BƏDBƏXT – QİSMƏT TAĞIYEV

No Comments
Qismət TAĞIYEV – yazar.

BƏDBƏXT

(Povest)

Bakı –Horadiz sərnişin qatarının  üçüncü vaqonunun ikinci kupesində bir kişi ayaqüstə dayanıb pəncərədən perronda dayanmış  həyat yoldaşı Maisa xanım, 9 yaşlı oğlu Orxan və bu ailənin yaxın dostu Əli həkimlə söhbət edir. Qatar gecə saat 11-də yola düşəcək. Hələ 15 dəqiqə var. Yola salanların əhval-ruhiyyələri yaxşıdır. Deyib-gülür, hərdən  ona əl edirdilər. Vasif:

 –Yaxşı sağ olun! Daha gecdir, həm də soyuqdur. Yaxşı olar evə gedəsiniz. Maisa:

-Düz deyirsən Vasif bura yaman soyuqdur. Lap donmuşam. Onda biz getdik. Özündən müğayət ol. Elə bu an hansısa hissin təsirindən Vasif özünü  tambura çatdırıb vaqonun açıq qapısından onlara baxmaq istədi. Çıxışa tərəf gedirdilər. Sol tərəfdə Maisa  Əlinin qolundan  Əli isə Orxanın əlindən tutmuşdu  və birdən Əli əyilib Maisanın üzündən öpdü. Vasif gördüyundən heç  təəccüblənmədi. Bu birinci dəfə deyildi. Sakitcə qaydıb öz kupesinə gəldi. Başını əlləri arasına alıb oturdu. Çiyninə toxunan əlin təsirindən  başını qaldırıb qarşısında vaqon bələdçisini gördü. Bələdçi:

-Sizə nə olmuşdur? Əgər özünüzü pis hiss edirsinizsə həkim çağırım. Vasif tələsik ayağa qalxıb:

-Yox-yox heç nə lazım deyildir. Zəhmət olmasa yatağı düzəldin. Uzanıb dincəlmək istəyirəm. Bələdçi yatağı düzəldib getdi. Vasif soyunub yatağa uzandı. Xöşbəxtlikdən kupedə ondan savayı heç kim yox idi. Olub keçənləri xatırlayaraq qəti qərara gəlmək istəyirdi. Vaxtı çox idi. Qatar düşəcəyi stansiyaya səhər saat 6-da catacaq. Bütün bunlar gözlənilmədən baş verdi.

 Onun adı Vasifdir. Hələ 50 yaşı tamam deyil, həkimlərin məsləhəti ilə  təqaüdə çıxır. Baş mühəndis  işlədiyi  şırkət  “subpodratçı” təşkilat oub  böyük tikinti şirkətlərinin inşa etdiyi obyektlərdə avadanlıqlar quraşdırır. Bakı şəhəri daxil olmaqla respublikanın bütün bölgələrində olur. İşiləri çox olduğundan elə qazancı da yaxşıdır. 20 ildən çoxdur Bakı şəhərində yaşayır. Həftənin beş gününü işləyib, şənbə- bazar istirahət edir. Amma indi xəstədir. Həkimlərin dediyinə görə o bundan sonra çox ehtiyyatlı olmalıdır. Onurğa beynində zədələnmə var. Yaxşı olar  təqaüdə çıxıb  sakit həyat yaşasın. Onda bu xəstəlik  ola bilsin əvvəllər də varmış. Ancaq sağlamlığımdan heç vaxt şikayət etməmişdir.

İki ay bundan öncə köhnə dostları  Arif, Aydın və Əli  ilə birlikdə dənizkənarı bulvarda oturub çay içirdilər. Sentyabr ayı idi. Axşam saat doqquz olardı. Gündüzün istisindən qaçıb bura pənah gətirmişdilər. Artıq bir çaynik içilib qurtarmışdı. İkincini sifariş vermək istəyəndə , yeyib içməyi xoşlayan  Aydın:

-Əşi rəhmətliyin uşağı, Siz də iş-peşə tapmısınız. Nə görmüsünüz bu çayda. Elə həmişə çay,çay. Vasif sən lap xəsis olmusan.  Dostlarının xətrini çox istəyən Vasif üzünü  Aydına tərəf tutub dedi:

-Qardaş ürəyiniz nə istəyir  mən hazır.

-Mən balıq yemək istəyirəm.

Bu kafedə yemək verilmirdi. Restoranların birinə gedib orda  balıq sifariş etdilər. Hər şey hazır olub yeməyə başlayanda Kürqırağı kəndlərin birindən olan  balıq üzrə   “ekspertimiz” Arif  balıqları bəyənmədi.

-Bunlar hamısı vətəgə balıqlarıdır. Bu balıqları yemlə bəsləyirlər. Həm yağlı olurlar, həm də elə dadlı olmurlar. Bura baxın bu gün neçənçi gündür?

-Üçüncü gün-deyə Əli cavab verdi.

-Elə isə hamınızı şənbə-bazar günü bizim kəndə Kürqırağına dəvət edirəm. Balıq tutarıq, həm də  sahildəki meşədə  kabab çəkərik. Sonra da qəflətən əlini qulağına  apararaq bərkdən oxumağa başladı;

-Kür qırağının əcəb seyrangahı vardır,

Yaşılbaş sonası hayıf ki, yoxdur. Arifin bu hərəkəti hamını güldürdü.

Arif :

-Hə nə deyirsiniz, razısınız? Ariflə Aydın həmyerlidirlər. Hər ikisi Vasif işləyən idarədə iş icraçısıdır. Əli isə Maisa işləyən xəstəxanada şöbə müdüridir. Dostlar Arifin xətrini çox istəyirdi. Onlarda dəfələrlə olmuşdular. Sadə, təvözakar, zəhmətkeş valideynləri var. Vasif Aydınla, Əli ilə məsləhətləşəndən sonra cavab verdi, – razıyıq. Balıq tutmaq  üçün bütün ləvazimatlar  Arifdə vardır. Qərara alındı, şənbə günü dörd  dost  səhər saat 7-8-də  Vasifin “Tayota” markalı maşınınıma əyləşib Kürqırağına getsinlər. Kimin ürəyi hansı İçkilərdən, sulardan istəyirsə özü ilə götürsün. Belə də etdilər. Ancaq yola düşmək məqamında məlum oldu, Əli getməcək. Xəstəxanaya ağır xəstə gətiriblər və həmin xəstəni Əli operasiya edəcək. Artıq saat 11-də Arifgilin kənddəki evlərinin qarşısında maşından düşdülər. Həyət adamlarla dolu idi. Bunlar hamısı Arifin yaxın qohumlarıdır. Uşaqları qarşılamağa gəlmişdilər.Yəqin gələcəklərini Arif  telefonla xəbər veribmiş. Əvvəlcə ata-anası  Muxtar əmi, Atlas xala onlara yaxınlaşıb üz-gözlərindəndən öpüb, xoş gəldin elədilər, Sonra cavanlar. Onlardan biri ayaqları kəndirlə bağlanmış quzunu Muxtar kişinin işarəsi ilə  gətirib uşaqların qarşısında yerə yıxaraq kəsdi. Muxtar əmi:

-Burdan belə  sizlik bir iş yoxdur, keçin evə. Qızların köməkliyi ilə yaxşı-yaxşı yuyunduqdan sonra  açıq eyvanda əvvəlcədən düzəldilmiş  stolun ətrafında oturdular. Muxtar əmi də onlarla əyləşib, hal əhvallaşdı. Vasif də öz növbəsində onun vəziyyəti ilə maraqlandı. Muxtar əmi yaxşıyıyıq-dedi.

-Sağ olsun müstəqil dövlətimizi. Torpaqları verib özümüzə. Ürəyimiz necə istəyir elə istifadə edirik. Yuxarıda dediyi kimi onlar bu evdə dəfələrlə olmuşdu. Bu daşdan kürsüsünün hündürlüyü 1 metr olan, sonrası isə çiy kərpicdən tikilmiş bir mərtəbəli evdir. Divarlarının qalınlığı 80 sm olar. Belə divar yayda  Günəşin yandırıcı  istisini, qışda isə soyuq havanı içəri buraxmır. Nəticədə ev yayda sərin, qışda isti olur.

Süfrədə hər şey var idi. Yerli məhsullardan pomidor salatı doğranmış, üzərinə soğan, bibər, reyhan əlavə edilmiş və birinin yanına bir ədəd acı istiot qoyulmuşdu. Kimin ürəyi istəsə yeyə bilərdi. Düz boşqablarda camış qaymağı, soyutma yumurta, qrafinlər   qatıqdan düzəldilmiş ayranla  doldurulmuşdu. Bir qədər kənarda qoyulmuş stolun üstündə boşqablarda doğranmış qarpız-yemiş düzülmüşdü. Əvvəlcə çay içəndən sonra süfrəyə yemək verildi. Arif də gəlib oturdu. Qonaqlar çay içib söhbət eliyən zaman, lazım olan işləri yerinə yetirirdi. Tilovları, atmaları hazırlayıb, tilovlara taxılacaq  qurdları (soxulcanların) yığılmasına göstəriş vermişdi. Xörək  Atlas xalanın bəslədiyi və öz əliyi çöl ocağında bişirdiyi çolpa ətinin çığırtması idi. Ətiri uzaqdan hiss olunurdu. Bütün bunları görən və yaxşı yeməyi qiymətləndirən  Aydının  keyfi kökəlmişdi:

-Əladır, əladır-deyirdi. Amma nəyisə çatmır. Aydının nəyə işarə etdini bilən və içməklə arası olmayan Vasif:

-Aydın mən ölüm bəsdir. Qoy bu gül kimi nemətləri o zəhrimarsız yeyək. Yeməkdən sonra  qarpız –yemişi verdilər. Yanındada  boşqabda  xüsusi üsulla hazırlanmış şor qoyulmuşdu. Yerli əhali buna Şirvan şoru deyirlər. Qarpız –yemişlə yeyəndə çox ləzzətli olur. Nəhayət hamı yeyib doyandan sonra Muxtar əmi:

-Yol gəlmisiniz, yəqin yorulmusunuz. O başdakı otaqda Sizə yer hazırlayıblar keçin bir qədər dincəlin. Arif  də öz növbəsində:

-Hə atam düz deyir. Bir az dincələk. Kürə saat 4-də gedəcəyik. İndi istidir. Etiraz etmədik. Məsəl var “Qonaq ev yiyəsinin quludur” deyiblər. Gələnlər üçün hazırlanmış otağa daxil olanda buranın həqiqətən çox sərin olduğunu hiss olunurdu. Saat 4-ün yarısında Arif bizi səslədi.

-Hə balıqçılar durun vaxtdır. Kür və onun səfalı meşəsi  bizi gözləyir. Ayağa durub səfər paltarları geyib hazır oldular. İndi onların tamamilə başqa görkəmi vardı. Həyətdə qablaşdırılan şeyləri  Arifin qardaşı Nəsibin at arabasına yığmışdılar. Burda nələr yox idi. Tilovlar, xırda kətillər, mütəkkə, döşəklər, şişlər, qarpız-yemiş, qab-qacaq vardı. Qalan şeylər bizim maşında idi. Arif Nəsibə:

-Qardaş sən yavaş-yavaş sür get bərənin yanına. Orda Qurban əmini tap. Deynən Arif qağam dostları ilə gəlib. Kürü o tərəfinə keçib balıq tutub, meşədə dincələcəklər. Səni də dəvət edirlər. Nəsib arabasın sürüb getdi. On dəqiqədən sonra biz də yola düşdük. Kür o qədər uzaqda deyildi. Kür daşanda ətrafı su basmasın deyə sahil boyu torpaq bənd salınmışdı. Maşınımız getdikcə hər tərəfi toz –duman bürüyürdü. Cəmi 300-400 metr yol gedəndən sonra gəlib bərənin yanında olduq. Maşından düşüb bərənin yanına gəldik. Burada sahil sıldırım qaya kimi idi. Bərə dayanan yerin sağ –sol tərəfinə ağaclar əkilmiş, ağaclar böyüyüb hər tərəfə kölgə salırdı. Hava azca küləkli, həm də sərindi. Araba burda olsa da  Nəsib  yox idi. Bərə sahildə basdırılmış dəmir dirəyə zəncirlə bağlanmış və üstəlik möhkəm qıfıllanmışdı. Az keçməmiş Nəsib gəlib çıxdı. Amma yaman bikefdi. Az qala ağlayacaqdı. Bizim kimi oda gəlib görür bərə bağlıdır. Qurban əminin harada oduğunü öyrənmək üçün buradan 100 m aşağıda olan motorçunun yanına gedir. O da xəbər verir, heç mən də bilmirdim. Günorta olara getdim. Öyrənib ki, Qurban əminin Bakıda fəhlə işləyən oğlunu maşın vurub. Yazıq kişi o qədər tələsik gedib, açarları da özü ilə aparıb. Amma şükür Allaha uşağa elə bir ciddi xətər yetməyib. Bu gün axşam qayıdacaq. Arif tamamilə dilxor oldu. Bu ətrafda ən yaxın bərə 20 km aralıda idi. Ora da getmək sərf etmirdi. Həm yol narahatdır. Həm də oralar başqa kəndin ərazidir. Sonra üzünü bizə tutub:

-Yaxşı uşaqlar  dilxor olmayın. Meşədə yeyib –içməyimiz qaldı sabaha. Nəsib sən balıq tutmaq üçün nəyimiz varsa  ayır yerə qoy. Qalanlarını evə apar. Saat 10-da biz də gələcəyik. Kətilləri də apar. Onlar burada yaramayacaq. Vasif maşını ağacın kölgəsinə sür. Qorxma burda heç kim ona toxunmaz. Burdan 200 metr yuxarıda yaxşı yer var. Orda bizim qayığımız da var. Özünüzlə bir neçə su götürun və tilovları, atmaları aparmaqda mənə kömək edin. Vasiflə, Aydın onun dediklərinə əməl etdilər və arxasınca düşüb çay yuxarı getməyə başladılar. Heç on dəqiqə  keçməmiş üst-başımız, üz-gözümüz tamamilə toz oldu. Gəlib Arif deyən yerə çatıb  cığırla çayın sahilinə endik.    Burda qayalıq sahildən xeyli uzaqlaşmış və nəticədə uzunluğu 200 m, eni 10 metr olan sahə əmələ gəlmişdi. Suyun kənarında güclə hiss olunan dəmir dirəyə taxta qayıq bağlanmışdı. Arif sahil boyu aşağı-yuxarı gedib gələrək onların hər birinə iki tilov, ayrıca qutuda qurd verərək özünə ortada yer götürdü, əgər lazım olarsa tez köməyə çatsın. Bundan sonra atmaları qayığa yığıb, özü də qayığa tullanaraq suyun ortasına tərəf irəliləyərək bir-bir suya tulladı. Bəli balıq ovu başladı. Vasif  Kürün qarşıdakı  sahilinə  nəzər yetirdi. Qəribə idi. Çayın o tərəfi başdan-başa meşə idi. Özu də ağaclar  o qədər hündür idi çayın sahili tamamilə gölgə idi. Bura isə həm isti, həmdə bürkü idi. Yavaş-yavaş əynimizdə olan paltarları soyunurduq. Günəş bütün istiliyi ilə bizi yandırmağa hazırlaşırdı. Ayağımızın altında torpaq çox  yumşalıb artıq  palçığa çevrilirdi. İlk haray yenə Aydından  gəldi. Onun tilovuna iri bir balıq düşmüşdü. Nə qədər əlləşirdisə  çəkib sahilə çıxarda bilmirdi. Köməyə Arif gəldi. Suda balığı xeyli yorduqdan sonra  yavaş –yavaş suyun kənarına gətirib, əlini balığın qulağına keçirərək kənara atdı. Bu 4 kq –dan bir qədər az naqqa balığı idi. Aydın yaman sevinirdi. Vasif ayaqüstə durmaqdan yorulduğu üçün balaca bir təpəcik tapıb üstündə oturdu. Doğrudur bir balaca nəm idi,amma rahatdı. Onun da tilovlarına balıqlar düşdü. Balıqların biri sazan idi  və kilodan ağırdı. Gəldiyimizdən 2 saatdan çox keçməsinə baxmayaraq  gün hələ də yandırırdı. Palçığa batmış ayaqlarımızı tez-tez suda yuyurduq. Arifin atmaları da tez-tez səslənməyə başladı. Arif onları hər dəfə çıxaranda ucunda bir balıq olurdu. Nəhayət saat 8 oldu. Biz dostlar əməlli başlı balıq tutmuşduq. Vasif bərk yorulmuşdu. Qolları yaman gicişirdi.Təklif elədi, daha bəsdir gedəyin. Nəyimiz varsa yığışdırıb evə gəldik. Atlas xala bir neçə qazan istisu hazırlamışdı. Bulananları soyunub töküb yüngül paltarlar geyərək yenə eyvana çıxdıq. Arif hələ həyətdə idi. Onun yanında tanımadığım 4-5 adam vardı. Arifin dostları imiş. Gəlişini eşidib gəlmişdilər. Buralı olsalar da bizim tutduğumuz balıqları görüb məəttəl qaldılar. Arif balıqları təmizləməyi yoldaşlarına tapşırıb   manqalı gətirtdi. İçərisinə kömür töküb od vurandan sonra  quzu ətinin qabırğalarından kabablıq doğrayıb şişlərə çəkdi. Az sonra bu şişlərə balıqlar əlavə edildi. Biz Muxtar əmi ilə söhbət edib çay içirdik. Tam bir saatdan sonra bizi yenidən süfrəyə dəvət etdilər və elə bu vaxt həyətə daxil olan maşının gur ışığı oturanların üzərinə düşdü. Maşın  düz gəlib onların yanında dayandı. Bu çox bahalı  maşındı. Vasif o dəqiə maşını tanıdı. Bu Əlinin maşını idi. Hər iki tərəfdən qapılar açıldı. Sükan tərəfdən Əli, digər tərəfdən isə bir qadın düşdü. Bədənə çox kip oturmuş qolsuz kofta və cins şalvar geymiş qadın Vasifin arvadı Maisa idi. Hamı ayağa qalxıb onlara xoş gəldin –deyəndən sonra stola dəvət etdilər. Maşında yatmış Orxanı evə apardılar. Qonaqlıq gecə saat 2-yə kimi davam etdi. Aydın  özunə təzə həmdəmlər tapmışdı. Məclisin axırına yaxın daha ağızdeyəni qulaq eşitmirdi. Gözəl məclis idi. Xüsusi  ilə təzə balıq kababı çox dadlı idi. Təkcə Vasifin üzü gülmürdü. Dilxor olduğundan stoldan qalxıb bir siqaret yandırıb ayaqyoluna tərəf yönəldi. Buralarda ayaqyolunu həyətin uzaq küncündə tikirlər. Yol manqalın yanından keçirdi. Başları qarışıq olduğundan  Vasifin yaxınlaşdığın hiss etməyən Aydın:

-Ə, Arif bizim dostluq etdiyimiz Vasif oğraşın, dəyyusun biri imiş. Gecənin bu vaxtında, bu yiyəsiz çöllü biyabanda arvadın nə ölümü  var yad kişinin maşınında. Kimi inandıra bilərsən onlar düz adamdır. Sən öləsən mənim  arvadım nəinki gecə, gündüz yad adamın maşınına minə ha, onun başını it başı kimi rus qiblləsinə kəsərəm. Odur ey sizdə olduğumu eşidib zəng vurub  olar məndə gəlim. Dedim öl yerində. Bütün deyilənləri  eşitməməzliyə  vurub sakitcə onların yanından keçib ayaqyoluna və tez qayıdıb öz yerində əyləşdi. Maisa ilə Əli yanaşı oturmuşdular. Özləri ilə gətirdiklər litlik rus araqlarından fincanlara süzüb Arifin kənddəki  dostları ilə içirdilər. Təzə   tanışlar da  söz verdilər sabah onların növbəsidir. Əziz qonaqlara meşədə qulluğu özləri edəcəklər. Uzun görüşmələrdən, təkrar qucaqlaşmalardan sonra nəhayət saat 3-də otağa girib dincəlmək istədilər.

Əziz oxucular! Haqqında söhbət açdığım Vasifin həyatı o qədər keşmə-keşli olub, bütün olanlar barədə dəqiq məlumat verməyə çətinlik şəkirəm. Odur ki, əvvəlki həyatı  və sonrakı taleyi haqqında məlumat verməyi  onun öz öhdəsinə buraxıram.

 -Aydınla Əli elə  o saat yatdılar. Amma mən… İlan vuran yatdı mən yata bilmədim. Bədənim od tutub yanırdı. Qapı-pəncələr taybatay açıqdı. Səhərə yaxın yuxuya getsəm   də səsə-küyə ayıldım. Yerimdən ayağa qalxmaq istədim və həmin anda ağrıdan qışqırmağa başladım. Səsimə yüyürüb gələnlərə heç nə deyə bilmirdim. Yavaşca kürəyimi göstərdim. Uşaqlar məni geyindirib, əllərində  həyətə gətirib stulda oturtdular. Məni soyuq tər basırdı. Üzümə su vurdular. Ayağımı isti vanna elədilər. Kürəyimi ovuşdurub  isti çay içirdəndən sonra bir balaca sakitləşdim. Ayağa durmağa qorxurdum. Ağrı gah sol tərəfdə, gah da sağ tərəfdə olurdu. Böyrəklərimdən şübhələnirdim. Əli həkim yaxınlaşıb əlinin tini ilə hər iki böyrəklərimin üstündən əvvəlcə yavaşca, sonra isə bərkdən vurdu. Ağrı yox idi.  Sənin belin ağrıyır. Bu sinir ağrısıdı. Möhkəm soyuqlamısan.Ev sahibi Arifdən isə lap qəribə təklif gəldi:

-Yığışıb gözləmədən şəhərə  getmək lazımdır. Burda qalmaq olmaz. Bu gün bazar günüdür. Lap elə iş günü ols ada burda nə həkim, nə dərman var. Məni arxa oturacaqda uzandırıb başımın altına yastıq qoydular, hamı ilə görüşəndən sonra yola düşdük. Maşını Arif sürüdü. Aydın da yanımızda idi. Maisa, Orxan yenə Əlinin maşınına mindilər. Maşın silkələdikcə ağrılarım artırdı. Hacıqabula çatanda daha dözə bilmirdim. Xəstəxanaya dönüb bir ağrıkəsici iynə vurdurduq. Evimizə çatanda saat 3 olardı. Məni köməkləşib 3-cü mərtəbəyə öz evimizə qaldırandan sonra Ariflə Aydın evlərinə getdilər. Yaxşı ki, arvadım, oğlum yanımda idi. Maisa həkimdir. Həm də qohumumdur. Bibim qızıdır. Nəbzimi yoxlayıb təzyiqımi ölçdü. Təzyiqim yüksək idi. 100-ün  185-ə. Yenidən qaça-qaç düşdü. Təcili yardım  xəstəxanasına yollandıq. Damarlarlarıma  iynə vurub təzyiqi aşağı salsalar da sinir ağrılarım şiddətlənirdi. İş o yerə gəldi, sol ayağım iflic oldu. Növbətçi həkimlər heç nə edə bilmirdi. Sonra hansısa həkimə zəng vurdular. Xəstəliyin əlamətlərini dedilər. Ümumi qərarla daha bir sakitləşdirici iynə vurdular. İynə vurulandan sonra ağrılar yavaş-yavaş sakitləşməyə başladı və yarım saatdan sonra  tam rahat oldum. Ayağa durub bir neçə addım gəzindim. Ancaq əlimi sol ayağıma vuranda bərk qorxdum. Ayağımın ombadan dizimə qədər olan hissəsində həyat əlaməti yox idi. Bu hissə elə bil quru yumru ağac idi. Həkimin biri məsləhət gördü, mənə təkbaşına yerimək olmaz, hər an müvazinətimi itirə bilərəm. İndi qayıdıb evinizə gedə bilərsiniz. İynənin təsirindən yaxşı yatacaqsınız. Sonra qələm, kağız  götürüb özünün tanıdığı həkimin adını, ünvanını və telofonunu yazıb bizə verdi:

-Məsləhət bilirəm, bu həkimin yanına gedin. O Sizə kömək edər. Onlara təşəkkür edib evə qayıtdıq. Məni öz çarpayıma uzandırıb, üstumü yorğanla örtəndən sonra Maisa:

-İndi sənə çay gətirərəm içərsən. Bilmirəm yerin rahatlığndanmı və yaxud yorğunluğumdanmı  dərhal yatmışam. Maisa Əlini öz evinə getməyə qoymur, qorxur, birdən nəsə olar. Ertəsi gün məni oğlum Orxan oyatdı:

-Ata dur! Anam səni həkimə aparacaq. Yüngül səhər yeməyi yeyib, çay içəndən sonra üçümüz də aşağı düşdük. Maşın öz yerində idi. Maisa pultu işə salıb qapıları açdı. Əvvəlcə məni oturtdular. Orxan keçib arxada oturdu.

– Bəs maşını kim sürəcək?

-Mən.

-Necə  sən maşın sürə bilirsən?.

-Hə. Sən buralarda olmayanda mən Əlidən xahiş etdim, mənə maşın sürməyi öyrətsin. Bir neçə ayın içərində mən yaxşı şagird oldum və indi əla maşın sürürəm. İstəyirdim sənə sürpriz edim.

-Yaxşı sürprizdir-deyə istehza ilə cavab  verdim. Maisa sükan arxasına oturub maşını işə saldı və həyətdən keçib, küçəyə çıxdıq. O maşını çox inamla idarə edirdi. Heç bir təlaş, həyacan yox idi. Yolüstü Orxanı oxuduğu məktəbə qoyduq. Bir az qaçandan sonra dayanıb  bizə əl elədi. Orxan  8 saylı orta məktəbin 3-cü sınfındə oxuyur. Bu uşaqda mənə oxşayan heç bir əlamət yoxdur. Onun saçları, qaşları, kirpikləri və gözləri qaradır, Mən isə  bir qədər sarışın olmaqla yanaşı gözlərim qəhvəyi rəngdədir. Ümumiyyətlə Allah-təala məni yaradarkən  öz səxavət əlini bir qədər əsirgəmişdir. Mən hündürboylu, arıq çəlimsiz bir adamamam. Başımın ön hissəsi girinti-çıxıntısı olan dəniz sahilinə oxşayır. Ortada  yarımada şəklində tük zolağı uzanıb alnıma qədər gəlir, öz növbəsində hər iki tərəfdən tükü olmayan üçbucaq şəkilli zolaq  yuxarı qalxır. Ən pisi isə mənim sol çiynimdən biraz aşağı anadangəlmə qozbelə oxşar bir şey vardır, hətta ən yaxşı tikilmiş kostyumu geyəndə belə kostyumun sol tərəfində yuxarı qalxma əmələ gəlir.

Maisa bizə verilən ünvanı çox asanlıqla tapdı. O burada Bakıda  anadan olmuşdur. Şəhəri yaxşı tanıya bilərdi. Ancaq avtomobil yollarında belə sərbəst hərəkət etməsi ondan xəbır verirdi ki, o bu işə lap çoxdan başlamışdır. Nə isə, mənim xəstəxanada qəbul edilib, müayinəm, analizlərin cavabının alınması tam 3 gün çəkdi. Bundan sonra həkimin məsləhəti ilə ev şəratində mam bir ay müalicə  olunacağımı, bu işləri bacaran xüsusi tibb bacısı ayıracaqlarını dedi. Onu da qeyd etdilər ki, yaxşı eləyib birbaşa Bakıya gəlmişəm. Cüzi səhv məni ömürlük yatağa sala bilərdi.

Bütün müalicələr olandan sonra yenidən həkimin qəbulunda oldum. Həkim hərtəfli yoxlayandan sonra:

-Hə yaxşısan. Qalanı baxır sənin özünə. Həmişə soyuqdan qorunmalısan. İşləmək olmaz. Həkimlərə yaxın yerdə yaşamalısan, vaxtında köməyinə çata bilsinlər. Yaxşı olar təqaüdə çıxasan. Sərbəst olarsan. İldə bir-iki dəfə sanatoriyalarda, istirahət evlərində dincələrsən. Bunun sənə çox xeyri dəyər. Əsəblərin sakitləşər. Onu da deyim, mən evdə müallicə olunan vaxtı bir dəfə də olsun Əli bizə gəlmədi. Yəqin Maisa tapşırıb. Çünki məlum Kürqırağı  hadisəsindən sonra onun  yanımızda olmağı məni özümdən çıxarırdı.

Həkimin dediyi ilə razılaşdım. Bizim yaşamaq üçün heç nəyə ehtiyacımız yox idi. Evimiz, maşınımız, kiçik və təmirsiz olsa da bağ evimiz var. Maisa işləyir, özü də yaxşı qazanırdı. Mən də yəqin ki, 500-600 manat təqaüd alacağam. Odur ki, ərizə verib işdən çıxdım. Ancaq təqaüd üçün sənədlər toplananda məlum oldum oldu iş stajımın 5-6 ili doğulduğum Göytəpə rayonunda qalmışdır. İndi həmin sənədləri almaq  üçün qatarla ora gedirəm. Saata baxdım. Saat 4-ə işləyirdi. Hələ də yata bilmirdim.Tambura çıxıb bir siqaret  çəkəndən  sonra yenidən yatağa uzandım .

Kimsə məni silkələyirdi. Gözlərimi açdım. Bələdçi idi:

 -Hazırlaşın indi sizin stansiyadır. Durub  yaxşıca yuyunduqdan sonra yol paltarlarımı soyunub, səliqə ilə əl  çantasına yığdım. Kostyumumu, yüngül paltomu  geyinərək, şeylərimi götürüb tambura gəldim. Hava hələ qaranlıq olduğundan  heç nə ayırd etmək olmurdu. Nəhayət qatar dayandı. Bələdçi qapını açdı. Üzümə xoş, təmiz  hava toxundu. Sinə dolusu nəfəs alıb öz ürəyimdə “oxay” dedim. Perrona düşüb çıxışa tərəf getdim. Ətraf  adamla dolu idi. Elə bilirdim Bakıdan təkcə  mən gəlirəm. Sən demə insanların əksəriyyəti qatardan istifadə edirmiş. Qatarla getmək həm rahat, həm ucuz, ən başlıcası təhlükəsizdir. Bu stansiyanın adı Dağburnudur. Gözəl yaraşıqlı binası var. Mən buralarda olanda tikilmişdi. Buraları əla tanıyıram. İş icraçısı işləyəndə mənim obyektlərimə göndərilən materialları bu stansiyadan daşıyıb aparardım. Gedəcəyim rayon mərkəzi  Göytəpə şəhəri burdan 18 km aralıda yerləşir. Dayanacağa  yaxınlaşıb  avtobusla getmək istəyirdim . Hər tərəfdən üstümə 5-6 adam hücüm çəkdi.

-Qardaş şəhərə gedirsən gəl aparım. Elə bu vaxt o biri tərəfdən başqa birisi; ə Həsən utanmırsan görürsən qardaş mənim maşınıma tərəf gəlir. Bəli burada bir mərəkə qopdu  gəl görəsən. Axırda iri cüssəli  bir kişi:

-Ayə, bəsdirin iki manatdan ötrü niyə bir-birinizi qırırsınız, qonaqdır bir az mədəni olun, özü kimin maşında əyləşər apararsınız. Mən keçib əvvəlcədən məni çağıran oğlanın maşınında oturdum. Nədənsə onun müraciəti xoşuma gəlmişdi. Nəhayət yola düşdük. Hava artıq işıqlanmışdı. Mən sürücünün yanında oturmuşdum. Ətrafı yaxşı seyr edə bilirdim. Yol çox rahat idi. Dörd yol kəsişməsində  böyük hərəkət darəsi düzəldilmiş, ətrafı yaxşıca abadlaşdırılmışdır. Yol boyu  müstəqil Azərbaycanımızın memarı və yaradıcısı  Ulu Öndərimiz Heydər Əliyevin Vətən, torpaq, gənclər haqqında dedyi sözlər yazılmış reklam lövhələrinə rast gəlirdik.

Yarım saatdan sonra  mən rayon mərkəzində  “kruq” deyilən yerdə maşından düşdüm. Gedəcəyim bir yer yox idi. Atam, anam vəfat etmiş, onlardan  sonra evimiz satılmış pulu bacımla, mənə verilmişdi. Mən öz payımın yarısını götürdüm. Bacım həmin pulla və üstəlik atamın biz institutda oxuyarkən aldığı 2 otaqlı mənzili sataraq yeni binada 3 otaqlı mənzil aldı. Dost, tanışdan söhbət gedə bilməz. Uzun illərin ayrılığından sonra mən heç bilmirəm onlar sağdır,  vəfat ediblər və ya  ayrı yerə köçüblər. Mənim burdan köçüb getdiyim 20 il olardı. Doğrudur atam, anam rəhmətə gedəndə bura gəlsəm də yalnız evimizdə oldum. Ətrafa nəzər saldım. Hər yan  tamamilə  yenidən düzəldimişdir. İlk  olaraq özümün inşa etdiyim    obyektlərə baxmaq istədim. O vaxt   mən bizim idarənin  şəhərdə olan obyektlərinin iş icraçısıydım. Onlar çox deyidir. Cəmi üç obyektdir. Beşmərtəbəli yaşayış binası, prokurorluğun inzibatı binası və raykom işçiləri üçün 2 mərtəbəli yaşayış binası. Bu binaların tikintisi  hər biri mənim həyatımda öz izini qoymuşdur. Bu izlərin nədən ibarət olduğunu  sonra söyləyəcəm.

Sənədlərimi götürmək istədiyim arxiv idarəsi saat 10-da açılacaq. İndi hələ  saat səkkizdir. Kifayət qədər vaxtım var. Hər üçünə baxdım. Yaxşı qalmışdılar. Bilirsiniz  hər bir bəstəkarın, rəssamın, yazıçının öz əsəri oduğu kimi, biz inşaatçıların əsəri tikdiyimiz binalardır. Oradan  birbaşa bazara getdim. Bir qədər buralarda dolandıqdan sonra şəhərin mərkəzində olan Heydər Əliyev  adına istirahət parkına gəldim. Alaqapıdan daxil olduqda parkın çox gözəl, həm də möhtəşəm tikildiyni görürsən. Qarşıda mərmərlə üzlənmiş hündür postament üzərində Ulu Öndərin ayaq üstündə heykəli qoyulmuşdur. Əlini  İşğal altında olan bizim Füzuli,Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı torpaqlarına tərəf uzadaraq xalqımızın həmin torpaqların azad edilməsinə çağırır. Yaxınlaşıb heykəlin önündə durdum və bütün varlığımla Ona baş əydim. Qayıdıb parkdan çıxandan sonra yaxınlıqda bir çayxanaya rast gəldim. Ağacların aıtlnda kənarda qoyulmuş tənha  stolda oturub  cay və səhər yeməyi sifariş etdim. Bunları tez verdilər. Yemək yeyib, cay içib pulunu verəndən sonra saata baxdım. Saat 10 idi və mən arxiv idarəsinə yollandım. İdarəni tanıyırdım. Əgər yerini dəyişməyiblərsə 5 dəqiqəlik yoldur. İşlərimi tez qurtarmaq istəyirdim. İstəmirdim məni burda kimsə görsün və yaxud tanısın. Ailəmizin adına ləkə gətirmiş, məni bu şəhərdən Bakıya köçməyə məcbur etmiş hadisəni burda uşaqdan –böyüyə hamı bilir.

İdarəyə çatıb açıq qapıdan içəri girib sağ tərəfdə müdir yazılan qapını döydüm. İçəridən:- Gəlin  səs eşidildi. Müdir otağına daxil oldum. Qapıya yaxn qoyulmuş stolun arxasında gənc bir qız kompüterdə nə isə yazırdı. Qarşı tərəfdə  stolun arxasında  gözlərinə eynək taxmış bir az yaşlı xanım əyləşmişdi. İri bir kitabı vərərələyib hərdən qeydlər edirdi. Mən:

-Salam! Sabahınız xeyir-dedim. Gənc qız salamımı aldı. Elə müdirə xanım da gözlərini kitabdan ayırmayaraq salamımı aldı və buyurun eşidirəm deyə cavab verdi. Ona yaxınlaşdım və tanıdım. Bu Zəminə idi. Mənim İlk sevgim. Bu dəfə ona adı ilə:

-Salam Zəminə! Adını eşitcək başını qaldirıb xeyli mənə baxdı və birdən ayağa qalxıb mənə yaxınlaşdı:

-O Vasif salam, salam. Xoş gəlmisən, xoş gəlmisən  və məni qucaqlayıb dəlicəsinə üz gözümdən öpdü. Gənc qız durub otaqdan çıxdı. Ay canım sən elə birdəfəlik yoxa çıxdın. Gəl, gəl əyləş, görək səni  buralara gəlməyə  nə vadar edib. Mən karıxb qalmışdım. Zəminəyə buralarda rast gələcəyimi heç ağlıma belə gətirmirdim. Sonra  mənə yer göstərdi. Özü də keçib qarşımda əyləşdi.

-Hə söylə görək nə var, nə yox. Oğlun, xanımın necədir? Deyirlər sənin ikinci xanımın yaman gözəldir. Görənlər deyir lap elə Cokandanın özüdür. Mən:

-Sağ ol Zəminə! Hər şey yaxşıdır. Mən özüm bərk xəstələmişəm. Xəstələndiyimi, təqaüdə çıxdığımı və gəlişimin səbəbini dedim. Sənədlərimi alıb baxandan sonra Aysunu çağırıb lazımi tapşırıqları verdi. Birdən ayağa qalxıb gülə-gülə Molla aşı görüb Quranı yaddan çıxardan kimi, mən də səni görüb sevindiyimdən çay  verməyi də unutdum. Sonra qapını açıb:

-Aysu bala  gəl bizə çay ver. Mən ona fikir verdim. O çox yaxşı qalmışdı. Əynində ona yaraşan boz kostyumu vardı. Yenidən gəlib qarşımda əyləşdi. Mən də öz növbəmdə ondan bir xəbər tutmaq istədim .

-Bəs sizdə nə var, nə yox, ailən, uşağın varmı?-deyə soruşdum.

-Heç nə yoxdur. Ali məktəbə daxil oldum. Bir neçə idarədə  işləyəndən sonra bir il olar bura göndəriblər.

-Axı necə ola bilər bütün qızlara sən adaxlı tapırdın, amma özünə bir oğlan tapmadın.

-Düz deyirsən mənim belə xasiyyətim vardı. O vaxt qızların ikisini sənin oğlanlarına verdim, sonra işlədiyim idarələrdə bir neçə qızı ərə vermişəm. Elə mənim özümə də çoxlu elçi düşən oldu, səndən sonra mən heç kimi sevə bilmədim. Amm bir şey  bu günə kimi mənə qaranlıq qalır. Necə oldu, biz bir-birimizi sevdiyimiz  halda sən qəflətən yoxa çıxdın və məni qoyub gedib o musiqi müəlliməsini aldın. O da sənə elə xəyanət elədi. Qulaq as Vasif elə bil ürəyimə dammışdı, bu günlərdə səni görəcəyəm. Mən sevgimizə aid bir neçə şer yazmışam. Bir həftə olar, onları evdən gətirib yanıma qoymuşam. Ayağa durub stolun rəfindən bir qovluq çıxarıb içərisindən üç vərəq götürüb mənə verdi. Alıb baxdım. Özü kmi şerləri də səliqə ilə yazılmışdı. Hə niyə susursan bəlkə deyəsən. Onsuz da bu heç nəyi dəyişmir. Ancaq səbəbini bilsəm yaxşıdır. Mən başımın işarəsi  Aysunu göstərdim.

Zəminə  -Qızım sən gedə bilərsən. Nahardan sonra gələrsən.

O vaxtdan neçə illər ötmüşdü. Amma mənim yaxşı yadımdadır, nə üçün ondan ayrıldım.

Yay günlərinin birində mən dostlarımla birlikdə  çimməyə getmişdim. Suda xeyli qalandan sonra sahilə uzanıb özümüzü günə verirdik. Mənim yanımda uzanan Telman Zəminəgilin qonşusu idi. Mən  ondan Zəminəni  tanıyırsan-soruşdum:

-Hə, necə bəyəm və birdən oturdu, təəcüblə üzümə baxdı. Bura bax Vasif sən mənim dostumsan. Səni xəbərdar edirəm. O qızdan aralı dur. Onlar yaxşı ailə deyillər. Atası təqaüdçü, anası müəllimədir. Özü də çox həyasız ailədir. Yapışdılar əl çəkməyəcəklər. Elə bu yaxınlarda böyük bacısını ərə verdilər. 3 gündən sonra qayıdıb gəldi. Yəqin işləri korlayıbmış.

İndi uzun illərdən sonra ondan nə üçün ayrıldığımı ona necə deyə bilərəm. Mən:

-Yox Zəminə səbəbini sənə deyə bilmərəm. Bu çox pis xəbərdir.

-Danış. Səndən xahiş edirəm söylə. Axı biz indi uşaq deyilik və mən o vaxt eşitdiklərimi ona dedim.

Bir müddət sakit dayandı. Başını qaldırıb üzümə baxdı. Kömür kimi qaralmışdı. Əvvəlcə sakit, sonra isə bərkdən:

-Sən  axmaqsan, həm də əclafsan. Sənin dediyin Zəminə bizdən 2 ev o tərəfdə olur. Atamla anam ayrılandan sonra biz ora təzə köçmüşdük. Mənim anam müəllimə yox tibb bacısıdır. Sənə ona görə axmaq deyirəm ki, bütün bunları mənim özümdən öyrənə bilərdin. Sonra əllərini üzünə tutub hönkür-hönkür ağladı. Ona yaxınlaşıb təskinlik vermək istədim.

Yox, lazım deyil. Al sənədlərini çıx get. Xahiş edirəm. Sən mənim qəlbimi qırdın.

Sənədləri alıb otaqdan, oradan da küçəyə çıxdım. Bərk həyacanlanmışdım. Bir qərara gələ bilmirdim. Bir siqaret çıxartdım, yandırıb çəkə-çəkə gəldiyim yolla geri qayıtdım. Bir də gördüm, səhərki çayxananın yanındayam. Yenə həmin stolda oturub çay sifariş etdim. Bir –iki stəkan çay içəndən sonra Zəminənin şerləri yadıma düşdü. Cibimdən çıxarıb oxumağa başladım. Serlər çox idi. Ancaq ikisi lap təsirli idi.

                      Nə sən mənim oldun, nə də mən sənin

Bu eşq yolumuza dərd, kədər çökdü,

Sənin də, mənim də qəddimi bükdü,

Zaman başımıza sığalın çəkdi,

Nə sən mənim oldun, nə də mən sənin.

* * *

Yandı qəlbimizdə arzu diləklər,

Sındı ümüdimiz, sındı ürəklər,

Əsdi yolumuza soyuq küləklər,

Nə sən mənim oldun, nə də mən sənin.

* * *

Bu eşqi ayıran döngələr oldu,

Bu eşqin üstündə kölgələr oldu,

Bizim yolumuzda ilgələr oldu,

Nə sən mənim oldun, nə də mən sənin.

* * *

Günləri puç etdik, itdi vaxtımız,

Bu eşqdə saraldı soldu baxtımız,

Belə yazılıbmış alın yazımız,

Nə sən mənim oldun, nə də mən sənin.

* * *

Tarın pərdəsində kökləndik gün-gün,

Eşqin qucağında yükləndik gün-gün,

Zaman xəlbirində ələndik gün-gün,

Nə sən mənim oldun, nə mən sənin.

                           Bu sevgi yoluma niyə çıxırdı?

Qəlbə acı həsrət dolacaqsa,

Sonunda ayrılıq olacaqsa,

Bu eşqdən göz yaşı qalacaqsa,

Bu sevqi yoluma niyə çıxırdı?

* * *

Süfrə tək önümə sərdi kədəri,

Ömrümə bolluca verdi kədəri.

Bağ saldım, bağımdan dərdi kədəri,

Bu sevgi yoluma niyə çıxırdı?

* * *

Bir həzin musiqi ola bilmədi,

Süzülüb qəlbimə dola bilmədi,

Əbədi mənimlə qala bilmədi,

Bu sevgi yoluma niyə çıxırdı?

* * *

Vəfasızlıq məni köksünə saldı,

Sevincli günlərim əlimdə qaldı,

Gecənin köksündə ulduz kimi axdı,

Bu sevgi yoluma niyə çıxırdı?

* * *

Şərab tək eşqimi başına  çəkdi,

Şumlayıb köksümü sevgi dərd əkdi,

Neyləyim,köksümdə yanan ürəkdi,

Bu sevgi yoluma niyə çıxırdı?

Oxuduqlarımdan dəhşətə gəlirdim. Bu fəryad idi. Sevgilisini  bütün varlığı ilə sevən, lakin ondan vəfasızlıq görən bir aşiqin fəryadı idi.

 Xeyli fikrə getmişdim. Stəkanların səsin eşitdim. Çayçı idi. Stolun üstündə olanları aparırdı. Yenə saata baxdım. 3-ə işləyirdi. Mən nahar da etməliydim. Çayçını səslədim. Sizdə yemək olur?-soruşdum. Hə var. Adlarını  dediyi xörəklərdən  yarım  boşqab hinduşka ətinin şorbasnı, birdə də kortof pürəsi ilə kotlet sifariş etdim. Bilmirəm havanın təsirlndənmi oldu gətirilənlərin hamısını iştahla yeyib qurtardım.

İşlərimi tamam qurtarmışdım. Bakıya yenə qatarla qayıdacaqdım. Qatar  axşam saat 10-da yola düşəcək. Ona qədər belə qala bilmərəm. Hava günəşli olsa da soyuqdur. Həm bərk yorulmuşam, həm də mənim kimi xəstə adamın açıq havada xeyli qalması    qorxuludur. 5-6 saatlığa qonaq evinə getməyə dəyməz. Ağlıma gələn fikirdən sevindim. Elə öz evimizə gedim. Evi bizdən alanların oğlu İlkin məni tanıyır. Vəziyyəti deyərəm. Etiraz etməzlər.

Budur gəlib evə çatdım. Hündür daş hasar, dəmir darvaza və kiçik giriş qapısı əvvəlki yerində idi. Hətta zəngçalan  da bizdən qalan idi. Bərk həyacanlanmışdım. Bir neçə dəqiqəlik tərəddüdən sonra zəngi basdım. və gözlədim. Qapı açıldı. Qarşımda yaşlı qadın dayanmışdı. Salamlaşdıqdan sonra İlkini soruşdum. Evdədir dedi. Buyurun keçin içəri.

-İlkin səni soruşurlar. Buralar belədir. Gələnin kimliyini soruşmazlar. Amma şəhər. Şəhərdə camaat bir-birini tanımadığından gərək 7 arxa dönənini sadalayasan, gəlişinin məqsədini deyəsən. Bizə tərəf əllərində əlcək, bel, ayağında uzunboğaz çəkmə, həsir papaq olan bir cavan öğlan yaxınlaşırdı və birdən məni tanıyaraq:

-Boy, Vasif sənsən. Xoş gəlmisən deyib, məni qucaqladı. Ana bilirsən bu kişi kimdir. Bizə evi satandır.

Ana: –xoş gəlib. Bəlkə evi qaytarmaq istəyir, amma nə yaxşı olar. Əşşi bu boyda ev olar. Yığışdırmaq da olmur. Sən də  hələ tərpənmirsən. İlkin məndən çox cavandı. 30 yaşı olardı.

Məni  evin qarşısında mozaik plitə döşənmiş meydançada qoyulmuş  stolun ətrafında oturtdular. Gəlişimin məqsədini dedim. İlkin:

-Lap yaxşı eləmisən. Hamam 5 dəqiqəyə hazır olacaq. Sonra bir az yatıb dincələrsən. Stansiyaya  tez getmək lazım deyildir.Yer həmişə olur. Maşınım var, səni özüm aparacam.

Hamamda yuyunduqdan sonra yenidən  stola dəvət olundum. Qar kimi ağappaq süfrənin üzərində əsl çay dəstgahı  düzəldilmişdi. Burda nə desən vardı. Mürəbbələr, şirniyyatlar. Xanımnisə ana  mürəbbələri bir-bir  göstərib deyirdi:

-Bax bu ürəyə xeyirdi, bu iştahanı artırır, bu soyuqdəyməyə xeyirdir. Yaxşıca çay içəndən sonra İlkin:

-Anam sənə yer hazırlayıb. Çıxıb uzana bilərsən. Mən:

 -Yox İlkin. Hamamdakı isti su yorğunluğumu aparıb, İstəyirəm bir az həyətdə gəzəm özü də tək. Axı mən burada doğulmuşam, uşaqlığım, gəncliyim burda keçib. İlkin məni başa düşdü və: – öz işindir – dedi. Həyəti gəzməyə başladım. Əvvəlcə evin xarici görünüşünə nəzər yetirdim, tamamilə köhnəlmişdi. Atam bu evi keçən əsrin 70-ci illərində tikdirmişdi. O dövrə görə ən böyük, ən yaraşıqlı evlərdən biri idi. Həyətdə də elə dəyişiklik edilməmişdi. Hovuz, dincəlmək üçün kiçik talvar və hərəkət üçün mozaik plitə döşənmiş cığırlar dururdu. Ancaq baxımsızlıqdan hamısını ot basmışdı. Atam dünyanın hər yerində nadir meyvə ağacları, gül-çiçək gətirib əkmişdi. İlin hər bir fəslində bura  sanki cənnət idi. İndi o tülpanlar, pionalar, qızılgüllər, nərgizlər yox idi. Yaxşı yadımdadır bacım Aybənizlə  bu cığırlada, talvarın altında oynayardıq. Gül-çiçəkdən  doslarımıza, müəllimlərimizə pay aparardıq və hamısı bir ağızdan –Oy nə gözəl güllərdir.

Həyətdən qayıdıb evə daxil oldum, ortada enli dəhlizr vardı. Dəhlizdən hər iki tərəfə qapılar qoyulmuşdu. Sağ tərəfdə qonaq otağı, ata, anamın otağı, sol tərəfdə əvvəlcə mətbəx, mənim, bacımın otağı  və nəhayət dəhlizin başında böyük bir ziyafət otağı var idi ki. Bura tez-tez qonaqlarla dolu olardı. Mənə elə öz otağımda yer aşmışdılar. Keçib uzandım və dərhal da yuxuya getmişəm. Məni İlkin oyatdı.Vasif dur yavaş-yavaş hazırlaş. Ayağa qalxıb yuyundum. Məni qonaq otağına dəvət etdilər. İlkinin atası da burda idi. O fermerdir. Şəxsi təsərrüfatı var. Mənimlə görüşdü. Atam haqqında xoş sözlər  dedi. Yeməklər verildi. Yeyib –içəndən sonra yola hazırlaşdıq. Ev sahibləri ilə sağollaşıb onlara qonaqpərliyinə görə təşəkkür etdim. Maşın küçədə idi. Bu  dördyerlik, arxası kuzov olan yapon maşını idi. İlkin:

-Bu maşın gündüzlər atamda, gecələr isə məndə olur. Stansiyaya gəlib qatara bilet aldıq. Qatar vaxtında gəldi və İlkinlə sağollaşıb vaqona mindim. Yenə tək idim. Soyunub  yatağa uzandım. Gündüz yaxşı yatdığımdan gün ərzində olanları, Zəminə ilə söhbətimizi xatırladım. Ona haqq qazandırıram. Zəminə düz deyirdi, doğrudan mən axmaq olmuşam, mən deyilənləri onun özündən soruşa bilərdim. Yenidən yazdığı şerləri oxudum.

Arvadımı, oğlumu  yadıma saldım. İdarədə işləyərkən  uzun müddət ezamiyyələrdə olduğumdan Orxana o qədər də yaxşı nəzər salmamışdım. Ancaq evdə olduğum iki ay ərzində ürəyimə soxulmuş şübhələr məni dincəlməyə qoymur. Mən hər şeyi götür –qoy edirəm. Bax  mən arıq,cılız bir adamam, özüm də sarışın, gözlərim qəhvəyidir. Ağzım yaxşı örtülmür, bəs necə olur, öğlum  saçı, qaşı, gözü qara, üzü ağ  gəşəng oğlandır. Bu şübhələr mənim  içimi didib dağıdırdı. Özümə qəti söz verdim ki, tezliklə bu məsələni aydınlaşdırım…

…ardı var…

…ardı >>>>BƏDBƏXT – QİSMƏT TAĞIYEV

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir