Tag: İSMAYIL MƏRCANLI İMANZADƏ

İSMAYIL MƏRCANLI İMANZADƏ – ŞEİRLƏR

No Comments
İSMAYIL MƏRCANLI İMANZADƏ – ŞAİR.

İSMAYIL MƏRCANLI İMANZADƏ

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədridir. Otuza yaxın kitabı nəşr olunub. Uşaqlar üçün yazdığı şeirlərinin bir qismi orta məktəb dərsliklərində və məktəbəqədər tərbiyə müəssisələri üçün nəşr olunan dərsliklərdə yer alıb. Əlliyə yaxın şeirinə görkəmli bəstəkarlar tərəfindən musiqi bəstələnib.

TÜRKİYƏ-AZƏRBAYCAN
Bir-birinə bənzəyir
Əkiz qardaşlar kimi.
Tanınıblar ən əziz
Dostlar-sirdaşlar kimi.
Ləhcələri şipşirin,
Harda var belə sərvət?
Müdriklər yaxşı demiş –
“Bir millət, iki dövlət”!
Sən bir möcüzəyə bax,
Biri ürək, biri can-
Türkiyə-Azərbaycan!
* * *
Ay-ulduz nişanlıdır
Möhtəşəm bayraqları.
Şimşək kimi çaxıblar
Tapdananda haqları.
Ləkəsiz bir aynadır
Dənizləri, gölləri.
“Can” deyib, “can” eşidir
Obaları, elləri.
Dağları şah vüqarlı,
Həm sultandır, həm də xan –
Türkiyə-Azərbaycan!
* * *
Yenilməz dar ayaqda
Ərənləri, ərləri.
Şəhid ucalığından
Güc alıb zəfərləri.
Cavad xan, Məmməd Əmin,
Atatürk, Heydər adlı
Qibləgahları canlı.
Ulu tarixlərinin
Hər sətri, sözü şanlı.
Böyük türk dünyasının
Cismində dövr edən qan –
Türkiyə-Azərbaycan!
* * *
Düşmənə göz dağıdır
Şəhərləri, kəndləri.
Bir qala timsallıdır
Bərələri-bəndləri.
Əzəl gündən hər biri
Dosta-dostdur, yada-yad.
Keçmişləri şərəfli,
Çağdaş günləri abad.
Dar ayaqda yan-yana
Dayanıbdılar hər an –
Türkiyə-Azərbaycan.

ANA VƏTƏN SƏNİNDİR

Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!
Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən hər anın.
Gəzdi dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın…
* * *
Bu müqəddəs savaşda
Düşmən bağrı çatladan
Cəsarətinə alqış!
Nəsillərə nümunə –
Ülvi Vətən eşqinə,
Saf niyyətinə alqış!
Şəhidim, ölümünlə
Dönüb ölümsüz oldun,
Qazandığın bu halal
Şöhrət, ad-san sənindir!
* * *
Haqqın var zaman-zaman
Əbədi yaşamağa,
İndi hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən –
Azərbaycan sənindir!

SALAM, VİRAN QALMIŞ EVİM-EŞİYİM

(Bir vaxtlar Böyük Mərcanlıda ən azından görünüşü ilə çoxlarını məftun edən evimin xarabalıqları önündə düşüncələrim)

Salam, mənim viran qalmış evim-eşiyim,
Köksündəki “əl izləri” söylə yadınmı?
Yağmalanan künc-bucağın yuvam-beşiyim,
Ta yanına qayıtmışam, tanımadınmı?
* * *
Kim sökübdür tavanını, çarhovuzunu,
Susuzluqdan çat-çat olub dilin-dodağın.
Gizli-gizli sızlamısan illər uzunu,
Güllələrə tuş gəlibdir pöhrən, budağın.
* * *
Heç çatdımı qulağına səsim-harayım,
Səksəkəli gözlərindən yuxun qaçdımı?
Söylə hanı xartut, innab, ağ şanı… payım,
Məndən sonra çiçəklərin bir də açdımı?
* * *
Görən hanı aynabəndin, qapın, pəncərən,
Nə divarın yerindədir, nə də çardağın.
Heç oldumu əncirini, narını dərən,
Kol-kos basmış bağım-bağçam sənin gözdağın…
* * *
Yağıyamı qismət oldu dəmir darvazan,
Bu qapıdan adlamışdı neçə dost-tanış.
Oyaqdırsa qoy, eşitsin bəxtini yazan,
Ta susmağın yeri deyil, bir az din, danış.
* * *
De, budursa o zamankı yazı otağım,
Yandırılmış kitabların külü hanı bəs?
Nə qələmim yerindədir, nə də varağım,
Əlyazmamı soraqlayıb, gəzməyim əbəs!
* * *
Hər daşında qəlpə izi, barıt qoxusu,
Yağış kimi yağa biləm keşkə bir anlıq.
Qərib eldə hədər getdi ömrün çoxusu,
Bir də geri qayıdarmı görən, cavanlıq?..
* * *
Yolun-izin ürəyimin şah damarıydı,
Hardan gəldi bu ayrılıq, bu ölüm-itim?
Bir zamanlar burda keçən ömrüm yarıydı,
Ta bilmirəm yaşamağa varmı möhlətim…
* * *
Keçən-keçdi, olan oldu… nə deyim daha,
Nəfəsimlə isindinsə, təzədən sevin.
Gəl, birlikdə yönümüzü tutaq sabaha,
Düşmən bilsin öz sahibi varmış bu evin…

DAŞA SÖYKƏNƏN GƏLİN

(YURD SAVAŞINDA QEYRƏTLİ-CƏSUR ƏR İTİRƏN BİR ŞƏHİD XANIMINA)

Bağrına basdığın daş
Yer-göy dilə gəlsə də,
Lap dərdindən ölsə də,
Dinib danışan deyil.
Ha yalvar, ha dilə tut
Sönmüş ocaq kimidir,
Bir də alışan deyil.
Onun daş yuxusunu
Poza bilən tapılmaz.
Əzəl gündən belədir,
Ölümün mənasını
Yoza bilən tapılmaz…
Ağlama, göz yaşıyla
Göyərən deyil bu daş.
Getsən dalınca düşüb,
Yüyürən deyil bu daş.
Bir məzar sükutunda
“Közərən” kədərdi o.
Nə danışıb-dinəndi,
Nə “gəldi-gedərdi” o.
Bu daş, nakam eşqinin
Möhlət-aman bilməyən
Ölümə qarğışıdır.
Bu daş ağlar qəlbinin
Qarlı-buzlu qışıdır…
Söykən səbrinə, qoyma
Nə qəlbinin atəşi,
Nə külü olsun bu daş.
Haqdan üzmə əlini,
Qoy, sənin ismətinin
Heykəli olsun bu daş!..

YANILMADIM

Hər gizli sirrimi açıb-ağartsam,
Yəqin ki, qınayar məni çoxları.
Təzədən közərməz axı, sönən şam,
Təkcə Tanrı bilir “olacaqları”.
* * *
Aldandım dilinə hərdən birinin,
Mənim avamlığım sağalmaz mərəz.
Alovu sönübsə ocaq yerinin,
Külü ha eşələ, kösövü ha gəz…
* * *
İçim də, çölüm də çoxuna bəlli,
Nə şöhrət cəzb edib, nə də var məni.
Biclik mənlik deyil, bir “şirin dilli”
İstəsə yüz dəfə aldadar məni.
* * *
Tapdanan görəndə əsib ürəyim,
Bənzəyə bilmədim üzü bozlara.
Hər vaxt daş altından çıxıb çörəyim,
Niyə “yem” olum ki, dələduzlara?..
“Zəmanə adamı” ola bilmədim,
Paxır üzə çıxır ya tez, ya da gec.
“Hər dərdin məlhəmi eldədir” – dedim,
Nə yaxşı, bu dəfə yanılmadım heç…

KÖLƏ ADAMLAR

Boyu çərçivədən uzun deyil ha,
Bəs, niyə qapıdan əyilib keçir?
Adamdır, leşsökən quzğun deyil ha,
Nədənsə hər yandan söyülüb keçir.
* * *
Çox şeyi dərk edib anlamasa da,
Məddahlıq “elmindən” yaxşı halıdır.
Bilir ki, kimisə verməkçün bada,
Gizlicə pusquda dayanmalıdır…
* * *
Aşiqdir əzəldən böhtana-şərə,
Yalanı min cürə bəzəyə bilir.
Tərif “köhlənini” çapır hər yerə,
Mənliyi heç gəlmir lərzəyə,- bilir…
* * *
Qorxudan qarnına dolanda sancı,
Qarışıq fikirlər ağlın çaşdırır.
Qarğışa, lənətə dönən qazancı,
Hərdən süfrəsində göz qamaşdırır.
* * *
Hər vaxt “məharəti” çatıb dadına,
Gah qəddin düzəldir, gah boynuu bükür.
Heyrandır yalanın “şirin” dadına,
Şərin qarşısında hər vaxt diz çökür…
* * *
Elə bil üzündə şeytan tükü var,
Bacarır “ağasın” güldürməyi də.
Əzəldən nəfsi ac zatı-kökü var,
Ənamdır onunçün şor dürməyi də…
* * *
Anbaan çoxalır, günbəgün artır,
Yurdun çiynindəki şələ adamlar.
Haqqı sürükləyib zülmətə dartır,
Bu nökər xislətli kölə adamlar.

DƏLİ DEYİLƏM Kİ DƏYƏM XƏTRİNƏ

Həyatım, varlığım, canım-gözümsən,
Ən gözəl şeirimsən, şirin sözümsən.
Nisgilim, kədərim, gülər üzümsən,
Dəli deyiləm ki, dəyəm xətrinə!
* * *
Daha güvənc yerim, gümanım da sən,
Məndən ülvi sevgi umanım da sən.
Məsləkim, möhlətim-amanım da sən,
Dəli deyiləm ki, dəyəm xətrinə!
* * *
Hələ yol getsəm də sərt bir yoxuşla,
Qarşına çıxmadım qarla-yağışla,
Bağışla, bağışla, məni bağışla,
Dəli deyiləm ki, dəyəm xətrinə!

ЕLЕGİYА
(Gənclık illərimdə vüsalına çata bilmədiyim bir xanımın vaxtsız ölümünə)

Аy sеvgisi nаkаm, lаl səsi diri,
Bir məzаr dоlusu nəfəsi diri.
Yаşаmаq istəyi-həvəsi diri,
Hеyrаndаr аğıllı-dəli, şəklinə.
* * *
Sızlаyаn nisgilə dönmüşəm sаnki,
Sənin yoxluğuna dözmək аsаn ki?!
Ehh… indi о qədər uzаqdаsаn ki,
Çаtmаz bir kimsənin əli, şəklinə.
* * *
Qаyıtmаz nə yаzın, nə qışın mənə,
Dağ çəkdi gilеyin-qаrğışın mənə.
Dеsə “хоşbəхtsənmi” bахışın mənə,
Yаlаndаn dеyimmi “bəli”, şəklinə?
* * *
Sənsiz dərdim-qəmim dаğdаn iridir,
Göz yаşım tоrpаğı-dаşı əridir.
Ürəyim qаrаlаn оcаq yеridir,
Dinsəm səpiləcək külü, şəklinə…
* * *
Gözümü zülmətə zillədikcə mən,
Həsrətim dil аçır sаçımdа dən-dən.
Qоy, nаkаm еşqimin tutub əlindən,
Üzümü söykəyim ölü şəklinə…

HÖKMÜ VERƏN HAKİMDİR

Gördüyümüz hər şeyin
Yaxşısı, ya pisi var.
Haqqın da öz seçimi,
Mizan-tərəzisi var.
* * *
Günah üzə çıxanda,
Yalanlar işə keçmir.
Nə şan-şöhrət, nə mal-mülk
Hoppanıb başa keçmir.
* * *
Heydən düşür bir anda
Vəzifə hərisləri.
Ağır cəza gözləyir
Sonda nadürüstləri…
* * *
O vaxt soruşan olmur
Bu nəçidir, bu kimdir.
Deyilənlər düz imiş,
Zaman ən doğru-dürüst
Hökmü verən hakimdir.

ZƏMANƏ ADAMI

Görürəm, çox çeviksən,
Tanıyır səni hamı.
Damağında iz salıb
Hər şeyin dadı-tamı.
* * *
Qoxusundan halısan
Qazancın da, nəfin də.
Düyün düşmüş yerini
Tapırsan “kələfin” də…
* * *
Çoxlarını yanıldır,
“Parıltılı” görkəmin.
Dünya vecinə deyil,
Axı, nə dərdin-qəmin…
* * *
Sir-sifətin ütülü,
Yalan başının “tacı”.
Haqqı tapdanan kəsə
Baxımağın var qıyqacı…
* * *
Əzəl gündən bəxtinin
“Yalmanından” tutmusan.
Əzəlki varlığını
Lap çoxdan unutmusan.
* * *
De, indi səni qoyub
Bel bağlayaq yadamı?
“Əhsən” məharətinə,
Ay zəmanə adamı!..

GET …

Niyə eynin açılmır,
Niyə qaş-qabaqlısan?
Səhv etdimsə bağışla,
Bəlkə də sən haqlısan.
* * *
Ta olan-oldu keçdi,
Geriyə dönməz anlar.
Qəlbinə yol tapdımı
Şirin dilli yalanlar?
* * *
Tapdaladın əhdini,
Nə tez andını dandın?
“İşıq kölgəsiz olur” –
Deyənlərə inandın…
* * *
Demirəm kipyiyimdən
Gilə-gilə axıb get.
Ürəyimin qapısın
Aça bilsən, çıxıb get.

Müəllif: İSMAYIL MƏRCANLI İMANZADƏ

İSMAYIL MƏRCANLI İMANZADNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru