Tag: ÇİNGİZ QƏRİBLİ

ŞAİRLƏR ƏSƏD CAHANGİRİ ŞEİR YAĞMURUNA TUTDULAR

No Comments

ƏSƏD CAHANGİR

ƏSƏD CAHANGİRƏ
İlahi, bərk saхla bu nərdivanı,
Düşüb adamlıqdan yıхılır adam.
Qüvvətə yüksələ bilməyən kimi,
Bölünüb məхrəcdə çıхılır adam.
* * *
Hər gün yol gеdirik ölümə tərəf,
Ölüm də bələdçi, zülümə tərəf,
Üzə bilməyəndə çölünə tərəf,
Batıb içindəcə boğulur adam.
* * *
Göz önündə olub, göz görməyəndə,
Min еyib tapılır hər cür “bəyəndə”.
Özgələr qəlbində yеr vеrməyəndə,
Köçüb öz içinə yığılır adam.
* * *
Fələklər ahımdan yanalar gərək,
Əgər yanmasalar, donalar gərək,
Məni bağışlasın analar gərək:
Özünü doğanda doğulur adam.
Müəllif: Qılman İMAN

QOŞA BEŞLƏRİN
(Əsəd Cahangirə 55 yaşı münasibəti ilə…)
Bənzəyir qanadlı quşa beşlərin,
Düşüb yay fəslinə qoşa beşlərin.
İlləri boş yerə xərcləməmisən,
Gəlir,min şükür ki,xoşa beşlərin.
* * *
Uzun gecələri çox qaldın oyaq,
Söz adlı od sevdin pərvanəsayaq,
Söykədin arxanı daima Haqqa,
Yaş yaşa dayaqdır,beş beşə dayaq.
* * *
Qəlbinin aynası büllur,saf şüşə,
Qoymadın üstünə qara xal düşə.
Həyat məktəbini oxudun əla,
Ədəb məktəbini bitirdin beşə.
* * *
Fikrin,duyğuların dərindən dərin,
Düz bildin yerini xeyirlə,şərin.
Vallah,öz-özünə qoşalaşmayıb,
Min-min qayğısı var qoşa beşlərin.
* * *
Bu hörmət,bu izzət düşməyib göydən,
Çıxmısan pak,təmiz bir halal öydən.
Qoymusan daşı daş,yaşı yaş üstə,
Halal zəhmətindir saçındakı dən.
* * *
Qələmi haqq sandın,sözü bildin pir,
Oldu fikrin,sözün əməlinlə bir,
Qoşa beş nədir ki belə ömürçün,
Azdır yüz yaşasan,Əsəd Cahangir!
Müəllif : Fikrət MƏMMƏDLİ

DEYİLİR
(Bu şeiri əziz Əsəd Cahangirin 55 illik yublieyinə həsr edirəm)

Yaşı məlum olmayana,
Göy deyilir,yer deyilir.
Möcüzədi yaranandan,
Açılmayan sir deyilir.
* * *
Gedən gedər,gələn gələr,
Bəxt üzünə gülən gələr.
Çox dünyada pəncərələr,
Ötüb keçsən bir deyilir.
* * *
Yaxşılığa əl atana,
Haq edib könlə yatana.
İmkansıza əl tutana,
Xeyirlə əlbir deyilir.
* * *
Şahlar yada düşmür ,niyə?
Min ahlar yüksəldib göyə.
Nizamiyə,Füzuliyə,
Nəsimiyə pir deyilir.
* * *
Zülümkarın yoxdu eli,
Şər deyənin susar dili.
Çox əyrini.çox qozbeli,
Düzəldər qəbir,deyilir.
* * *
Doğulandan sir olana,
Könüllərdə pir olana.
Sözü,işi bir olana,
Əsəd Cahangir deyilir
Müəllif : Çingiz QƏRİBLİ

BEŞ QOŞANIN ADAMINA
(55 yaşının tamamına görə)

Təbin, məntiqin titan —
Bu coşquya nə sədd var?!
Beşləri qoşa atan
Taledə tün məqsəd var!..
* * *
Agah söz ilki sənə;
Verilmiş bilgi sənə…
Ey xocam, bil ki, sənə
Coxusunda həsəd var!..
* * *
İyirmibirinci əsrin
Sən — MÜCİRƏDDİN qəsri…
Poeziyanı, nəsri
Hər yozumunda hədd var…
* * *
Rəyin — bölünməz təkdir,
Ruhunda nə var– həqdir…
Saf duyduğunda təqdir,
Duyğusuzluğa rədd var!..
* * *
Sənət meydanı daşlı…
Gah zəhərli, gah aşlı…
Ölüm-itim savaşlı
Bu yolda çox cəsəd var!..
* * *
Bir şair ömrü sürdüm…
Xəyallarımla kürdüm…
Qələm götürüb, gördüm
Qarşımda tək ƏSƏD var!..
Müəllif: Yusif NƏĞMƏKAR

ADAMI
Sənə yazdım qəzəli, mən də bu gün, Söz adamı,
Həmi yüksəkdə tutar, həm də yıxar söz, adamı.
* * *
Dedi keçmiş atalar, “gözlər ürək aynasıdır”,
Verər öz nurunu həm, tez tanıdar üz adamı.
* * *
Dəyişib dövrü zaman, əyrilərin “xod” çağıdır,
Bilirik sevməyib heç, əyri olan düz adamı.
* * *
Sözü sevsən, deyirəm, qiyməti yox, gövhər olar,
Yerə vurdunsa sözü, bilki boğar toz adamı.
* * *
Sözü arif olana söylə ki, bilsin dəyərin,
Düşünüb anlayar o, məğlub edər yüz adamı.
* * *
Neçə dağdan, dərədən fikrü xəyalın dolaşar,
Aparar əvvəl-axır bax, bu təpə, düz adamı.
* * *
Sənə, Lilpar, deyirəm yaz ki, başından keçəni,
Tanıdar aləmə, bil, sonda qalan iz adamı.
Müəllif: Lilpar CƏMŞİDQIZI

ƏSƏD CAHANGİR

İki beşi yan-yana
Düzdün, Əsəd Cahangir.
Tənqidin dəryasında
Üzdün, Əsəd Cahangir.
* * *
Bulud kimi dolur hərdən,
Xəyallara dalır hərdən.
Hərdən şən olur, hərdən
Üzgün Əsəd Cahangir.
* * *
Təcəlla etdi üzüylə,
Addımladı öz iziylə.
Öz taleyin öz sözüylə
Yazdı Əsəd Cahangir.
* * *
Əsdi Əsəd Cahangir,
Üstdür Əsəd Cahangir.
Səsdi Əsəd Cahangir,
Sözdü Əsəd Cahangir.
Müəllif: Faiq HÜSEYNBƏYLİ

Şairlərin şeir yağmuruna tuş gələn Əsəd CAHANGİR özü də yubileyinə şeir yazdı:
“Özüm də özümə bir şeir yazdım. Bu şeiri 25 il öncə yuxuda görmüşəm. Yuxuda gördüklərimi altı il əvvəl 50 yaşıma ithaf etmişəm. Amma getdikcə başa düşürəm ki, bu mənim ömür şeirimdir. 50, 55, 60 yaşımın şeiri… Allah nə qədər ömür versə, bir o qədər… Deyəsən, bu şeirdən başqa hər hansı yubileyimə şeir yaza bilməyəcəm. Söz bir olar!”

55 YAŞIMA

Bacadan qəfil şığıyıb
Çiynimə qonan quşa bax!
Az qalır ki çiynim sına
Qanadları sınmışa bax!
* * *
Burub fələyin qulağın
Hansı vaxta qurub gəlib?
Əlli beş il gözləmişəm,
İndi niyə durub gəlib?
* * *
Çiynimə qonan bu quşun
Sağı var, solu görünmür,
Üzümə nəfəsi dəyir,
Qanadı-qolu görünmür.
* * *
Göz yaşımı dənləyən quş,
Kimsə yox dən versin sənə?
Atam gəlsin, anam gəlsin
İsti yuva hörsün sənə?
* * *
Oğlan, nə ana südündən,
Nə ata qanından gəlir,
Çiyinlərə qonan quşlar
Allahın yanından gəlir,
* * *
Sənə haqqın quşu qonub,
Bəxtəvər olub başına!
Dimdiyində söz gətirib
Allahdan təzə yaşına!
* * *
Çiyninə quşlar qondusa,
Anan olmaz, atan olmaz,
Daha quş olub uçarsan
Daha səndən adam olmaz.
Müəllif: Əsəd CAHANGİR

Biz də Bitik.az olaraq bütün bu arzulara qoşulur, söz dünyasının cahangir əsədi Əsəd Cahangiri yubileyi münasibəti ilə təbrik edir, ən gözəl nemət olan can sağlığı və bütün fəaliyyətində uğurlar arzu edirik!!! Uğurlarınız bol olsun, Əsəd müəllim!!!

ÇİNGİZ QƏRİBLİƏSƏD CAHANGİRFAİQ HÜSEYNBƏYLİ,

FİKRƏT MƏMMƏDLİLİLPAR CƏMŞİDQIZIQILMAN İMAN

və YUSİF NƏĞMƏKARın digər yazıları >>>>


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru