BİR KİTAB YAZACAQ ODLU ÜRƏK SAHİBİ… – QURBAN BAYRAMOV

No Comments
Nuranə RAFAİLQIZI

Bir kitab yazacaq odlu ürək sahibi…

(Həkim-şairə Nuranə Rafail qızının

yaradıcılığı haqqında düşüncələrim…)

   Bədii söz sənəti yollarında inamlı addımlarını atan, amma, “ müəyyən bir auditoriyaya sahib şair kimi tanınan” Fazilova (Rəhimova) Nuranə Rafail qızı Azərbaycnın barlı-bəhərli diyarı Göyçay bölgəsində dünyaya göz açmışdır, orta təhsil almış, Odlar Yurdu Universitetinin “Müalicə işi” fakültəsini bitirərək həkimlik peşəsinə yiyələnmiş. 2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır…

    Ədəbi fəaliyyətə erkən, orta məktəb illərindən başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmiş, rəğbətlə qarşılanmışdır.. Şeirləri ilk olaraq Nuranə Rafailqızı imzası ilə “Milliyyət” qəzeti, “Herba-flora”,  “Yazarlar”  jurnallarında işıq üzü görmüşdür. Lap son çıxışı “Kredo” qəzetində olmuşddur.  Onun Nuranə Fazilova (Rəhimova) imzası ilə də şeirləri dərc edilibdir. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc olunmuş, həmçinin  “Həyat bizi səsləıyir”  antologiyasında şeirləri yer almışdır. Nuranə Rafail qızı Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı (15.04.2021.) olmuş, eyni zamanda, KİV  tərəfindən “Fəxri şair” diplomuna layiq görülmüşdür. Bu faktlardan da, göründüyü kimi, Nuranə poetik yaradıcılıqla ardıcıl məşğul olmuş, müəyyən müvəffəqiyyət əldə edə bilmiş, onun yaradıcılığı haqqında mətbuatda müsbət rəylər də dərc edilmişdir.      

   İndi onun Həkimlər depresiya deyir… adlı ilk şeirlər kitabı nəşr üçün hazırlanır və bu ilk kitaba xeyir-dua vermək üçün istedadına və xeyirxahlığına inandığım şair-publisist, naşir Zaur Ustac mənə müraciət etdi, Nuranənin yaradıcılığı ilə ətraflı tanışlıqdan sonra, onun poetik “dünyası” barəsində fikir və düşüncələrimi bildirmək qərarına gəldim…

   Nüranə Rafailqızı əslində, ədəbiyyatla heç bir əlaqəsi, həmçinin filoloji təhsili olmayan, ədəbi əhatədən kənar, amma ədəbi-bədii düşüncəyə, poetik istedada malik yazarlar qurupuna daxildir. İstedadlı qələm sahiblərindən biri  olan, şair-publisist Zaur Ustacın onun haqqındakı bu fikri ilə tam razılaşırıq: “…çox istedadlı qələm adamı… Nuranə Rafailqızı da ixtisasca həkim olmasaına baxmayaraq, artıq müəyyən bir auditoriyaya sahib şair kimi tanınmağa başlayıb…” Yuxarıda gətirdiyiiz faktlar da bunu təstiq edir.

   Nuranənin şeirlərində onun bir qələm əhli kimi mərhəmətini, sədaqətini, sevgisini, dürüstlüyünü, paklığını görürsən. Görürsən ki, müəllifin də, müəllifdən sözə hopan ruhu da təmizdir, safdır, durudur…  İç dünyası ilı dış dünyası müvazidir, aldadıcı deyildir, sünilikdən xeyli uzaqdır. Şeirlərində özünün, yaşadığı mühitin, ən ümdəsi isə göz açdığı, boya-başa gəldiyi bölgənin cazibədar ruhu, özünəməxsus söz düzümü, bu düzümün yaratdığı ahəng var və bunlar onun şeirlərinin spesifikası təkin qəbul edilə bilər…

    Bu kitab şairənin ilk kitabıdır  və müxtəlif mətbuat orqanlarında, toplularda, almanaxlarda dərc eddilən, oxucuları ilə üzbəüz   qaldığı şeirlərinin bir qismidir… Bu şeirlərdə şairlik iddiasına düşməyən, təbii hissi ehtiyacdan yaranan, həkimlik peşəsinə yiyələnmiş incə, zərif təbiətli və həssas müşahidə qabiliyyəti olan bir şair qadının həyata münasibəti, yaşam tərzinin psixoloji məqamları, insani sevgisi, məhəbbəti, nifrəti, qəzəbi və s. doğru-dürüst, həzin bir lirizm ilə əksini tapıbdır və yaxşısı budur  ki, bütün bunlar onun özününküdür. Özüdür, gəlmə, yapma, yamaq, yapalaq deyildir, səmimidir, poetik etiraflardır…  ” Bircə sən yoxsan dünyamda”   şeirində olduğu kimi:

Hər şeyim var..

Başımı salmağa evim-ocağım,

Qısılıb yatmağa küncüm-bucağım.

Halal zəhmət ilə rahat çörəyim,

Bir kitab yazacaq odlu ürəyim.

Bircə sən yoxsan dünyamda,

Yalnız arzumdasan, yalnız xülyamda…

Hər şeyim var…

Qızılım, mirvarim, incim-sədəfim,

Əqidəm, imanım, yönüm, hədəfim.

Başımın üstündə duran Allahım,

Xoşbəxt gələcəyə gedən sabahım.

Bircə sən yoxsan dünyamda…

   Zənnimcə, bu lirizm mayasından mayalanan həyati faktlarcizgilər, fraqmentlər bir insan taleinin sözdə reallaşan sinematik kadrlarıdır…  Ümumiyyətlə,  bu şeirlər bir həkim-şairənin həssaslıqla duyduğu, gördüyü, yaşadığı həyati faktların poeziyasıdır. Bir həkim kimi isə xəstəsinə həssas, qayğıkeş, məlhəm münasibəini, peşəsindən sıyrılan koloriti belə şeirləşdirir və bu özünəməxsus həkimanə ruhunun lirik bədii ifadəsidir.

…Kimi cavan, kimi qoca,

kimi körpə qucağında

Bir havanın həsrətində,

bir nəfəsin sorağında.

Gecələri sakit-səssiz

xəstəxana otağında

sübhə kimi cırıldayan

Bax,

həmən o yataq mənəm!

 Yaxşı olan budur ki, müəllifin qarşılaşdığı, gördüyü, eşitdiyi əlahiddə hadisələr, nəsnələr onun könlündə, ruhunda əks-səda verir, misralara, obrazlara, şeirə çevrilir…

  Şairdə, ümumiyyətlə qələm əhlində gərəkdir ki, fərqli düşüncə, dünyagörüş, zamanı vaxtında duymaq və gələcəyə yönəlik duyum, həssaslıq olsun. Nuranə Rafail qızı yaradıcılıqdan kənar sahədə, həkimlik peşəsində çalışmasına baxmayaraq (hərçəndi, mən həkimliyə, Hippokrat andlı həkimliyə yaradıcılıq sahəsi kimi baxıram və onu da bilirəm ki, bu peşənin adı hükəma, fikir, filosof anlamlarına müvazidir) içində həkimanə bir poeziya – şair ömrü də yaşayır… Mənə elə gəlir ki, həkimliyin şairliyə yaxın, doğma cəhətləri var. Əvvala, hər ikisinin obyekti İNSANDIR! Və hər ikisi, həkim də, şair də insanın sağlamlığı ilə məşğuldurlar, birisi fizioloji sağlamlığın, ikincisi isə mənəvi sağlamlığın keşiyindədirlər… Bu cəhətdən həkim də, şair də daim axtarışdadırlar. Boş yerə deyilməyibdir: “Sağlam canda sağlam ruh olar!” Məncə həkimlik də, şairlik də cididən-ciddi ruhsal aləmdir…  Nuranə həkimin poetik “mən”i onun “Mən” şeirində həssas psixoloji çalarda belə təqdim edilir:

Bir ev var ki, uzaqlarda

hasarı yox, çəpəri yox.

Nə gələni, nə gedəni,

nə qalan bir nəfəri yox.

Bu günəşdən, bu səmadan,

bu həyatdan xəbəri yox

toz basmış, kifə bürünmüş

Bax,

       həmən o otaq mənəm…

   Əlbəttə, bu şeiri avtoportret də adlandırmaq olar. Lirik “mən”in – müəllifin keçirdiyi əhval-ruhiyyə əks olunubdur. Təsvir olunan bu metaforik obraz – ev, əslində insan ömrünün obrazıdır, onun keçirdyi ömür yolunun astanalarıdır, müxtəlif çətinliklərdir, psixoloji iztirablardır… Və yaxud “bu “mən” diqqətsiz misra, dərc olunmamış şeir, tənha fərd, ucqar kənd, oxunmamış kitab, tikilməmiş ev, uzun illərdir yanmayan soba”, bu qəbildən olan həyati məqamlardır, addamaclardır…  Məsələn, “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirində olduğu kimi:

Bir stəkan çay istəyirəm,

                        yanında da limonu.

Bir qırıq qənd parçası,

                 bir kağız, bir qələm

                  cızmaqara edim onu…

Vəssalam,

              mənə bu da yetər hələlik!

Gün batar, ay doğar,

           bir az səssizlik, bir az sənsizlik…

   Nuranə Rafail qızının bu qəbildən şeirlərində ihcə, zərif qadın həssaslığı ilə yoğrulmuş  fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədəkarlıq, sədaqət, məhəbbət kimi insani əxlaqi keyfiyyətlərin öz istedadı, bacarığı gücündə vəsfi, tərənnümü daha qabarıqdır, öndədir…  “Həkimlər depresiya deyir” şeiri bu cəhətdən səciyyəvidir:

Dünyanın rəngi də qaçıb,

ağ-qara şəkillər kimi,

Divardan bizə boylanan

70-ci illər kimi.

Saralıb, solub, köhnəlib

güllər də eyni rəngdədi

Bir sığala həsrət qalan

tellər də eyni rəngdədi.

Həftələr, aylar ötüşür

qoşulub dönür illərə

Eyni rəngdə, eyni tonda

ömrü veririk yellərə,

Qocalıq da astanadan

üzümüzə gülümsəyir.

Mən deyirəm kefim yoxdu,

Həkimlər depresiya deyir!..

   Şairə-həkimin “Həkimlər depresiya deyir”  bu şeirlər kitabını  ömrün sevgi, qayğı, sevinc, iztirab, qəm-qüssəli anlarının şeirə çevrilmiş forması da adlandırmaq olar… Bu kitabın ilkin əlyazma variantına söz-rəy yazmış Zaur Ustac demiş,  onun şeirləri “könül rahatlığı, ruh sakitliyi” kimi də maraqlıdır. Doğrudan da, bu maraqlı, hissiyyatlı, duyğulu şeirlər səmimiyyətdən doğulan isti, ilıq, estetik həzz yaradan təsirli poetik mətnlərdir:

 … Ağzımızın ləzzəti yox,

dadı qaçıb, tamı qaçıb,

Dünyada adam qalmayıb,

sonuncu adamı qaçıb.

Gecələr yuxum da qaçaq

yorğan-döşək gəlir cana,

Elə hey, dönüb dururam

gözüm dikilir tavana.

Gündüzləri çalmaz qapım,

nə qonşum var, nə qonağım

Öz evimdə dəfn olmuşam

daş məzarım, daş otağım.

Qurda-quşa ehtiyac yox

öz içim özümü yeyir,

Mən deyirəm kefim yoxdu,

Həkimlər depresiya deyir!..

   Bu şeirlər, poetik nümunələr boynuna müyyən bir estetik təhəddüd, missiya götürən qələm sahibinin deyil,  həyata duyğusal, tənhalığın, dərdin içindən boylanan həyatsevər, insanın mənəvi aləminin gizlinlərinə  dalmağı bacaran bir ziyalı xanımın özünəbənzər zərif duyğularının şeirlə tərcümanıdır, ifadəsidir, bir xanımın sevgi və sayğısıdır… 

   Hətta onun şerlərdə yurdadönüşün, Qarabağa dönüşün sevincindən  yaranan işıq, şəfəq, nur selini də aşkar görmək mümkündür və doğrusu vətənsevər  insanın sevinci hüdudsuzdur… Və bu Vətənsevərlikdə hər kəsin öz şəxsi payı var və bunu hərə bir cür ortaya qoyur:

      Elə ki, mən boy atdım,

      yeridim addım-addım,

      Anam tutub əlimdən,

                  bu daşı, bu torpağı,

                  bu otu, bu yarpağı,

                  yaşadığım küçəni,

                  qızındığım ocağı

       Göstərib Vətən deyib!

    Əksər şairlərdə olduğu kimi, onun da lirikasının bir qismi sevgi, məhəbbət mövzularındadır. Bu şeirlərdə əksərən ayrılıq, hicran,  kədər motivi, “sən gəlməz oldun” ovqatı, həsrət, yol gözləmək, ürək göynədən sevgi iztirabları və s. əksini tapıbdır. O şair yaradıcılıqda müəyyən nəaliyyət qazana bilir ki, yaşadıqlarını və yaşaya biləcəklərini qələmə almağı bacarır. Elə bil, olacaqlar öncədən onlara agah olur. Bu şeirlərin əksəriyyəti, elə bilirəm ki, iztirabların, faciəli anların yanğısını söndürmək, içini yandıran közü dışarı atmaq, ruh aləmindəki fırtınları sakitləşdirmək üçün yazılır və bu qəbildən olan duyğu və hislərin müəyən qismini gənclikdəmi, sonramı hamı keçirib… Hər kəsin içini yandıran belə duyğuları var… Ona görə də, belə duyğuları səmimi şəkildə əks etdirən şeirlər hamı tərəfindən qəbuledilən olur, tutarlı, təsirli poetik mətnə çevrilir…  “Sev ki, sevən mərd olar!” (Hüseyn Kürdoğlu) poetik prinsipi bu qəbildən şeirlərdə gücə, enerjiyə, ehtizaza səbəb olur… “Ölümsüz sevgi” lirikası, balladası yaranır, “öyrətmə özünü, öyrətmə mənə” (Müsa Yaqub) serenadasına dönür…

Ey Fələk, bu gecə

könlümü gəl, dindir!

Bir sən ol, bir də mən,

bir də ki təkliyim,

Bitməsin sübhədək

əlindən çəkdiyim…

Durmadan özünə,

lap elə üzünə

eyləyim şikayət!

Ürəyim boşalsın nəhayət…

Vəssalam, mənə bu da yetər hələlik,

Gün batar, ay doğar,

bir az səssizlik, bir az sənsizlik…

Və yaxud, bu misralardakı hissin ecazı, poetik fikrin epitet səviyyəsində təqdimi yeni məhəbbət lirikasının nümunəsinə dönür, lirik xarakterin  duyğuları  “bir az səssizlik, bir az sənsizlik” – deyə, haray çəkir:

  Yaradıcı adamların ömrü, əslində, insanlığa, bəşərə, əzan cümlə, Vətənə həsr olunmuş ömrlərdəndir. Çünki, insanların ünsiyyətini asanlaşdıran və həmişə canlı, dinamik saxlayan ədəbiyyatdır, incəsənətdir və doğrudan da bu bəşəri universal dəyərdir, dinindən, irqindən asılı olmayaraq  hazıra və gələcəyə insanların birgə baxışıdır… Sənətin əsas missiyası adi insanların adi baxdıqları, hər gün gördükləri hadisələri, insanları, hətta əşyaları, ağacı, yarpağı, budağı fərqli şəkildə, daha gözəl ampulada təqdim etmək,  sevdirmək, görünənin görünməz tərəflərini göstərməkdir… Hətta “Fələklə” belə,  cəngi-cidala, çıxmaq,  polemikaya girişmək gücüdür:  “Ey Fələk, bu gecə könlümü gəl, dindir!”

   Bu şeirdə “Fələk”qeyri-adi metaforik obrazdır.  Əslində, bu poeziyanın (eləcə də bədii yazıların) metaforik təbiətə malik olmasındandır. Metaforik düşüncə estetik həzz yaradır, psixoloji enerji yaradır və burada – metaforik düşüncədə ağıl və xəyal gücü təbii, harmonik şəkildə birləşir… Sənətin, sənətkarın bacarığı, istedadı yeni və təsirli metaforalar yaradaraq, onlardan bacarıqla istifadə edərək yepyeni duyğular, hislər, dəruni fikirlər, gerçəkliyə bağlı xəyallar doğura bilməkdir. Şair, yazar, alimin yazdıqlarında, düşüncəsində metaforik  güc, enerji olmasa, o zaman oxucuya lazımı təsir göstərə bilməz. Tanınmış dilçi, professor İsmayıl Kazımov yazır: “Metaforlar dilin dilidir. Dilin imkanlarını sərhədsiz bir duruma salır…”  Belə götürəndə, Nüranə Rafailqızı bir qələm sahibi kimi metaforik düşüncədən, bədii-poetik vasitədədən xali deyildir, yerli-yerində istifadə edə bilir, lap,  “Mənə bir az nağıl danış” şeirindəki kimi. Bu şeirdə müəllif folklor-nağıl motivlərindən metaforik qəliblərdə bacarıqla istifadə etmiş, günümüzün reallıqlarını canlandıra bilmişdir:

Mənə bir az nağıl danış,

ruhum bir az təzələnsin.

Səmadakı ulduzlardan

göydən yerə nur ələnsin.

Danışginən bədirlənmiş

14 gecəlik ayından,

Günəşin bizə verdiyi

bir ovuc ümüd payından.

Bir az külək, bir az çovğun,

bir az bulud, bir az yağış.

Başımı qoyum dizinə

mənə bir az nağıl danış!

 Mənə bir az nağıl daniş,

yuxum tökülür gözümdən.

Danış qoy başım qarışsın,

özüm bezmişəm özümdən.

Məcnun kimi dönə-dönə

dolanıram otaqları.

Lap əlimdən zara gəlib

evin bütün yataqları.

Göz dikdiyim tavan bezib,

bezib yorğan, bezib balış.

Başımı qoyum dizinə,

mənə bir az nağıl danış!

 Bir gecəlik uşaq olum

saçımda-dən, üzdə-qırış.

Başımı qoyum dizinə,

mənə bir az nağıl danış!

 Mən hələ də uşaq kimi

inanıram nağıllara…

Duyğularım, istəklərim

darma-duman, qarma-qarış.

Başımı qoyum dizinə,

mənə bir az nağıl danış!

Burada Nuranə Rafailqızı özünü sehirli nağıl dünyasında hiss edir, daxilindəki kövrək, təmiz uşaqlıq  dünyasının ülviyyətinə dalır… Onun bir şair, bir yazar kimi bu xüsusiyyəti imkan verir ki, uşaqlar üçün də təsirli, səmimi, duyğulu şeirlər yazsın. Uşaqlar üçün yazdığı şeirlərdə müəllif bir qadın şair kimi daha həssas olur və uşaq dünyasının psixolojisinin duyumlu məqamlarını aşkarlaya bilir və folklor qaynaqlarından da bəhrələnir. Yaradıcılıq fəaliyyətinki faktlardan məlum olur ki, o, 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır…

   Qeyd edək ki, dəyərli ədəbi faktın, mövzunun  reallaşması isə böyük mənəvi güc və peşəkarlıq, həm də sarsılmaz inam, əzm, iradə və əlbəttə ki, böyük sevgi tələb edir… Dövrdaşları arasında seçilə, fərqlənə bilər… O da, ilkin çağlarından poeziyaya sevdalanıb, şeirin sevdasına düşübdür… Şairə bu sevdası vasitəsilə oxucusuna könül dünyasını, duyğularını, düşüncələrini bəyan etməyə cəhd edir… Nuranə Rafail qızı bədii təsvir vasitələrindən dəyərincə istifadə edə bilir, müəllifin qəlbinəki incə, zərif duyğular, insani hissləri süsləyir, onları daha da ülvüləşdirir. İnanıram ki, o şair kimi püxtələşdikcə, daha maraqlı mövzuları əhatə edəcək, özü demiş – kitabı-qələmi din-imanı olacaq, şox-çox ağ vərəqləri söz yurduna çevirəcəkdir:

Gah deyirəm bədahətən,

gah yazıram kərən-kərən.

Bir şeirəm qafiyəsi,

hecaları pərən-pərən.

Şairlərin din-imanı,

quranı, kitabı-qələm,

ağ köksündə qara yazı

Bax,

həmən o varaq mənəm!

    Mənə elə gəlir ki, bu şair xanım – Nuranə Rafail qızı  öz bildiyi, bacardığı, qavraya bildyi işlərlə məşğul olur və bu cəhət onun şeirlərindən boylanır… Elə bil ki, şeir yazmaq da onun alın yazısıdır… Əgər bu cəhəti dürüst duymuşamsa, gəlin, birlikdə onun alın yazısının ilk kitabına mübarək deyək…

Müəllif: Qurban BAYRAMOV,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,

 “Səməd Vurğun mükafatı” və “Vintsas” mükafatı” laueratı.

18.08.2021.

QURBAN BAYRAMOVUN YAZILARI

NURANƏ RAFAİLQIZININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir