MİNA RƏŞİD – ƏSGƏR ANASI

No Comments
Mina RƏŞİD – şair, yazar.

ƏSGƏR ANASI

“Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmiş əsgər Murad Hüseynovun anası Şəhla xanımın timsalında bütün əsgər analarına həsr olunur…

Evi isti olsa da,

özünü soyuq səngərdə sanar,

əsgər anası.

Xörəyi soyuyar qarşısında,

keçmişə boylanar,

qüssə içində gülümsəyər və

öz-özünə söylənər:

“-Ac deyilsən ki, balası?”

Yığar, bükər, bağlayar,

hər şeyin ən yaxşısını

ona saxlayar…

Bir gözü gülər, bir gözü ağlayar,

həmişə narahat, səksəkədə olar,

əsgər anası.

Hər kəsdən əvvəl oyanar,

Yaradana dua edər uzun-uzun,

balasını tapşırar, əsgər anası.

Telefonu həmişə yanında saxlayar,

gecələr baş ucuna qoyar,

bütün zəngləri onunku sanar və

zəng gəlincə ürəyi çırpınar,

səsini duyunca sanki, yenidən doğular,

əsgər anası.

Günləri sayar, təqvimi vərəqləyər,

yağışda üşüyər, qarda titrəyər,

əsgər anası.

…O bir vəfalı qadın, cəfakeş ana,

Vətən üçün oğul böyüdər,

Buna görə adı Vətənlə qoşa öyülər

Ana Vətən olar,

Vətən Ana,

Cənnət ayağının altında,

Mübarək qadındı

əsgər anası…

BİR PAYIZDI, BİR DƏ MƏN

Baxıram heç bənzəmir

Fəsillər adamlara.

Payıza bax, möhtəşəm!

Bir də, yaşananlara…

Payız nə mehribandı

Günəşi gülümsəyir.

Yağışın damlaları

Könlümdə rəqs eləyir…

Külək mənə bənzəyir

Gah küsür, gah da gülür.

Həzin-həzin əsəndə

Heyva qoxusu gəlir.

Sanki dünya boş qalıb

Bir payızdı, bir də mən.

Yarpaq qonur çiynimə

Pıçıldayır: “Çəkmə qəm!”

QUŞLAR HİMNİ OXUYUR

Yuxudan oyanıb görəm

Bir möcüzə baş verib.

Görəm qapımın ağzına

Çiçəklər xalı sərib.

Hər bir tərəf ağaclardı

Quşlar himni oxuyur.

Dünya elə qəribədi,

Hava çox xoş qoxulu.

Tut tökülür ot üstünə

Uşaqlar, quşlar yeyir.

Tut satan qonşu yox deyə,

Anam dua eləyir…

QAR DƏNƏSİ

Gəl, bir türkü söyləyək,

Qar dənəsi, səninlə.

Qəlbim sınıq-sınıqdı

Apar məni özünlə.

Billəm, yox olacaqsan

Varlığa gülə-gülə.

Mən də yoxam onsuz da

Əridim gilə-gilə.

Bu ağ-qara dünyada

Buz bağlayıb qapılar.

Kimsəm yox, qar dənəsi

Məni özünlə apar…

KÜLƏK

Ay külək, sən də mənimtək

Bərk hirslisən, deyəsən.

Yerə-göyə sığışmırsan

Ağacları döyürsən.

Əsəbimi sərtliyinlə

Ora-bura çırpırsan.

Görürsən ki, dincəlmədim

Bir segah qaldırırsan.

Nə yaxşı ki, varsan, külək

Ürəyimdə əsirsən.

Mənimlə nəğmə deyirsən,

Mənimlə bir küsürsən. 

BİR CÜT QUŞ KİMİ…

Bir cüt quş kimi

İki balam var.

Səs-səsə verib

Hey oxuşurlar.

Kimsə qəlb qırır

Gülməyə qoymur.

Bu nəğmə məni

Olməyə qoymur.

BİR KƏLMƏ ÇAY

…Hərdən hər şey sözə dönür

 dilində

Bir də gördün çaşıb deyir:

 “Ay uşaqlar, icazə verin,

bir kəlmə çay süzüm özümə…” 

YAĞIŞ YUYAR KƏDƏRİMİ

Yağış yağır… çox sevirəm

Yağışı seyr etməyi.

Yağışın sehrinə düşüb

Uzaqlara getməyi…

Balaca bir dünya qurub

Oynaram uşaq kimi.

Yağış yuyar kədərimi,

Görən tanımaz məni.

Həyat necə ürək yaxan

Qəmli nəğmə, hey kədər.

Hərdən bəxtəvər oluram

Yağışın ömrü qədər…

Bax, yenə də bir div gəlib,

Gözəl dünyamı yıxır.

Başım elə qarışıb ki,

Bir də görrəm od yağır…

NƏ YAXŞI

Nə yaxşı qonaq oluruq

Çox qalmırıq dünyada.

Üstü bəzək, içi soyuq,

Ürəyi buz dünyada.

Adamlar niyə ağlayır

Görən ondan ötəri?

Hər gün ölüb-dirildiyi

Bir aləmdən ötəri.

Şənbə günü sıxılıram

Nə yaxşı ki, bazar var.

Nə yaxşı bazardan sonra

Həm həyat, həm məzar var.

ADAM İSTƏSƏ…

…Avtobusa bənövşə mindi, deyəsən

Bənövşə qoxusu bürüdü aləmi…

Demək, adam istəsə bənövşə olar,

qızılgül olar, günəş olar, bulud olar…

Adam istəsə dünyanı dəyişər –

Müharibələr olmaz, uşaqlar ölməz…

Amma o, dünyaya kin bəsləyir…

Adam İNSAN olmaq istəmir hələ

robot olmaq istəyir…

Müəllif: Mina RƏŞİD


MİNA RƏŞİDİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir