ZAUR ƏRMUĞAN – ŞEİRLƏR

No Comments
Zaur ƏRMUĞAN – şair.

ARZULARIN GÖZƏLİ

Bir gözəl arzulamışam.
Elə gözəl ki,
sevdiyim qədər sevə məni.
Təkcə gözləriylə yox,
qəlbiylə də görə məni.

DAHA HEÇ NƏ DANIŞMA

Kirpiklərin
uzağa uzanan baxışlarının
sonu bitməz həsrət vadisində
yanıb qaralan qəm budağı.
Damcı-damcı süzülən göz yaşların
qəlbindən bir-bir qırılıb düşən küskün yarpaqlardır elə bil.
Gözlərinsə,
içinin güzgüsü.
İçinin sazağı, bürküsü,
İçinin yağışı, dumanı,
Ümidi, gümanı,
Səsi,
Sükutu,
Qəlbinin yanğılarda köz-köz alışan odu —
Hər şey, hər şey gözlərində.
Daha mənə heç nə danışma.

GECƏNİN SƏSSİZLİYİ

Gecənin səssizliyi
Bir sükut yağışıdır.
Gecənin səssizliyi
Bir yağış naxışıdır.
* * *
Gecədə özgəlik yox,
Gecədə doğmalıq var.
Sirdaşım olub gecə,
İçimdə tənhalıq var.
* * *
Gecənin səssizliyi
Qəlbimdə dinən səda.
Bu gecə bəyaz gecə,
Bu gecə nurdan ada.
* * *
Dünyanın o başına
Gedən yol burdan keçir.
Yol uzun, yol kəsədir,
Genişi dardan keçir.
* * *
Sözümü bircə-bircə
Gecəyə danışıram.
İçimdən süzülürəm,
Gecəyə qarışıram.
* * *
Gecənin səssizliyi
Sükutumun oxşarı.
Könlümə gecə dolub,
Dolub, yağsam, yaxşıdır.

XƏYALIN

Həsrət qaranlığında
işıq-işıq anıram sevgimizi.
Bir ürəklik gündüzlükdür qəlbimin otağı.
Zülməti yarıb keçən
bəyaz bir dünya hopub ruhuma.
Sənin əvəzinə
xəyalın gəlib qapıma.

XATİRƏLƏRLƏ BİR QALANDA

Tənhalığın səni xatırladır mənə.
Narın yağışdan sonrakı torpaq qoxusutək,
Bir bənövşə yuxusutək
kövrəkliksən.
Ümidsizlik ağrısını
içimdən çıxaran həsrət acısı
şirinmiş nə qədər…
Bircə xatirələrdən ayrılmağım olmaya.

ÖMRÜMDƏSƏN

Evimdən getmisən,
ömrümdən ki getməmisən.
Nə olsun,
əlyetməzindəsən əllərimin.
Ötənlərin
indi də duyum-duyum anılan
illərimin.
Sən hələ də özümdəsən,
Ömrümdəsən.

BİR GÖRDÜM
Elə sevdim səni sevgiyə tapınandan.
Səni də, özümü də bir gördüm
iki qəlbdə,
ruhumuzu tanıyandan.

KÖNLÜMDƏ SƏN DİNƏNDƏ

Duyğularımın şeirləşən çağı!
Səninlə qalmaq istəyirəm
zamansız zaman boyu.
Ruhumla yoğrulan ömür tikəsinə
dad gətirənim.
Harayıma dünyaları yetirənim.
Çəkilər gözlərimin gecə yuxusu.
Hopar içimə
taleyimin olar-olmazından keçən sevincləri,
qəm qarışıq
yer-göy dolusu
könlümdə sən dinəndə.
Sən mənə:
— Səninəm! — deyəndə.

YAYIN SON ÇAĞI

Başını tovlayıb alır ovcuna
Bu yayın yerini payızın göyü.
Qızaqol köynəktək bükülür qat-qat
Vaxtın dolabında yayın bu günü.
* * *
Bol olur yağışdan payız buludu,
Yayın dalınca mən ağlaya biləm.
Alır əllərimdən yayımı payız,
Bu yayı gizlədib saxlaya biləm.
* * *
Vida görüşüdür yayın son çağı,
Kafe qapısıtək bağlanır üzü.
Bir qonaqevindən ayrılıb gedir,
Dinir xatirəli köçünün izi.
* * *
Vağzal yolundadır, orda gözləyir,
O həsrət qatarı indicə gələr.
Kövrək baxışımla ötürüb yayı,
Əlacsız sükutum: “Hələlik!..” — deyər.
* * *
Geriyə boylanıb baxsam da hərdən,
Payızın əlləri çəkir çiynimi.
Kəsişən yollarda ayrılmaq da var,
Qayıdıb dəyişim daha əynimi.

QOY OXUSUN GÖZLƏRİNİ GÖZLƏRİM
Bir görüşün yollarına çən düşüb,
Bir eşqinmi saçlarına dən düşüb?!
Məndən özgə de, könlünə kim düşüb?
Qoy oxusun gözlərini gözlərim.
* * *
Ürəyimi göynədəcək yanğısı,
Telin olsun bu yaramın sarğısı.
Kimdir, görən, o inamın oğrusu?
Qoy oxusun gözlərini gözlərim.
* * *
Ümid dinir, güman dinir gözündə,
Sükut dolu ümman dinir gözündə,
Bir gerçəyi uman dinir gözündə,
Qoy oxusun gözlərini gözlərim.
* * *
Kirpiyinin kölgəsimi gizlənən?
Yad baxışla özgəsimi gizlənən?
Bəlkə, mənəm öz-özüylə izlənən?
Qoy oxusun gözlərini gözlərim.
* * *
Sevgilərdə doğru da var, yalan da,
Sevgilərdə sayğı da var, talan da.
Bu ömürdə olmayan var, olan da,
Qoy oxusun gözlərini gözlərim.
* * *
Hansı vədə, hansı sözdür nəhs düşüb?
Düz yozulan gərdişimiz tərs düşüb.
Günah kimdə, qınaq kimdə, bəhs düşüb?
Qoy oxusun gözlərini gözlərim.
* * *
Gülüm, and iç bu sevginin adına,
Gülüm, yetək biz bu eşqin dadına.
Ərmuğandır, sevib, düşüb oduna,
Qoy oxusun gözlərini gözlərim.

ÜRƏYİMƏ
Gözümdən axır göz yaşı,
Nəmi yığdım ürəyimə.
Dərdin mənə yol yoldaşı,
Qəmi yığdım ürəyimə.
* * *
Ərşə çəkdin sən yuxumu,
Həm azımı, həm çoxumu.
Əkdin bircə dərd toxumu,
Zəmi yığdım ürəyimə.
* * *
Bir gileyin min davası,
Bir talanam, eşq yuvası.
Köklənmişəm, var havası,
Dəmi yığdım ürəyimə.
* * *
Məni məndən alan aldı,
Məni məndə oda saldı.
Kimim getdi, kimim qaldı?
Kimi yığdım ürəyimə?
* * *
Ərmuğan, bil, dərdim çoxdur,
Başım üstə şimşək çaxdı.
Vayıma el şərik çıxdı,
Cəmi yığdım ürəyimə.

Müəllif: Zaur ƏRMUĞAN

ZAUR ƏRMUĞANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir