Etiket arxivi: Əntiqə Rəşid

TƏKCƏ SƏN BAĞIŞLA! – ƏNTİQƏ RƏŞİD

Əntiqə RƏŞİD – jurnalist, yazar.

(Hekayət)

Yasəmən yuxudan öz çığırtısına oyandı. Alnı, boyun-boğazı tamam tər içində idi. Bir anlıq gördüklərinin yuxu, yoxsa, gerçək olduğunu ayırd edə bilmədi.Ayılsa da, yuxunun təsirindən çıxa bilmirdi. Yerinin içindən əlini uzadıb, çarpayının sol tərəfindəki kiçik mizin üstündə olan qrafindən bir stəkan su süzüb içdi. Saata baxdı. Saat 14:00 idi. Körpəni yatızdıranda yuxuladığının fərqində olmamışdı. Çarpayının sağ tərəfindəki beşiyə boylandı. Təəccübləndi. Uşaq çoxdan oyanmışa oxşayırdı. Özü də adətinin əksinə sakit-sakit baxırdı. Nə ağlayır, nə də ağlamağa hazırlaşırdı.
Yasəmən körpənin bələyini dəyişdirdi. Onu yedizdirdi. Yenidən beşiyinə qoydu. Körpə yatmaq əvəzinə verdiyi suala cavab gözləyən adamlar kimi gözünü geniş açaraq, anasına baxırdı. Yasəmən beşiyi xeyli silkələyəndən, layla deyəndən sonra körpə yenidən yuxuya getdi. O, körpənin çirkli əskilərini götürüb həyətə düşdü. Çöldə ocağın üstündə qaynayan iri, qara qulplu qazandan vannaya su töküb, paltarları yumağa başladı. Bayaqdan fikrindən qovub-çıxarmağa çalışdığı yuxu yenidən yadına düşdü. Bir anlıq canına üşütmə keçdi. Fikirləşməyə başladı: “Nənəm deyərdi ki, ağır yuxunu axar suya danış, bir də nəzir çıx, hər şey ötüb-keçəcək”.
Paltarları yuyub, qurtardı. Bağçanı suvarmaq üçün həyətə yoğun su arxı gəlirdi. Bu arxın suyu ilə qonşu həyətlərin ağacları da suvarıldığı üçün heç vaxt suyu qurumazdı. Sabunlu paltarları yığdığı vannanı başına götürüb, arxa tərəf üz tutdu. Vannanı arxın kənarına qoyub, dizi üstə çökdü. Asta və arxayın səslə yuxusunu suya danışmağa başladı. “Gördüm ki, həmin bu arxın yerində böyük bir çay axır. Amma çayın suyu qapqara palçıq kimi idi. Çay həm burulğanlı, həm də iti-iti axırdı. Ona görə də çox vahiməli görünürdü. Əkbər əlində bel bu vahiməli suyun qarşısını kəsməkmi, yaxud da qurutmaqmı fikri ilə çaya yaxınlaşdı. Bellə suyun qabağına torpaq tökməyə başladı. Birdən ayağının altındakı altı ovulmuş böyük bir torpaq parçası ilə bərabər çaya yıxıldı. O, palçıqlı, köpüklü sularla çarpışmağa, əl-qol atmağa başladı. Mən də özümü çaya atmaq, ona kömək etmək üçün irəli atıldım. Amma kimsə arxadan qollarımdan, qıçlarımdan bərk-bərk yapışaraq, məni tərpənməyə qoymadı. Azğın sular bir azdan Əkbəri sanki uddu. Mən çay aşağı, çay yuxarı, həyəcanla, qışqıra-qışqıra “Əkbər” deyə haraylayırdım. Öz qışqırığıma yuxudan oyandım. Ey bu suyu-seli yaradan Allah, sən özün Əkbərimə kömək ol!” Dedi və ağlamağa başladı. Ağlaya-ağlaya paltarları yuyur, nə qədər çalışsa da yuxunun təsirindən çıxa bilmirdi.
Paltarları zivəyə sərib, tələsik evə keçdi. Körpə hələ yatırdı. Rahat nəfəs aldı. Ev-eşiyə əl gəzdirmək, sil-süpür etmək istədi. İş görməyə heç həvəsi qalmamışdı. Narahatçılığı, fikrinin qarmaqarışıq olması onu tamam yormuşdu. Taqətsiz halda çarpayının küncündə oturdu. Dirsəyini dizlərinə dayayaraq, əllərini çənəsinin altında çarpazladı. “Birdən Əkbərə bir şey olsa… Allah eləməsin, dilim tökülsün, onda mən neyniyərəm, iraq olsun!” Ağlına gələn bu qəfil fikir Yasəməni necə qorxutdusa, əti ürpəşdi. Sanki kürəyinin arasından ilan keçdi. Heysiz-heysiz çarpayıya uzandı. Xəyala daldı. Yaşadığı həyat kino lenti kimi gözü qarşısında canlandı.
Ailədə beş uşaq idilər. Özündən böyük iki qardaşı, özündən kiçik iki bacısı vardı. Böyüklərinin 16 vardı, kiçiklərinin isə heç 2 yaşı olmazdı. Ata-anası, bacı-qardaşı və nənəsi Bəyimlə ikimərtəbəli, eyvanlı, bağçalı evlərində hamı kimi adi həyat sürürdülər. Atası kolxozda traktorçu, anası pambıqçı idi. Hər ikisi bütün mövsümü tarlada olur, gecə-gündüz çalışır, uşaqların korluq çəkməməsi üçün hər zəhmətə qatlaşırdılar. Bəyim nənə qoca olduğu üçün uşaqların yeməyini vaxtlı-vaxtında ancaq hazırlayırdı. Odur ki, anası tarladan, ağır çöl işindən gələndən sonra dincəlməz, paltar yuyar, evləri təmizləyər, mürəbbə bişirər, banka bağlayardı. Gecənin bəlkə də bir-iki saatını yatar, sübh tezdən yenidən tarlaya üz tutardı. Beləcə, günlər bir-birini əvəz edər, uşaqlar yavaş-yavaş böyüyərdilər. Artıq Yasəmən də 6-cı sinifdə oxuyurdu.Oktyabrın əvvəlləri idi. Yasəmən səhər dərsə gedəndə ilk dəfə anasının tarlada yox, evdə olmasına təəccübləndi:- Ana, işə getməmisən?Anası başı ilə işarə edərək, “yox” cavabını verdi.- Niyə?Anası əli ilə onu yanına çağırdı. Pıçıltı ilə – “yaxın gəl” – dedi. Yasəmən yaxınlaşıb, anasının sinəsinə sarı əyildi. Anası əvvəl heysiz qolları ilə onu sinəsinə sıxıb ürəkdolusu qoxladı, sonra alnından, üzündən, gözlərindən öpməyə başladı.Yasəmən ağlı kəsəndən anasından ilk dəfə idi ki, belə səmimi nəvaziş görür və bununun təsirindən key kimi baxırdı:- Bacılarına yaxşı bax!- Baxıram də! Sən niyə işə getmədin?- Xəstələnmişəm, atan həkim dalınca gedib. Həkim gəlib, iynə vursa, sağalıb, gedəcəm işə…Yasəmən “sağ ol!” deyib, qapıya sarı getdi.- Yasəmən!- Hey!- Balam, bəs sən ananı öpmürsən?- Gələndə öpərəm! – dedi və qaçaraq həyətdən çıxdı.
Dərsləri saat 2-də qurtardı. Yaman acmışdı. “Anam yaxşı ki, bu gün evdədi, dadlı bir şey bişirər, yeyərəm. Yoxsa, nənəm ya duzun yaddan çıxarır, ya da yeməyə o qədər duz vurur ki, yeyəndən sonra, axşama qədər elə su içirik”.
Məktəbdən gələn uşaqların səs-küyü onu fikrindən ayırdı. Yanından həm də dəstə-dəstə qara geyimli, qara yaylıqlı qadınlar da ötüb-keçirdi. Hikkə ilə başını yana çevirdi. Yasəmənin onlardan çoxdan zəhləsi gedirdi. Çünki, bir neçə il bundan əvvəl böyük otaqda həmin bu qara geyimli, qara yaylıqlı qadınlar onun çox istədiyi babasını ortaya uzadıb, elə ağlayır, elə “şaxsey-vaxsey” deyə çığırırdılar ki, Yasəmən qorxusundan bir neçə gün xəstə də yatmısdı. Onların ayağı həyətlərindən çəkilməyincə həm qonşuları, həm də bibisi Minagildən evə gəlməmişdi. Gəlib görəndə babası evdə yoxdu, yəqin etmişdi ki, babasını mütləq o qara geyimli, qara yaylıqlı qadınlar aparıb. Elə o vaxtdan da onları görən gözü yox idi. Onlar tərəfə baxmasa da o, dəstənin ona diqqətlə göz gəzdirdiyini hiss edirdi. İçlərindən biri “tifil, bu gündən yazıq oldun!” dediyini eşitdi.Yasəmən ətrafına baxdı. Yolda bir dəstə qadından, arxadan gələn bir dəstə şagirddən, bir də özündən başqa heç kəsi görmədi. “Görəsən, yazıq kimə deyillər? Mənə? Yazıq özləridi!”Diqqətlə baxdı, qadınlardan birini tanıdı. “Firuzə xaladı, neynək nənəmə deyərəm, sizin cavabınızı verər”. Dodağının altında danışa-danışa evlərinə tərəf addımlarını yeyinlətdi. Evlərinə yaxınlaşdıqca hər aralıqdan, hər döngədən eynən, bayaqkı qara geyimli, qara yaylıqlı qadınlar daha çox görünməyə başlayırdı. Evlərinə bir tin qalmış ayaq saxladı. Yenə də həmin “şaxsey-vaxsey” deyənlərin tükürpədən səsi kəndi başına götürmüşdü. Səsdənmi, yoxsa səsin məhz onların həyətindən gəlməsindənmi, ayaqları titrəməyə başladı. Zəif addımlarla həyətə yaxınlaşdı. Həyət qara geyimli, qara yaylıqlı qadınlarla, başlarını yerə dikib, siqaret çəkən kişilərlə dolu idi. Ağappaq saçları üz-gözünə dağılmıs Bəyim nənə sanki rəqs edirdi. O da Yasəməni görən kimi – “can ay bala, yazıq, tifil bala!” – deyərək, hönkürdü və onu qucaqladı. Həyətin bir küncündə qardaşları diz üstə çökərək, özlərinə yaraşmayan səslə ucadan ağlayır, atası onları sakitləşdirməyə çalışır, gah da özü də onlara qoşulub ağlayırdı. Bacıları isə hərəsi bir qohumun yanında durub, gördükləri mənzərəyə sakit-sakit tamaşa edirdilər. “Bəs, anam hanı?” kəlməsini özündən asılı olmadan, elə ucadan dedi ki, camaatın üzərinə elə bil su ələndi. Hamı susdu. Yasəmən qaçaraq böyük otağa girdi. Evin ortasında kimisə uzandırmışdılar. Özərinə qara yaylıq, yaylığın da üstünə bir güzgü qoymuşdular. Yasəmən bunlara ötəri bir nəzər salıb, tez anasının səhər uzandığı çarpayı olan otağa keçdi. Çarpayı bomboş idi.Heç üstündə yorğan-döşək də yox idi. Çarpayının yanında durub, xəcalətli-xəcalətli baxan qohum-əqrəbaya bir nəzər saldı: “Demiyəssiniz, anam hanı?”Ağlaşma səsi yenə otağı başına götürdü. Hamı ona izah etməkdən, ağlamağı üstün tuturdu. Bəyim nənə irəli çıxdı. Yasəmənin əlindən tutub, ortada uzadılmış, üstü qara örtüklüyə yaxınlaşdı. Örtüyü çəkdi. Örtüyün altından anasının gündən yanıb-qaralmış çöhrəsi göründü. Elə bil, anası pambıq yığmaqdan yorulub, yatmışdı. Yasəmən dizlərini yerə qoyub, anasının yanağından öpdü. Dayanıb xeyli gözlədi. Anasından bir səs çıxmadığını görəndə, balaca əlini uzadıb, anasının üzünü sığalmağa başladı. “Ay ana, mənəm ey, Yasəmən, dur, dur, qadan alım, ana!” Yasəmənin zəif-zəif pıçıltısına, sakit axan göz yaşlarına diqqət kəsilən qadınları elə bil qəflətən ilan sancdı. Yenə ağı səsi, layla səsi evi, həyəti bürüdü.İndi neçə illər keçsə də, Yasəmənin qara geyimli, qara yaylıqlı qadınlara olan nifrəti səngimirdi. Onların evlərinə ayaq açması elə bil Yasəmənin yetimliyinə, yetimliyin verdiyi əzablara səbəb olmuşdu.Yasəmən artıq 15-16 yaşından evin ağırlığını arıq çiyinlərində daşıyırdı. Ögey ananın danlağı da bir yandan…Sonradan atası təzə arvadını da götürüb getdi. Kəndin başqa səmtində ev tikdirib, yaşamağa başladı və o gündən Yasəmən yetimçiliyinin birə beş artdığını hiss etdi. Kiçik qardaşı evin ağsaqqalı, kişisi olmuşdu (Böyük qardaşı atası ilə mübahisə etdikdən sonra uzaq qohumlarıgildə qalırdı). Heyvana, mala baxırdı. Yasəmən isə bacılarına qayğı göstərir, evləri təmizləyir, heyvanları sağır, pambığa gedir, toyuq-cücə saxlayır, bir sözlə, esl ev qadını kimi hər işin öhdəsindən gəlməyə çalışardı. Başqa əlacı yox idi. Uşaqlığı nə vaxt ötdü, yeniyetmə dövrünü necə yaşadı, bilmədi. Bir zaman anladı ki, gənc qız olub. Tay-tuşları bəzəkli-düzəkli, şən çağlarını yaşayanda, sevib-seviləndə Yasəmən evin qarğaşasını çəkmək məcburiyyətində idi. 22 yaşın şirinliyindən xəbərsiz…Qəribə idi, bu qızla heç kəs maraqlanmazdı. Elə bil kəndin cavanları qızın varlığını unutmuşdular. Yasəmən heç incimirdi də. Çünki, hərdən təsadüfən güzgüyə gözü sataşanda gündən, şaxtadan qaralmış, kobudlaşmış sifətini, çəlimsiz vücudunu, bəzən həftələrlə daraq dəyməyən saçlarını, yaşamaq şövqü sönmüş, əzabdan başqa heç nə ifadə etməyən gözlərini görər, ürəyi sıxılardı və güzgüdən aralı gəzməyə çalışardı. Beləcə, günlər öz axarı ilə keçirdi.Bir gün pambıq yığımından gəlirdi. Balaca bacısı Şəfəq qarşısına yüyürərək – “Əkbər qaqa əsgərlikdən gəlib, bizdədi” – xəbərini verdi və gəldiyi kimi də pilləkəniəri qalxıb, özünü evə saldı. Yasəmən də içəri keçdi. Nənəsinin yanında stulda üç il bundan əvvəlki Əkbərdən xeyli fərqli bir oğlan əyləşmişdi. Yasəməni görən kimi ayağa qalxdı. Əl-ələ tutuşdular.- Həmişə evinizdə-eşiyinizdə!- Sağ ol! Yaxşı, nənə, sən də sağ ol, tez-tez yanına gələjəm.Yasəmən Əkbərin arxasınca xeyli baxdı. Dərindən köks ötürdü. İlk dəfə idi ki, nəsə bir xəyal qurmağa, qəlbinə bir işıq salmağa çalışdı. “Yox, yox, özünü ümidləndirmə, Yasəmən, kənddə Gülər kimi, Aytəkin kimi, Vəfa kimi qız ola-ola, heç kim, heç Əkbər də sənə baxmaz. Sən kiməsə lazım olsaydın, heç olmasa bir dəfə adın çəkilərdi. Olmaz-olmaz!” Deyəsən, “olmaz” sözünü qeyri-ixtiyari ucadan demişdi. Nənəsi başını balışdan qaldırıb “nə olmaz, başına dönüm” dedi. “Heç, heç, nənə, heç” – tez cavab verdi, nənəsinin onun fikirlərini duyacağından ehtiyatlandı.Bir müddət Yasəmən Əkbəri görmədi. Sonra tamam unutdu. Qayğıları başını qatdı. Aradan 4-5 ay keçmişdi. Yaz çoxdan gəlmişdi. Yavaş-yavaş obada xeyir işlərə başlanılırdı. Elə həmin günlərdə Şəfəq xəbər gətirdi ki, Əkbər qaqamı evləndirmək istəyirlər, qız tapıblar. Yasəmən həyəti süpürə-süpürə guya ki, elə-belə soruşur kimi:- Bilmədin kimdi qız?- Yox, soruşdum ey, Mina bibim dedi ki, tezliklə bilərsən, toy olanda!Yasəmən özünü o yerə qoymasa da, ürəyini dərin bir kədər aldığını hiss etdi. “Niyə bu Əkbər gəlirdi, qala bilməzdi o Rusiyada?! İşləyərdi, pul qazanardı, çox vacib idi gəlməyi?” – fikirləşsə də, qəlbinin dərinliyində Əkbəri alacağı qıza qısqandığını anladı. Anlayan kimi də pərt oldu. Özünü danlamağa, söyməyə başladı və “Əgər bir də onu fikirləşsəm, Allah mənə qənim olsun” – deyə söz verdi. Həyəti süpürüb qurtardıqdan sonra zibili balaca əl arabasına yığıb, həyətdən çöldə atasının vaxtilə qazdığı dərin çalaya tökdü, geriyə dönərkən Əkbəri qarşısında gördü.- Salam, nətəhərsən?- Sağ ol. Sən nətəhərsən?- Yaxşı.Yasəmən cavab gözləmədən həyətə girdi. Yenidən zibil dolu araba ilə çalaya yaxınlaşdı. Əkbər hələ burda idi. Bu dəfə Yasəmən özünü görməməzliyə vurdu. Əkbər asta addımla ona tərəf gəldi.- Yasəmən, ayaq saxla, səninlə işim var.- Mənnən?.. Nə işin?.. – təmkinli görünsə də içəridən ürəyi sanki sapdan qırılıb düşdü.- Məni evləndirmək istəyirlər. Mənim də istədiyim yoxdur deyə, evdən səni məsləhət görürlər! Sən nə deyirsən?Yasəmən başını qaldırmasa da, ürəyinin içində sevindi. Bilmədi nə desin. Desin ki, “özün necə məsləhətdi o cür də et. Hə… yaxşı cavabdı. Qoy elə belə də deyim”.Əkbər gözləyirdi.Yasəmən gözlərini ayaqqabısının ucundan çəkib, Əkbərin üzünə baxdı. O an elə bil Yasəməni cərəyan vurdu. Əkbər Yasəmənin pırtlaşıq saçlarından tutmuş, ayağındakı köhnə kişi çəkmələrinə qədər elə mərhəmətlə süzürdü ki, elə bil səxavətli bir dövlətli sədəqə yolu gözləyən bir dilənçiyə baxırdı. İndicə qurduğu xəyalları bir andaca heçə döndü. “Aman Allah, yəni yazıqlığım bu qədər qabarıqdır?” – düşündü. Gözlərinə yığılmış yaşları içərisinə axıdaraq, özündən asılı olmadan qəhər, qəzəb qarışıq bir səslə:- Əkbər, sağ ol, mənə sədəqə həyat lazım deyil! Mən yazıq deyiləm! Səni məcbur edənlərə də bildir ki, mən dilənçi deyiləm! Nahaq yerə də səni yormasınlar!Dedi və arxasına baxmadan həyət qapısını taqqıltı ilə örtüb, içəri girdi.Əkbər elə bil yerinə mıxlandı, yəqin ki, belə cavab gözləmirdi, fikirləşirdi ki, Yasəmən sevinəcək, hələ lap bəlkə sevindiyindən ağlayacaq, ordaca “hə” deyəcək. Bir həftəyə nişan da olacaq, toy da. Heç gözəmirdi, “sənə də yox deyən tapılarmış, ay Əkbər”…Axşam evə pəjmürdə döndü. Əhvalatı danışdı. Hamının təəccüblü baxışlarından oxunurdu ki, onlar belə cavab gözləmirdilər. Hərə bir təklif verdi, biri dedi, başqasını seç, biri dedi, götür qaç… Təkcə Əkbər dillənmirdi. Qızın hərəkəti onu sillə kimi tutmuşdu. Elə bil bu sillə onu silkələdi. “Yox, o, mənə rədd cavabı vermədi, “məni sev, – dedi, – hər bir qız kimi mənim də sevgiyə ehtiyacım var. Mərhəmətə yox, məhz sevgiyə!”Onun təəssüf dolu gözləri bunu söylədi. O gözlər ki, kədərlə dolu olsa da, dərinliyində şam kimi şölələnən xırda bir ümid işarırdı.O şölə, o ümid Əkbəri rahat buraxmır, onu cəzb edirdi. Sanki “məni düşün, məni anla”, – deyə haray qoparırdı. Əkbər demək olar ki, hər gün, hər an Yasəmənin bir az dəyişərək, başqalaşdığını hiss edirdi. Yasəmən elə bil günü-gündən gözəlləşir, vüqarlanır, əlçatmaz olurdu. Bəlkə də bu, Əkbərə elə gəlirdi.Amma içindən hər gün bir istək cücərir, boy atırdı. Kənardan da olsa, onu görmək, ona daha diqqətlə baxmaq, heç olmasa bir neçə kəlmə demək istəyirdi. Amma bacarmırdı. Yasəmənin onu görəndə turşutduğu sir-sifəti, bəzən o olan tərəfə belə baxmaması Əkbərin əl-qolunu bağlayırdı.Beləcə bir-iki ay da ötdü. Artıq Əkbər özü də bilmədən Yasəməni fikrindən çıxara bilmirdi. Beləcə, onu ürəyinə həkk edirdi.Payızın gəlməsinə az qalmışdı. Toy-düyünün başlamaq vaxtı idi. Əkbərin evlənmək məsələsi ailədə yenə müzakirə olunurdu. Təbii ki, bu dəfə Yasəmənin deyil, kənddə ən gözəgəlimli qızların adı çəkilirdi. Əkbərsə susur, öz fikrini bildirməyə tələsmirdi. “Yasəmənlə danışmasam, bunlara heç nə deyə bilmərəm”, – deyə fikirləşirdi.Evdən çıxıb dayısıgilə yol aldı. Şəfəq həyətdə tut ağacının altında evcik qurub, öz-özüylə oynayırdı.- Şəfəq, nətəhərsən?- Əkbər qaqa, sağ ol, sən nətəhərsən?- Əla, de görüm evdə kim var?- Nənəm yatıb, Mahir (qardaşı) gedib qoyun otarmağa, Sona (bacısı) əmigilə gedib…- Yaxşı, bəs Yasəmən hanı, Yasəmən?- Kəhrizə getdi, paltar yumağa.- Hə… sağ ol, ay Şəfəq!Cəld darvazadan çıxaraq, kəhrizə tərəf yollandı. Günortanın istisi olduğu üçün kəhrizdə Yasəməndən başqa heç kim yox idi. Başı paltar yumağa elə qarışmışdı ki, arxadan kiminsə yaxınlaşdığından xəbəri olmamışdı.- Yasəmən!- Bismillah, hey!- Qorxutdum səni?- …Əkbər bir az da irəlilədi. Gözlədi. Yox, deyəsən Yasəmənin cavab vermək nədi, heç o tərəfə baxmaq fikri də yox idi. Bu dəfə qızın biləyindən yapışdı:- Eşitmirsən? İki kəlmə sözüm var, dinlə. Sonra yenə işini görərsən.- Burax qolumu… hə indi sözünü de!Əkbər baxdı, baxdı, bilmədi hardan başlasın, nə desin…”Axı bu, mərhəmət hissi deyil, məhəbbətdi, görmürsən?”Deyəsən, axırıncı hissəni ucadan demişdi, yox daha fikirləşməyin yeri deyildi. Neçə vaxtdır beynində, ürəyində dəfələrlə götür-qoy etdiyi sözləri həyəcanla, eyni zamanda, aramla söyləməyə başladı:- Yasəmən, bu mərhəmət deyil. Vallah! Sən, məni rədd edənə qədər elə idi. Rədd cavabınla gözümdə dəyişdin, qeyri-adi oldun, anladım ki, adi qızlara yanaşdığım kimi sənə yanaşa bilmərəm. Səndə, sənin içində bir başqa dünya var. Bax, o dünyadakı amiranə, qürurlu, sevgiyə möhtac, saf qızı gördüm. Görən kimi də vuruldum. Bəlkə də səni heç kim mənim qədər görməz, tanımaz! Sənin indiyə qədər çəkdiyin əzabları ən güclü insanlar çəkə bilməz. Demək, mən ailə quracağım adamı tapmışam. Həyat yolumda səninlə çətin olmayacaq.- Mən nənəmə, bacılarıma baxmalıyam!- Kimə istəyirsən bax, kimə istəyirsən qulluq elə, mən sənin yanında olmaq, həyat yolumu səninlə addımlamaq istəyirəm. Sənə söz verirəm, səni xoşbəxt edəjəm, səninlə xoşbəxt olajam… Axşam cavabını almağa gələjəm, – dedi və gəldiyi kimi də iti addımlarla uzaqlaşdı.Yasəmən gülmək, sevinmək istəsə də, buna ürəyi gəlmirdi. Elə bilirdi ürəkdən sevinsə, sevinci bitib-tükənəcək, yenə də hər şey əvvəlki kimi yeksənəkliyinə dönəcək.Paltarları necə yuyub vannaya yığdığını, “Kəhrizin təpəsi” deyilən təpəni də necə aşdığını bilmədi. Paltarları necə gəldi, hər ucu bir tut ağacının gövdəsinə bağlanmış zivəyə sərdi. Pilləkənləri qaçaraq çıxıb, təngənəfəs özünü otağa saldı. Bir söz söyləmədən nənəsini sinəsinə sıxıb, bərk-bərk qucaqladı, çalmasının kənarından çıxan ağ saçlarından, nurdan düşmüş gözlərindən öpməyə başladı. Bəyim nənə həmişə qayğılı, kədərli gördüyü nəvəsinin belə sevinməsinə təəccüblənsə də, tez də hər şeydən agah adamlar sayağı dodaqaltı gülümsədi.- Noolub, ay bala, xeyir olsun?- Nənə, axşam Əkbər bizə gələjək!- Noolsun, Əkbər elə hər gün gəlir də!..- Yox ey, ay nənə, bu dəfə ayrı cür gəlir!- Nətəhər?- Utana-utana! – deyib, əlini-əlinə vurub, ucadan güldü…***Bu gün Yasəmən gəlin köçürdü. Deyirlər, əynində gəlinlik paltarı olan qıza Allah həmin gün xüsusi gözəllik bəxş edir. Böyük bədənnüma güzgünün qarşısında özünə baxmaqdan doymayan Yasəmən sanki tay-tuşlarına da bunu göstərmək istəyirdi. Dünya Yasəmənin gözündə çiçək açmışdı, həyat gözəlləşmişdi. İndi onu xoşbəxt edəcək Əkbəri vardı.Yasəmən xoşbəxt idi. Başına yığışan sinif yoldaşları, kənd camaatı, toya gələn hər kəs ondakı bu dəyişikliyi aydınca görürdü.Xoşbəxt günləri bir-birinə calandı. Oğlu dünyaya gəldi. Hər şeyə sevinməyə adət etmişdilər. Lap elə qarın yağmasına, günün çıxmasına, quşların səsinə – hər şeyə, hər şeyə sevinirdilər. Bu sevinclər xoşbəxtliyin ətrafa sıçratdığı zərrələr idi. Heç kimdən gizlətmədən, çəkinmədən arzusunda olduğu, amma heç vaxt ağlına da gətirmədiyi xoşbəxtlik ona nəsib olmuşdu. “Mən xoşbəxtəm” kəlmələri dilindən düşmürdü.***Bu gün oğlunun doğulmasının 6 ayı, Əkbərin cəbhəyə getməsinin 10 ayı tamam olurdu. Əkbər 6 ayda oğlunun üzünü 6 dəfə doğru-dürüst görməmişdi. Evə gələndə də əyin-başını dəyişər, yuyunar, sonra qohum-əqrəba ilə görüşər, hamıdan əhval tutardı. Ona görə də oğluna az vaxt ayırardı. Axırıncı dəfə gələndə isə vaxtının çoxunu oğlu ilə keçirdi. Yasəmənin məxsusi bişirdiyi xörəkləri tərifləyə-tərifləyə yeməyə başladı. Çay süfrəsi arxasında keçmişdən-gələcəkdən danışdılar. Söhbət cəbhədən düşəndə, Əkbər susdu. Ordakı ağır döyüşlərdən, itkilərdən danışıb, Yasəmənin ürəyini sıxmaq istəmədi. Onsuz da kəndə tez-tez gələn şəhid tabutlarından vəziyyət bəlli idi. Səhər tezdən Əkbər Yasəməni evdə hərlənən gördü.Ortada qoyulmuş dəyirmi stolun üstündə çay dəstgahı artıq hazır idi. Tələsməli idi. İcazə vaxtı saat 9-da bitirdi. Əynini geyindi. Oğlunun çarpayısına yaxınlaşdı. Körpə elə şirin-şirin, sakit yatırdı ki, onu öpüb oyatmağa ürəyi gəlmədi. Başını beşiyə əyib, ciyər dolusu uşağı qoxladı. Əlində sini otağa girən Yasəmən gördüyü mənzərədən təsirlənsə də, üzə vurmadı.- Gedirsən? Çay içməmiş?- Orda içərəm!- Heç olmasa ağzına bir loxma qoy! – dedi və əlini uzadıb, stolun üstünə qoyulmuş təndir çörəyindən bir parça qopardı. Həmin parçanı nəlbəkidəki çiyəyə batıraraq Əkbərin ağzına yaxınlaşdırdı. Əkbər gülümsündü. Yasəmənin qayğısı, onunçün narahat olması həmişəki kimi Əkbəri məmnun etdi. Ağzındakı çörəyi çeynəyə-çeynəyə həyətə düşdü. İri əsgər çəkmələrini ayağına geyindi. Əkbər həyətə bir yoxlayıcı nəzər saldı. Saat 5 olduğuna görə evdə onlardan başqa heç kəs oyaq deyildi. Arxayınlaşdı. Yasəmənə yaxınlaşdı. Yasəmən qeyri-ixtiyari dilləndi:- Gedirsən?- Hə, amma qayıdajam. Sənə söz vermişəm axı… Səni xoşbəxt edəjəm. Məni gözlə! Səbrlə! Gələjəm! – dedi. Və Yasəməni bağrına basıb, gözündən öpdü. Onun nə deyəcəyini, nə söyləyəcəyini gözləmədən tələsik ordan ayrıldı.Əkbər bilirdi ki, Yasəmən hönkürməkdən özünü güclə saxlayır. Ancaq ərini narahat yola salmamaq üçün canını dişinə sıxıb, susur. Yasəmən Əkbərin ayaq tappıltılarının uzaqlaşdığını hiss edəndən sonra kövrəlməyə başladı. “Əkbər, sən bilsən ki, dünyam sənsiz necə cansıxıcıdı… Gələndə də kədərlənirəm, bilirəm ki, qayıtmaq üçün gəlmisən, gedəndə də bilirəm ki, ayrılıq xeyli çəkəcək. İki illik həyatımızda mənə o qədər məhəbbət və qayğı göstərmisən ki, heç bilmirəm bundan əvvəlki illəri sənsiz necə yaşamışam. Bircə bildiyim budur ki, sənsiz yaşamaq, danışmaq, gülmək, nəfəs almaq mənə mənasız gəlir! Kaş döyüşə getməyəydin, onsuz da qardaşların gedir də … və birdən fikrindən keçirdiyi sözə utandı.- Eh… get, təki Ailah üstündə yar olsun…
***Yasəmən bu düşüncələrlə yuxuya daldı. Onu körpənin ağlamaq səsi ayırdı. Uzandığı çarpayıdan cəld qalxaraq, körpəni qucağına götürdü və yedirtməyə başladı. Bu zaman darvaza möhkəm döyüldü. Yasəmən uşağı çarpayıya qoyub, eyvana çıxdı. Darvaza hündür olduğu üçün heç kim görünmürdü. Yasəmən darvazaya tərəf səsləndi:- Kimdi?Suala sualla cavab gəldi:- Evdə kim var? Mina xalaya denən sizi Sovetliyə çağırırlar.Qonşu uşağı Yasəmənin növbəti sualını gözləmədən, qəfil gəldiyi kimi də, qəfil yoxa çıxdı. “Xeyir olsun, Mina bibimi Sovetliyə niyə çağırsınlar!”.Bir azdan böyük qaynı Ədil təngnəfəs özünü yetirdi. Salamsız, kəlamsız:- Anam hanı?- Raya xalagilə gedib!Ədil həyətdən yel kimi çıxdı. Yasəmən vedrələri götürüb, həyətin ayağından axan arxa sarı getdi. Arxa yaxınlaşanda günortakı yuxusu yadına düşdü. O dəqiqə də halı dəyişdi, bikefləndi. Ordan tez uzaqlaşmaq üçün vedrələri tələsik arxa salıb doldurdu. Asta-asta evə tərəf gəlməyə başladı. Həyətə çatdı. Nəfəsini dərmək üçün vedrələri yerə qoydu. Bu zaman darvazanın qarşısında iki maşın saxladı. Maşın dayanan kimi də Mina bibisinin fəryadlı qışqırtısı nəinki həyəti, bütün məhləni başına götürdü:- Balam laylay, balam laylay, anan öləydi, ay Əkbər! Bala lay-lay… Yaralı canına, axan qanına anan qurban!Kişilər də hönkürürdü. Elə Ədil də anası kimi ucadan ağı deyirdi.Yasəmən səsdən çaşdığı üçün əvvəlcə heç nə anlamadı. Elə bildi ki, yuxu görür, pis bir yuxu… Gözlərini ovuclarının içi ilə sıxcaladı. Yox, yuxu deyil, hamı ağlayırdı. Əkbərin adını çağıra-çağıra….Amma anlaya bilmirdi ki, niyə məhz “Əkbər” deyə ağlayırlar. Soruşmaq istədi. Səsi çıxmadı. Nə qədər cəhd etdisə, nitqi açılmadı. Yavaş-yavaş çoxalan adamlara baxdı. Gözləri ilə kimisə axtardı. Tapa bilməyəndə istədi kimsə ona nə baş verdiyini anlatsın. Mina bibi elə bil Yasəmənin fikrini tutdu:- Yazıq bala, ay bala, Əkbərin öldü. Yazıq, ay yazıq yetim! -deyə sanki Yasəməni ayıltmağa, olduğu röyadan oyatmağa çalışdı.Yasəmənin qaranlıq çökmüş beynində birdən elə bil şimşək çaxdı. Yalnız o bir anlıq şimşəyin işığında hər şeyi aydınca gördü. Əkbər ölüb…Dodaqlarının arasından zəif səs eşidildi: “Əkbər?” Söz ağzından çıxan kimi bir parça ət olub, yerə sərildi.Gözünü açanda başının üstündə qara geyimli, qara yaylıqlı qadınları gördü. Üzlərini seçə bilmirdi. Danışmağa halı da yox idi ki, kimliklərini, nə istədiklərini, indi kimi aparmağa gəldiklərini soruşsun.Kimsə yavaşca “Allaha şükür gözünü açdı” – dedi. Bir başqası isə “Allahın rəhmi o körpəyə gəldi. Körpə lap yetim qalardı” cavabını verdi.”Körpə, yetim, yetim körpə”. Yenə heç nə anlaya bilmədi. Nəsə soruşmaq istəsə də, iniltidən başqa ondan heç bir səs çıxmadı. Gözləri qapandı. Arada qulağına uğultu qarışıq insan səsləri gəlsə də, bu səslər tez də kəsildi.Axşamtərəfi idi. Həyətdə adam əlindən tərpənmək olmurdu. Kişilər bir kənara çəkilib, siqaret tüstülədir, astadan söhbət edirdilər. Kəndin yeniyetmələri neçə gün əvvəl tikilmiş böyük mağarı sökür, qadınlar həyət-bacanı qaydaya salır, uşaqlar isə qonşulardan gəlmiş stol-stulları, müşəmbələri, mağarın içərisinə vurulmuş gəbə və kilimləri paylaşdırırdılar. Hamı sanki bir-biri ilə küsülü idi. Böyük günah etmiş adamlar kimi bir-birinin gözünün içinə baxmır, susurdular. Birdən Şəfəq içəri evdən h[vlanak çıxıb, pilləkənlərin başına gəldi:- Mina bibi, Yasəmən ayıldı, gözlərini açdı!Həyətdə canlanma yarandı. Hamının üzünə ani bir sevinc gəldi. Çünki Yasəmən Əkbərin ölüm xəbərini eşidən gündən dərin sarsıntıdan infarkt keçirmişdi. Kəndin həkimi – Qədir həkim bir müddət xəstənin yanından ayrılmamış, onu yerindən tərpətməyə, narahat etməyə qoymamışdı. Odur ki, qohum-əqrəbadan çox özü sevinirdi. Çölə çıxıb Mina bibiyə yaxınlaşdı:- Ay Mina bajı, çalışın gəlinin yanında ağlayıb, sızlamayın. Ağır sarsıntıdan infarkt keçirib, amma qorxmayın, yüngüldü. Kaş ağlayaydı! Ağlaya bilmədiyi üçün zərbə ürəyə dəyib. Yataqdan qalxmasın, uşağı yanından götürməyin! Tez-tez gələjəm.- Sağ ol, başına dönüm, ay həkim! Ay həkim, səni yaman narahat elədik!- Bu nə sözdü ay Mina bajı? Borcumuzdu! Bir narahatçılıq olsa, xəbər verin!Həkim sağollaşıb getdi. İndi heç kəs pilləkənlə qalxmağa, içəri keçməyə ürək eləmirdi. Hamı bir-birinin üzünə baxırdı. Bilirdilər ki, içəridə Yasəmənin sual dolu baxışları onların yolunu gözləyir.Əkbərin böyük bacısı Fitat önlüyü yaxasından açıb, əllərini sildi. Elə önlük əllərində tərəddüdlə pilləkənləri qaxdı. Evin qapısını açıb, içəri keçdi. Çarpayının baş tərəfinə iki balış üst-üstə qoyulmuş, tibb bacısının köməyi ilə Yasəmən o balışa söykənmişdi. İfadəsiz gözləri elə hey bir məchulnöqtəyə baxırdı. Bu neçə gündə ac-susuz olması onu xeyli sınıxdırmışdı. Rəngi yenə əvvəlki kimi qaralmış, gözləri çuxura düşmüşdü. Fitat qoşa çarpayıda Əkbərin yatdığı tərəfin boş olmasını elə bil indi gördü. Fikrindən nə keçdisə, qəhərini zorla boğa-boğa:- Can, can, Allah məni öldürsün! – dedi.Fitatın yaşı hələ qırxı təzə adlasa da, dünyanın bərkinə-boşuna dəfələrlə düşmüşdü. Amma indi nə demək, necə təsəlli vermək lazım olduğunu bilmirdi. Əkbərin ona doğma qardaş olduğunu sanki unutmuşdu. Elə bil Əkbər yalnız Yasəmənə məxsus idi. Qardaş kimi də, ər kimi də, dost kimi də, lap elə sevgili kimi də. Ona elə gəlirdi ki, doğma bacı olsa da, Əkbərin itkisinə Yasəmən qədər yanmır. Özünü toxtaq göstərməyə çalışdı:- Qadan alım, neçə gündü, ajsan, nə yeyirsən, gətirim?.. Çay içirsən?.. Ürəyin nə istəyir?.. Balanı görmək istəyirsən?.. Sən Allah, ürəyin nə istəyir?Yasəmənin ifadəsiz gözlərində yumrulanmış iki damla yaş sifəti aşağı yuvarlanaraq sinəsinə düşdü. O, zəif səslə, astadan:- Əkbəri… – dedi və bu dəfə aramsız süzülən yaşlar həyətin ayağından axan arxı xatırlatdı. Ölüm xəbəri çıxandan bəri ilk dəfə idi ki, Əkbər üçün göz yaşı axıdırdı Yasəmən!Gələcəkdə onu nələrin gözlədiyini bilməsə də, kəlməbaşı eşitdiyi “yazıq” sözü çox şeydən xəbər verirdi. Həkimin tapşırıqları Fitatın yadından çıxmışdı, o da Yasəmənə qoşuldu və anladı ki, yeddi gündür o, ancaq şəhid olmuş qardaşını ağlayıb, indi isə arzu-muradı gözündə qalmış, ümidləri sönmüş, ruhən ölmüş Yasəməni ağlayır. Ağladıqca fikri aydınlaşan Fitat dilinə qəfil gələn sözləri üyüdüb-tökməyə başladı:- Qadan alım, belə yanıqlı-yanıqlı ağlama. Neynəmək olar, ölüm haqdı, alnımıza nə yazılıb, onu da görəjiyik. Ağlama, başına dönüm, ağlama, şükür, bir balan var. Əkbərin yadigarıdır. Ona yaxşı bax, böyüt! Əkbərin ruhu da şad olsun! Təkcə sənin başına gəlməyif ha! Sakit ol… ağlama… qadan alım!Yasəmən artıq sakitləşmişdi. Yenə də gözünü bir nöqtəyə zilləyib durmuşdu. Fitat Yasəmənin kiridiyini görüb, söhbətin səmtini dəyişməyə çalışdi:- Yasəmən, bir əsgər gəlmişdi. Əkbərin silahdaşı. Nə vaxtdandı bir yerdəymişlər, – ağlamsındı, – Əkbər elə onun qolları arasında can verib. Deyəsən, xeyli də söhbət ediblər, nə bilim, vallah, nəysə sözdü adama oxşuyurdu. Səni görmək istəyirdi, deyəsən?!.Yasəmən bu neçə vaxtda ilk dəfə ağzını açıb, bir neçə kəlmə söz söylədi:- Bəs indi, hanı?- Gedib, günortadan gedib, bəlkə cümə axşamı gəldi.Yasəmən gözlərini qapadı, artıq ağlamağa da heyi-taqəti qalmamışdı. Fitat elə bildi ki, o, yatmaq istəyir. Tez oturduğu yerdən qalxıb, barmaqlarının ucunda qapıya tərəf getdi.Əkbərin yeddisindən beş gün keçmişdi. Sabah isə cümə axşamı olacaqdı. Yenə də həyət qələbəlik idi. Hamı sabahkı məclisə hazırlaşırdı. Yasəmən heç bir iş görməsə də əlləri qoynunda, eyvanda dirəyə söykənərək fikrə getmişdi. Elə bil ətrafda baş verən səs-küyü, qaynaşmanı görmür, eşitmirdi. Əslində heç nə fikirləşmirdi, heç fikirləşə də bilmirdi. Hər şey gözündə adiləşmişdi. Bu adilik onu o qədər sıxırdı ki, bu həyətdən, bu kənddən, lap elə bu dünyadan qaçmaq, uzaqlaşmaq istəyirdi. Təsəlli tapacağı, sakitləşəcəyi bir guşə axtarırdı Yasəmən… Elə bir yer ki, orda əvvəlki kimi xoşbəxt olsun, qayğısız olsun! Fikrində axtardı, aradı… və tapdı. O, yalnız Əkbərin yanında, onun qolları arasında xoşbəxt olar… Qayğısız olar… Ürəyində sevindi, yer tapdığına görə… İçi çiçək açdı, bir addım atsa, Əkbərlə görüşəcək, Əkbərlə birlikdə olacaq. Heç kəs onu Əkbərdən ayırmayacaq… heç kəs…Gözü eyvanda, dirəyə bərkidilmiş elektrik xəttinə sataşdı. Yasəmən əlini atıb elektrik xəttini var gücü ilə dartdı. Xətt Yasəmənin əlində gəldi. Kimsənin görüb-görmədiyini yəqinləşdirmək üçün ətrafa göz gəzdirdi. Birdən lap qarşısında, uşaq arabasında yatmış körpə onu yuxudan ayıltdı. Nə etmək istədiyini indi anladı. “Yaxşı, Əkbər yox, mən də yox… Bu uşağa kim məhəbbət göstərəcək, kim onu sevib əzizləyəcək? Heç kim! Mən boyda adam nəvazişin, məhəbbətin yoxluğundan usanmışam, bəs bu körpə necə dözəcək?.. Heç kim onu mənim qədər sevməyəcək axı, uzaq başı mərhəmətlə başına sığal çəkəcəklər, vəssalam… bəs sonra?”Öz yetimliyini yadına salan Yasəmən əlindəki elektrik xəttini kənara itələyib, dünyadan xəbərsiz, arabasında yatmış körpəsini sinəsinə sıxdı və bu neçə gündə ilk dəfə yanıqlı səslə, ucadan ağı deyib hönkürməyə başladı.
Əzizim ağlamazdım,Gülərdim, ağlamazdım.Bilsəydim vəfan budu,Sənə bel bağlamazdım.
Həyətdəkilər əllərini bir anlıq işdən ayırdılar. Qadınlardan bir neçəsi yuxarı çıxaraq, Yasəmənlə bərabər göz yaşı tökməyə tələssələr də, Mina bibi əli ilə onlara “olmaz” işarəsi verib sakitcə dedi:- Dəyməyin, qoyun ürəyini boşaltsın.Səhər hamı tezdən oyanmışdı. Hər kəs öz öhdəsinə düşən işi görürdü.Yasa gələnlər iki-bir, üç-bir həyətə daxil olur, Ədil onları qarşılayıb mağara dəvət edirdi. Qadınları isə bacısı Fitat otağa aparırdı. Bu zaman həyətə bir əsgər girdi. Qadınlardan başqa həyətdə hər kim vardısa, hamı onun qarşısına yeridi. Xüsusi hörmətlə əsgərə yaxınlaşıb, mehribancasına görüşdülər. Ədil əsgəri də mağara dəvət etdi.-Məni bağışlayın, burda çox qala bilmərəm. Sabah döyüş olacaq, gərək gedib hazırlaşım. Amma Yasəmən bacıya çatacaq əmanət, gərək verim. – Ədil məsələdən hali adamlar kimi başını yellədi. Razılığını verdi. Üzünü Fitata çevirib dedi: – Yasəməni çağır gəlsin!Fitat Yasəmənin nə üçün çağrıldığını anlamasa da, yaşına uyğun olmayan bir cəldliklə ağlaşma olan otağa tərəf getdi. Gözləri ağlamaqdan qıpqırmızı qızarmış Yasəmənlə qayıtdı. Ədil, Fitat, Yasəmən və əsgər boş otaqlardan birinə keçdilər. Söhbətə nədən başlayaçağını bilməyən əsgər bir müddət susdu. Sonra siqaretini yandırdı. Və asta-asta danışmağa başladı:- Əkbər səmimiyyətinə görə orduya gələn gündən hamının hörmətini qazanmışdı. Çox ciddi oğlan idi. Döyüşə hamıdan əvvəl atılar, döyüş meydanını hamıdan axırda tərk edərdi. Döyüşlərə ruh yüksəkliyi ilə hazırlaşmasında hamıya örnək idi. Bəzən boş vaxtlarımızda hərə bir işlə məşğul olardıq. O isə qara rəngli kiçik bir bloknotu açar, qələmi əlinə götürüb, ora nəsə yazar, yazını bitirdikdən sonra, gözünü açıq bloknotun yazılı səhifələrinə zilləyərək bəlkə də, saatlarla xəyala dalardı. Öz aləminə elə qapılardı ki, mənim ona baxdığımı, bəzən də hərəkətlərinə güldüyümü də hiss etməzdi. Sonra bloknotu cibinə qoymazdan əvvəl iki dəfə öpərdi. Sonradan bildim ki, şəkildir. Bir gün yenə yazırdı.Mən ona yaxınlaşıb:- Deyəsən, “şanlı”dı hə? – dedim.Başını qaldırıb gülümsədi:- Yox, “şansızdı”! Oğluma, yoldaşıma yazıram! – dedi.- Dost, deyəsən, sən hər döyüşdən əvvəl bir roman yazıb gedirsən!- Ölüm göznən qaş arasındadır, İsmayıl! Hər an, hər şey ola bilər. Mən bilirəm ki, həyat yoldaşım mənim itkimə dözməz, ona görə də çalışıram onu özüm ovundurum. Axı, oğlum onsuz lap yetim qalar. Ürəyimə damıb ki…- Ə, yaxşı sən Allah! Yekə kişisən, durub boş-boş şeylərdən danışırsan. Denən, ay İsmayıl, qoy müharibə qurtarsın, səni aparım…ə, tut ağacınız varmı?- Hə…- O tut ağacının altında bir yaxşı qonaqlıq verim, səni ailəmlə tanış edim… Sən də başlamısan bəd-bəd danışmağa… xeyirsöyləməz!Əkbər mənim ürəklə dediyim şirin arzularla gülümsündü:- Yaxşı, mən təslim, müharibədən sonra gedirik bizə! Amma səndən bir xahişim var… Əgər mənə bir şey olsa, bu bloknotu həyat yoldaşıma çatdır. Oldu?- Oldu, oldu… Allah eləməsin!Söhbətləşdiyimiz günün sabahısı döyüş əmri verildi. Bizim batalyon xüsusi coşğunluqla döyüşə atıldı. Əkbəri isə döyüş ərəfəsində tanımaq mümkün deyildi. Ermənilərə qarşı o qədər nifrətlə döyüşürdü ki, onları məhv etmək, yer üzündən qaşımaq eşqi ilə alışıb-yanırdı. Əvvəl səngərdən çıxmadan atəş açırdısa, indi irəliyə sürünərək, düşmənləri daha yaxından biçib-tökürdü. Artıq düşmən onu hədəfə götürmüşdü. Buna baxmayaraq, Əkbər yerini dəyişmək, geri, səngərə qayıtmaq fikrinə düşmürdü. Birdən qarşı tərəfdən “Qrad” mərmisi Əkbərin lap yaxınlığına düşdü. Əkbər tərpənmədi.Əkbərin paltarı deşik-deşik olmuş, hər tərəfindən qan axırdı. Hiss olunurdu ki, onu heç cür xilas etmək mümkün deyil. Son dəqiqələri idi. Nəsə demək istədi. Dillənə bilmədi. Amma gözlərini üzümə zilləyərək, sanki “tapşırığımı unutma”, dedi və gözlərini əbədi yumdu. Bu müharibə dövründə, mən təbii ki, silahdaşlarımın çoxunun ölümünün şahidi olmuşam, kədərlənmişəm. Amma Əkbərin itkisi məni dərindən ağrıdıb. Bəlkə də onun bloknotu mənim əlimə keçməsəydi, mən bu qədər sarsılmazdım.İsmayıl əlini cibinə atdı. Ordan qara cildli bir bloknot çıxardi:- Buyurun, Yasəmən xanım, bu, sizə çatacaq! – dedi və üstündən dağ götürülmüş adam kimi dərindən nəfəs aldı. Sonra acı və təəssüf dolu təbəssümlə dilləndi: – Əkbər xoşbəxt insandı, sizin kimi həyat yoldaşı, oğlu, bacısı, qardaşı, qohum-əqrəbası, heç olmasa basdırıldığı qəbiristanlığı var. Mən isə hər şeydən məhrumam!- Niyə, qardaş!İsmayıl indiyə qədər təmkinlə danışmasına, hərəkət etməsinə baxmayaraq, qeyri-ixtiyari gözləri doldu. Kəsik-kəsik qəhərli səslə:- Mən Xocalıdanam! – dedi və iti addımlarla ordan uzaqlaşdı. Yəqin ki, göz yaşlarını qadınların yanında göstərmək istəmədi.Yasəmən əlində dəftərçə yenidən həmin otağa qayıtdı. Fitat israrla içəridə qalmaq istəsə də Yasəmən razılaşmadı. Qapını bağlayıb, dəftərçəni vərəqləməyə başladı.Dəftərçənin içəridən cildinə keçirilmiş, iki-üç ay bundan əvvəl oğlu ilə birgə çəkdirdiyi şəkil, sonra isə aydın xətlə yazılmış bir neçə vərəq göründü. Yasəmən dəftərçəni burnuna yaxınlaşdırıb qoxladı. Gözlərinin yaşını silib, dəftərçəni oxumağa başladı.
1-ci vərəq
“Yasəmən, indi başa düşürəm ki, səni nə qədər sevirmisəm. Ayrılıq adama cox şeylər deyir. Yaxşı ki, heç vaxt xətrinə dəyməmişəm, yoxsa indi altını çəkərdim. Səmədin üzündən, gözlərindən öp. Mən ikinizi də öpürəm. Sağ olun!”
2-ci vərəq
“Salam, sabah döyüşə gedirik, oğlum amanatı! Məni qoruduğun kimi, sevdiyin kimi, onu da qoru, sev. Çünki o, mənim parçamdı. Görüşmək ümidi ilə! Öpürəm. Sağ ol!”
3-cü vərəq
“Mənim həyatım, salam! Bəlkə də, sən bunları oxuyanda mən həyatda olmayacağam, bəlkə də…Çox arzu edirəm ki, bunu müharibə qurtarandan sonra həyətdəki tut ağacının altında birgə oturub oxuyaq və gülək. Həm də biləsən ki, səni nə qədər sevirəm”.
4-cü vərəq
“Yasəmən, şər deməsən, xeyir gəlməz. Müharibənin öz qanunları var, ölüm hər an başımızın üstündədir. Bir canım var, onu da anama, Vətənimə qurban demişəm. Onların borcundan çıxmaq üçün elə bilirəm canım bəs edər. Başqa heç kimə borcum yoxdu”.
5-ci vərəq
“Heç kimin yanında gözükölgəli deyiləm. Kimə nə söz vermişəm, yerinə yetirmişəm. Kimə borclu olmuşam borcun qaytarmışam. Bir səndən başqa…”
6-cı vərəq
“Sənə söz vermişdim, səni xoşbəxt edəcəm deyə… Sənə söz vermişdim, həyatımın sonuna qədər səndən ayrılmayacağam deyə… Səni kədərlənməyə, ağlamağa qoymayacağam. Sənə söz vermişdim… Bu müharibədi, Yasəmən! O, bizim arzularımıza, sözümüzə məhəl qoymur, öz bildiyini edir”.
7-ci vərəq
“Əgər ölüm haqlasa… məni sözümü tutmamaqda günahlandırma, Yasəmən! Məni bağışla! Çünki təkcə sənə verdiyim sözə, vədə əməl edə bilmədim… təkcə sənin yanında günahkaram…Təkcə sən bağışla!

Müəllif:Əntiqə RƏŞİD

İlkin mənbə: adalet.az

ƏNTİQƏ RƏŞİDİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜ – ƏNTİQƏ RƏŞİD

Əntiqə RƏŞİD – jurnalist, yazar.

(Hekayət)

Evin qapısı cırıltı ilə açıldı. Astanada 60-65 yaşlı, saçı-saqqalı dümağ qoca kişi ilə təxminən eyni yaşda qadın göründü. Hər ikisinin bənizi solğun və dərin qırışlarla örtülmüşdü. Bulud kimi dolmuş gözlərində isə qəribə, çox qəribə bir sevinc işarırdı. Qoca üç pilləni asta-asta endi. Əlində bağ qayçısı, həyətdəki gül kollarına yaxınlaşdı. Yaşıl kolların üstündəki ağ, çəhrayı, qırmızı, sarı güllərə xeyli baxdı. Hiss olunurdu ki, təzəcə qönçə tutmuş gülləri dərməyə əli gəlmir. Qoca fikrindən keçənləri astaca pıçıldamağa başladı:
– Necə qıyım sizə, necə dərim sizi qönçə-qönçə. Bu kolların qəlbini necə incidim, necə sındırım?- Ay kişi, cəld ol, gecikirik axı!?Qadının gözlərindəki bayaqkı o qəribə sevinc indi üzündə, dodaqlarında, elə səsində də görünməyə başlamışdı.Səsə fikirdən ayrılan kişi əlindəki bağ qayçısını yerə atıb, güllərin yanında torpağa bərkidilmiş taxta oturacaqda əyləşdi. Əlləri əsə-əsə siqaret çıxarıb yandırdı. Məlul-məlul qadının üzünə baxdı. Qadın bayaqdan əlləri qoynunda qapıya söykənmişdi, ərinin “gedək!” söyləyəcəyini gözləyirdi. Kişi:- Dünən bazardan aldıqlarını da götürdünmü?Qadın gözlərini, çöhrəsini çulğamış o qəribə sevinclə, o qəribə təbəssümlə izahat verməyə başladı.- Hə… Qırmızı atlas parçanı da, gül dəstəsini də, qırmızı ipək lenti də… hamısını götürdüm.- Gərək süni gül almayaydın, onun nə iyi olacaq?!- Yoox… indi hamı ad gününə süni gül bağlatdırır.- Yaxşı, sən hazırlaş, mən də bu güllərdən yığım, gedək!Qoca siqaretin kötüyünü yerə atıb, ayaqqabısının ucu ilə tapdaladı. Yaşına uyğun olmayan çevikliklə qayçını yerdən götürdü, gözəlliyi ilə göz oxşayan gülləri bir-bir dərib, oturacağın üstünə yığdı. Sonra onların artıq yarpaqlarını təmizləyib, böyük bir dəstə hazırladı. Dəstəni əlində neçə dəfə o tərəf-bu tərəfə çevirdi. İşindən məmnun adamlar kimi üzünü qadına tutub:- Hə, necədi? Yəqin özü bu dəstəni görsə, sinəsinə sıxıb, bəsdi deyincə qoxlayar! – dedi və gülümsündü.- İstəyirsən, qırmızı lent gətirim, bağla, lap gözəl görünsün!- Hə, gətir, gətir!Artıq o qəribə sevinc, qəribə təbəssüm qocaya da keçmiş, üz-gözünü bürümüşdü. Həvəslə həm bazardan aldıqları süni, həm də həyətdən topladıqları təbii gül dəstələrini qırmızı lentlərlə bəzədilər. Qadın hədiyyə olan çantanı, kişi isə gül dəstələrini götürüb, asta addımlarla həyətdən çıxdılar. Dinməz-söyləməz xeyli yol getdilər. Hərə öz aləmınə qapılmışdı. Bəzən öz-özunə gülümsəmələrindən, bəzən də, sadəcə, başlarını bulamalarından biss olunurdu ki, şirin xatirələri, ötən günləri yada düşüb.- Yadına gəlir, bir yaşının tamamında ayaq tutub yeridi.- Heç yadımdan çıxar? İlk addımını da elə mənə sarı atdı.Kişi gülümsündü.- Mənim ağzımcan hamı ona “Kişi bala” deyirdi. Day öz adın unutmuşdu. “Kişi bala” deyəndə dönərdi, baxardı, anlayardı ki, onu çağırırıq.- Həə… – qadın da gülümsündü: -Yadına gəlir, bir dəfə bərk xəstələndim, məni xəstəxanaya qoyduz, müalicə olunmağa. Sən gəldin dedin ki, hər gün sənsiz ağlayır, amma sənin çarpayına qoyan kimi, balışını qoxlayıb yatır.- Onda neçə yaşı vardı?- 4 yaşı… Kişi, saata bax, birdən hamı toplaşar, biz gecikərik!- Yox, əşşi, qohum-əqrəba bu tezliklə yığışmaz.Yenə də susdular. Yenə də hər kəs öz aləminə qapıldı. Yanlarından ötənlərin salamına bəzən cavab verir, bəzən cavab verməkdə gecikir, bəzən salamı heç eşitmirdilər də.- Hələ xeyli yol var! Gərək maşın çağıraydıq.- Yox, belə yaxşıdı, söhbət yolu qısaldır.Bu dəfə qadın həvəslə danışmağa başladı:- Bir dəfə qonaq otağını təmizləyirdim. O da diqqətlə mənə baxırdı. Divanı, çarpayını səliqəyə saldıqca, görürdüm ki, öz-özünə nəsə danışıb, ləzzətlə gülür. Soruşdum: “Ana qurban, nə deyirsən, bərkdən de, mən də gülüm”. Nə cavab versə yaxşıdı? Dedi ki, “Ana, mən arvad alanda o çarpayıda yatacayıq, bəs uşaq olanda o harda yatacaq, divanda?”Hər ikisi ucadan güldülər.- Onda neçə yaşı vardı?- Onda 2-ci sinifdə oxuyurdu. Kiçik toyu olanda qohum-əqrəba o qədər zarafatlaşmışdılar ki, bir bəftəyə-zada böyük toy eləyib, ona arvad alacaqlar. – Yenə güldülər.- Bir gün gördüm ki, maşının başına hərlənir, sağına baxır, soluna baxır. Dedim, a bala, nə axtarırsan? Dili dolaşa-dolaşa qayıtdı ki, ay ata, qoy aparım maşını çaylaqda yuyum, yaman çirklənib. Düzü, maşın elə çirkli deyildi, amma dedim apar. Nə isə, günortadan yuyulmağa gedən maşın, bir də gecəyarı gəldi. Özü də yuyulmamış.- Hara getmişdi ki?- Əsgərlərlə hərbi hissəyə mərmi daşıyırmış! Özü boynuna almadı. Amma hissənin komandiri ilə təsadüfən rastlaşdıq, söhbət əsnasında dedi ki, sursat daşımaq üçün yük maşınımız çatmırdı. Çox sağ olsun, oğlun tez özünü çatdırdı. Sursatın yığılmasına da, daşınmasına da xeyli kömək etdi… Əziyyəti o çəkdi, təşəkkür mənə çatdı.Kişi əlinin içi ilə alnından saçlarına qədər bir sığal çəkdi. Fəxr ilə dönüb arvadının üzünə baxdı və başını dik tutaraq addımlarını bir balaca yeyinlətdi.- Kişi, yadına gəlir, bir dəfə evin böyrünə qoyduğun çəndən 100-150 litr dizel yanacağı yoxa çıxdı? Guya ki, axmışdı, – gülümsündü – səni hirsləndirməkçün elə dedik.- Bəs onda yanacaq necə olmuşdu?- Hə… o vaxt rayonu ermənilər işğal eləyəndə, çaşqınlıqdan əhali hara gedəcəyini, nə edəcəyini bilmirdi. Gəlib bizim kənddə, yolun kənarlarında çadırlar qurmuş, ağacların kölgəsində daldalanmışdılar. Oğlun da sənin o bir heylə yanacağını təmənnasız-fılansız paylamışdı ordakılara! Amma meyvə məsələsini sənə dedi, elədi?- Hə… Allah erməniyə lənət eləsin, hər il bağımızdan, yalan olmasın, tonlarla nar, pırnıx, alma, armud yığıb satardıq. O ili də ağaclar yaman bar gətirmişdi, burun-budağı yerə dəyirdi. Gəldi ki, ay ata, kəndimizdəki hərbi hissəyə, bir də qonşu kənddəki hərbi hospitala bir az meyvə aparmaq istəyirəm. Mən də fikirləşdim ki, hər meyvədən uzaqbaşı 1-2 vedrə aparar (ikisi də gülürlər). Axşam işdən dönəndə nə görsəm yaxşıdı, bağa elə bil süpürgə çəkiblər. Sən demə kəndə nə qədər köçkün ailəsi pənah gətiribsə, onlara da meyvə payı gedib.- Amma öz aramızdı, yaman əsəbiləşmişdin, üzə vurmadın.- Özümü ələ aldım, amma bir az kinayəli soruşdum ki, a bala, meyvə yığdırmağa gətirdiyim 3 fəhlə meyvələri 2-3 günə dərib qurtarır, sən tək bunu bir günə necə qurtara bildin? Dedi: “Ay ata, narahat olma, əziyyət çəkmədim. Şakir, Maarif, Musa, Elşən kimi dostlar sağ olsun. Elə onlar kömək etdilər tez yığdıq, apardıq, bizə o qədər alqış elədilər ki”.- Uşaq gördüyü işdən necə razı qalmışdısa, səsindəki o kinayəni də hiss eləmədi. Bir sevinirdi ki… Həm də inanmırdı ki, sən onun bir sözünü iki edəsən.- Bilirsən mən niyə hirslənmişdim?- Niyə?- Fikrim vardı, meyvələrin puluna 5-6 qoyun alım, buraxım həyətə, qışa qədər kökəlsinlər. Allah qoysa, ya dekabrda, ya da yanvarda həyətimizdə gözəl bir toy vurduraq ona.- Əşşi, sən də… Onda onun 23 yaşı vardı, heç o yaşda da uşaq evləndirərlər?- Bura bax, ay arvad, evləndirməzdilərsə əgər, onda niyə o çamadanda, sandıqda boş yer qoymamışdın, hamısını doldurmuşdun? Gəlinə nə lazımdır alıb yığmışdın. Mən də istəyirdim də nəsə eləyim!- Yaxşı-yaxşı, çoxunu mən yox, bacıları almışdılar. Hərəsi bir qız gözaltı eləmişdi qardaşına. Qardaşın heç fıkrin soruşan yox idi ki, a bəy, bu qızı bəyənirsən, ya yox! Böyük bacı gözaltı elədiyi qıza uyğun, balaca bacı isə öz gözaltı elədiyi qıza uyğun paltarlar, kostyumlar alırdılar (gülürlər).- Heç “bəy” evdə tapılırdı ki, söz də soruşsunlar. Nə vaxt soraqlasaydıq, əsgərlərin yanında, mövqelərdə, səngərlərdə.- Bura bax, bura bax, yadına gəlir, bir dəfə səngərə gedəndə, erməni gülləsi gödəkçəsini deşib keçmişdi? Şükür ki, dəyməmişdi.- Hə, tez gedib bazardan bir qurbanlıq qoyun aldım. Fuğara babanın ocağında kəsmək üçün!- Yadımdadı, səhər durub gördük ki, həmin qoyun ölüb! Qurbanlıq qoyun ölüb! Bu, görünməyən iş idi. Qonşu Gülxara, rəhmətlik bizə gəlmişdi, qurbanlığın öldüyünü bilən kimi “Allah, sən saxla” deyə-deyə, yemək yemədən, çay içmədən çıxıb getdi.- Başımız söhbətə necə qarışıbsa, gəlib çatdığımızdan xəbərimiz olmadı.- Deyəsən bizdən başqa heç kəs gəlməyib.- Belə yaxşıdı. Balamızla ürəkdən qucaqlaşıb-görüşərik, istədiyimiz qədər söhbətləşərik, dərdimizi danışarıq.- Gəl, bəlkə də bizi gözləməkdən yorulub, darıxıb! Anan ad gününə qurban!- Odey, özü də göründü!
Qocaların gözündəki o qəribə, qeyri-adi sevinc elə bil bir az da artdı, aydınlaşdı. O aydınlığın içində fərəh, fəxr, həsrət, məyusluq, sevinc, kədər… hər şey, hər şey vardı.Qarşıda isə lal sükuta qərq olmuş qəbiristanlıq görünürdü… Qırmızı lentlərlə, buket və əklillərlə bəzədilmiş hündür, qara mərmərdən həsrətlə yollara baxan çatmaqaşlı, iri ala gözlü bir oğlan boylanırdı…

Müəllif:Əntiqə RƏŞİD

İlkin mənbə: adalet.az

ƏNTİQƏ RƏŞİDİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ünvanına yetişməyən məktub – Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD – jurnalist, yazar.

(Hekayət)

1993-cü ilin yazı idi. İlıq nəfəsli, bənövşə qoxulu bahar ürkək-ürkək özünü göstərirdi. Əl-ayaq dəyməyən yerlərdə, kolların dibində, cığırların kənarında körpə, yaşıl otlar cücərirdi. Arabir günəş tənbəl-tənbəl buludların arasından görünür, tez də yoxa çıxırdı. Elə bil müharibənin soyuq nəfəsi yazı qorxudur, gəlişinə mane olurdu.Kəndimiz döyüş zolağının 10-15 km-də yerləşirdi. Odur ki, kəndin mərkəzində yerləşən ikimərtəbəli məktəb binası hərbi hissənin ixtiyarına verilmişdi. Kənd camaatı hardansa maşın-maşın gələn əsgərlərə xilaskar kimi baxır, onları əziz adamları kimi qarşılayırdı. Tez bir zamanda əhali ilə hərbçilər bir ailənin övladları kimi qaynayıb-qarışırdı. Əsgərlər döyüşə gedəndə bizim kəndin oğulları, qardaşları, ərləri döyüşlərdə, səngərlərdə olan qadınlar, qızlar onların da sağ-salamat qayıtması üçün Allaha dualar edir, həyəcanla onların geri dönməsini gözləyirdilər.

Döyüşdən geri dönən əsgərlər hələ kəndə çatmamış camaat bilirdi ki, itki var, ya yox! Çünki itki olmayanda əsgərlərin şən hay-küyü, səsi oldu-olmadı oxuması, xülasə, xüsusi coşğunluqları uzaqdan bəlli olurdu. Onda camaat dərindən nəfəs alır, azacıq da olsa rahatlanırdılar. Hələ döyüşün uğurlu olduğunu bilən kəndin yeniyetmələri də gedib onlara qoşulur, sevinclərinə şərik olurdular.

Vay o gündən ki, döyüşdən qayıdıb gələn əsgərləri səs-küy əvəzinə lal sükut içində görəydilər. Maşınlar kəndə çatmamış, kənd ağsaqqalları, ağbirçəkləri özlərini məktəbə yetirər, onların dərdlərinə elliklə şərik olduqlarını bildirərdilər. Kənddə hər evdə o şəhid əsgərin yası tutulardı. Artıq bu, bir növ adət halını almışdı. Evlərdə həm də hər kəsin əsgərlərə hörməti, sevgisi yavaş-yavaş qızlarımıza da sirayət etmişdi. İndi kəhrizə “su gətirməyə” lap tez-tez gedirdilər. Elə o, müharibənin qızğın şağlarında kəndimizə “kürəkən” olan əsgərlər də tapılmışdı. Bir neçə qıza nişan gəldi, bir neçəsi əsgərlərə qoşulub qaçdı. Neçə-neçə əsgər ailəsi yarandı. Xülasə, bəzən kədərlə, bəzən sevinclə müharibə günlərini yaşayan kəndimlz öz qayğıları ilə, əkin-səpinlə də məşğul olurdu. Təbii ki, qəlbində qələbə inamını bərkidərək!

Qəflətən iş yoldaşım Rəsmiyyənin: “Az gejikdik, ey, tez gəl!” cingiltisi məni xəyaldan ayırdı. Ay aman, işə getməyi lap unutmuşam!”

İşlədiyim Mədəniyyət evi məktəbdən yalan olmasın 1-2 km o tərəfdə yerləşirdi. Yavaş-yavaş işə yol aldıq. Rəsmiyyə nəsə danışırdı. Fikrim dağınıq olduğundan, onun nə danışdığının fərqinə varmasam da “hə”, “hı” deyib, başımdan edirdim. Yolu yarı eləmişdik ki, qarşı döngədən üç əsgər çıxdı. Səkinin üstündə üz-üzə gəldik. İki əsgər bizə yol vermək üçün kənara çəkildi. (Səki ensiz olduğu üçün). Ortada dayanmış, həm onlardan ucaboy, həm də yaraşıqlı oğlan barmaqlarının arasında tutduğu papirosu yandırmaq üçün o biri əli ilə ciblərini ələk-vələk edərək kibrit axtarırdı. Başı axtarışa qarışdığından yoldan çəkilməyi ağlına da gətirmirdi. Deyəsən kibrit tapdı! Papirosu damağına qoymaq üçün başını qaldırdı. Qəflətən bizi gördü. Bilmirəm onun “mədəniyyətsizliyinə” qarşı hikkəmizimi, ya gözlənilmədən qarşısında iki gözəl qızmı gördü, hər nəsə bərk çaşdı. Çaşdığından papiros qoymaq üçün ayırdığı ağzı da elə aralı qaldı. Yolun ortasında key-key ağzını ayıraraq, yol göstərmədən baxması Rəsmiyyəni cin atına mindirdi. Mən və o biri iki əsgər isə gülməkdən özümüzü saxlaya bilmədik. Bütün bunlar bir neçə saniyənin içərisində baş verdi. Onun yanından ötüb keçsək də, nə mənim pıqqıltım, nə də Rəsmiyyənin hirsi soyumuşdu.

– Ələm ağacı kimi kəsdirib yolu, huşu da kəsmir ki, adam gəlir, qız keçir, elə bil heykəldi! – Birdən sözünə ara verib, təəccüb qarışıq hirslə: “Az, bəs sən niyə gülürsən? Xoşuna gəlir, kəndin içində biri də görə adımız bata? Dədəm də işi maa haram eliyə!?”

Tez gülməyimi kəsib, ciddiləşdim. Döngəni burulub Mədəniyyət evinə sarı dönəndə qeyri-ixtiyari arxaya dönüb baxdım. Deyəsən “heykəl” durduğu yerdən tərpənməmişdi. Rəsmiyyənin yenə də deyinəcəyindən ehtiyatlanaraq, gülüşümü birtəhər gizlətdim.

Mədəniyyət evində Novruz bayramına həsr olunacaq tədbirə hazırlaşırdıq. Məktəblərdən bacarıqlı uşaqları gətirib, onlara oxumağı, rəqs etməyi, səhnəcik göstərməyi öyrədirdik. Saat 5-də işdən çıxanda o qədər yorulmuşdum ki, heç səhərki hadisə yadıma da düşmürdü. Döngəni dönüb asfalt yola çatanda səhərki yaraşıqlı oğlan, yanında isə bir hərbçi tində durub, kimi isə gözləyirdilər. Rəsmiyyə yəqin ki, səhər diqqətlə fikir verməmişdi – deyə tanımadı, heç o tərəfə baxmadı da. (Doğrusu, kənddə o qədər hərbçi vardı ki…). Mən isə oğrunca, ötəri bir nəzər saldım. (Rəsmiyyənin gözündən uzaq). Ürəyimdə isə fikirləşdim: “Nə göyçək oğlandı, Allah bilir hansı ölmüşü gözləyir!”

Rəsmiyyənin səhərki ciddi tənqidini yadıma salıb arxama dönmədən, elə ciddi-ciddi yoluma davam etdim. Həmin səhərdən bir həftə keçmişdi. “Yaraşıqlı” əsgər hər səhər bizdən çox aralı gəlsə də, bizim üçün gəldiyini hiss edirdim. Hər səhər bizi işə, işdən çıxanda isə evə ötürürdü. Kəndin adət-ənənəsini deyəsən yaxşı götürmüşdü. Yol gələndə bizdən aralı gələr, bizə salam verməz, bir kəlmə də söz deməzdi. Ona görə də onun kimi izləməsi hələ heç birimizə agah deyildi. Əvvəl günlər onun bizi izləməsinə Rəsmiyyə əsəbiləşsə də, oğlanın ölçülü-biçili hərəkətlərini görəndən sonra sakitləşdi. Hələ bir arada onun “əməliyyata” gecikdiyini görəndə: “Əsmər, telexronitelsiz mən bu boyda yolu nətəhər gedim, öyrənmişəm ey, telexronitelə” – deyirdi.

Elə bil sözə bənd idi. Qəflətən görünürdü. Mən də: Gözün aydın, ödey, gəlir “telexronitel”in – cavab verirdim. Beləcə, günlər bir-birini əvəz edirdi. Biz də hər gün bir az da olsa bu “yaraşıqlı” əsgərə isinişirdik. Onu özümüzə doğma hesab edirdik. Arada 2-3 gün olmayanda (hissənin döyüşdə olduğunu bilirdik) əməlli-başlı darıxırdıq. Bəzən fikirləşirdim ki, “yaraşıqlı”nı adi vətəndaş paltarında görsəydim, bəlkə də ona qarşı məndə bu qədər rəğbət, fəxr duyğusu olmazdı. O geyim, o paltar onu mənim gözümdə, əsgərə yox, mələyə çevirirdi. Hərdən fikrimdən keçənlər üçün utanırdım. Birdən Rəsmiyyəlik olar? Ona görə də çalışırdım “yaraşıqlı” haqqında az danışam, az fikirləşəm!

Günlərin bir günü Rəsmiyyə xəstələndi. İşə mən tək gedəsi oldum. Səhər yenə həmişəki kimi mədəniyyət evinin döngəsinə qədər gəldi. Döngəyə az qalmış, onun
addımlarını yeyinlətdiyini hiss etdim. Yəqin Rəsmiyyəni soruşacaq!” fikrimdən keçirdim. Həm tək olmağımın həyəcanı, həm də kəndin içində, qohum- əqrəbanın gözü qarşısında kiminləsə görünməyi istəmədiyimə görə mən də addımlarımı tələsitməyə çalışdım. Gecikdim. O, mənə çatdı:

– Sabahınız xeyir!

– …

– Mənim adım Samirdi. Özüm Bakıdanam! Bəs sizin adınız nədir?

– …

– Bilmək olar?

Tələsik, bir az da ucadan:

– Yox! – dedim. O da eyni templə:

– Niyə?? – soruşdu.

Bilmədim onun sualına cavab verim, verməyim, gülüm, yoxsa ciddi durum? “Hamısından yaxşı elə cavab verməməkdi. Çıxıb gedər”.

 Həə… demək adını demirsən, demirsən ki?.. Onda belə çıxır ki, istəyirsən, mən hər gün sənə yaxınlaşım, salam-əleykim edim, adıvu soruşum sənin? Bunu istəyirsən? Demək adını buna görə demirsən? – dedi və ciddi nəzərlə üzümə baxdı.
Həyəcandan heç nə fikirləşə bilmirdim, gözüm dörd olmuşdu. Tələsə-tələsə:

– Yox, yox! Adım Əsmərdi! Di get! – deyib məlul-məlul, imdadlı baxışlarla onun üzünə baxdım ki, bəlkə insafa gələ, çıxıb gedə. Bu anda onun üzündə elə bir təbəssüm gördüm ki… neçə illər keçsə də, Samiri o təbəssümlə xatırlayıram.
Həmin ecazkar təbəssümlə düz gözlərimin içinə baxaraq, astaca: “Sən bilirsən səni nə qədər çox sevirəm?” – dedi.

Daha mənim qulaq asacaq halım qalmamışdı. İşə çatanda, ürəyim az qalırd yerindən qopub düşsün. Bilmirdim həyəcandan idi, yoxsa az qala yüyürə-yüyürə gəlməkdən idi, yoxsa indiyə qədər eşitmədiyim sözün təsirindən idi. Özümə güclə gəldim. “Canın yansın Rəsmiyyə, xəstələnməyə ayrı vaxt tapa bilmirdin?” İş yoldaşlarım halımın qarışıq olduğunu görən kimi səbəbini bilməyə çalışdılar. Ürəyim dolu olsa da, heç birinə bir kəlmə də demədim. İşdən çıxanda da gözüm dörd olmuşdu. Amma yolda, irizdə heç kəs yox idi. Heç kim deyəndə ki, yol dolu idi. Samir görünmürdü. Arxayınlaşıb adi günlərdəki kimi yoluma davam etdim. Asfaltı keçib döngəmizə dönmək istəyirdim ki, elə bil yer ayrıldı, Samir yerdən çıxıb qarşımda peyda oldu. Məni od götürdü; “Bu oğlanın deyəsən ağlı şəhərə gedib, eybi yox abrını bükərəm ətəyinə, ağlı başına gələr” fikirləşsəm də, titrətmə məni tutmuşdu. Özümü birtəhər ələ alıb, başladım nə başladım:

 Bura bax, nə düşmüsən arxamca! Zırrama! Bizimkilərdən biri görsə, mən cəhənnəm, səni şikəst edəcəklər. Başı xarab! Bir də dalımca gəlmə! Səhərki sözünə cavab verim! Səndən mənim heç xoşum gəlmir. Bildin! Buna bax, nəyə oxşuyur.
Bunları deyə-deyə fikirləşirdim ki, doğrudan da çox göyçəkdi. Qara çatma qaşları, iri, ala gözləri, ağappaq sifətinə elə bil qələmlə çəkilmişdi. Kaş sözlərim xətrinə dəyməyəydi. Arxamca hər gün, hər gün gələydi. Amma axırıncı sözlərim onu deyəsən bərk tutdu.

– Əsmər, doğrudan məndən xoşun gəlmir?

Mən istəməzdim ki, onu mənə görə təhqir etsinlər, döysünlər qardaşım və ya onun dostları bizi heç nə yox, elə söhbət etdiyimizi görsəydilər, dəqiq bilirdim ki, nə onun üçün, nə də mənim üçün yaxşı olmayacaqdı. Odur ki:

– Yox heç bir qırıq da!! – dedim.

Susdu. Üzümə xeyli mat-mat baxdı, sanki pıçıldayırmış kimi:

– Mən elə bilirdim ki, sən də məni istəyirsən? – dedi. Özümdən asılı olmayaraq məndən təəccüb qarışıq qəribə bir səs də çıxdı:

– Paaa…

– Bağışla, Əsmər, deyəsən mən yanılmışam – deyərək iti addımlarla məndən uzaqlaşdı.

Evə çatana qədər heç nə fikirləşə bilmədim. Pilləkənləri qalxdım, qapıya söykəndim. Bayaqkı epizod dəfələrlə gözümün qarşısında canlandı. Elə peşman
olmuşdum ki, epizod yadıma düşəndə qulağımın dibinə qədər qıpqırmızı qızarırdım və anlayırdım ki, Samir hər şeyə nöqtə qoyub getdi. Məhz bu gün, bu dəqiqə, bu an hiss etdim ki, dansam da, gizlətsəm də mən Samirə qarşı etinasız deyiləm. Özümdə təzə kəşf etdiyim bu hissləri anlamadan məhv etdiyimə peşman olmuşdum. Ağlaya-ağlaya özümə söyürdüm – ağılsız, elə zırrama – sənin özünsən, “nəyə oxşuyur”, özün nəyə oxşuyursan! “Bir qırıq da istəmirəm”. Bəs onda niyə hər gün işə gedəndə-gələndə 1-2 saat güzgünün qabağında qalırsan! Yola çıxanda gözün dörd olur, yaxşı olur saa! Di öl ağla, görüm Samir qayıdacaq. Ay qayıtdı hay! Elə iz qoydun ki, qayıda!” Deyirdim, deyə-deyə kövrəlib ağlayırdım.

Sabahı başıma gələnləri Rəsmiyyəyə danışdım. Məni düz hərəkət etdiyimə inandırdı. Hələ bir təsəlli də verdi, “qayıdacaq!”

Təəssüf ki, aradan 10 gün keçsə də, Samir görünmürdü. Hələ də yollarda gözüm onu axtarırdı. Tapmayanda isə pəjmürdə, dilxor vəziyyətdə peşmançılığımı yaşayırdım. Bir gün işə getməmişdim. Rəsmiyyə işdən gələndə yolüstü bizə döndü.

Sevinə-sevinə:

– Muştuluğumu ver, sənə bir söz deyim!

Elə bil ürəyimə nəsə damdı. Taqətsiz-taqətsiz, güclə:

– De, sən Allah, tez de! – dedim.

– Bu gün Samir mənə yaxınlaşdı. Əlində bir zərf. Əvvəl səni soruşdu, sonra da xahiş etdi ki, məktubu sənə çatdırım. İndi nə verirsən, məktubu verim?

Rəsmiyyənin daha nə deyəcəyini gözləmədim. Özümü çantanın üstünə atdım. Əllərim əsə-əsə zərfi açdım. Zərfin içində bir vərəq və bir ovuc bənövşə vardı: “Salam, Əsmər! Hiss edirdim ki, mənə biganə deyilsən. Ona görə sənin fikrini dilindən eşitmək istədim. Sözlərin qol-qanadımı sındırdısa da fikrimdən dönə bilmədim. Bir neçə gün səni gizlicə izlədim. Əgər səni əvvəlki kimi şən, qayğısız görsəydim, səni unudacağımı özümə söz vermişdim. Əksinə, sənin kədərli olmağın, işə gedəndə də, gələndə də gözlərinin kimisə axtarması, tapmayanda üzündəki o məyusluq, hisslərimin məni aldatmadığını yəqin etdim. Əsmər mən səni sevirəm. Kişi kimi sözümü sənə dedim. Sən də etiraf et. İmza: Sənin “Zırraman”. İndi sevindiyimdən ağlayırdım, gülə-gülə. Rəsmiyyə də mütəəssir oldu. “Az di yaxşı, məni də kövrəltdin, get onnansa cavab yaz”. Rəsmiyyəni qapıya qədər ötürüb, dəftər-qələmi əlimə aldım. “Salam, Samir! Əgər mən elə etməsəydim, mənə də, sənə də zərər gələrdi. Qıymaram ki, mənə görə kimsə sənə əl qaldırsın. Mən sənə inanıram. Sən də öz hisslərinə inan. Sağ ol! Allah səni qorusun!”

Kağızı qatlayıb elə Samirin göndərdiyi zərfə qoydum. Çantamda gizlətdim: “Əgər sabah yolda qarşılaşsaq, özünə verəcəyəm!”

Səhər biz asfalta çatanda məktəbin qarşısı qələbəlik idi. Əsgərlər yük maşınlarında əli silahlı oturub, yola düşmək əmrini gözləyirdilər. Zabitlər ora-bura qaçır, nəsə ucadan danışır, əmrlər verirdilər. Qəflətən ürəyim məngənəyə salınmış quş kimi çırpındı. Dərk etmədiyim bir hissin təsiri ilə utanmağı, qorxunu bir kənara atıb, bir-bir maşınların kuzovlarına diqqətlə baxmağa başladım.

Ürəyimə dammışdı ki, Samir burdadır. Birdən pıçıltımı, yalvarışmı, sevincmi (izah edə bilmirəm), bir titrək səs eşitdim:

– Əsmər!!

Elə bil zabitlər Samirin bu kəlməsinə bənd imişlər. Tərpənmək əmri verildi. Mən tələsik səs gələn tərəfə döndüm. Bir an içində əlimi çantaya saldım. Məktubu
çıxartdım. Üzümü o səmtə tutanda, yerimdən tərpənməyə halım olmadı. Gördüyüm o bir neçə anlıq o gülümsər sifət, gülümsər gözlər, o gülümsər gözlərdən selə dönüb çağlayan yaşlar məni durduğum yerə sanki mıxladı. Maşınlar bizdən uzaqlaşdı, gözdən itdi. Məktub əlimdə qaldı.

Həmin gün 26 mart kəndimiz erməni artilleriyası tərəfindən güclü atəşə tutuldu. Qadınları, qocaları, uşaqları kənddən çıxarıb müvəqqəti qonşu rayonlarda yerləşdirdilər. Anamla mən də qohumlarımızın evində qonaq qalası olduq. Təbii ki, atam, qardaşım kəndin başqa başıpapaqlıları kimi kənddə qalmışdılar. Kəndi ermənilərdən müdafiə etmək üçün!

Bir neçə aydan sonra isə bizim kənd də işğal olundu. El-obamız xarabaza çevrildi. Camaatımız pərən-pərən düşdü. Samirlə əlaqəm tamam kəsildi.

Əvvəllər küsürdüm, inciyirdim, məni axtarmadığına görə onu qınayırdım. Sonralar narahat olmağa başladım. Bir müddət onu unuda bilmədim. Sonra özümü inandırdım ki, istəsəydi tapardı məni. Nisbi sakitlikdi, evlərinə qayıdıb, ailə qurub, məni heç fikirləşmir də. Odur ki, Samirsizliyə yavaş-yavaş öyrənməyə başlayırdım!
O hadisələrdən iki il ötmüşdü. Yenə də yaz ayları idi. Günlərin bir günü Bakıya yaxın qohumlarımgilə qonaq getdim. Qohumumdan məni şəhərin görməli yerləri ilə tanış etməyi xahiş etdim. Xahişimi yerinə yetirdi. Məni bulvara, Qız qalasına, Fəvvarələr meydanına – hər yerə gəzməyə apardı. Dağüstü parka qalxdıq. Şəhidlər Xiyabanını görmək istədiyimi bildirdim. 20 Yanvar şəhidlərinin qəbirlərini ziyarət edə-edə gəlib Qarabağ müharibəsində şəhid olanların məzarına yaxınlaşdıq. Cavan, yaraşıqlı oğlanların məğrur çöhrələrinin bir başdaşından görünməsi məni için-için ağladırdı. Adları oxuya-oxuya sıraların arasında gəzinirdim. Birdən —–ov Samir —– oğlu 1970-1993.03.26. oxuduğum ad-familiyanın doğmalığı məni qəfil sillə kimi tutdu. Aman Allah! Həmin sifət, həmin gözlər, həmin təbəssüm! Mən indi anladım, Samirin o vaxtkı göz yaşlarını!! Deməyə fürsət tapmadığı, bəlkə də bir kitablıq sözləri baxışları ilə mənə başa salmışdı. Mən anlamamışdım ki, bu, onun son gedişi imiş! 

Dönüb qohumumdan bu gün ayın neçəsi olduğunu soruşdum.

– Martın 26-dır……… Sənə nə oldu?…..

İki illik bəndini, bərəsini zorla basıb-bağladığım çeşmənin qarşısı açıldı. Hayqırtı qarışıq ağı mənim Samir üçün son hədiyyəm oldu. Ayrılanda qəbrin üstünə bir parça kağız da qoydum. Bu neçə vaxtdır ki, çantamda gəzdirdiyim, atmağa, cırmağa əlim gəlməyən həmin məktub idi. Ünvanına yetişməyən məktub!

Müəllif:Əntiqə RƏŞİD

İlkin mənbə: adalet.az

ƏNTİQƏ RƏŞİDİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru