AKİF ABBASOV – BOŞ-BOŞ DANIŞMA

Akif ABBASOV, professor, yazar

BOŞ-BOŞ DANIŞMA

(lətifəvari hekayə)

Bəzi kəndlərdə yaşlı qadınlar əyinlərinə tuman deyillən uzun, gen paltar geyinirlər. Özü də üst-üstə bir neçəsini, qat-qat. Bu, səbəbsiz deyildi. Əyilib-  qalxanda istəmirdilər ayaqları görünsün. Bir növ abır-həyanı gözləyirdilər. 

Şərəbanı bibi də  kəndin adətini gözləyirdi. Başqa cür ola bilməzdi. Ona birtəhər baxardılar. Üst-üstə üç tuman geymişdi.

İş elə gətirdi ki, Şərəbanı bibi şəhərə yollanır. Bəzi şeyləri almalı imiş. Elə şeylər ki, kənd mağazasında ya olmurdu, olanda da baha satılırdı. Pulu çöldən tapmayıb ki. Min zəhmətlə, min əziyyətlə qazanır kişilər.

Mağazada Şərəbanı bibinin gözü bir  jaketi tutdu. Görünüşü də, rəngi də xoşuna gəlirdi. Qoca fəndi idi.

  İndi jaketin pulunu ödəməli idi. Pulu isə, oğurlanmasın, itib-batmasın deyə uzunboğaz corabında gizlətmişdi.

Şərəbanı bibi üzünü divara çevirib tutmanın birini, ikincini,  üçüncünü qaldırmağa başlayır.

Bunu görən satıcı dəli olur:

-Ay xala, ay bibi, ay ana, neynirsən? Soyunursan?

Şərəbanı bibi üzünü çevirib tərs-tərs satıcıya baxır. Ona acıqlanaraq:

-A gədə, boş-boş danışma, – deyir, -pul çıxarıram,                      

       Bakı şəhəri, 21 mart 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Comment