NURANƏ RAFAİLQIZININ YENİ ŞEİRLƏRİ

No Comments
Nuranə RAFAİLQIZI – həkim, şair.

NURANƏ RAFAİLQIZININ YENİ ŞEİRLƏRİ

Həkimlər depresiya deyir!

Dünyanın rəngi də qaçıb,
ağ-qara şəkillər kimi,
Divardan bizə boylanan
70-ci illər kimi.
Saralıb, solub, köhnəlib
güllər də eyni rəngdədi
Bir sığala həsrət qalan
tellər də eyni rəngdədi.
Həftələr, aylar ötüşür
qoşulub dönür illərə
Eyni rəngdə, eyni tonda
ömrü veririk yellərə,
Qocalıq da astanadan
üzümüzə gülümsəyir.
Mən deyirəm kefim yoxdu,
Həkimlər depresiya deyir!..

Qoxusu da bir başqadı
çürüyüb sanki nə vaxtdı,
Çiçək qoxulu dünyanın
birdən-birə yatdı baxtı.
Doğmaların ətri gəlmir
nə dostdan, nə tanışından,
1001 məna çıxarardıq
bir gözəlin baxışından.
İndi daha, mənası yox
bu həyatın heç gözümdə,
Tanrı da elə “Döz!” deyir,
nə deyirəm, qoy dözüm də!
Könlüm nə qalmaq istəyir,
nə də ki, getmək istəyir.
Mən deyirəm kefim yoxdu,
Həkimlər depresiya deyir!..

Ağzımızın ləzzəti yox,
dadı qaçıb, tamı qaçıb,
Dünyada adam qalmayıb,
sonuncu adamı qaçıb.
Gecələr yuxum da qaçaq
yorğan-döşək gəlir cana,
Elə hey, dönüb dururam
gözüm dikilir tavana.
Gündüzləri çalmaz qapım,
nə qonşum var, nə qonağım
Öz evimdə dəfn olmuşam
daş məzarım, daş otağım.
Qurda-quşa ehtiyac yox
öz içim özümü yeyir,
Mən deyirəm kefim yoxdu,
Həkimlər depresiya deyir!..

O mahnılar çalmır daha,
qulağım elə səsdədi,
Ruhumun cəzası bitmir,
bədən adlı qəfəsdədi.
Boylanıbdı üzügöyə
yer də bezar, göy də bezar
Qəbir qazan bir insançün
de, neçə yol qəbir qazar?!
Mürdəşir də bezib məndən
kəfənimin sapı bitib,
Tanrı üzümə açmağa
qapı yoxdu, qapı bitib.
Hər şey bitir bu dünyayla
bircə savaşım bitməyir.
Mən deyirəm kefim yoxdu,
Həkimlər depresiya deyir!..

28.02.2021.

Bir az səssizlik, bir az sənsizlik.

Bir stəkan çay istəyirəm,
yanında da limonu.
Bir qırıq qənd parçası,
bir kağız, bir qələm
cızmaqara edim onu…
Vəssalam,
mənə bu da yetər hələlik!
Gün batar, ay doğar,
bir az səssizlik, bir az sənsizlik…

Soyuq istəyirəm,
sümüyümə işləsin, bürünüm şalıma.
İsidim sobanı, deyinim halıma:
-Lap üşüdüm,
xəstələnəcəm, Vallahi bərk!
Əynimi qalın geyinəydim gərək!
Danlayım, dansayım
sübhədək özümü,
Hesaba-kitaba calayım
əyrimi-düzümü…
Vəssalam,
mənə bu da yetər hələlik!
Gün batar, ay doğar,
bir az səssizlik, bir az sənsizlik…

Bir parça çörək də pis olmaz,
üstündə yağ-pendir.
Ey Fələk, bu gecə
könlümü gəl, dindir!
Bir sən ol, bir də mən,
bir də ki təkliyim,
Bitməsin sübhədək
əlindən çəkdiyim…
Durmadan özünə,
lap elə üzünə
eyləyim şikayət!
Ürəyim boşalsın nəhayət…
Vəssalam, mənə bu da yetər hələlik,
Gün batar, ay doğar,
bir az səssizlik, bir az sənsizlik…

14.11.2016.

Ruhumla söhbət
Atam həkim- Fazilov Rafaelə
İthaf olunur.

Ruhum, dur yığış gedək,
Çağırır göylər bizi!
Daha bəsdi seyr etdik,
Bu dağı, bu dənizi!

Əzbərlədik dünyanın
Qurusunu, suyunu.
Gördük, hər bir fəslini,
Gördük, hər bir huyunu.

Soyuq qışı, payızı,
İsti yayı, baharı.
Ha, əksinə üzsək də
Dəyişməyir axarı!

Dara düşdük, qarğıdıq
Arxasınca o ki, var!
Ruhum, topla bu gecə
Sağ-solunda hər nə var!

Bu dünyada qalmağa
Başqa üzüm yox daha!
Bizim yolumuz uzun
Çıxaq, üzüsabaha!

İçimdəki həvəsim
Nə qədər ki, yatmayıb,
Elə baxma üzümə,
Demə, vaxtın çatmayıb!

Demə, hələ sırada
Gör nə qədər adam var!
Ruhum, dur yığış gedək,
O göylərdə Atam var!

Haçandı ləngiyirəm,
Yəqin gözü yoldadı.
Bil, Atam hardadısa,
Mənim dünyam ordadı..

04.05 2016.

Mənə bir az nağıl danış...

Mənə bir az nağıl danış,
ruhum bir az təzələnsin.
Səmadakı ulduzlardan
göydən yerə nur ələnsin.
Danışginən bədirlənmiş
14 gecəlik ayından,
Günəşin bizə verdiyi
bir ovuc ümüd payından.
Bir az külək, bir az çovğun,
bir az bulud, bir az yağış.
Başımı qoyum dizinə
mənə bir az nağıl danış!

Mənə bir az nağıl danış,
gah o qızdan, gah da divdən,
Quşun qanad salmadığı
qırx qıfıllı həmən evdən.
Şahlara meydan oxuyan
igiddən de, qoçaqdan de!
Bir qarının daxmasında
alışmayan ocaqdan de!
Cırtdan toplasın odunu
üşüməyək daha bu qış!
Başımı qoyum dizinə,
mənə bir az nağıl daniş!

Mənə bir az nağıl daniş,
yuxum tökülür gözümdən.
Danış qoy başım qarışsın,
özüm bezmişəm özümdən.
Məcnun kimi dönə-dönə
dolanıram otaqları.
Lap əlimdən zara gəlib
evin bütün yataqları.
Göz dikdiyim tavan bezib,
bezib yorğan, bezib balış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!

Mənə bir az nağıl daniş,
Məlikməmməd, Keçəl Həsən.
Biri vardı, biri yoxdu…
danış hansını istəsən.
Az getdiyin, üz getdiyin
təpədən, düzdən, dərədən.
Göydən üç alma düşəndə
günəş doğsun pəncərədən.
Bir gecəlik uşaq olum
saçımda-dən, üzdə-qırış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!

Mənə bir az nağıl daniş,
başıma da bir sığal çək.
Evimizin qarşısında
o sehirli almadan ək!
Qızıl balığı axtaraq,
sahil-sahil, liman-liman.
Bu gün lap əldən düşmüşəm
işlərim çox olub yaman.
Oğul-uşaq, iynə-dərman
bütün günü çalış-vuruş.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!

Mənə bir az nağıl danış,
çıxar Fatmanı təndirdən.
Tülkülərə pay düşməsin
qarğadakı o pendirdən.
Tənha qalıb Tıq-tıq xanım,
bir vəfalı dost tap ona.
Turpun ən iri tikəsin
parçalayıb ver siçana.
“-İsgəndərin buynuzu var!”
qoy, yaymasın elə qamış!
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!

Mənə bir az nağıl danış,
gəl öldürmə bu həvəsi.
Sübh açılır, uzaqlardan
eşidilir xoruz səsi.
Simurq quşu qanad çalsın
səmamızda səhər-səhər.
Ağ qoç, qara qoç kəsdirsin
qapımızı beldə yəhər.
Gəzək hər iki dünyanı
addım-addım, qarış-qarış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!

Mənə bir az nağıl danış,
bir az gülüş, bir az qorxu.
Bilirəm, sən də yorğunsan
gözlərindən axır yuxu.
Durma, danış tez-tələsik
bitir nağılı sonra yat!
Bir az sevgi, bir az nifrət,
içinə bol həyəcan qat!
Bir az hicran, bir az vüsal,
odlu nəfəs, isti baxış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!

Mənə bir az nağıl danış,
sehirli xalçada gəzim.
Açılmayan qapıları
açsın, bircə “Sim-sim!” sözüm.
Qat başımı, elə danış,
içim içimdən yıxılır.
Bilsən, bəlkə ağlayarsan
canım nə cürə sıxılır.
Eyni, divin canı kimi
dar qəfəsdə çırpınan quş.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!

Mənə bir az nağıl danış,
bədheybətin sarayından.
Bəxtimə yaman az düşüb
nənəmin noğul payından.
Yaxşıları xoşbəxt elə,
pisləri çək sonda dara!
Mən hələ də uşaq kimi
inanıram nağıllara…
Duyğularım, istəklərim
darma-duman, qarma-qarış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!

07.07.2021.


Mənəm!

Bir ev var ki, uzaqlarda
hasarı yox, çəpəri yox.
Nə gələni, nə gedəni,
nə qalan bir nəfəri yox.
Bu günəşdən, bu səmadan,
bu həyatdan xəbəri yox
toz basmış, kifə bürünmüş
Bax,
həmən o otaq mənəm!

Gah deyirəm bədahətən,
gah yazıram kərən-kərən.
Bir şeirəm qafiyəsi,
hecaları pərən-pərən.
Şairlərin din-imanı,
quranı, kitabı-qələm,
ağ köksündə qara yazı
Bax,
həmən o varaq mənəm!

Yerdən göyə ah-naləyəm,
göydən yerə göz yaşıyam.
Neçə dərdə, neçə sərə
başdaşıyam, döşdaşıyam.
Xəzan çağı tökülməyib,
boranı, qışı yaşıyan
budaqdakı tənha-təkcə
Bax,
həmən o yarpaq mənəm!

Bircə yol köks ötürmədim
nə komaya, nə saraya.
Nə malına göz dikmişəm,
nə puluna, nə paraya.
Qırx ilməylə, qırx düyünlə
o dünyadan bu dünyaya
əzrayılın caladığı
Bax,
həmən o yamaq mənəm!

Gah oynayıb, gah ağlayıb,
gah da deyib, gülə-gülə.
Bir dəyərsiz əşya kimi
ömrü verdik əsən yelə.
Oğrun-oğrun boylandığım
dən düşmüş qapqara telə
xəbərsizcə sığal çəkən
Bax,
həmən o daraq mənəm!

Bir igidin taleyinə
yazılan qara yazıyam.
Şaxtasıyam, boranıyam,
çovğunuyam, ayazıyam.
Nefti qutarmış, tüstünün
his-pasına alazıyan
külək vurduqca alışan
Bax,
həmən o çıraq mənəm!

Kimi cavan, kimi qoca,
kimi körpə qucağında
Bir havanın həsrətində,
bir nəfəsin sorağında.
Gecələri sakit-səssiz
xəstəxana otağında
sübhə kimi cırıldayan
Bax,
həmən o yataq mənəm!

Hər vəzndə, bır sərbəst,
bir az heca, bir az qəzəl.
Yaza-yaza 100 yaşında
qapımı döysə də əcəl,
Hələ də tam böyüməyən,
bir az şıltaq, bir az dəcəl
Atasının sonbeşiyi
Bax,
həmən o uşaq mənəm!

Xeyirlə-şər, ağla-qara
təzad dolu başdan-başa.
Başı eyni, sonu eyni
həyat sanki, bir tamaşa.
Bütün ömrü oynayaraq
bir çiçəyə, bir alqışa
son pərdədə üz tutduğun
Bax,
həmən o torpaq mənəm!

Daha dayana bilməyib,
bədən adlı qəfəsində.
Özü verib əzrayıla
verdiyi son nəfəsin də!
Daş pəncərə, dəmir qarmaq
şaxtalı qış gecəsində
bir kəndirlə söndürülən
Bax,
həmən o ocaq mənəm!

Tale, yazı, bəxt işidi
deyib, keçdim hər bir şeyə.
Dilənçitək əl uzadıb
yaranandan üzügöyə.
Şükr elədim, zikr elədim
dərd içimi yeyə-yeyə
ilahinin göndərdiyi
Bax,
həmən o sınaq mənəm!

20.05.2021.

Müəllif: Nuranə RAFAİLQIZI 

NURANƏ RAFAİLQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir