ALTINCI SİNİFDƏ OXUYURDUQ…- AYTAC İBRAHİM

No Comments

Altıncı sinifdə oxuyurduq…

Altıncı sinifdə oxuyurduq. Köhnə məktəbimizin həyətində yığışmışdıq. O vaxt hamı daha səmimi, daha doğma idi…
Yenə yağışlı günlərdən biri idi…
O, məcbur olmadıqca sinif yoldaşlarımızla danışmazdı. Bir dəfə fiziki tərbiyə dərsində, kənardan bizə baxırdı.İlk dəfə orda söhbətləşdik, ilk dəfə mənimlə danışdı…
Səsinin titrəyişindən, baxışlarındakı qəribə məyusluq hissindən, bilmək olurdu ağrısını…
Atasının içki içmədiyi bir gün belə yox idi. Anasından isə onlara xeyir yox idi…
Hər söhbətimizdə, qəlbinin saflığını, kövrəkliyini, qorxularını, məni necə dinlədiyini, dərdimə necə yandığını biruzə verirdi…
Məktəbi bitirdik. Adətən bu dönəmlərdə, insanlar bir-birini itirir.
Bir gün heç gözləmədiyim anda o çıxdı qarşıma. Gözlərimə inana bilmirdim, çox dəyişilmişdi. Saçını sarı rəngə boyamışdı, kəsmişdi dibinəcən. Niyə belə etdiyini soruşanda, demişdi ki, ömrüm də saçlarım qədərdir. Əhəmiyyət verməmişdim sözlərinə. Daha doğrusu, anlamamışdım. Tələsik halda nömrəmi telefonuna qeyd etdi, adımı “dostum” olaraq yazdı. Möhkəm qucaqladı məni, işə bax, yenə kövrəldi. Onu kövrək görüb mən də kövrəldim. “Yaxşı, ağlaşma qurmayaq!” deyib gülümsədi. Sağollaşdıq, gəldikləri maşın gözdən itənə qədər arxasınca baxdım…
Hər gün öz dərdini unudub, mənim dərdlərimə qulaq verdi. Zəngləşdik, söhbətləşdik, köhnə günlərdən danışdıq.
Bir gün ona yaza bilmədim.Tez mağazaya qaçıb, danışıq kartı alıb yüklədim.Yığdım nömrəsini, zəng çatmadı. İşi olduğunu düşündüm, sevincək whatsappa daxil olub, ard-arda mesajlar yazdım. Gülüşlər atdım. Mesajlarımı oxudu, amma cavab yazmadı. Düşündüm ki, məndən bərk inciyib.Axşama qədər fikirləşdim ki, axı, mən bu qıza neyləmişəm?!
Gecənin bir yarısı ondan mesaj gəldi…
Mesajda bu sözlər yazılmışdı: “Siz hələ bilmirsiniz? Adınızı da “Dostum” deyə qeyd edib.”
Təəccübləndim. Düşündüm ki, telefonu anasında qalıb. Cavab olaraq yazdım ki, bəs o hardadır?
Uzun bir səs yazısı gəldi. Açdım, bir bəy idi. O qədər qəhərə boğulmuşdu ki, nə dediyini anlamaq olmurdu. Göndərilən səsi dəfələrlə dinlədim. İnanmadım, yenə dinlədim. Yenə…Yenə…
İlk dəfə mənimlə ünsiyyətdə olan o qəribə, sirrli, qarabuğdayı qız uzun müddətdir ki, ağır xəstəliyə düçar olubmuş. Sonuncu dəfə onunla görüşəndə, başqa bir ölkəyə müalicə olunmağa gedirmiş. Saçını da istəyərək dibəcən kəsmiyibmiş. Boğazına bağladığı rəngli yaylığı da heç vaxt çıxartmırmış…
Artıq həyatda yox imiş…
O an sındı bütün qol-qanadım.Simasını gözümün önünə gətirdim, təbəssümünə doyunca baxdım, son dəfə səmimi qucaqlaşmağımızın istiliyini hiss etdim…
Mənim dostum əbədiyyə getmişdi. Torpağın sakini olmuşdu…
Bu gün onun yoxluğundan neçə il keçir, heç bilmirəm. Unutmadığım tək bir şey, onunla yaşadığımız məktəb xatirələri və simasıdır…

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir