AYƏTXAN ZİYAD (İSGƏNDƏROV) – ƏDƏBİYYATŞÜNASLIQ – III YAZI

 Ayətxan Ziyad

Elmi mübahisələr:

mülahizələr, qənaətlər

III MƏQALƏ

“HEKAYƏ”, YOXSA “HEKAYƏT”?

GİRİŞ

Məqalədə xüsusilə son iki onillikdə mətbuatda, eləcə də KİV-də əsassız olaraq özünə çox qəribə tərzdə yer tapmış, ancaq müəyyən məqamlarda heç də yerində işlədilməyən “hekayə” anlayışından bəhs olunur.

Diqqətə çatdırılır ki, hekayə – bədii ədəbiyyatın janrlarından biri, yazıçı fantaziyasının ərsəyə gətirdiyi ədəbi-bədii əsərdir. Başqa sözlə, bədii təxəyyülün məhsulu olub yazıçının həyati müşahidələri nəticəsində ümumiləşdirdiyi obraz və onun ətrafında baş verənlərin qələmə alındığı yaradıcılıq məhsuludur.

Fikrin təsdiqi üçün “APB-24” TV-də və İnstaqramda yayımlanmış video-lentlərdə səslənən (və yazılan) cümlələr diqqətə çatdırılır. Qeyd olunur ki, hər hansı məhsulun reklamında, eləcə də canlı insanın əmək fəaliyyətindən bəhs olunduğu halda, fikrin “bu bizim hekayəmizdir” tərzində ifadəsi yolverilməzdir.

Tövsiyə olunur ki, belə olan halda “hekayət” anlayışından bəhrələnmək məqsədəuyğundur. O üzdən ki, hekayət hər hansı bədii əsər, ədəbi janr deyil, “hər hansı əhvalatı danışmaq”, “sərgüzəşti söyləmək”, “hekayəçi”, “hekayəçilik (peşə)” anlamlarında işlədilən istilahdır. Hər hansı hadisənin, kimə isə məxsus ömür yolunun bədii təfəkkürün süzgəcindən keçirilərək təqdim olunmuş şəkli, insan həyatının real faktlara əsaslanan anlarının bədii yaradıcılıqda ifadəsi, olanların-olmuşların bədii formada (istər yazılı olsun, istər şifahi) nəqlidir.

ARAŞDIRMA

2015-ci ilin yaz ayları idi. Sidq ürəklə özümə doğmalaşdırdığım uşaq ədəbiyyatı bilicisi Füzuli Əsgərli yeni kitabının siqnal nüsxəsini nəzərdən keçirirdi. Kitab belə adlanırdı: “Bir alim ömrünün hekayəsi”. Soruşdum: “Uşaqlar üçün hekayələr toplundu?”.

“Yox, öz yaradıcılığımla əlaqəli kitabdı”.

Nə sənə-nə mənə, qələm götürüb kitabın üz qabığında redəktə işi apardım (hərdən məndə belə qəfil gedişlər olur): “Bir alim ömrünün hekayəti”.

Fikrimi əsaslandırmağa çalışsam da, əvvəl-əvvəl razılaşmadı, hətta mübahisəyə də girişdi. Sonda barışdırıcı mövqeni mən tutdum: “Eybi yoxdu, kim irad tutsa, töhməti yönəldərsən mənim üstümə”.

Və kitab bu adla da nəşr olundu.

Bu gün mənim kitab rəfimdə Füzuli müəllimin “Bir alim ömrünün hekayəti” adlı bu yadigarı da qorunur. Həm də öz imzası ilə, “xoş arzularla” ürək sözü ilə. Kitabın titul səhifəsində yazılıb: “Bu kitabda tanınmış ədəbiyyatşünas-tənqidçi, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərlinn elmi-nəzəri monoqrafiyaları, bədii tərcümə yaradıcılığı haqqında yazılan məqalələr və 70 illik yubileyi ilə bağlı səmimi ürək sözləri toplanmışdır”.

Sizcə bu məzmunda kitab “hekayə” adlandırıla bilərdimi?..

***

…Bəzən belə də olur ki. söz sahibi fikrini ifadə etmək üçün lazımi istilahı tapa bilmir və necə deyərlər, “çulunu sudan çıxartmaq üçün” “hekayə” istilahından bəhrələnir. Məsələn, ARB dedi: “Hər birimizin öz hekayəsi və [nəyi isə (deyilən ifadəni unutmuşam)] var” [ARB TV. 17.09.2021]

Fikrinizcə, burada “hekayəsi” istilahı hansı mənanı ifadə edir?

Sizi bilmirəm, şəxsən mən hər hansı mənanı yaraşdıra bilmədim.

…Hətta iş o yerə çatıb ki, poeziyadan təsəvvürü olmayan…

Senzuranın götürülməsi – “azad sözə meydan verilməsi” deməkdir, daha “ağzına, ağlına gələni yazıb tamaşaçıya, dinləyiciyə, oxucuya zorən həzm etdir” demək deyil.

Təəssüf ki adi söz düzümlüyünə layiqliyi yetməyən kəlmələri yanaşı düzüb, ona “şeir” adı qoyanlar var, Yazan yazmışdı, cəhənnəm, hətta bəstəçi də özünə hörmət qoymayıb bu kəlmələrə musiqi yazıb (etiraf edim ki, musiqi həqiqətən gözəldir). Bu da cəhənnəm. Bu cütlüyün bu eybindən onların özündən və bir-iki tanıdıqlarından savayı kimsə xəbardar olmayacaqdı. Nəğməni axı müstəviyə çıxaran, kobud desəm, bu kəlmələri aləmə faş edən var, hansı ki, adına “müğənni” deyirlər. Mənə ağır gələn o oldu ki, 10 yaşından tanıdığım, “Ahu kimi” xalq mahnısı ilə Dövlət Radiosunun “Nəğməli-sözlü gənclik” verilişində səhnə həyatına debüt edən, sonrakı addım-addım uğurlarından qürurlandığım Gülay Zeynallı (Qədirova) bu sözləri nəğmə mətni olaraq qəbul edib xalqa niyə təqdim edirdi?! Cəhd göstərsəm də, adını öyrənə bilmədiyim video-lenti 2021-ci ilin 18 sentyabrında instaqramdan dinləmişəm.

Həmin nəğmənin instaqramda səslənən hissəsinin mətni mühakimənizdə. Diqqəti “hekayə” istilahına yönəltmənizi xahiş edirəm:

Çıx gəl, qovuşacaq hamı,

Bu gündən barışacaq hamı,

Bizdən danışacaq hamı.

Dil-dişə düşə şayiələr.

Gör bir nə zəmanədir,

Aşiq dəli-divanədir,

Səndən mənə nişanədir,

Belə yaranır hekayələr.

Vurulub ürəyim bu gözəlliyə.

Hara baxıramsa, ordan səni görürəm.

Xəyalın gözümün önünə keçib dayanır (b)

Sənə toxunum deyə,

Yadına yaxınam deyə.

Sizcə, burada “hekayə” nə deməkdir?

… “2021-ci ilin avqustunda elə bir ünvanda oldum ki, orada ARB kanallarından savayı heç bir TV göstərmirdi. 10 günüm “ARB-24”-ü izləməkdə və DVD-nin köməyi ilə filmlərə baxmaqda keçdi.

“ARB-24” dedi: “Bu, bizim hekayəmizdi. Bizim böyük hekayəmiz kiçik kəşflərdən başladı. Təbii məhsullarımızla Azərbaycanımız üçün 23 ildir fəaliyyətdəyik…”. Və s. (24.08.2021-ci il, saat 07:54).

Qəribədir, “ARB-24” hansı isə məhsulun reklamını edir və özünün təqdimat tərzini “hekayə” adlandırır.

 “Hekayə” ifadəsi, təəssüf ki, şifahi və ədəbi dilimiz üçün daim nümunə olan AzTV-də və digər TV aparıcılarının da dilində (“Rezonans” verilişində də, hörmətli Zaur Baxşəliyevin nitqində də bu ifadə ilə qarşılaşmışıq), həmçinin instaqramda da işlənməkdədir.

İnstaqramda qadının restoranda stol arxasında əyləşən saçları ağarmış kişinin görüşünə gəldiyi görüntülənir. Kövrək baxışlarla baxışırlar. Video-lentin üzərində bu kəlmələr yazılıb: “50 yıllık aşk hikayesi”.

…Başqa bir instaqram lentində jurnalistlə müsahibinin dialoqu görüntülənir:

Müsahib: – Her kesin bir hikayesi var.

Jurnalistin müdaxiləsi: – Kimse kimsenin şurasını bilmiyor.

Müsahib: –  Üzümüz gülüyor. Amma içeridə nə oldu, bir yuxarıda ki, bir kendimiz biliyor. [İnstaqram. 28.08.2021-ci il, saat 22:35].

Yaxud, “500 manata evini satıb əlil arabası ilə küçələrdə gecələyən qadının hekayəsi – qadını gecəyarısı küçəyə atıblar” [İnstaqram.04.09.2021-ci il];

Və yaxud, “Express.xeberler” yazdı: “Bir xoşbəxt ailənin acı hekayəsi…”. Məqalədə Peyman Sadıqovun ailəsində baş verənlərdən bəhs olunur [İnstaqram. 04.09.2021-ci il];

11 yaşında narkotikin qurbanına çevrilən qızın dəhşətli həyat hekayəsi” (“Express.xeberler” 22h. İnstaqram, 21.09.2021).  

Sizcə, bu kimi məqamlar üçün əslində hansı istilahın işlədilməsi məqsədəuyğun olardı: “hekayə”, yoxsa “hekayət”?

Ədəbiyyatşünas Rafiq Yusifoğlu yazır ki, “hekayə – epik əsərin ən çevik, geniş yayılan janrlarındandır. Mir Cəlalın sözləri ilə desək: “Şifahi xalq ədəbiyyatında nağıl nədirsə, yazılı ədəbiyyatda da hekayə odur” [3. s.193]. “Rus ədəbiyyatında “рассказ”, italyanlarda “novella” deyilən bu janr əsasən realist bir əsərdir. Hekayə xırda şəkilli epik əsərlərin əsas janrıdır. Hekayədə səciyyəvi, ibrətli, ictimai mənası olan həyati bir əhvalat, bir, ya iki qəhrəman götürülür, məhdud bir zaman, məkan daxilində yığcam, bitkin, realist bədii təsvir verilir”, – yazırlar Mir Cəlal ilə Pənah Xəlilov [2. s.143].

“Hekayədə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur, obrazların sayı elə də çox olmur, yazıçı, əsasən, bir surətin həyat və taleyindən, konkret bir hadisədən danışır” [4] və [5].

“Hekayət” termininə isə, internet resurslarında hər hansı bədii əsər növü deyil, “əhvalat”, “sərgüzəşt”, “qəziyyə”, yaxud “danışmaq”, “nəql etmək”, “söyləmək” anlamlarında işlədilən istilah kimi izahat verilir [6], [7] və [8]. Ağamusa Axundova isə, “hekayət” – “əhvalat”, “sərgüzəşt”, “hekayəçi”, “hekayəçilik (peşə)” mənalarını daşıyır [1. s.124].

Məsələn,

Mən çəlik ürəkli bir yeni gəncəm,

Dildən-dilə düşmüş hekayətim var

(Mikayıl Müşfiq).

“Qüdrət Şirmayının hekayətini dinləyəndə gülməkdən özünü güclə saxlayırdı” (Mehdi Hüseyn).

Hekayət etmək – “danışmaq”, “nəql etmək”, “söyləmək”, “hekayəçi”, “hekayəçilik (peşə)” anlamlarında işlədlən istilahlara nümunələr:

Qəmli mazisini hekayət edər;

Taleyindən bütün şikayət edər.

(Abbas Səhhət).

Nə çəkmişsə aylar, illər uzunu,

Birər-birər eyləyirdi hekayət.

(Mikayıl Müşfiq).

NƏTİCƏ

Fikrimizcə (ədəbiyyat bilicilərinin mülahizələrindən də bu, belə görünür), hekayə – bədii təxəyyülün məhsulu olub yazıçı fantaziyasının həyati müşahidələr nəticəsində ümumiləşdirdiyi obraz və onun ətrafında baş verənlərin qələmə alındığı yaradıcılıq məhsuludur.

Hekayədən fərqli olaraq isə hekayət – yazıçının yaradıcı təxəyyülünün məhsulu olan bədii əsər, ədəbi janr deyil, hər hansı hadisənin, kimə isə məxsus ömür yolunun bədii təfəkkürün süzgəcindən keçirilərək təqdim olunmuş şəkli, insan həyatının real faktlara əsaslanan anlarının bədii yaradıcılıqda ifadəsi, olanların-olmuşların bədii formada (istər yazılı olsun, istər şifahi) nəqlidir.

TƏKLİF

Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsinin 1975-ci il məzunlarındanam (1969-1975). Bizim zamanımızda jurnalistikanın janrları sırasında “hekayət” adında janr yox idi. İndi də belədirsə… Mənə elə gəlir ki, “hekayət”i jurnalistikanın janrları sırasında görmək yanlış mövqe olmazdı.

NƏTİCƏ`dən sonra

nəticə

“Ədəbiyyat qəzeti”ndən (25 sentyabr 2021-ci il) ruhuma hopdurduğum misralar və “Həftə içi” qəzetində (09-15 sentyabr 2021-ci il) qarşılaşdığım “Səma Muqanna – yeni günəş” məqaləsindəki bir məqam mənə fərəh dolu duyğular yaşatdı…

Bu an üçün “nəhayət” istilahını işlətməyə bilmirəm. Nəhayət ki, axına qarşı çıxıb mənim arzuladığım anlayışı öz yerində-məzmununda işlədən tapılmışşdı, Həm də kim? Yaradıcılığına və şəxsiyyətinə xüsusi rəğbət bəslədiyim söz sahibi yazıçı-publisist Zaur Ustac.

Nəzərdə tutulan şeir belə adlanır: “O gün…”. Şəhid İlqar Mirzəyevin xatirəsinə həsr olunub:

Belə şanlı hekayət

Tarixdə bir, ya iki…

Lap başqası varsa da,

Möcüzədir bizimki.

“Uğurlu yol” qismində qələmə alınan məqalədən həmin məqam oxucu üçün: “Səmanın qələmindən çıxmış bir az mistik, sevgi dolu hekayətlər oxucunu ovsunlayır”.

Açar sözlər: hekayə, bədii əsər, hekayət, nəql etmək.

***

“HİKAYE” VEYA “HİKAYET”?

ÖZET

Makale, özellikle son yirmi yılda basında olduğu kadar Kitle İletişim Araçlarında da asılsız yer edinen, ancak açıklığa kavuşturulması gereken “hikaye” ve “hikayet” kavramları tartışılır. “Hikaye”nin kurgu türlerinden biri olduğu, yazarın hayal gücü ve fantezisinin ürünü olan edebi ve sanatsal bir eser olduğu inandırıcı bir şekilde doğrulanmaktadır. Bu nedenle, bir ürünün reklamını yaparken ve ayrıca yaşayan bir kişinin hayatı veya çalışmasından bahsederken, “bu bizim hikayemiz” ifadesi doğru degildir, bu durumda “hikayet” kavramının kullanılması tavsiye edilir.

“Hikaye” kavramından yerel-yersiz kullanıldığı üzüntüyle belirtilmektedir. Örnek olarak yazarın “APB-24” TV ve Instagram ile ilgili açıklamaları bir örnek verilir. Ve bu tür durumların genel olarak radyo ve televizyona, basına, Instagram’a ve sosyal ağlara erişim bulmaması tavsiye edilir.

İsrar ediliyor ki, “Hikaye” kavramı, sanatsal hayal gücünün bir ürünüdür, yazarın hayal gücünün, yaşam gözlemleri sonucunda görüntüyü genelleştirdiği ve çevresinde olup bitenler hakkında yazdığı yaratıcı bir üründür.

Hikâyet terimi ise yazarın yaratıcı hayal gücünün ürünü olan bir sanat eseri değil, “olay”, “macera”, “kaza”, veya “konuşmak”, “anlatmak”, “söylemek” anlamında kullanılan bir terim, Sanatsal düşüncenin süzgecinden geçirilmiş bir yaşam biçimi, insan yaşamının gerçek gerçeklere dayanan anlarının sanatsal yaratımda bir ifadesidir.

Anahtar kelimeler: hikaye, sanat eseri, hakkında konuşmak.

***

“STORY” OR “STORY” (“talk about”)?

ABSTRACT

The article discusses the concepts of “story” and “story”, which have been unfounded in the mass media as well as in the press in the last two decades, but need to be clarified. It is convincingly affirmed that the “story” is one of the genres of fiction, a literary and artistic work that is the product of the author’s imagination and fantasy. Therefore, when advertising a product, as well as talking about the life or work of a living person, the phrase “this is our story” is not correct, in which case it is recommended to use the concept of “story”.

It is sadly stated that the concept of “story” is used locally and inappropriately. As an example, the author’s comments on “APB-24” TV and Instagram are given as an example. And it is advisable that such situations do not find access to radio and television, the press, Instagram and social networks in general.

It is insisted that the concept of “Story” is a product of artistic imagination, a creative product of the author’s imagination, in which he generalizes the image as a result of life observations and writes about what is happening around him.

The term story, on the other hand, is not a work of art that is the product of the author’s creative imagination, but a term used in the sense of “event”, “adventure”, “accident”, or “talking”, “telling”, “telling”, a way of life filtered by artistic thought. is an expression in artistic creation of real factual moments of human life.

Keywords: story, work of art, talk about.

*** 

İstifadə olunan ədəbiyyat

1. Axundov Ağamusa. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik. Bakı-“Elm”-2005, 452 səh. İSBN 5-8066-1728-9.

2. Mir Cəlal, Xəlilov P. “Ədəbiyyatşünaslığın əsasları”. Bakı-“Maarif”- 1972, 296 səh.

3. Yusifoğlu Rafiq. Ədəbiyyatşünaslığın əsasları. Bakı-ADPU-2009, 288 səh.

İnternet resursları

4. https://www.azerbaijans.com/content_583_az.html

5. https://az.wikipedia.org/wiki/Hekay%C9%99

6. https://nedir.az/hekay%C9%99t-sozunun-menasi

7. https://wikiapp.org/az/luget/izahli-luget/hekay%C9%99t-sozunun-menasi-nedir

8. https://portal.azertag.az/az/node/16848

Müəllif: Ayətxan ZİYAD

AYƏTXAN ZİYADN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir