasız yardım etməsi, qiymətli eksponatlar bağışlaması ilə əlaqədar idi.

Urşan Rəhimov həssas, diqqətcil və xeyirxah insan idi. Bir dəfə dostlardan xəbər tutur ki, vaxtilə birlikdə təhsil aldığı yoldaşlardan biri azyaşlı uşaqları ilə çox ağır durumda yaşayır. Onu tanıyan bir nəfər vasitəsilə hər ay yardımlar göndərir və xahiş edir ki, adını bildirməsin…

Urşan Rəhimov el ağsaqqalı idi… Hətta onu Cəlilabad rayon Ağsaqqallar Şurasının sədr müavini seçmişdilər. O yaşına görə deyil, insanlara qaşı olan xeyirxahlığına, mərdliyinə, ədalətliliyinə görə bu vəzifəni tuturdu…

Çox təəssüf ki, dünən – avqust ayının 26-da yaxın dostum, xeyirxah şəxsiyyət Urşan Əlixan oğlu Rəhimov bir yaxın qohumun toyunda lənətə gəlmiş korona-virusa yoluxması nəticəsində dünyasını dəyişmişdir. Urşan abi, əziz qardaş, nur içində yat… Səni xeyirxah əməllərin yaddaşlarda yaşadacaqdır…

Beş min il bundan əvvəl gil lövhələr üzərində yazılmış “Bilqamıs dastanı”nda Bilqamıs Urşan abi ilə dəryaları, dənizləri gəzib əbədiyaşarlıq çiçəyini tapa bilir. Lakin, o çiçək insanlara və insanlığa qismət olmur… Dünyada əbədiyaşarlığın yeganə yolu – xeyirxahlıqdır!

Bakı şəhəri

 27.08.2021

Müəllif:Asif RÜSTƏMLİ

ASİF RÜSTƏMLİNİN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru