İslam Səfərli -100

No Comments

İSLAM SƏFƏRLİ – 100

Səməd Vurğundan bir il böyük şair…

XX əsrAzərbaycan ədəbiyyatının mötəbər nümayəndələrindən sayılan duyğulu, axımlı, rübabi şeir və epik-lirik poemaları, dramatik səhnə əsərlərilə yaddaşlara həkk olan, Əməkdar incəsənət xadimi, şair-dramaturq, tərcüməçi, publisist İslam Səfərlinin ömür taleyi qısa olsa da, yaradıcılıq taleyi uzun olmuşdur. İslam Səfərli zəngin yaradıcılıq irsinə malikdir və müxtəlif ədəbi janrlarda dəyərli əsərlər yaradıbdır.Ölməz şair az yaşadı, amma çox yaratdı, sözü-söhbəti könülləri fəth etdi, cavan ikən ömrü qanlı- qadalı müharibədə keçdi, mübbariz əqidəsilə, zəngin, ehtiraslı poetik ruhuyla ədəbiyyatımızın İslam Səfərli məqamını yaratdı.
Coşğun və təlatümlü Xəzər, mavi gözlü Göygöl, yaşıl ormanlı Batabat, ucu-bucağı görünməyən Talış meşələri, məcrasına sığışmayan dəli Kür, bol meyvəli Ordubad bağları, bərəkərli Şərur çölləri, muğamatlı, sinəsi nəğməli, qənirsiz Qarabağ torpağı şairin məcrasına sığmayan ilham mənbəyi olub. Böyük şair bu füsünkar yerləri qarış-qarış gəzmiş, dolanmış, bu yerlərin yar-yaraşığından vəcdə gəlmiş və özünün zəngin, mənəviyyatlı poetik dünyasını yaratmışdır… İslam Səfərli poeziyasının ruhu-canı, mayası, bədii siqləti başdan-başa Azərbaycan motivinə bağlıdır. «Sənə nənəm qurban, Azərbaycanım!», “Kürüm-Arazım qoşa çayımdır, Azərbaycanım günüm – ayımdır.”, “Mən də qızıl şahinəm, Aranlıyam, dağlıyam! Ulu əcdadım kimi,Torpağıma bağlıyam. O olum beşiyimdir, O ölüm beşiyimdir!…” – deyən, şairin könül dəftəri vətəni Azərbaycandır…
İslam Səfərli milli ruhlu, milli təfəkkürlü, milli əqidəli, rübab piyaləsi səmimiyyətlə limhalim şairlərimizdəndir. İslam Səfərli irsi az tədqiq olunmuşdur və bu istiqamətdə əsaslı, geniş filoloji spektirdə araşdırmaların aparılmasına, yaradıcılığının müxtəlif aspektlərdən təhlil-tədqiqinə əşəddi ehtiyacı vardır.
İslam Səfərlinin olduqca maraqlı yardadıcılıq yolu, ədəbi şəxsiyyəti və ədəbi taleyi olubdur.
Məlumat üçün qeyd edək ki, İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının (Naxçıvan MSSR-in) Babək rayonunun Şəkərabad kəndində dünyaya göz
açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. O, 416-cı Taqanroq diviziyasının tərkibində Berlinə qədər şanlı, kəşfiyyatçı döyüşçü yolu keçmiş, İkinci Dünya müharibəsi başa çatandan sonra İslam Səfərli ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir…
İslam Səfərli ədəbi yaradıcılığa 17 yaşında başlamış, müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata!”, “Qoşa söyüd”, general-mayor Həzi Aslanova həsr ediyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri müharibənin onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı”, “Leylək əfsanəsi”, “Ekizlər-ögəylər” və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, dövrün dəyərli ədəbi faktlardan olmuşdu…
İslam Səfərlinin “Ələsgər” poeması aşıq sənətinin ustadı Aşıq Ələsgərə həsr edilmiş ilk epik-lirik poemadır. Poema 1959-1962-ci illərdə yazılmışdır. Şair bu poemanı yazarkən bütün Göyçə mahalını qarış-qarış gəzmiş, aşığın şagirdləri, müasirləri ilə söhbət etmiş, məlumatları toplamışdır. Ona görə də “Ələsgər” poeması fərdi tərcüməyi-haldan kənara çıxan bütöv bir dövrü, oun ağlı-qaralı günlərini, buxovlanmış sevgisinin iztirablarını göstərən bir əsərdir…
Bu poemada aşıqlar yurdu Göyçə mahalı, aşığın sazı və sözü ilə məclislər yaraşığı olduğu, onun yaşadığı acılı-şirinli günlər, illər poetik əksini tapmışdır. İslam Səfərli bu qənaətdədir ki, bu dünyaya çox aşıqlar gəlib-gedib, lakin Ələsgər sazı və sözü ölməzdir. Əsrlər keçəcək, nə qədər ki, dünya durur Aşıq Ələsgər yaşayacaqdır:

Yüz il dövran sürən Aşıq Ələsgər
Min-min məclislərə yaraşıq oldu.
Çoxları saz tutub gəlib-getdilər
Tək şair Ələsgər xas aşiq oldu.

Əsrinin ən məğrur dağlar qartalı
Əski bir dünyanı məzara gömdü.
Aşıqlar Vətəni Göyçə mahalı
Çiçəyi sayrışan gülzara döndü.

Əlində telli saz, əlində vüqar,
Ağ günlər eşqinə coşdu Ələsgər,
Dünyada necə ki, saz var, şeir var,
O da yaşayacaq dünyalar qədər!..

Bir-birindən maraqlı poeziya nümunələri ərsəyə gətirən İslam Səfərlinin bədii obrazlılığı ilə seçilən poeziyası bitkin bir vətənpərvərlik nümunəsidir və bu poeziyada azərbaycançılıq sevgisi, ana yurdu Naxçıvan tematikası başlıca ədəbi-estetik xəttdir.
Şairin yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Onun “Naxçıvan”, “Payız meşəsi”, “İki küçə, iki ad”, “Batabat bulağı” və başqa şeirləri doğma yurdun təbiətini təbii lövhələrlə əks etdirən nümunələrdir…
Xalq şairi Məmməd Rahim onun yaradıcılığının Naxçıvan tematikasını yüksək qiymətləndirərək yazırdı: “İslam Səfərli anadan olduğu, böyüyüb boya-başa çatdığı yerləri özünə xas olan səmimiyyət və istedadla qələmə alır, oxucularda bu yerlərə maraq oyadır. Bu şeirləri oxuyan adam sanki Naxçıvanı seyrə çıxır. Şair Naxçıvanın “Gəlin daşı”nı, “Batabat”ını, “Xal-xal meşəsi”ni, gecə-gündüz Vətəni qoruyan sərhədçinin düşüncələrini tərənnüm edir. Şair, doğma Naxçıvanı hədsiz bir məhəbbətlə sevir”
Bu regional məhəbbət deyildi, bütöv Azərbaycan məhəbbəti idi və “Ey axarlı, ey baxarlı, ey gülzarlı Naxçıvanım”, “Mənim barlı Naxçıvanım, Xoş baharlı Naxçıvanım.” – deyən, şairin bu məhəbbətinin mahnı şirinliyində möhtəşəm bir nümunəsi:

Bulaqların bir səmtədir axarı,
“Salvartı”nın xoş görünür baxarı,
Biçənəkdən at səyirdib yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

…Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Və yaxud, ona ilham verən, şeir çələngi bəxş edən dədə-baba, ana yurda ibadətin, ehtiramın başqa bir nümunəsi:

Vurulduqca bu sevimli yurda mən,
Rübabımı kökləmişəm burda mən.
Mənə şeir çələngini bəxş edən,
Yaraşıqlı bir məkana gəlmişəm.

Ovçu kimi mən dolana-dolana,
Qalxıb Araz qırağından bu yana.
Baba yurdum gözəl Nəqşi-cahana,

  • Ana yurdum Naxçıvana gəlmişəm. “Xan Arazın sahilində” silsiləsindən “Gəlmişəm”, “Naxçıvanım”, “Qızlar bulağı”, “Naxçıvan yadigarı”, “Gilan şəhəri haqqında ballada”, “Gəlin daş”,“Qonağıyam”,“Batabat bulağı”, “Badamlı”, “Xal-xal meşəsi”, “Naxçıvanın duzu, qızı, qarpızı”, “Səməd Vurğun gedən maşında mən” qəbildən rubabi şeirlərində İslam Səfərli “Dədə yurdu”nun poetik xəritəsini çəkir, oxucusunu Ordubada, Şahbuza, Ölən şəhərə, Piyaz dağına, Şərurun göy tarlalarına, Arpa çayı boyuna, Sədərək kövşəninə, Xal-xal meşəsinə, Badamlı bulaqlarına aparır, Şada çayın körpüsündən keçirir, Pətəklinin qüzey qarına tamaşa etdirir, Şahbuzun daha yuxarı tərəflərinə qaldırır, at üstə “Qanlı göl”ə çıxardır, “Sərt dərə”də gecələyirik, “Toğlu Qaya”da toğlu kəsirik, “Plov təpə”də bardaş qururuq, su yerinə alov paylayan “Çınqıllı”dan keçirik, “Yelli yurd”da kəhərlərə çapar oluruq, “Keçəl dağ”ın, “Kələfli dağ”ın tamaşasına dururuq… Bax, budur poeziyanın ecazı, şair fəhmi və istedadı, yurddaş məhəbbəti…
    İslam Səfərlinin şeirlərinin mövzusu rəngarəngdir, bu şeirlər onun üçün mənəvi ehtiyac və könül çırpıntılarının ifadəsidir. Bu şeirlər ana laylası qədər şirin, zərif və həzindir. Bu şeirlərdə elinə, obasına, xalqına olan məhəbbət, obrazlılıq, dil səlistliyi, poetik ifadə tərzi və şeir üçün lazım olan nə varsa öz əksini tapmışdır. Onun şeirləri o qədər yığcam, düşünülmüş, sadə bir dildə, şirin bir ləfzdə yazılmışdır ki, sanki bir misranı çıxarsan bütün gözəlliyə xələl gətirə bilərsən. Çünki bu şeirlər axıcılığı, sözlərin düzümü bir-biri ilə əriş-arğac təşkil edir.
    Onun şeirləri lirik janrın müxtəlif vəznlərində təqdim olunsa da, əsasən, heca vəznində yazan görkəmli şair, hətta “Heca vəznliyəm mən” adlı ayrıca bir şeirində bu vəznə sədaqətini, məftunluğunu bəyan edir:

Musiqi kimi incə,
Zərif bir bəstədir söz.
Nə vəzndə – hecada,
Nə də sərbəstdədir söz,
Layla sevən körpətək
Qulağı səsdədir söz.
Azərbaycan şeritək
Qoca vəznliyəm mən;
Minbir bulaq axarlı
Heca vəznliyəm mən!

…Xalqa mehriban olan,
Hər obaya yovuşan.
Sözü dumanlı deyən
Bir çən olub sovuşar.
Eli sevən sənətkar
Eldən-elə qovuşar.
Azərbaycan şeritək
Qoca vəznliyəm mən.
Minbir bulaq axarlı
Heca vəznliyəm mən!

Onun güclü, romantik pafoslu şeirlərində çox dərin bir səmimiyyət duyulur. Bu şeirlərdəki şirinliyin, axıcılığın əsas səbəbi də şairin özünün dediyi kimi, poetik ruhuna arxalanması idi…
İslam Səfərli yaradıcılığına şifahi xalq ədəbiyyatından süzülüb gələn detallar, folklorizmlər, bayatı, gəraylı, qoşma janrları onun poeziyasında mojor, nikbin ahəngdarlıq yaradır. Belə ki, gündəlik danışığımızda işlətdiyimiz bir çox atalar sözləri, məsəllər, qısa, ibrətamiz rəvayət və hekayətlər şairin əsərlərində poetik müstəvidə, yeni məna çalarları kəsb edərək oxucuya təqdim olunur. Ordubad rayonunun Unus kəndi ərazisindəki Gəlindaşla bağlı əfsanə, Qız qala, Oğlan qala əfsanəsi, Xaraba Gilan şəhəri haqqında yayılmış əfsanələr şairin şeirlərində poeziyanın mövzusu kimi istifadəsi maraqlı ədəbi faktlardandır…
Beləliklə, İslam Səfərli yaradıcılığında xalq şeir formalarına müraciət və uyarlıq, şairin bunlardan ustalıqla, yaradıcı şəkildə istifadə etmək bacarığı, xalq dilinə məhəbbət onun poeziyasının əsas xüsusiyyətlərindəndir və oxucular tərəfindən sevilməsinin əsas meyarlarındandır…
İslam Səfərli yaradıcılığı özünün mövzu, məzmun və sənətkarlıq xüsusiyyətlərinə görə xüsusi əhəmiyyətə malikdir. Şair müxtəlif məzmunlu əsərlərində özünəməxsus yol seçərək vətənin gözəlliklərini, xalq adət-ənənələrini, milli dəyərlərini və sair tanıtmağı və təbliğini estetik xətt kimi ortaya qoyur. Onun geniş və zəngin yaradıcılığı “Ana – vətən”, “laylay şirinliyində dil” vəhdətində Azərbaycanı təqdim edir, xalqın zəngin mənəviyyat və əxlaq ucalığını göstərir…
İslam Səfərlinin səmimiyyətlə mayalanıb yğrulmuş şeirlərində sözlər sanki adilikdən çıxır, poetik hüsn qazanır. Burada Xəzərin ləpələri pıçıldaşır. Burada Vətən də, onun təbiəti də tam bir poeziyadır, zərifdir və gözəldir. Odur ki, həmin sözlərə neçə-neçə mahnılar yazılıb və onların da bir çoxu əbədiyaşardır. Lirik duyğular şairinin sözlərinə bəstələnmiş bu nəğmələri bəzəyən şeriyyət şirinlik, axıcılıq və poetik gözəllik bütövlükdə onun lirik şeirlərə xas olan bir cəhətdir…
Diqqətə çatdırım ki, 200-dən artıq şeirinə musiqi bəstələnməsi İslam Səfərlini nəğməkar şair kimi tanıtmışdır. Sözlərinin müəllifi olduğu “Bakı, sabahın xeyir”(mus. E.Sabitoğlu), “Bir könül sındırmışam”(mus. R.Mirişli), “Pıçıldaşan ləpələr”(mus. A.Babayev), “Ağ xalatlı həkimlər”(mus.C.Cahangirov), “Nazəndə sevgilim yadıma düşdü” (mus. A.Babayev), “Buludlar” (mus. C.Cahangirov), “Arzu”(mus. Maestro Niyazi), “Nə vaxta qaldı” (mus. Q. Hüseynli), “Ana” (mus. C.Cahangirov), “Ay, öpüşən dalğalar” (mus. R. Mirişli) , “Bakili qız” (mus. A. Babayev), “Aylı gecələr” (mus. A. Babayev), “Bağçamıza gəldi bahar” (mus. S.Rüstəmov), “Ey ala göz sevgilim” (mus. A. Rzayeva), “Zəriflik”(mus. C.Cahangirov), “Həkim qız”(mus. S.Rüstəmov), “Ay qaşı, gözü qara qız” (mus. A.Babayev), “Çıx yaşıl düzə…” (mus. A.Məlikov), “Ağ şanı, qara şanı” (mus. C.Cahangirov) qəbildən mahnılar həmişə sevilə-sevilə dinlənilir, toyların, məclislərin, bayramlaın növrağına çevrilir…
Onun mahnılarını Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Müslüm Maqomayev, Zeynəb Xanlarova, İslam Rzayev, Flora Kərimova, Sibel Can, Muazzez Ersoy, Yalçın Rzazadə, Brilyant Dadaşova, Yaşar Səfərov, Oguz Aksaç, Akif İslamzadə, Nərminə Məmmədova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Elnarə Abdullayeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Azər Zeynalov, Nadir Qafarzadə, Aygün Bəylər, Elton və digərləri kimi sənət korifeyləri, tanınmış, məşhur müğənnilər ifa etmişlər və indi də etməkdədirlər. Ekran-efirdə elə bir gün olmur ki, İslam Səfərlinin sözlərinə yazılmış mahnılar ifa olunmasın… İllər boyu Azərbaycan radio-efiri hər səhər Şövkət Ələkbərovanın məlahətli, ipək ifasında onun “Bakı, sabahın xeyir” ( mus.Emin Sabitoğlu) mahnı mətni ilə başlayır, hər səhər İslam Səfərli xalqını “Sabahın xeyir!” – deyərək salamlayır, uğurlayır…
Təkcə bircə ədəbi-mədəni fakt sübut edir ki, İslam Səfərli əbədiyaşar sənətkardır. Nə qədər ki, Azərbaycanın Xarı bülbül səsli sənətkarı Rəşid Behbudovun ifasında könülləri fəth edən, əbədiyaşar “Ana” mahnısını xalq sevə-sevə dinləyir, o zaman bu mahnının müəllifi, poetik mətnin fatehi İslam Səfərli də əbədən yad ediləcəkdir… Şair bica yerə “Oxu, Rəşidim, oxu” şeirində yazmamışdı: “…Səsin bülbül, Ürəyin güldür, Ay Rəşid! Oxu, əziz Rəşidim, Sən oxu, Mən eşidim, Rəşidim! Səsi bahar Rəşidim, Rəşidim!”
“Səsi bahar Rəşidin” ifası efirdən vəhyanə şəkildə qeyibdən gələn səs təkin qulağımızda səslənir: “Nə ki arzu kamın var, Qəlbimdə tutmuş qərar. And olsun sana, can ana. Qədrini el bilir, ətrini gül bilir, Saçının ağına, qarasına qurbanam. Könlünün o həzin laylasına qurbanam, Əziz ana.”
Təsadüfi deyildir ki, əsrarəngiz ecazına görə şairin şeirlərinə bəstələnmiş əksər mahnılar Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin qızıl fondunu təşkil edən əsərlər sırasında yer almış, klassikaya çevrilmiş, dillər əzbəri olmuş, və indinin özündə də sevilə-sevilə dinlənilir…
İslam Səfərli həm də, olduqca istedadlı dramaturqdur və onun dəyərli dram əsərləri, pyesləri bunun aşkar sübutudur. Onun pyesləri uzun müddət Azərbaycan teatr səhnələrində tamaşaya qoyulmuş və maraqla qarşılanmışdır. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı “Xeyir və Şər”in motivləri əsasında yazdığı eyniadlı beşpərdəli mənzum dram əsəri ilə dramaturgiyaya qədəm qoyan İslam Səfərli sonralar “Göz həkimi” (ilk variantda “Ağ xalatlı qız” adlanıb), “Ana ürəyi”, “Yol ayrıcında”, Yadigar”, “Dar ağacı”, “Dədəgünəş əfsanəsi”, “Qış sarsıntısı” təkin pyeslər, “Qayın arvadı-xayın arvadı” komediyasını yazmış, həmin əsərlər ötən əsrin 60-70-ci illərində Bakı, Sumqayıt, Ağdam, Lənkəran, Şəki və Naxçıvan teatrlarının səhnələrində, dram dərnəklərində nümayiş etdirilmiş, geniş əks-səda doğurmuş, onların bir çoxunun əsasında radio-tamaşalar hazırlanmışdır. “Göz həkimi” pyesi əsasında eyniadlı məşhur film-tamaşa çəkilmişdir. “Ana ürəyi” (4 pərdə 6 şəkilli dram, 1961) “Dar ağacı” (1966), “Yol ayrıcında” (1973) pyesləri çap olunmuşdur…
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun “İki qardaş” (1950), “Badamlı kəndinin qızı” (1955) oçerkləri, “Təzə qəsəbədə gülüş”, “Məzhəkəli itki” (1973) novellaları, “İki könül bir olanda” (1947) balet-librettosu, “Şərqin qalibləri” (1960), “Bir stəkan çay” (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.
İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A. S. Puşkin, M. M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və bu kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmiş, “Şərq qapısı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat qəzeti”ndə səmərəli fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, ədəbi-dram verilişləri şöbəsinin müdiri olmuş, 1960-1973-cü illərdə isə Azərbaycan Yazıçılar İttifaqının poeziya və dramaturgiya bölməsində çalışmışdır.
İslam Səfərli bu az yaşında və zəngin ömürlüyündə müxtəlif dövlət mükafatlarına və təltiflərinə layiq görülmüşdür. O, “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına (21 mart 1973) ; 3-cü dərəcəli “Şöhrət” ordeni (6 avqust 1943) ; “İgidliyə görə” medalı (3 yanvar 1944); “Qafqazın müdafiəsinə görə” medalı (1 may 1944); “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (9 may 1945); “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı (6 iyun 1945), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (1965) ilə təltif edilmişdir… İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmi-tankerinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi – xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilibdir…
Səfərli İslam Əhməd oğlu 6 noyabr 1974-cü ildə, uzun sürən xəstəlikdən sonra, 51 yaşında əbədiyyətə qovuşub və Fəxri Xiyabanda dəfn olunub.
İslam Səfərli Səməd Vurğun ədəbi məktəbinin ən istedadlı və məhsuldar, bu məktəbə sadiq nümayəndəsidir. Taleyi də bunu sübut edir, ustadıdından cəmi bir il çox yaşasa da, yaradıcılığı mənsub olduğu poetik məktəbin bütün parametrlərini inkişafına xidmət edib, produktivliyi ilə fərqlənib, onun hələ sağlığında 18 kitabı, yüzlərlə şeirləri, xeyli pyesləri, məqalələri, haqqında görkəmli sənət adamlarının məqalələri işıq üzü görüb.
Yeri gəlmişkən xatırladım ki, Süleyman Rüstəm, Məmməd Rahim, Mir Cəlal Paşayev, Cəfər Cəfərov, Pənah Xəlilov, Əkbər Ağayev, Bəkir Nəbiyev, Famil Mehdi, Əlfi Qasımov, Adil Babayev, Qulu Xəlilov, Qabil, Sadıq Şükürov, Novruz Gəncəli, Tofiq Mütəllibov, Vaqif Səmədoğlu, Hüseyn İbrahimov, Abbas Zamanov, Tofiq Bayram, Nəriman Həsənzadə, Yaşar Qarayev, Şamil Salmanov, Rasim Tağıyev, Aydın Məmmədov, Vaqif Yusifli, Abid Tahirli, Hidayət Səfərli və digər Azərbaycanın görkəmli sənətkarları, ədəbiyyatşünas və tənqidçiləri, qələm adamları onun poetik, ədəbi yaradıcılığına ləyaqətli qiymət vermişlər… Onun istedadı hələ gənclik dövründə ulu sənətkar Səməd Vurğunun diqqətini cəlb etmişdi. Bu barədə İslam Səfərlinin üərək və məslək dostu, oxucuların sevimlisi, tanınmış yazıçı Əlfi Qasımovun xatirəsi diqqətəşayandır: “İslam Səfərlinin tələbəlik illərində yazdığı uğurlu şeirlər, gənclərin böyük qayğıkeşi Səməd Vurğunun da diqqətini cəlb etmişdi. İndiki kimi yadımdadır, üçüncü kursda oxuyurduq. Böyük şair tələbələrə qonaq gəlmişdi. Onun yaradıcılığı haqqında ətraflı məruzə dinlənildi, çıxışlar oldu. Axırda söz Səməd Vurğuna verildi. O, xitabət kürsüsünə qartal kimi sinə gərib müasir poeziyamızın qarşısında duran vəzifələrdən danışdı. Şeir həvəskarlarını Füzuli, Sabir ənənələrindən, bayatılarımızdan öyrənməyə çağırdı… Söhbətinin bir yerində Səməd Vurğun nəyi isə xatırlayıb susdu. Zala göz gəzdirdi.

  • Hanı o mənə oxşayan Qara İslam – deyə zala müraciət elədi.
    Salonda İslamla yanaşı əyləşmişdik. İslam ayağa qalxdı.
  • Burdayam, Səməd müəllim, dedi.
  • Bəri gəl görüm.
    İslam qabağa yeridi. Səməd Vurğun əli ilə işarə elədi ki, yuxarı qalxsın. İslam sıxıla-sıxıla yuxarı qalxdı. Səməd Vurğun dedi:
  • Yazıçılar İttifaqında keçən “Gənclər günü”ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?
    İslamın yaxşı bir xasiyyəti də bu idi ki, şeirlərinin əksərini əzbərdən bilir, həm də çox ehtirasla, hərarətlə şeir oxuyardı.
  • Oxuya bilərəm, – dedi.
    Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıb “Beşik başında” şerini şövqlə oxudu:
    Xəzər sahilindən bir qədər kənar
    Ətrafı yam-yaşıl bir aynabənd var.
    Orda suyu şirin, sadəcə bir qız,
    Piano önündə oturub yalqız,
    Baxıb pəncərədən nə isə anır.
    Qəlbində ən zərif bir hiss oyanır…
    Ayrılıb bir anlıq düşüncələrdən
    Şirmayı dillərə əl gəzdirərkən
    Ürpəşir bədəni, yaşarır gözü…
    Oxucum, belədir, sənətkar özü –
    Yeni bir ilhamla yaşayan zaman
    Odlu bir hiss keçir onun canından.
    Odur bax, o çalır… açılır bu dəm
    Gözlərim önündə yeni bir aləm.
    Bakı gecələri… nur səpir qəmər,
    Gümüş rübəndinə bürünmüş şəhər.
    Yaşıl bir eyvanda, beşik başında
    Bir ana ömrünün cavan yaşında
    Əziz körpəsinə dedikcə laylay,
    Zərli tellərilə o sevdalı ay
    Oxşayır körpəni bir ana kimi.
    Layla od aşiqi-pərvanə kimi,
    Dolaşıb beşiyin başında yenə,
    Yayılır Xəzərin dərinliyinə…
    Alqış səsləri salonu titrətdi…” Bu şeirdə təsvir eilən ana, məncə, Səməd Vurğunun Aygün obrazının prototipidir…
    İslam Səfərli Səməd Vurğuna məhəbbətini “Dağlar” şerində belə ifadə etmişdir:

…Mağarda saz tutan tellər vurğunu,
Bülbülü mat qoyan güllər vurğunu,
Səməd Vurğun kimi ellər vurğunu
Min il yaşayaydı, yüz nədi, dağlar!

Xalq şairi Nəriman Həsənzadə İslam Səfərlinin həyatından başqa bir maraqlı faktı belə təqdim edir: “İslamın gözəl ürəyini, şair təbiətini birinci olaraq dahi bəstəkarımız Üzeyir Hacıbəyov Naxçıvanda ikən, seçkilərdə iştirak etdiyi vaxtlarda görmüşdü. Cəbhədən yenicə qayıdan və sinəsi orden-medalla dolu olan bu gəncin pafosla oxuduğu şeirlərdən o böyük insanın xoşu gəlmiş, onu Bakıya, universitetdə təhsilini davam etdirmək üçün dəvət etmiş, sonra da, İslamı rektor, görkəmli Azərbaycan alimi Abdulla Qarayevdən xahiş etmişdi. Böyük xalq şairimiz Səməd Vurğun isə “Ayə, sən mənə oxşayırsan” — deyə onu “Qara İslam” çağırırmış. Bunları mənə şairin qardaşı Hidayət Səfərli danışmışdı.”
Nəriman Həsənzadənin bu xatirə-məqaləsində İslam Səfərlinin səcərəsi və xələfləri haqqındakı faktı da xatırlatmaq maraq doğurar: “İslam müəllim həmişə fərəh hissiylə deyirdi ki, mən böyük astronom Nəsirəddin Tusinin yaxın qohumlarındanam və o nəsldən olan görkəmli şəxsiyyətlərin adlarını çəkirdi. Bir də özünəxas qürurla eşitdirirdi ki, oğlum İlham Leninqradda (indiki Sankt-Peterburqda) Rəssamlıq Akademiyasında oxuyur. Həqiqətən, bu qan yaddaşı bir şair, ata ömrünü yaşadan müqəddəs duyğular idi.
İndi şair İslam Səfərlinin evində onun varisi — oğlu İlham Səfərli yaşayır. Biz yenə İslam Səfərli ilə görüşürük, amma şairlə yox, nəvəsi — iqtisadçı İslam Səfərli ilə…”
Bu eləcə, yurddaş deməkdir, vətəndaş deməkdir, ümumən Azərbaycan deməkdir:

Hərdən düşüncələr sarır insanı,
çayüstü körpülər
asma yolumdur.
Bağrıma basmışam Azərbaycanı
Araz bir qolumdur,
Kür bir qolumdur!
Əmr et keşiyində mətin dayanım,
Sənə qurban canım, Azərbaycanım!

Keçən əsrin ən tanınmış tənqidçi-ədəbiyyatşünası, prof. Əkbər Ağayev “Həyat eşqli”məqaləsində yazmışdı: “ İslam Səfərlinin poeziyasında Xəzərin ləpələri pıçıldaşır, müasir kəndin və şəhərin müxtəlif təbiətli adamları tərənnüm olunur. Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir.

Qırçın-qırçın göy ləpələr,
Nə xəfifdir, nə incədir.
Onu şeirə çəkmək olmaz,
O ən zərif düşüncədir?..”
Məmməd Rahim onu “Həyat nəfəsli şair”, Süleyman Rüstəm “Əsgər şair”, Famil Mehdi “Ənənənin ləyaqətli davamçısı”, Novruz Gəncəli “Şair döyüşçü”, Əli Mahmud “Gözəl nəğmələr şairi”, “Əlfi Qasımov “Sözlə dolu şair ürəyi”, Nəriman Həsənzadə “Nəğməkar şair ömrü”, Vaqif Yusifli “Nəğmədən yoğrulmuş poeziya”, Abid Tahirli “Məmləkət duyğularının tərcümanı”
adlandırmışdır…
Özünün yazdığı kimi İslam Səfərli doğrudan da, belə şairdir:

Mən Dədə Qorqudam, ozan şairəm,
Eşqimi göylərə yazan şairəm,
İslamam, zirvədə süzən şairəm…

Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas,
Səməd Vurğun mükafatı laueratı, dosent.

12.02.2023.

Yazarlar.az

Categories: ZAUR USTAC

Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib

No Comments

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda tanınmış alim, yazıçı, ictimai xadim Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Gecəni giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzetin”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn müəllimin həm muğam irsimizinin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən bəhs etdi. Sonra sözü tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangirə verdi.
Gecədə xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı,Gülnarə Cəmaləddin, nasir Hümbət Quliyev, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər. Tədbirin gedişində Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edildi.

Fotolar:

Yazarlar.az

Categories: ZAUR USTAC

Xanlar Həmid – Bir şeir.

No Comments

YOX DEMƏYİ ÖYRƏN.

Qapın açıq min ildir,
Hər gələnə ” hə” dedin.
Bu “kimlər”in içində
Özünə ” hə” demədin.
Qara başa ” hə” dedin,
Sarı başa “hə” dedin,
Gözü göyə “hə” dedin,
Üzü göyə ” hə” dedin.
Kiçildin “hə” lərdə sən,
Biçildin ” hə” lərdə sən.
” Hə”lər, ” nə” lər, ” və” lər də,
Səni dizə gətirdi.
Səni sözə gətirdi.
Fələyin nəyi vardı,
Onu bizə gətirdi.
Ey Vətənim, ey xalqım,
Xeyir deməyi öyrən.
Xətai nə deyir de,
Babək kimi xeyir de.
Bir yox deməyi öyrən,
Gedənə yolu göstər,
Bir yox deməyi öyrən.
Yox de, zalıma yox de,
Yox de, zülmə yox de.
Yox de, ölümə yox de.
Yox de –
Susan Allahına da,
Yox de padşahına da.
Biz yoxdan var olmuşuq,
Hər yoxda bir diriliş,
Hər yoxda var olarsan.
Öyrən, yox deməyi öyrənin.

03. 22. 2022.

Müəllif: Xanlar Həmid.

Yazarlar.az

Categories: ZAUR USTAC

Rafiq Yusifoğlunun doğum günüdür! – Təbrik!

No Comments

Bu gün onun ad günüdür…

Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur.
Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.

Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib.
Bu gün, yanvarın 2-də Rafiq Yusifoğlunun 73 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Sədaqət Kərimova təltif olunub

No Comments

Zaur Ustac Sədaqət Kərimovaya “Vintsas” Mükafatını təqdim edərkən (26 dekabr 2022, Gənc Tamaşaçılar Teatrı – Bakı şəhəri).

PDF: >>>>>>> caroline-laurent-turunc

MÜƏLLİF:TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

İlhamə Nasir “Ziyadar” mükafatına layiq görülüb

No Comments

Zaur Ustac “İşıq” adlı yeni kitabının nəşr olunması münasibətilə “Ziyadar” Mükafatını xanım İlhamə Nasirə təqdim edərkən (27.12.2022. Bakı şəhəri, AYB “Natəvan” zalı).

PDF: >>>>>>> caroline-laurent-turunc

MÜƏLLİF:TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Diqqət! – Müsabiqə:

No Comments

Dastanoğlu Fondunun dəstəyi ilə Yusif Səmədoğlu adına “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsinə start verilib. Müsabiqəyə qatılmaq istəyənlərin nəzərinə:

İkinci Qarabağ müharibəsi mövzusunda yazılmış əsərinizin elektron versiyasını (roman, povest, hekayə) bu ünvana göndərin: asadcahangir@mail.ru
Hər kəs yarışmada yalnız bir əsərlə təmsil oluna bilər.
Müsabiqənin şərtlərinə görə, əsərin nəşr olunub olunmamsı önəm daşımır.
Müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.
Materialın altında əlaqə telefonunuzu yazmağı unutmayın.
Materialların qəbulu 2023-cü il yanvarın 25-nə qədər davam edəcək.
Yarışmaya gönədərilən əsərlər öncə jüri üzvləri tərəfindən 10-luq bal sistemi üzrə qiymətləndiriləcək, hər janr üzrə 3 ən yaxşı əsər (3 roman, 3 povest, 3 hekayə) seçilərək gizli ekspertlərə təqdim olunacaq. Ekspertlər bu üçlük arasından qallibləri müəyyən edəcək.
Ən yaxşı romanın müəllifi – 3000 manat
Ən yaxşı povestin müəllifi – 1500 manat
Ən yaxşı hekayənin müəllifi – 500 manat
Mükafatlandırma törəninin Novruz bayramı ərəfəsində keçirilməsi nəzərdə tutulub.
Bütün iştirakçılara uğurlar arzu edirik!
əlaqə telefonu: 051 307 83 99

Categories: ZAUR USTAC

Caroline Laurent Turunc

No Comments

Bir şairin sessiz çığlıkları.!

Ey zamanın ısısız gölgelerini kelimelere döken altın kalem, evrenin dayanılmaz acılarına neden bu kadar duyarsızsın?
Dışarıda yemyeşil bir cennet kokusu var ve kalbim ıssız bir ateşle yanıyor.
Kara bulutlar ve karanlık geceler durulmuyor!

Yas tutan kadınlara siyah elbiseler giydirdiler
Sonra gece yarısının ışıklarını sopalarla dövmeye geldiler
Tüm uzak yerler yankılanan bir sessizliğe büründü.
Her yerde yaralı kartallar, tozlu yollar, yerde yatan çıplak insan bedenleri

Ey gümüş iplikle işlenmiş doğa
Önceki tüm iplikleri geri sarın ve renkli ipliklerle tekrar nakış yapın”
Belki güneş yeniden doğar
Ağaçların dallarına konan kuşların cıvıltıları yeniden duyulur.

Bereketli tarlalar, her esintide kuru bir yaprak gibi sallanan çorak çöllere dönüştü.
Tüm şehir sokakları yavaş hareket eden kaplumbağalara yenik düşüyor
Kavakların arasından akan berrak nehirlerden gelen sarı irin kokusu

Eskiden denizlerde herkese yetecek kadar tuz, tarlalarda un yapacak kadar buğday vardı.
Dağların eteğinde yemyeşil vadiler…

Karanlığı aydınlatan parlak yıldızlarla ay ışığı
Bu kara bulutların içine nasıl bu kadar vahşice düştük?
Karanlık her yerde hüküm sürüyor
Sanki bu dünyada sonsuza kadar yaşayacaklarmış gibi kibirli sesleriyle konuşan ikiyüzlü ev sahiplerinin karanlık sularına düştük.

Ey zulmün sultanı, ey sadece kendisi için hür bir dünya isteyen Tiran, esaret gömleğini bize ver, soğuk taşların üzerine oturalım.
Ama bilmelisiniz ki soğuk taşların üzerine oturmak bizi daha güçlü kılar.
İçimizde yaşayacak ve asla ölmeyecek ümidi besliyoruz
Biliyoruz Bütün faziletleri, âşıkları ve asaletleri bilen, gözleri ve sözleriyle yüreğimize dokunanları biliriz.
Onları her gece daha iyi tanıyoruz.
Bir gün gerçek ortaya çıkacak
Güzel kokulu pınarlar oluşacak ve en iyi sihirbaz aklın ve bilimin önünde eğilecek.
Yürüdüğümüz yolları ve geldiğimiz güneşi herkes bilecek
Bu dünya bir gün şiddetin kandan başka bir şey doğurmadığını öğrenecek.
Ve insan etinin asla yenemeyeceğini öğrenecektir.

Bütün insanlık derin bir uykuda olsa da
Şiddetli fırtına her yeri süpürecek
Sedef bulutlar baharın kokusuyla dolup taşacak
Tüm hayaller her taşın altında çiçekler gibi açacak

24/12/2022-Paris
Caroline Laurent Turunc

caroline_laurent_turunc

Categories: ZAUR USTAC

Cənab Alı Baş Komandan

No Comments

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

Müəllif: Zaur Ustac

Categories: ZAUR USTAC