AD GÜNÜ TƏBRİKİ Günlərin bir günü, heç gözləmədiyim anda, ümid çırağımı yandıran bir MƏLƏK endi göylərdən…. O, gündən ÇOX VAXT keçib… Bu gün o, Mələyin ad günüdür… Ad günün mübarək ey mənim məxsusi göndərilmiş mələyim… Yerin sonsuz səmanın ənginlikləri, nəsibin sevgi dolu həyat olsun… Tanrının nəzərindən düşməyəsən… Sən olmasaydın bu şeirlər də olmazdı… Bu kəlmələr sənin riqqətə gətirdiyin qəlb tellərinin səsi olduğundan yalnız və yalnız sənə aiddir, ey zəriflik, paklıq, bakirəlik mücəssiməsi- bütün ülvi hisslərin məcmusu- AĞ ÇİÇƏYİM…. Hörmətlə: Zaur USTAC
Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu) 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, “Gülüzənin şeirləri”, “Uşaq boğçası” kimi məktəbəqədər uşaq müəssisələri üçün əlavə tədris vəsaitlərinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir. Zaur Ustac və onun əsərləri haqqında aşağıdakı kitablar yazılıb:1. Hacıxanım AİDA “ÖMRÜN ANLARI ” Bakı – 2018. 2.Hacıxanım AİDA “OTUZ ŞEİR, OTUZ FİKİR ” Bakı – 2018. 3.Kamal Camalov “Əliş və Anna haqqında ” Bakı – 2019. 4. Gülü “ZAUR USTAC” Bakı – 2020. 5.Qələndər Xaçınçaylı “TACLI ŞAİR” Bakı – 2020. 6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021
ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir. Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq… Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, allahlarla vuruşmaq … Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021.- Bakı. SƏMA MUĞANNANIN TƏQDİMATINDA:
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyev dəfn olunduğu gün Şəhidlər Xiyabanının qarşısı gecə saatları.
O GÜN (Şəhid İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. -Bakı.