AYTAC İBRAHİM – YADINDAMI?

No Comments

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI

Yadındadır o günlər?
Sizə gələrdik …
Gülərdik, əylənərdik,
sonra qəfildən
hamımız bircə-bircə  susardıq…
Bir də görərdik ki,
uzaqların lap uca məqamından
gözlərimizə baxırsan…
Gizlətmə məndən ;
Ha tərəfə dalırdı gözlərin?
Şəhid qardaşının,
hələ cavan yaşda,
beli bükülən ananın,
sənə həyan olan,
o sadə atanın yanına ?
Uzaqlara?
Çox darıxırdın, gözünə qurban?
kimsəsizliyin çox mu dərd olurdu,
ömrün boyu yük daşıyan başına?
Səninləyəm e, torpağına həsrət,
Cavab ver …
Çoxmu əzab çəkirdin ölüm yatağında?
Susma …
Yaxşı,
sus…
Sən sus,
mən danışım…
Xatırlayırsan?
bir konfeti,
bir almanı,
bir çörəyi
yarı bölərdin,
düz üçümüzün arasında.
Götürməsək, söz edərdin…
Bəs indi dillən görüm,
son istəyin nə oldu ?
Nəyi dadmaq istədin?
Kimi görmək istədin ?
Hansımızın adı əzbərində idi?
Lənət oxudun mu bizə ?
İncidinmi, bu yad doğmalardan,
küsdünmü, biriciyim?
Necə dirəndin bu səfalətə,
necə dirəndin bu ağrılara,
bu səfilliyə,
bu alçaqlığa ?!
Çox yaxşı xatırlayıram…
Son görüşlərimizdə,
divarları nəmdən paslanmış,
soyuq xəstəxananın bir küncündə,
astadan danışdın;
Dedin, aparın məni…
Çox aciz idim,
çox uşaq idim,
yanında idim,
amma əlim çatmırdı sənə.
Görərdin xeyir yoxdur kimsədən,
bir sığal çəkərdin,
İndi əllərinə möhtac qalan,
ucu qırıq-qırıq  saçıma.
Sən gedəndən küsüb e,
uzanmır ki bu mirət…
Yoxluğundan 3 həftə əvvəl,
burnumun ucu göynədi sənə;
baxışına,
duruşuna,
sözlərinə kimi.
sözlərinin hərflərinə kimi .
Varlığını düşündüm hər gecə,
hamıdan xəbərsiz.
Amma bağışla,
hamı ilə birgə
yoxluğunu düşünə bilmədim.
Ağrını,
Xəstəliyini,
sənin də darıxdığını,
düşünə bilmədim …
Bilmədim sənsizliyə az qalıb…
Yuxuma girdin dəfələrlə,
yuxularda mesajlaşdıq biz…
Əl etdin,
qaçdın,
gəldin,
amma birdən getdin …
Bu dəfə röyalarda yox,
reallıqda heçə döndün…
Sən onları bağışlayarsan,
körpədir sənin qəlbin,
incədir,
qıymaz heç kimə,
bilirəm…
Amma mən bağışlamayacam heç kimi ;
Özümü,
Onu,
Bunu,
heç kəsi,
heç bir kəsi,
heç vaxt bağışlamayacam….
Son dəfəki gülümsəmən,
bir iz qoydu beynimin
sağ yarımkürəsində.
Hansı ki,
çarəsizlikdən,
kimsəsizlikdən,
yetimlikdən
kinayə ilə gülürdün…
Neçənci gündür yoxsan?
Neçənci yuxundasan?
Gəlim, oyadım səni?
gəl, yuxuma…
Gəl elə yuxumdaca,
səssizcə apar məni öz yanına…
Qayıtmayaq bir də…
Görməyək heç kimi,
kimsəylə danışmayaq…
İnsanlar pisdir, dostum…
Gəl ruh olaq,
dalaq göy üzünün ənginliklərinə,
gülək bir-birimizin üzünə…
Bu dəfə kinayə ilə yox,
daxildən gülək,
qəhqəhə ataq,
dolaşaq göy üzündə…
Amma nə olar,
haçansa,
bir də,
əsla,
buralara enməyək …
Qayıtmayaq, dostum,
qayıtmayaq ….

22.01.2021.


Müəllif:
 Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir