44 günlük zəfər yürüşü – Babək İsgəndərov

No Comments

…28 il ağrılı-acılı ömür yaşayan Azərbaycan insanı, nəhayət ki, başda Ali Baş Komandan İlham Əliyev olmaqla özünü toparlayıb Vətən torpaqlarının bütövlüyünü bərpa etdi. Bu günlərin müzəffərliyini Azərbaycan dövlətinə sarsılmaz iradəyə sahib xalqımızın dövlətlə birliyi, ölkəmizin iqtisadi gücü və müasir ordu quruculuğu qazandırmışdır. Bu qələbəni bizə Azərbaycan Prezidenti, Ali baş komandan İlham Heydər oğlu Əliyev və torpaq uğrunda canını fəda etmiş minlərlə Vətən oğlu bəxş etmişdir.

Yaxın keçmişə nəzərə salsaq görərik ki, Azərbaycan Prezidenti bütün çıxışlarında, yerli və xarici mətbuat orqanlarına verdiyi müsahibələrində təkrar-təkrar deyirdi ki, ərazi məsələsi heç vaxt müzakirə mövzusu ola bilməz. Zaman yetişdi və hər zaman “Sözümüz imzamızdır!” deyən dövlətimizin başçısı öz vədinə əməl etdi. 17 il yürüdülən uzaqgörən xarici və daxili siyasət, ordu quruculuğunda həyata keçirilən məqsədyönlü tədbirlər xalqımıza böyük qələbə sevincini yaşamağı nəsib etdi. 44 gün bir yumruq kimi birləşən Azərbaycan xalqı tarixin bu çətin sınağından üzüağ, alnıaçıq çıxdı. 10 noyabr 2020-ci il tariximizə yeni dövrün, yeni eranın başlanğıcı kimi yazıldı. Bu tarix Müzəffər Ordumuzun qürur ünvanı olaraq daim xatırlanacaq. Bu tarixi qələbə Ümummilli lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” arzularının təntənəsi oldu.

44 gün sürən ağır döyüşlər 20 faizi işğal altında qalmış Azərbaycanın ərazisinin çox hissəsinin – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin və bir çox kəndlərin, Tərtər rayonunun Suqovuşan kəndinin, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsinin, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə bitdi. Bu döyüşlərdə Şuşanın alınması dünya hərb tarixinə düşəcək dərəcədə əməliyyat kimi diqqət çəkdi. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dediyi, ekspertlərin də təsdiqlədiyi kimi, Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu. Yüksək peşəkarlıq, cəsarət, qəhrəmanlıq nümunəsi tələb edən bu əməliyyatı qəhrəman Azərbaycan oğulları dağlardan, sıldırım qayalardan, sıx meşələrdən keçərək, həm də yalnız yüngül silahlarla silahlanmış halda icra etdilər. Sonrakı günlərdə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli razılaşma əsasında Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən Azərbaycana qaytarıldı.

Bu gün hər bir Azərbaycan övladı bu qələbənin şahidi olmasından qürur duyur. Azərbaycan xalqı bu tarixi qələbə ilə 178 illik (12 oktyabr 1813-cü il, Gülüstan sülh müqaviləsi) ilhaqa son qoyub. Xalq öz dövlət başçısına məhəbbətini “Ali Baş Komandan”, “diplomatik cəbhədə böyük strateq” kəlmələri ilə ifadə edir. Bu gün bütün Azərbaycan qürur duyur ki, Ümummilli liderin zamanında söylədiyi “Mən İlham Əliyevə özüm qədər inanıram” kəlmələri həyatda təsdiqini tapıb. Ulu öndər Azərbaycana onun ümidlərini doğruldan, Azərbaycan Respublikasının daxili və xarici siyasətini uğurla davam etdirən, Azərbaycanımızın dünyanın hegemon dövlətləri ilə bir sırada qürurla dayanmasını təmin edən İlham Əliyev kimi bir varis, dövlət başçısı qoyub gedib. Xalqa müraciətində “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”, deyən İlham Əliyev həqiqətən ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt oğuldur.

Bəli, biz də deyirik: Gözünüz aydın olsun, dünya azərbaycalıları, 28 ildən çox davam edən həsrətə, haqsızlığa artıq son qoyuldu, işğal altındakı tarixi və əzəli torpaqlarımız əsl sahibinə qovuşdu. Gözün aydın olsun, Azərbaycan! Qisas qiyamətə qalmadı, bu torpaqlar uğrunda həlak olanların qisası döyüş meydanında alındı. Ruhunuz şad olsun, igid Vətən oğulları! Bu qələbəni qeyd etməyə daha çox sizlər layiqsiniz. Çünki, biz torpaqlarımızı əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad etdik.

Babək İsgəndərov

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Kadrlar idarəsinin böyük inspektoru, ədliyyə mayoru.

İlkin mənbə: modern.az


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir