ÜLVİ AYDIN – AY BÜLBÜL

No Comments
Ülvi AYDIN – şair.

YANDIRANDA
Ürəyim döyünür əllərin əsir,
Hicran qovhaqovda vüsal tələsir,
Həyacan tıxanır lap nəfəs kəsir,
Deyə bilmədiyin söz yandıranda!
* * *
Gözündə qığılcım alışır sönür,
Gündüzün bir anda zülmətə dönür,
Solur yarpaq kimi alışan könül,
Həsrətdən içini köz yandıranda!
* * *
Gözlər gah ağlayır gahda ki gülür,
Həsrət göz yaşını əllərin silir,
Nələr çəkdiyini tək ürək bilir,
Çəkə bilmədiyin naz yandıranda!
* * *
Çox zaman fələyin gərdişi sərtdir,
Sevən bir ürəyə sağalmaz dərddir,
Ülvinin çəkdiyi lap müsübətdir,
Sevib almadığı qız yandıranda.!

LAYLA DE MƏNƏ
İzin ver başımı dizinə qoyum,
Layla de, əzizim,layla de mənə.
Təki hər günümüz beləcə keçsin,
Layla de, əzizim, layla de mənə,
* * *
Baxdıqca ay kimi hüsnü-camala,
Dalım gözlərində şirin xəyala.
Şirin vüsalından sal haldan-hala,
Layla de, əzizim, layla de mənə.
* * *
Sığal çək saçıma könlüm açılsın,
Günəştək şəfəqi elə saçılsın,
Aradan həsrətin səddi uçulsun,
Layla de, əzizim, layla de mənə.
* * *
Sən ol dərdlərimin çarə həkimi,
Götür üstümüzdən hicran yükünü,
Sən Allah,bacarsan lap anam kimi,
Layla de, əzizim, layla de mənə.

YAS TUTUR…

İçimdə ağladım gülə bilmədim,
Dərdimi heçkimlə bölə bilmədim,
O gəlin köçəndə niyə olmədim?!
Onsuz bu həyatda yaşayım necə?!
* * *
Ən saf duyğularım çırpıldı daşa,
Hisslərim mənimlə durdu savaşa,
Çırpılıb,çevrildim qəfəsdə quşa,
Onsuz bu həyatda yaşayım necə?!
* * *
Tavana dikilir gözüm hər gecə,
Yas tutur qəlbimdə ölən sevincə,
Gözümün yaşını silib gizlicə.
Onsuz bu həyatda yaşayım necə?!

TÖVBƏ…

Zər-ziba geyinə bu yerin üzü,
Tövbə, bu dünyaya bir də gəlmərəm.
Şah olacam,taxta sahib olacam,
Tövbə, bu dünyaya bir də gəlmərəm.
* * *
Çirkinlər gözümdə dönə göyçəyə,
Tutula hər günüm gülə,çiçəyə,
Yalanlar bir anda dönə gerçəyə,
Tövbə, bu dünyaya bir də gəlmərəm.
* * *
İnsanlar can deyə can da eşidə,
Barmaqlar bir ola, hətta beşi də.
Dil açıb danışa dağı, daşı da,
Tövbə, bu dünyaya bir də gəlmərəm!

DAĞLARA-DAĞLARA

Səhər-səhər yenə düşdü,
İzim dağlara-dağlara.
Coşdu təbim axıb getdi,
Sözüm dağlara-dağlara.
* * *
Zirvəsinə enmişdi Ay,
Sinəsinə duman lay-lay.
Heç bir yerdə tapılmaz tay,
Bizim dağlara-dağlara.
* * *
Gül çiçəkdi sağım,solum,
Xatirədir hər bir kolum,
Vüqarına qurban olum,
Özüm dağlara-dağlara.

SƏNDƏN NİGARANAM

Səndən nigaranam yenə bu axşam,
Səsin eşidilmir,sorağın gəlmir.
Həsrətdən ürəyim olubdu şan-şan,
Eynim açılmayır,gözlərim gülmür.
* * *
Çəkdirib bu qədər mənə intizar,
Çarəsiz canımdan eyləmə bezar.
Gəl bahar ömrümə yağdırma sən qar,
Hələ bu xəbəri çoxları bilmir.
* * *
Qurumaz gözündən süzülən yaşı,
Anlamaz Ülvini,duymaz bir naşı.
Ölməz ümidləri, bitməz savaşı,
Dərdini tək çəkir heç kimlə bölmür.

AY BÜLBÜL

Nədir yenə oxuyursan,
Qəmli-qəmli,sən ay bülbül.
Oxuduqca ələyirsən,
Saçlarıma dən ay bülbül!
* * *
Sinəmi oxlayıb keçdin,
Öz yuvandan niyə köçdün?
De nədən qürbəti seçdin?
Yolun tutar çən, ay bülbül!
* * *
Sevənlər murada çatdı,
Mənim”qaraçuxam”yatdı.
Sənsiz bu zülmət həyatdı,
Gəzmə məndən gen, ay bülbül!
* * *
Ülvi çəkər sənsiz zülüm,
Qan-yaş tökər zülüm-zülüm.
Duya-duya səni-ölüm,
Dərdin mənlə tən, ay bülbül!

Müəllif: Ülvi AYDIN (Qarayev Ülvi Əzizağa oğlu)

ÜLVİ AYDININ YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir