Etiket arxivi: AKİF ABBASOV

KAMAL CAMALOV – PEDAQOGİKA ELMİNİN YORULMAZ TƏBLİĞATÇISI

Kamal CAMALOV

PEDAQOGİKA ELMİNİN YORULMAZ

TƏBLİĞATÇISI

Görkəmli mütəfəkkir-pedaqoq Mirzə Əbdürrəhim Talıbov yazır ki: Mənşə, rəng, cins və digər mənsubiyyətlərdən asılı olmayaraq, hər xalqın, hər millətin elə oğul və qızları olmuşdur ki, öz təfəkkür, bilik və ilham mənbələrindən qidalanaraq, əbədiyyətə qovuşan əsərlər yaradıb, ümumbəşər xəzinəsinə vermişlər. Bunlara alimlər, mütəfəkkirlər və sənətkarlar ordusu deyərlər. Bütün bəşəriyyətin borcu budur ki, bunların bizə bəxş etdiyi abidələri və əbədi mirası həvəslə öyrənib, hər kəs öz gücü və qavraya bildiyi qədər onlardan pay götürsün. Bu elm və ədəb xəzinəsindən payı çox olanın səadəti də çox olar. Bəli, belə əbədiyyətə qovuşan və ümumbəşər xəzinəsinə çevrilən əsərlərdən biri də pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyidir (Bakı: Mütərcim, 2010, 320 səh.). Əminliklə deyə bilərik ki, Nizaminin, Sədi Şirazinin, Marağalı Əvhədinin, Nəsirəddin Tusinin və digərlərinin əsərləri ilə çağdaş dövrümüz arasında neçə yüzilliklər varsa, Akif Abbasovun müdrik fikirlər, hekayələr, sual və tapşırıqlarla zənginləşdirdiyi “Milli əxlaq və ailə etikası” adlı dərsliyi də gələcək yüzillikər içərisində həmişə vərəqlənəcək, əldən-ələ keçəcək əsərlərdən olacaqdır.

Çağdaş dövrümüzün ən iqtidarlı alimi, görkəmli pedaqoq və yazıçılarından olan Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyi dörd bölmədən (fəsildən) ibarətdir. “Milli əxlaq və ailə etikasının ümumi məsələləri” adlı I bölmədə Akif müəllim əxlaqın yaranması və inkişafından, Azərbaycan şifahı xalq ədəbiyyatındakı milli-mənəvi dəyərlərdən, “Avesta”da, islam dinində və “Kitabi-Dədə Qorqud” dastanında əxlaqi təlimin mahiyyətindən, həmçinin Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Şah İsmayıl Xətayinin, Məhəmməd Füzulinin, Azərbaycan maarifçilərinin yaradıcılığındakı ailə münasibəti məsələlərinin incə və həssas məqamlarından söz açmış, tədqiq-təhlil süzgəcindən keçirmişdir. Müqəddəs kitablardakı tərbiyəedici imkanlardan, həmçinin Zərdüşt peyğəmbər (ə), Məhəmməd Peyğəmbər (ə), Həzrəti Əli (ə), övliya bildiklərimiz Abdullah bin Mübarək, Əbdül Qadir Gilani, Əbu Səid Xərraz, Cüneyd Bağdad, Sirri Sədəqi və başqa bu kimi böyük zatlardan bəhs edən professor ailə münasibətlərində mənəvi xarakter(lər) müəyyənləşdirmişdir.

Bu bir faktdır ki, əsrlər keçmiş, bəşəriyyət tarixində köklü dəyişikliklər, yeni dəyişikliklər olmuşdur. Ancaq Akif Abbasovun sözləri ilə desək əxlaq nə qədər inkişaf etmiş olsa da, forma və məzmun dəyişsə də yenə də ötən əsrlərdə ailə haqqında deyilən tərbiyəvi fikirlərin dəyəri heç də azalmamışdır. Bu gün də ailəyə bağlılıq, qadının sədaqəti, kişi qeyrəti, qadın isməti, ailənin şərəfini qorumaq və s. milli dəyərlər arasında xüsusi yer tutur. Xalq pedaqogikasına geniş yer ayıran Akif Abbasov bu kimi ibrətamiz misallar gətirir: “Arvadın isməti-ərin izzəti”, “Varını itirən az şey itirər, namusunu itirən çox şey”, “Ailə xoşbəxtliyin açarıdır”, “Ağıllı gəlinin ailədə üzü ağ olar”, “Ağıllı gəlin ər evində həm yarıyar, həm qarıyar”, “Ailədə yanılmaq yamanlıq gətirər”, “Ailnin üzüağlığı namusdur”, “Ailəyə xor baxan aləmə də xor baxar”, “Ailənin sirri, sözü ailədə qalar”, “Arvadı tənbəl olan kişinin işi əngəl olar” və s. Professor haqlı olaraq qeyd edir ki, xalq təfəkkürünün ən gözəl, bariz nümunələrinin toplandığı folklor insanları mənəvi baxımdan saflaşdırır, bir şəxsiyyət kimi kamilləşdirir, yetkinləşdirir. Belə nümunələr ailə və məktəb uşaqlarının, yeniyetmə və gənclərin tərbiyəsində istifadə olunmalıdır.

Professor Akif Abbasov “Avesta” və islam dinindəki ailəyə ciddi münasibətlərin formalaşdırılması məsələlərini də xüsusi diqqət mərkəzində saxlamışdır. Hər iki əsərdən nümunələr gətirərək göstərir ki, ailə tərbiyəsi prosesində bihudə yerə tələbkarlığı azaltmaq, ehtiyac duyulmadan tərbiyə olunana acıyaraq rəhmdillik, yersiz mərhəmət göstərmək, güzəştə getmək, sərt tədbir görmək lazım gəldiyi halda bağışlamaq uşağın əxlaqını pozar, onu ərköyün, sözeşitməz edər.

Görkəmli alim, professor Akif Abbasov “Kitabi-Dədə Qorqud”da ailə tərbiyəsi nümunələrini də ətraflı və maraqlı şəkildə tədqiq-təhlil süzgəcindən keçirmişdir. Belə ki, Oğuzlarda övlada valideyn məhəbbətini; oğlan və qızlara ad qoyma mərasiminin necə və hansı şəkildə təşkil olunmasını; qadına münasibəti; ailə şərəfini; ömür-gün yoldaşlarını necə seçmələrini; ailədə uşaqlar arasında qarşılıqlı münasibətlərin necə tənzimlənməsini; ailələrdə uşağa(lara) tələbatın həllinin necə tapmasını təsvir etmişdir. Müəllif yazır ki, Oğuzlarda ailənin şərəfini qorumaq ailənin bütün üzvlərinin müqəddəs borcu, vəzifəsi hesab edilmişdir. Bu gün də türk dünyasında, Azərbaycan xalqında bu hiss son dərəcə güclüdür. Ailənin namusunun, qız-gəlinin ismətinin qorunması üçün cavanlarımız, ailənin başçıları, qadınlarımız tarixən hər cür məhrumiyyətlərə, əzab və işgəncələrə sinə gərmiş, mübarizə aparmışlar.

Bildiyimiz kimi, Dədə Qorqud 54 öyüd söyləmişdir. Bu 54 öyüdün 16-sı ancaq ailə və ailə tərbiyəsi ilə bağlı öyüdlər sayılır ki, Akif müəllim də bu kimi öyüdləri anlaşıqlı və sadə dildə təhlil obyektinə çevirmişdir. Akif müəllim dərs vəsaitinin “Kitabi-Dədə Qorqud”da tərbiyə məsələləri” adlı yarımbölməsində övlada olan ata sevgisini, ana məhəbbətini, ailədə uşaqlar arasındakı qarşılıqlı münasibətləri boylardan gətirdiyi faktlarla, misallarla təsvir edir və bütün bunları ailə etikasının rəmzi hesab edir. Belə ki, Baybörənin oğlu Beyrəyin “ölüm” xəbərini eşitməsi və atanın ağlamaqdan gözlərinin tutulması, 16 illik ayrılıqdan sonra oğluna qovuşması, oğlu olduğuna əmin olması üçün, oğlunun (Beyrəyin) çəçələ barmağını qanadıb dəsmala silib gözlərinə çəkməsini, gözləri açılarsa, gözlərinə yenidən nur gələrsə oğlu olacağına inanacağını; Dirsə xanın xainlər tərəfindən aldadılaraq oğlu Buğacı ölümcül yaralaması, ananın dağ çiçəyi və ana südü ilə oğlunun yarasına məlhəm qoyub sağaltması; Beyrəyin bacılarının hər gedib-gələndən Beyrəyi sormalarını, ələmə-yasa batmalarını və s. Akif Abbasov psixoloji baxışdan entuziast bir sənətkar kimi xarakterizə edir.

Demokratik fikirlər müəllifi Akif Abbasov Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Məhin Banunun Şirinə poetik dillə dediyi öyüd dolu sözləri eyni ruh, eyni görüşlə nəsr dilinə çevirərək mənəvi gözəllik ölçüləri ilə oxucusuna belə çatdırır: “Sən (Şirin – K.C.) bütün gözəllərin sultanısan, sənin bircə nazın yüz şahlığa dəyər; xoşbəxtlik sənin ardınca kölgətək gəzir. Gözəlsən, camalın yer üzünə nur saçır, fəqət, sənin bəzəyin ismətdir, nəzakətdir, hüsnün ismətinin pənahındadır” [Bax: səh.50]. Bu bölmənin təhlili bir daha göstərir ki, Akif müəlllimin dili diqqətəlayiqdir. Akif müəllim dilin hissi cəhətinə, təsirli olmasına çox əhəmiyyət verir. Professorun dili bir şeir qədər ahəngdar və ifadəlidir, lirik bir parça təsiri bağışlayır.

“Əxlaqın əsas kateqoriyaları” adlanan (vicdan, şərəf və ləyaqət, namus, ismət, həya, məsuliyyət, şərəf və ləyaqət, xeyirxahlıq və yaxşılıq və s.) ikinci bölmədə Akif müəllimin mövqeyi çox böyükdür. “Əxlaqın əsas kateqoriyaları” adlı bölmədə müasirlik biz oxucuları hər şeydən daha çox maraqlandırır. Çünki ədəbiyyatlardan gətirdiyi yüksək bədii mövqeni misallarla, məsəllərlə qiymətləndirdiyi kimi, onun ictimai-tərbiyəvi rolunu da yüksəkdə tutur. Vicdan nədir? sualına “Vicdan şəxsiyyətin öz davranışına görə mənəvi məsuliyyəti anlamasının bir formasıdır” – cavab verən Akif Abbasov etibarlı mənbələr­dən, müxtəlif şair və yazıçılardan da maraqlı misallar gətirir. Yazır ki, vicdanlı insan pis­lik toxumu səpməkdən uzaq olur. Belə insanlar çalışırlar ki, həyatda fəal mövqe tutsunlar. Təhsil alan, işləyən insanlara qayğı ilə yanaşsınlar. Tək özlərinin yox, ətrafdakı insanların da sevincinə, kədərinə şərik olsun, xeyirxahlıq, qayğıkeşlik göstərsin. Belələri çalışırlar ki, sonradan peşmançılıq çəkməsinlər. Vicdan bəzi xüsusiyyətlərə malikdir: ideala can atmaq; şəxsi qiymət; hərəkət və davranışın ideala uyğun olması, yaxud olmaması nəticəsində meydana gələn mənəvi hiss və s. Professor vicdanın oyaq olması, adama düzgün yol göstərməsi üçün özünəhesabatı vacib amil hesab edir. Əgər insan günü başa çatandan sonra – ötən saatları necə keçirdim, ondan səmərəli istifadə edə bildimmi? Mək­təbdə, işdə üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdimmi, yoxsa günümü birtəhər ötüşdürdümmü? Kiminsə xətrinə dəydimmi? Bu və ya digər hadisə baş verərkən mənəvi borcuma əməl etdimmi? Kiminsə bədxahına çevrilmədim ki? bu və ya bu kimi başqa suallarına cavab axtarırsa deməli vicdanı qarşısında da cavab verir. Həyanı vicdanın barometri hesab edən Akif müəllim gənc ailələrdən vicdanı, abırı, həyanı itirən insanlar­dan kənar olmağı tövsiyə edir. Yazır ki, belələrindən hər cür pislik, mərdiməzarlıq, alçaq­lıq gözləmək olar. İnsan taleyi ilə oynamaq həmin şəxslər üçün heç nədir. Belə ünsürlər cə­miyyət qarşısında, vətən, xalq qarşısında məsuliyyət daşımaq istəmirlər. Vicdanını itirənlər yalnız özlərini düşünür, öz firavanlığı, mənafeləri üçün çalışırlar.

Akif Abbasov “Milli əxlaq və ailə etikası” dərsliyində şərəf və ləyaqət, namus, ismət, həya, məsuliyyət, xeyirxahlıq və yaxşılıq və s. söhbət açarkən belə anlayışların qədim tarixə kökləndiyini misallar və izahlarla açıqlayır. Yazır ki, feodalizm dövründən başlayaraq bəy, ağa, zadəgan, xan, hersoq, qraf, baron və knyaz kimi ti-tulların sahibləri şərəf, namus və ləyaqət baxımından öz şəxsiyyətlərini digər insanlardan üstün hesab etmiş, bu məfhumlara böyük dəyər vermiş, bəy, ağa, qraf, knyaz adlarına ləkə gətirməkdən çəkinmişlər. Professor “O olmasın, bu olsun” bədii filmindən misal gətirir: Rüstəm bəy qumarda uduzur. Daha pulu olmadığı üçün ayağa qalxaraq uduzduqlarını qaytaracağına masa ətrafdakıları inandırmaq üçün tituluna and içir: “Uduzduğum pulları yarım saatdan sonra gətirərəm. Mən bəy kimi namusuma and içirəm” – deyir. Şərəf, namus və ləyaqət hissi bəzi bəy, ağa, xanlarda lovğalıq, xudpəsəndlik, şöhrətpərstlik, heç kimi bəyənməmək, harınlıq da yaradırdı. Ancaq bəy, ağa, xanların bir çoxu, sözün həqiqi mənasında, şərəf, namus, ləyaqət nümunəsini göstərir, özlərini ağayana – əsl insan kimi aparmışlar. Bu mənada, Akif müəllim İsmayıl Şıxlının “Dəli Kür” romanındakı Cahandar ağanı oxuculara xatırladır. Təbii ki, bu fikirlərdən heç də belə anlaşılmasın ki, şərəf, namus, ləyaqət ancaq bəy, ağa, zadəgan, xan, hersoq, qraf, baron və knyaz kimi titulların sahiblərinə aid edilməlidir. Xeyir, heç də elə deyil. Bu gün cəmiyyətin ayrı-ayrı üzvləri şərəf, ləyaqət və namusu var-dövlətdən, titul və rütbədən, vəzifədən də uca tuturlar. Akif Abbasovun atalar sözü və zərbi-məsəllərdən, həmçinin görkəmli mütəfəkkirlərdən gətirdiyi misal və məsəllər də təqdirəlayiqdir. Bunlardan bir neçəsinə nəzər salaq: “Varını itirən az şey itirər, namusunu itirən-çox şey”; “Namusu itə atdılar, it yemədi”; “Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun (X.Şirvani)”; “Sizə yaxşılıq edildiyi vaxt siz də yaxşılıq edin (Məhəmməd peyğəmbər)”; “Bacardığın qədər yaxşılıq toxumu ək ki, yaxşı bəhrə götürəsən (Hümam Təbrizi)”; “Mənəvi borc insanlar arasında münasibətlərdən yüksəkdə durur (İ.Kant)”; “Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək (M.Əvhədi)”; “Kişinin qeyrəti olmasa, məsləki də olmaz (Keykavus)”; “Namuslu adamlar üçün namus, alim üçün alimlikdən daha əzizdir (J.J.Russo)”.

Akif Abbasov “Milli əxlaq və ailə etikası” adlı dərsliyində maraq dolu suallar da yaratmışdır. İnsan nə üçün yaşayır? Həyatın mənası varmı, varsa – nədədir? Hansı həyat tərzinə üstünlük verilməlidir? Yaşamağa dəyərmi? Xoşbəxtlik var-dövlətdir, yoxsa…? Belə maraq dolu suallara Akif müəllim özü də cavab verir. Drəslikdə qeyd edildiyi kimi, bəziləri güman edirlər ki, insan dünyaya gəldi, yaşadı, öldü – bu dövr, bu müddət onun həyatıdır. Əslində isə bu belə deyil. İnsanın mənalı, məzmunlu, cəmiyyət və ailəsi, bəşəriyyət üçün gördüyü işlər, onlar üçün yaşayıb fəaliyyət göstərdiyi faydalı, məhsuldar ömrü onun əsl həyatıdır. Mənasız sərf etdiyi, sadəcə yeyib-yatdığı, ailəsinin gözündən oğurlayıb çəkdiyi kef, necə deyərlər, “papağını günə yandırdığı”, insanlığa fəlakətlər gətirdiyi günlər, adamların iztirabına, göz yaşlarına, kədərinə, bəxtəvərliyinə, əzab-əziyyətinə, işgəncəsinə səbəb olduğu anlar onun ömrünə yazılmır, yazılsa da, qara qara hərflərlə yazılır.

Akif müəllim cəmiyyət və ailəsi üçün gördüyü işlərdən, onlar üçün yaşayıb fəaliyyət göstərən Azərbaycan xalqının iftixarları sayılan Rahib Məmmədovdan, Mübariz İbrahimov kimi igid, qorxmaz cəsurlardan da bəhs edir. Bir zamanlar Biləsuvarda böyüyüb boya-başa çatan Mübariz İbrahimovu tanıyanlar zənnimizcə onlarla idi. Ordu sıralarında vətəni xidmətini yerinə yetirən zaman nə qədər üzdəniraq erməni əsgərlərini, zabitlərini, generallarını və sursatlarını məhv etmişdisə ermənistanda matəm elan olunmuşdur (2010-cu ilin iyun ayı). Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovun valideynlərinə də Azərbaycan xalqının məhəbbəti sonsuzdur. Böyük Vətən Müharibəsində igidlik göstərən Mehdi Hüseynzadə, Gəray Əsədov, Həzi Aslanov, Qafur Məmmədov və digərlərin adını çəkiriksə II Qarabağ uğrunda gedən döyüşlərdə Qarabağı mənfur düşmənlərdən qanı bahasına geri alan minlərlə şəhidlərin və qazilərin adını çəkmək olar. Professorun qeyd etdiyi kimi, ana torpağı öz canları-qanları bahasına qoruyan şəhidlər və qazilər hər bir ailənin övladlarına örnəkdir, nümunədir. İnsan ömrü çox da uzun deyil, ona görə də bu həyatı mənalı yaşamağa çalışmaq lazımdır. A.Barbüsün dediyi kimi: Ölmək yox, yaşamamaq dəhşətdir.

Tədqiqatçı-alim Akif Abbasov “Ailə etikası” adlı üçüncü bölmədə “Oğlan və qızların qarşılıqlı münasibətlərinin əsasları”, “Sevənlərin davranış mədəniyyəti”, “Ni-kah”, “Ailə üzvlərinin hüquq və vəzifələri”, “Ailənin mənəvi əsasları”, “Ailənin psixoloji iqlimi”, “Ailə bayramları”, “Ailə büdcəsi” və s. məsələlərdən bəhs edir. Ailə – insanların qarşılıqlı əlaqə, fəaliyyət və münasibətlərinin ən qədim təsisatı, unikal hadisə və təzahürüdür – deyən professor ailəni ictimai-tarixi hadisə adlandırır. Həmçinin, ailənin bir sıra funksiyalarına (reproduktiv, təsərrüfat-iqtisadi, ünsiyyət, tərbiyə, ailənin asudə vaxtının və istirahətinin təşkili, bərpaedici və s.) da aydınlıq gətirmiş və təhlil süzgəcin­dən keçirmişdir.

Professor “Milli əxlaq və ailə etikası” dərsliyinin “Ailə və uşaqlar” adlı dördüncü bölməsində də (“Gənc ailədə uşaq” səh.287; “Ailədə uşaqların tərbiyəsi. Ata və ana ilk tərbiyəçilərdir” səh.295; “Ailədə tərbiyənin prinsip və metodlarından istifadə” səh.308) ailədə tərbiyənin prinsip (Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması; Tərbiyədə fərdi yanaşma prinsipi; Hörmət və tələbkarlıq prinsipi; Tərbiyə olunanın müsbət cəhətlərinə istinadən qüsurların aradan qaldırılması (nikbinlik) prinsipi; Uşağın diqqətini mənfi nümunələrə yönəltməklə davranış normalarından kənaraçıxma hallarının qarşısını almaq prinsipi; Tərbiyəvi təsirlərdə vahidliyin gözlənilməsi prinsipi; Sistematiklik və ardıcıllıq prinsipi) və metodlardan (alışdırma, öyüd-nəsihət, söhbət, rəğbətləndirmə və cəzalandırma, şəxsi nümunə və s.) necə istifadə etməyin yollarına aydınlıq gətirmiş və həmçinin, aydın, səlis, rəvan sözlər və cümlələrlə şərh və izah etmişdir.

Əbəs yerə demirik ki, aydın zəka sahibi Akif müəllim “Milli əxlaq və ailə etikası” adlı dərsliyində ailə münasibəti məsələlərini səlis, rəvan dillə və sadə, aydın cümlələrlə şərh və izah etmişdir. Bir çox dərsliklərə nəzər salan zaman görürük ki, çox müəlliflər hər hansı bir mövzunu tədqiq və təhlil etməyə çalışarkən (Məsələn, deyək ki, Ailə tərbiyəsi; Ailəyə pedaqoji kömək; Ailənin psixoloji iqlimi; Ailə bayramları; Sinif rəhbərinin ailə ilə işi və s.) daha çox aşağıdakı şəkildə yazırlar: Valideynlər Konvensiyanın uşağın yaşamaq hüququ haqqında müddəalarını bilməlidir(lər); Ailə ənənələrin varisliyini təmin etməlidir(lər); Sağlam ailələrdə valideynlər və uşaqlar gündəlik təbii münasibətlərə bağlı olmalıdır(lar); valideynlər öz uşaqlarının xarakter və xüsusiyyətlərini bilməlidir(lər) və s. və i. Göründüyü kimi, dır, dir, lar, lər. Ancaq professor Akif Abbasov istiqamətvericiliklə yanaşı hər bir mövzuda fikirləri aydın işıqlandırmış, portret rəssamı kimi əlvan rənglərlə, boyalarla canlandırmış, oxucusunu fikirlər, anlayışlar aləminə səfərbər etmişdir. Bu da təbii ki, hər bir oxucuda xeyirxah əməllər sahibi olmaq əzmini, emosionallığı, mənəvi tələbatları daha da qüvvətləndirir.

AKİF ABBASOVUN KİTABI

Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyindəki fikir və görüşlərə yekun vurarkən aşağıdakı nticələrə gəlirik:

1. Pedaqogika elminin inkişafında yorulmaq bilmədən axtarışlar aparan cəfakeş tədqiqatçı Akif Abbasov Azərbaycan ailəsində milli əxlaqımızı və onun tələblərini əsas götürərək qarşılıqlı münasibətlərin qurulmasını pedaqoji-psixoloji məqamlarla araşdır­mış­dır;

2. Pedaqoji və psixoloji biliklərin azmanı Akif Abbasov Azərbaycan şifahı xalq ədə­biyyatı, “Avesta”, islam dini və “Kitabi-Dədə Qorqud” dastanlarındakı şəxsiyyətin key­fiy­yətlərinin inkişafı qayğısına qalmağı vacib tələb kimi irəli sürmüş və işıqlandırmışdır;

3. Tarixi həqiqətləri zərrə-zərrə üzə çıxarmış Akif Abbasov Nizami Gəncəvinin, Sədi Şirazinin, Marağalı Əvhədinin, Nəsirəddin Tusinin, Məhəmməd Füzulinin, A.Bakı­xanovun, M.F.Axundovun və b. mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış və ailədə əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqelərini müəyyənləşdirmişdir;

4. Pedaqoji elmin yorulmaz təbliğatçısı Akif müəllim Azərbaycan ailəsində peda­qo­ji-psixoloji, milli-mənəvi xüsusiyyətlər, adət və ənənələr, valideyn-oğlan mü­nasibətləri, oğlanlarla qızların dostluğuna münasibəti, sevənlərin davranış mədəniyyəti, nikah, geyim və gözəlliyin vəhdətindəki qanunauyğunluqları müəyyənləşdirmiş, təhlil etmişdir;

5. Alicənab duyğular və nəcib hisslər carçısı Akif Abbasov Azərbaycan ailəsində oğlan və qızların sosializasiyasının xüsusiyyətlərini müəyyənləşdirmiş və çağdaş mərhələdə sosializasiya anlayışının mahiyyəti və məzmununun nədən ibarət olduğuna aydınlıq gətirmışdır;

6. Milli ruh və milli düşüncə sahibi Akif Abbasov qızların oğlanlarla ünsiyyəti, yaşlılarla qarşılıqlı münasibətlərinin pedaqoji-psixoloji məsələlərini araşdırmış, ailə ixtilaflarının səbəblərini aydınlaşdırmış və təhlilini vermişdir;

7. Sözündə qəti, işində mübariz, qərarında prinsipial olan professor Akif Abbasov dərslikdə gender – insanın cəmiyyətdə davranışını müəyyən edən sosial cins və bu dav­ra­nı­şın necə qəbul edilməsinin vəzifələrini, funksiyalarını və rolların konsepsiyasını müəy­yən etmişdir;

8. Saysız-hesabsız əsərlər müəllifi Akif Abbasov ümumtəhsil məktəblərində vali­deyn­lərin, xüsusilə gənc valideynlərin hamılıqla pedaqoji-psixoloji sərvət və biliklərə yi­yə­lənmələri üçün səmərəli tədbirlər həyata keçirməyin metod və yollarını müəyyən­ləş­dirmişdir.

Müəllif:Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

KAMAL CAMALOVUN DİGƏR YAZILARI

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – YERSİZ GƏLDİ…

Akif ABBASOV

YERSİZ GƏLDİ…

(hekayə)

Hamısı bir həyət evində yaşayırdı. Ata-ana, iki bacı, iki evli qardaş, bir subay qardaş. Ev vur-tut dörd otaqdan ibarət idi. Nə qədər ki, evlənməmişdilər, iki qardaş mehriban yaşayırdı. Elə ki, gəlinlər gəldi, vur-çatlasın başladı.

Gəlinlər yola getmir, ərlərini bir-birinin üstünə salırdılar. Hədə, təhqir, söyüş həddini aşmışdı.

Ata-ananı, bacını, subay qardaşı saya salan yox idi. Tərəflər qızışanda valideynləri belə eşitmir, ağızlarına gələni bir-birlərinə deyirdilər.

Axırda Səkinə arvad ərinə dedi:

-Vallah bir gün bizim yetimçələr Ağaəsədlə qardaşı Əsədin gününə düşəcəklər.

Məcid kişi təəccüblə arvadına baxdı:

-Nə Ağaəsəd, nə Əsəd?

-Yadından çıxıb, ay kişi?! Beş ilin söhbətidir. Arvadlarının fitvası ilə qardaşlar tutaşdılar. Böyük qardaş – Ağaəsəd vurub Əsədin hamilə arvadını qanına boyadı. Əsəd də arvadının qarnındakı ilə birlikdə öldüyünü görüb bıçağı böyük qardaşının – Ağaəsədin ürəyinin başına soxdu.

Polislər gəlib Əsədi apardılar. Bu dava-dalaşın, qan-qadanın axırı nə oldu? Ağaəsədlə qardaşı arvadı Sahibə öldü, Əsədə də on iki il iş verdilər. Hər iki ailə dağıldı, uşaqları başsız qaldı.

Məcid kişi fikrə getdi: “Arvad düz deyir, bu uşaqların bir xətası var. Axırda elə iş tutacaqlar ki, yanıb-yaxılacağıq. Əlimiz heç yana çatmayacaq”.

Məcid kişi əvvəlcə Əli ilə Vəlini, onlar gedəndən sonra gəlinləri çağırıb başlarına ağıl qoydu. Durub getdilər. Amma onların qırımından Məcid kişi başa düşdü ki, dediklərinin xeyri olmadı. Oğulları da, gəlinləri də qan-qan deyirdilər.

Əli Vəlidən anlaqlı çıxdı. Yığışıb ailəsi ilə birlikdə bu rayondan baş götürüb çıxdı. Qonşu rayonda iş tapıb mənzil kirayələdi. Arvadı işləmirdi, uşaqları balaca idi. Maaş ailəni güclə görürdü. Ev sahibi Dadaş xeyirxah adam idi. Əlinin çətinlik çəkdiyini, ehtiyacdan boğulduğunu görüb güzəştə getdi:

-Sənin vəziyyətini başa düşürəm. İndi kirayədə qala-qala ev dolandırmaq müşkül məsələdir. Qərara aldım ki, daha sizdən kirayə haqqı almayım. Nə zaman fərli bir iş taparsan, əlin gətirər, onda başlayarsan kirayə haqqı verməyə. İnsanıq, bir-birimizə əl tutmalıyıq.

Əli onun əlinə-ayağına düşdü. Sevindiyindən bilmirdi nə etsin.

Əlinin ailəsi də böyüklü-kiçikli Tükəzban arvada duaçı oldular.

Haradasa bir il keçdi. Hiss olunurdu ki, Əli özünə gəlirli iş tapıb. Yerində dingildəyir. Özünün, arvadının, uşaqlarının əyin-başına fikir verir, evinə yaxşı bazarlıq edir. Amma özünü o yerə qoymur, kirayə haqqı barədə fikirləşmirdi.

Bunu görən ev sahibi Dadaş hövsələsini basıb dinmir, Əlinin insafa gələcəyini gözləyirdi.

Bir gün Dadaş evə gələndə gördü ki, həyətinə bir neçə maşın daş tökülüb. Əli ilə görüşüb, ondan soruşdu:

-Bu nə məsələdir? Bu daşları bura kim töküb?

Əli heç nə olmayıbmış kimi:

-Mən tökdürmüşəm, – dedi. -Çox götür-qoy etdim. Fikirləşdim ki, nə vaxta qədər onun-bunun evində yaşayacağam. Mən də bir kişiyəm, mənim də öz evim olmalıdır.

Dadaşın dayanıb baxdığını görüb əlavə etdi:

-Deyirəm, özümə ev tikdirim.

Dadaş key-key və təəccüblə ona baxırdı. Axırda dilləndi:

-Özünə evi burada, mənim həyətimdə tikmək istəyirsən?

Əli sinəsini qabağa verib: 

-Hə, başqa harada tikəcəyəm ki?! – deyə suala sualla cavab verdi. -Bir ildən çoxdur burada yaşayıram.

Dadaş ürəyini tutdu:

-Bura axı sənin yox, mənim həyətimdir.

Əli ayağını daşlardan birinin üstünə qoyaraq, etinasız şəkildə bildirdi:

-Nə olsun sənin həyətindir. Həyətin genişdir. Qorxma yerini dar eləmərəm. Həyətin bir küncündə tikərəm evi, çox o yan-bu yan eləsən, hasar çəkdirib, aranı bağlaram. Narahat olma.

Dadaş cin atına mindi:

-A kişi, necə yəni narahat olma. Sənə kim icazə verir ki, mənim həyətimdə özünə ev tikəsən? Məndən icazə almısanmı? Bir soruşmusan ki, olar-olmaz?

Əli siqaret çıxarıb alışqanla yandırdı, bir qüllab vuraraq tüstünü havaya buraxdı:

-Soruşmağa nə ehtiyac? Qanunla sənə 6 sot torpaq düşür. Amma hesablamışam ki, əslində sənin 8 sot torpağın var. Çox o yan, bu yan edərsən, gedib, şikayət edərəm ki, artıq torpaq sahən var.

Matı-mutu quruyan Dadaş artıq nə deyəcəyini bilmirdi. Əli artıq həyasızlıq edirdi:

-Əli, təqsir səndə yox, məndədir. Küçədə qalmışdın, sənə həyətimdə yer verdim, sonra kirayə haqqı almadım. Son bir ildə işığının, qazının, suyunun pulunu da mən ödəmişəm.

Əli özünə qoyulmurdu ki, qoyulmurdu. Dadaşın dediklərini heç vecinə almırdı:

-Bunlar hamısı bir vətəndaş kimi sənin borcundur. Əlsizə, köməksizə əl tutarlar. Kəsəsi, nəs gətirib mənə mane olma, qoy işimi görüm, bənna çağırmışam, sabah gəlib evin bünövrəsini qazacaqlar.

Dadaş onu dilə tutmağa, bu axmaq fikrindən daşındırmaq istədi:

-Əli, sən tərslik eləmə, adam ol, ev tikmək istəyirsınsə, get icra hakimiyyətinə, bələdiyyə idarəsinə, özünə torpaq istə. Yer ayırsınlar, harada istəyirsən ev nədir, lap imarət tik.

Əli əlini yellədi:

-Bu rayona pasport qeydiyyatım yoxdur. Torpaq ayırmazlar. Həm də dağa-daşa niyə düşüm? Hazır yer, boş torpaq var da…

Dadaşın başına sanki qaynar su tökdülər. Ağzı köpüklənə-köpüklənə:

-Əli, sən nə həyasız adam imişsən! Sənə adam, insan deməyə də dilim gəlmir. Adam olsaydın, öz rayonundan didərgin düşməzdin. Atalarımız doğru deyib: “Yersiz gəldi, yerli, qaç!” Eybi yoxdur, Əli, madam ki belədir, bu evi-eşiyi, həyəti sənə bağışlayıb, mən gedərəm bu həyətdən!

Onun sözlərini eşidən Əlinin gözləri güldü:

-Doğrudan? Sən nə yaxşı adamsan? Başa düşənsən!

Bunu görən Dadaş:

-Ay sən öləsən! – dedi. -Bu dəqiqə şələ-küləni də, ailəni də götürüb bu həyətdən, kirayəsini verməyib neçə aylar yaşadığın evdən rədd ol! Bildin! Bu dəqiqə qohum-əqrəbamı, oğullarını tökəcəyəm bura.

Əli yerində donub qaldı. Dadaş var gücü ilə qışqırdı:

-Eşitdin? Bir saat sənə vaxt verirəm. Tərpənməsən, səni bu həyətdə sürüyüb, sonra çölə atacağam! Nankor!

Bakı şəhəri, 23 yanvar 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV, ANONİM

ANONİM

(hekayə)

Rəna nişanlı idi.Oğlan evi daha deməkdən, eşitdirməkdən yorulmuşdu ki, ta bəsdir, gəlini aparmaq istəyirlər.

Tariyel bu gün, sabaha salır, toyu ləngidirdi. Bəhanəsi də bu idi ki, qız ali məktəbi qurtarsın, bəzi cehiz şeyləri alınmalıdır və sair və ilaxır.

Oğlanın atası: “Ev mebel-filanla doludur. Əslində cehizə ehtiyac yoxdur”.

Amma kimə deyirsən? “Eşidən bilən nə fikirləşər?”

Tariyelin də Gülbacının da sözü bu idi.

Axır ki, qız evi insafa gəldi. Dədə-baba qaydası ilə əvvəlcə qız evi, sonra da oğlan evi toy etməli idi. Qız ikinci toyda, oğlanın toyunda gəlin köçəcəkdi.

Bəylə gəlin sevinc içərisində idilər. Tezliklə qovuşacaq, bir ailə olacaqdılar.

Tariyel dəm-dəsgah tərəfdarı deyildi. Qızına yığcam bir toy etmək istəyirdi. Şura hökuməti illərində belə toylara “Komsomol toyu” deyərdilər.

Lap əvvəllər – bəlkə də 50-60 il bundan qabaq tək-tük adam qız toyu edərdi. Ona da qəribə baxardılar. “Qıza da toy edərlər?” Qız toyu sonralar dəbə düşdü.

Tariyel təmtəraqlı toy etməyin, toya 300-500 adamın çağırılmasının əleyhinə idi. “50-100 nəfər qonaq oldu, kifayətdir. Yoxsa çox tünlük olur. Ağız deyəni qulaq eşitmir, toyu aparanı, təbrik deyənləri dinləyən olmur.

Hələ bu, bir yana qalsın. Toy edənlər əslində toydan xeyir götürmürlər, yığılan pulları  sayıb əsas hissəsini şadlıq evinin yiyəsinə, bir də musiqiçilərə verirlər. hətta bəziləri “Birdən qədərincə pul yığılmaz” deyə özü ilə ehtiyat pul da götürürdülər: Belə halda şadlıq evinin sahibinə “İcazə ver, gedim evdən pul gətirim” – deməyəcəkdi ki…

Əlqərəz Tariyellə Gülbacı bir siyahı tutdular. Öz bacı-qardaşlarına, ən yaxın qohumlarına, oğlan evinə, qonşulardan bəzilərinə, Rənanın iş yoldaşlarından bir qisminə dəvətnamə yazdılar.

Tariyelin iş yoldaşları gileyləndilər:

-Bizi niyə toya  çağırmırsan? Özünə yaraşdırmırsan?

Tariyel onları bir-bir qucaqlayaraq könüllərini aldı:

-Ay canım, yaraşdırmaq məsələsi deyil. Hamınızzın xətrini istəyirəm. Siz Allah inciməyin. Kiçik bir şadlıq evi tutmuşam. Çox adam çağırmaq istəmirəm. Ancaq qohum-əqrəbadır. Yerim azdır. Oğlumun toyunda iştirak edərsiniz. Hökmən çağıracağam.

Nə isə… Bir həftə  sonra “Ağ çiçəyim” şadlıq evində qız toyu keçirildi. Gəlinlik paltarında ağ göyərçinə oxşar gözəl-göyçək Rəna nişanlısı Mahir qoluna girib “Vağzalının” oynaq sədaları altında salona daxil oldu. Nikah bağlandı, sonra bəylə gəlin keçib onlar üçün ayrılmış yerdə əyləşdilər.

Toy Tariyelin arzu etdiyi şəkildə çox yaxşı keçdi. Az adam çağırdığına görə heç də peşman da olmadı.   

Məclis yavaş-yavaş dağılmaqda idi. Gəlinlik paltarında ağ göyərçinə bənzər gözəl-göyçək Rəna nişanlısı Mahirə sığınaraq salonu tərk etdi. Bəylə gəlin bəzəkli maşına əyləşib xoşbəxt günlərini yaşamaq, qoşa qarımaq, oğul-uşaq sahibi olmaq üçün oğlan evinə yola düşdülər.

Gülbacı bir tərəfə çəkilib gözünün yaşını tökürdü. Bu, sevinc yaşları idi: “Atalarımız doğru deyiblər: “Qız gözünü açıb deyər: bura bizim ev deyil”, “Qız köçəri quşdur”.

Gülbacı gözünün yaşını silib öz-özünə: “Mənim balam da pərvazlanıb uçdu! – dedi. -Allah xoşbəxt eləsin!”

Tariyel oğlu Tofiqlə  şadlıq evindəki otaqlardan birinə keçdi. Üzərində “Qız evi” yazılmış qutu açıldı. Toya dəvət edilənlərin adları yazılmış zərflər stolun üstünə töküldü. Onlar bir-bir açılır, zərflərin içərisindəki pullar sayılırdı: Əlli Ayaqlıyev – 50 manat,  Gülmə Şəkərova – 50 dollar, Şir Aslanov – 100 manat.

Tariyel birdən əl saxladı. Bu zərfin üzərində  kiminsə adı deyil, sadəcə “Anonim” sözü yazılmışdı.  Zərfin içərisinə də 150 manat pul qoyulmuşdu.

Tariyel fikrə getdi: “Bu kim ola?”

Birdən iş yoldaşlarından Maqsudun sözləri yadına düşdü. Tariyel onlara: “İndi sizi toya çağırmıram, oğlumun toyuna gələrsiniz” deyəndə Maqsud: “Çağırmırsan, çağırma, amma mən toya gələcəyəm”.

Tariyeli gülmək tutdu: “Bu, Maqsudun işi olacaq. Ay xətakar!”

Tariyel düz tapmışdı. Növbəti gün məlum oldu ki, Maqsud Tariyelin gözünü oğurlayıb həqiqətən toyda iştirak etmiş, yaxşıca yeyib-içib, dincəlmiş, kefi saz evinə yollanmışdı.

                                   01 aprel 2021-ci il.


Müəllif:
Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru