AKİF ABBASOV – ADİLƏ NƏZƏR YARADICILIĞINDA VƏTƏN, VƏTƏNPƏRVƏRLİK MÖVZUSU

No Comments

ADİLƏ NƏZƏRİN YAZILARI

ADİLƏ NƏZƏR YARADICILIĞINDA VƏTƏN, VƏTƏNPƏRVƏRLİK

                                                 MÖVZUSU

Müqəddəs hiss – vətənpərvərlik! Doğma yurda, torpağa, bayrağa, ocağa  məhəbbət! Vətənin taleyi üçün narahatçılıq hissi keçirmək! Vətənin maddi və mənəvi sərvətlərinə, zəhmətkeş və fədakar insanlarına, elm, mədəniyyət, incəsənət xadimlərinə, vətənin dünya şöhrətli tarixi şəxsiyyətlərinə görə iftixar və qürur hissi yaşamaq!

Budur vətənpərvərlik!

Vətənpərvərlik, Vətənə bağlılıq, Vətən eşqi insanın damarlarına çökür, qanına qarışır. Biz, hər birimiz doğma adamlarımıza bəslədiyimiz duyğuları  eyni zamanda Vətənə münasibətdə ifadə edirik.

                   Vətən mənə oğul desə, nə dərdim,

                   Mamır olub qayasında bitərdim. (Məmməd Araz)

Şairə Adilə Nəzər isə deyir:

                    Günəş olmaq istəyirəm, Vətən!

                    Hər səhər üzünə işıq gətirim deyə.

                   Qarış-qarış torpağına

                   İsti nəfəs ötürüm deyə .

                   Gözlərin olmaq istəyirəm, Vətən!

Adilə Nəzər niyə Vətənin gözləri olmaq istəyir? Bu suala “Vətən” şeirində özü  cavab verir: dünyanın gərdişini, əyrini, düzü,  yaxşını, pisi görmək üçün:

                   Öz şərəfsizliklərini,

                   Görməmək üçün gözlərini bağlayanları,

                   Gözlərimdən itirim deyə!

Adilə Nəzər öz şeirlərində bir çox sosial problemləri, adət-ənənləri, inancı, sevgi, məhəbbət mövzularını şair səriştəsi ilə qələmə alıb. Fəqət vətənpərvərlik, Vətən onun ən çox müraciət etdiyi mövzulardandır. Mən deyərdim ki, bu xanım, bu vətənpərvər şair Vətənə qırılmaz tellərlə çox bağlıdır. 

Bu yazımda mən onun digər gözəl şeirləri üzərində deyil, yalnız Vətən soraqlı, vətən sevgili şeirləri üzərində dayanmaq istəyirəm.

Adilə Nəzər filologiya üzrə fəlsəfə doktorudur. Bir neçə elmi kitabı işıq üzü görüb, bu istedadlı xanım eyni zamanda bir sıra şeir kitablarının nəşrinə də nail olub və həmin əsərlərdə vətənpərvərlik, Vətənə məhəbbət, ölkəmizin gözəllikləri, xeyirxahlıq, səmimiyyət,  şəxsiyyətlərarası qarşılıqlı gözəl münasibətlər, dostlar, sevgənlər arasındakı məhəbbət sevə-sevə vəsf olunub. Mənfi hallar, naqis tərbiyə üsulu tənqid olunub, düşmənə nifrət hissi alovlanıb.

Biz Adilə Nəzərin Vətən, vətənpərvərlik, yurda bağlılıq, Vətənin müdafiəsi ilə bağlı şeirlərini iki yerə ayırardıq. 2020-ci ilin 27 sentyabrına qədər olan dövr  (torpaqlarımızın işqal altında olduğu illəri əhatə edən, qəm-qüssəli dövr, nisgilli bir yaşantı); 2020-ci il sentyabrın 27-dən, xüsusən noyabrın 8-dən, 10-dan sonrakı bir dövr (zəfər, qələbə, sevincli günlər).                

Adilə Nəzər bir zamanlar ərazisinin beşdə bir hissəsi işğal altında olan Vətənin ağrı-acısını yaşayır, lakin özünü ələ alaraq ona ürək-dirək verirdi:

                   Gün gələcək səbrim qalxıb coşacaq,

                   Nifrətin sel olub aşıb-daşacaq.

                   Bağlı olan bütün sədlər aşacaq,

                   Mübarizə qürur verər millətə!

Adilə xanım sözlərində haqlı idi. “Mübarizə qürur verdi millətə.” Vətən deyilən Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Füzulu, Qubadlı, Zəngilan silkələnib ayağa qalxdı.  Qarabağ  Azərbaycan idi, Azərbaycan oldu.

30 ilə yaxın idi ki, torpaqlarımız erməni-faşist işğalçılarının əsarəti altında idi. Bu, hər bir azərbaycanlı kimi Adilə xanımın da dincliyini, rahatlığını əlindən almışdı. Yana-yana deyirdi:

                  Bilərək Vətənin can olduğunu,

                   Heyif ki, asanca itirdik onu.

                   Bu zülmün-zillətin yoxmu bir sonu?

                   Sən özün bir əlac eylə, Allahım!

Adilə xanım bu sətirləri 2012-ci ildə yazmışdı. Allah onun haqq səsini eşitdi, səsinə səs verdi.

44 günlük Vətən müharibəsi ötən il uğurla başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı və müzəffər ordumuzun fədakarlığı, cəsurluğu və igidliyi ilə düşmən – erməni ordusu darmadağın edildi. İşğal altında olan torpaqlarımız – şəhər, rayon və kəndlərimiz azad olundu.

Bütün vətənpərvərlərimiz, soydaşlarımız  kimi  Adilə xanımın da sevincinin həddi-hüdudu olmadı.

         Şair torpağın qədrini bilməyi, hər zaman ayıq-sayıq olmağı, yurdu-yuvanı qorumağı vacib sayırdı. Şairin şeirlərində dediyi bu idi ki, vara-dövlətə uyub arxayınlaşmayın, Vətənin qədrini bilin. Torpaq, ərazi əldən gedəndə xoşbəxtlik də yoxa çıxır, var-dövlət də:

                   Sevinməyin boş yerə,

                   Malınıza, pulunuza,

                   Hələ kim olacağını

                   Bilmədiyiniz övladınıza.

                   Heç kimin olmayacaq bu dünya,

                   Siz uymayın tamaha.

Bunları diqqət mərkəzinə gətirən şair axırda aşağıdakı qənaətə gəlir:

                   Qürurunuz, bayrağınız,

                   əbədi yatdığınız

                   torpağınız olacaq.

                   Qoruyun bu torpağı,

                   Qoruyun Qarabağı.

           Yaman günün ömrü az olar deyərlər. Bu yaman günün ömrü amma uzun çəkdi – 28 il. Fəqət “Ədalət zəfər çaldı!”  Azərbaycan diplomatiyası, Azərbaycan ordusu qələbə qazandı. Azğınlığı, vəhşiliyi, qəddarlığı, xəyanətkarlığı, satqınlığı, yaltaqlığı, namərdliyi ilə Yer üzündə misli-bərabəri olmayan düşməni – erməni faşist işğalçılarını diz üstə çökdürdük.

Qüssə-kədəri bir yana atıb sevinc donuna bürünən Adilə Nəzər qələmə sarılıb  “Bu zəfər bizimdir” şeirində yazdı:

Bilir yalçın qaya, bilir Babadağ,

Bu zəfər bizimdir, bu zəfər bizim.

Gözün aydın olsun, anam Qarabağ,

Bu zəfər bizimdir, bu zəfər bizim.

Qarabağsız necə gülüm?- deyirdi,

Uşaq, böyük “bitsin zülüm” deyirdi.

“Ya Qarabağ, ya da ölüm” deyirdi..

Bu zəfər bizimdir, bu zəfər bizim.

Vətən bütövləşdi. İnsanlarımızın gözləri güldü,  sevinc, xoşbəxtlik tapdılar. Şanlı ordumuza alqış dedilər. Adilə Nəzər kimi:

Yeni tarix yazdın – zəfər qazandın,

Şuşa qalasını fəth etdin, əsgər.

Başın uca olsun, ay gözüm, canım,

Sayəndə güləcək Azərbaycanım,

Vüsala yetişdi könül sevdası,

                              Gəldi Qarabağın o xoş sədası.

                                                           (“Azərbaycan əsgərinə” şeirindən)

    2020-ci il dekabrın 10-da Azadlıq Meydanında Zəfər bayramı qeyd olundu. Minlərlə insan meydana axışdı. Ordumuzun paradı keçirildi.

Bu il Zəbər Bayramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edib qələbə münasibətilə xalqımızı təbrik etdilər.

             Adilə Nəzər də bu böyük günün şəninə“Zəfər günü Bakı Bulvarı” şeirini yazdı:

Bu gün Bakı bulvarı Zəfər rəngində idi.

Köklənmişdi hər yerdə “Cəngi”yə sazın simi,

Axırdı insan seli coşqun dağ çayı kimi.

Kimi təlaşlı idi, əlində şanlı bayraq,

Kimi xəyallarında ovuclayırdı torpaq…

         Adilə Nəzərin Vətən mövzulu şeirləri saysız-hesabsızdır. Onların hamısını diqqət mərkəzinə gətirmək imkanımız xaricindədir. Onun “Vətən, sənin köksündə gül tək bitəm” şerinə müraciətlə bu istedadlı şairə uğurlar diləyirəm:

                            Keşiyində bir ömür ayıq və sayıq olam,

Qoruyam öz yurdumu, canıma tən saxlayam.

Gərək gözümün üstə, şanına layiq olan,

Azərbaycan adında ana Vətən saxlayam.

Adilə Nəzər şeirinə, şeiriyyətinə hörmətlə, Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

ADİLƏ NƏZƏRİN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.