Author: Mahmud Ustaclu

Vilnüsdə “Rus və Azərbaycan frazeologiyalarının müqayisəli təhlili” kitabı nəşr olunub.

No Comments

Bu günlərdə Vilnüsdə “Rus və Azərbaycan frazeologiyalarının müqayisəli təhlili” kitabı nəşr olunub. Kitab tanınmış Azərbaycan filoloqu Aslan Məmmədlinin doktorluq dissertasiyasıdır və onun əziz xatirəsinə həsr olunub. Aslan Məmmədli görkəmli Azərbaycan dilçisi professor Məmməd Tağıyevin yaratdığı Bakı Frazeologiya Məktəbinin nümayəndəsi idi.

Dissertasiya 1996-cı ildə Bakıda müdafiə olunub və müqayisəli frazeologiya sahəsində fundamental əsərdir. Burada ilk dəfə olaraq Azərbaycan və rus frazeoloji sistemləri bütövlükdə müqayisəli təhlilə məruz qalmışdır. Frazeoloji sistemlərin onomasioloji təsnifatı aparılmışdır. Azərbaycan və rus dillərində frazeoloji ifadə tapan semantik sahələr müəyyən edilmişdir. Hər iki dilin frazeoloji sistemlərinin xalqın keçdiyi tarixi yolu əks etdirdiyi iddia edilirdi, yəni frazeoloji vahidlər dildə təkcə milli dünyagörüşünün xüsusiyyətlərini deyil, həm də xalqın tarixini yüksək dərəcədə əks etdirən bir təbəqə təşkil edir. O da səciyyəvidir ki, əksər hallarda fövqəl-etnik xarakter daşıyan müxtəlif mədəni təsirlərə baxmayaraq (yəni, islam və xristianlıq, Azərbaycan frazeologiyasında müvafiq olaraq ərəb, fars, rus dilində isə ivrit və yunan dillərinin təsiri), əsas frazeoloji fond və əsas konnotasiyalar sistemi xalqın canlı danışıq dilindən qaynaqlanır. Bu mənada frazeologiya yad mədəniyyətlərin ən az təsirini yaşamış sistemdir.

Fəsillərin birində təqdim olunan bibliya frazeoloji vahidlərinin təhlili də xüsusi maraq doğurur.

Əsər böyük nəzəri əhəmiyyətə malikdir. Kitabdan frazeologiya kurslarında, tərcümə praktikasında, leksikoqrafik təcrübədə, rus və Azərbaycan dillərinin tədrisində istifadə oluna bilər və təbii ki, o təkcə filologiya fakültəsinin tələbələri və dilçilər üçün deyil, həm də bütün filologiya ilə maraqlananlar üçün çox faydalı olacaq.


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Akif Abbasovun yeni kitabı işıq üzü görüb

No Comments

AKİF ABBASOVUN KİTABI

“QIZILƏHMƏD ALMALARI” nəşr olundu

“Mütərcim” nəşriyyatı yazıçı Akif Abbasovun “QIZILƏHMƏD ALMALARI” hekayələr kitabını nəşr etmişdir.

             Abbasov A.N. Qızıləhməd almaları. Hekayələr. Bakı: Mütərcim, 2022, –120 səh.

             Redaktorları: filologiya üzrə elmlər doktoru, professor Telman Vəlixanlı, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

Kitabda yazıçının son illərdə qələmə aldığı və internet səhifələrində, internet jurnallarında özünə yer almış hekayələri, lətifəvari hekayələri toplanmışdır. Hekayələrdə məzəli adamların əhvalatları, gündəlik həyatda baş verən gülməli hadisələr işıqlandırılır, cəmiyyətə zidd, yararsız insanlar tənqid edilir.

Hazırladı: Tuncay ŞƏHRİLİ


TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: 

Categories: ZAUR USTAC

Vaqif Osmanov Təranə Məmmədin yeni kitabı haqqında yazır

No Comments

VAQİF OSMANOVUN YAZILARI

XOŞBƏXTLİYƏ AZADLIQ VERİLMƏYƏNDƏ…
Təkcə ədəbi qəhrəmanının yox, əsərindəki bütün obrazların xarakterlərini mükəmməl yarada bilməyən söz adamının yazdıqları yaddaqalan ola bilməz. Təranə Məmmədin yığcam hekayələrinin qəhrəmanlarında bu mükəmməllik əsəri oxunaqlı etməklə bərabər, həm də onların müsbət və mənfi etik-əxlaqi xüsusiyyətləri bir mənəvi dərs kimi dəyərlidir.
Təranə xanım “Sirr” romanında da təzadlı xarakterlər yaratmağı bacarıb. Əsərin baş qəhrəmanları – sevginin əzablı yollarında bütün çətinliklərə sinə gərən Elçin və Ayna, həmçinin digər obrazlar – Aida, İradə xanım, Malik, Humay ana, şəhid Elvin, Elçinin həyat yoldaşı Şəmsiyyə, oğlu Azad hər gün rastlaşdığımız, ancaq diqqətimizdən yayınan insanlar olsa da, yazıçı təhkiyəsi onları bizə ya doğmalaşdırır, ya da belələrinə rast gəlməyi arzulamır.
“Həyatda hər şeyi pulla, var-dövlətlə ölçən, bir qədər sərt, bir az özündən razı, təkəbbürlü” İradə xanımla sadə, səmimi, mənəvi zəngin, maddi sərvətlərə laqeyd Ayna bir-birindən yerlə göy qədər fərqli ana və baladırlar. Böyük bir klinikanın baş həkimi İradə xanımın “fəlsəfə”si: “həyatda hər şey alınır və satılır. Bu səbəbdən də çalışıb alıcı olmaq lazımdır. Bunun üçün həmişə qazanmaq, həmişə fəal olmaq gərəkdir”.
Əslində İradə xanımı da qınamıram. O, madar övladının gələcəyindən nigaran qayğıkeş anadır. Aynanın durumundakı dəyişikliyi həmin an hiss edir. Ancaq bircə alqışlayanmamalı xisləti var ki, hər şeyi maddiyyatda görür. Anlamır ki, pul həmişə səadətə yol açmır, pul bəzən bəlalar da gətirir.
Təranə xanım zamanın nəbzini tutmağı bacaran yazıçı olmaqla yanaşı, həm də həssas və mərhəmətli anadır. O, hekayələrindəki müxtəlif ana obrazları bu günün qayğıları ilə yaşayır zamanın xaosundan narahatdır. Həmişə vurğulayır ki, bəşər övladının hamısı eyni mənəvi yükü daşımır, müsbəti də var, mənfisi də. Bu, həyatın gerçəkliyidir, heç kim də bundan qaça bilməz.
Ayna isə tam başqa xarakterli, ayıq düşüncəli, erudisiyalı, insansevər çağdaş Azərbaycan gəncidir. “O, anasının yaşadığı həyat tərzini bəyənmir”. Həyata baxışı başqadır, “müstəqilliyi və fərqli düşünməyi sevir”. İki əksqütblü düşüncə tərzi hətta ailə daxilində onların bir-birinə yaxınlaşmasına, problemləri birgə həll etməsinə əngəl törədir. Ona görə də Ayna anasının məsləhətini – “elə adamlarla oturub dur ki, onların arasından özünə ər tapasan” öyüdünü ən azı yola verir, onu yerinə yetirmək fikrindən uzaqdır. Ayna üçün mənəvi meyarlar sadəlik, səmimilik, təmənnasız münasibət, mərhəmət, saf sevgidir. Bu səbəbdən “hərdən anası ilə fikirləri haçalanır”.
Yazıçı İradə xanımın iç dünyasının paxırını Aynaya daha bir “ağıllı” məsləhəti ilə açıb tökür: “çalış sevmə, əziyyət, cəfa, hicran, bunlar sənə lazımdır?”…
İradə xanımın Aynadan sonra ikinci əksqütblüsü çıxılmaz qayğıların burulğanında çarpışan Humay anadır. Elçinin və şəhid Elvinin anası cəfakeş, övladlarının üstündə kövrək yarpaq kimi əsən həssas qəlbli insandır.
Aynanın rəfiqəsi Aida dostluğa sədaqətli, hər situsiyada nə etmək lazım olduğunu bilən, ən çətin və ağır günlərdə rəfiqəsinin dərdinə şərik olan, Aynanın xoşbəxtliyi naminə özünü fəda etməyə hazır dayanan, uzun müddət ilahi sevgisinin yolunu gözləyib ona qovuşan sevgilidir.
Elçin sadə və qayğıları bol ailədə böyüyüb, püxtələşib, anası və qardaşı ilə birlikdə ehtiyac içində yaşayıb. Hər şeyi pulla ölçən İradə xanım ona Aynadan əl çəkmək üçün pul da təklif edib. Bundan qəti imtina edən, qürurunu və sevgisinin saflığını qoruyan Elçin həmin gündən Aynanın xoşbəxtiliyinə mane olmamaq üçün bir daha onunla görüşməməyi qərara alıb. Sonradan bacarığı və zəhmətiylə şirkət sahibi olub. O, kitabın redaktoru, qazi şair – publisist Rəfail Tağızadənin yazdığı kimi, “sevgisinə sadiq qalan və ömrünün sonuna kimi unutmayan Azərbaycan kişi”sidir. “Sevginin həddini bilməyən” Elçinin öz sevgi ölçüsü, əyarı, qədəri var.
Elə əvvəldən Elçin ilə Aynanın xoşbəxtliyi yolunda “qaratikan” bitmişdi, Təpəgöz kimi səadət yolunu kəsmişdi. Bu, pul, sərvət hərisliyi, qılıncdan da iti tamah idi. Belə qollu-budaqlı “qaratikan”ı İradə xanım uzun müddət idi səhra ürəyində becərməkdəydi. Yaxşı bilirik ki, səhra bitkilərinin yarpağı, çiçəyi, meyvəsi olmur, ancaq tikan sahibidirlər. Tez-tez Ayna ilə Elçinin kövrək, azad sevgiyə tamarzı qəlbinə zəhərli ox kimi batan tikanlar onlara acı, əzab, kədər, sağalmaz mərəzlər bəxş etməkdəydi, “ömürlərini bada verirdi”.
Elçin babasının İçərişəhərdəki “həm keçmiş, həm də çox uzaqdan boylanan gələcək” yaşayan evində xəyallar içərisində çabalayanda “yanında Aynanı hiss edirdi”. Onun “uğur mələyi” əlçatmazlıqda nakam sevgisinin acısını çəkməkdəydi. “Bütün ali hisslərə yad” İradə xanım isə öz xislətiylə baş-başa dayanıb iki sevən gəncin həyatını hərraca qoymuşdu – pullu, “nüfuzlu” kürəkən axtarırdı. Amansız tale onu Maliklə rastlaşdırdı. Malik adlı-sanlı nəsildən idi, həm də polkovnik İsmayılovun bacısı oğluydu.
Malik həkim geniş dünyabaxışlı, mədəni, alicənab olsa da anlamırdı ki, “əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı kişilər tam olaraq anlamını itirər” (Oskar Vilde). Sonradan Malik “qadının yer üzündə ən vacib vəzifəsi ana olmaqdır” fikrinə gəlib Aynaya sivil qaydada, dostcasına ayrılmağı təklif edəndə yəqin ki, mənim kimi çoxları da Malikin böyüklüyünə həsəd aparacaqlar. Çünki hər Şərq kişisi özünün dünyaya övlad gətirə bilməmək bacarığının olmamasını etiraf edə bilməz…
Elçinlə Aynanın və Maliklə Aynanın ilk görüşlərində yaşananları Təranə xanımın təhkiyəsi ilə analiz edib paralellər aparanda görürük ki:
“Ağappaq incə çiçək dəstəsi, iki gəncin arasında ilk bağlantı – bir saniyəlik baxış və zövqlərin üst-üstə düşməsi” sevginin ilahiliyindən xəbər verir.Təranə xanım sevginin aliliyinə Aynanın diliylə aydınlıq gətirir:
“Sən başqasan, Elçin! Sən hamı kimi deyilsən. Bilmirəm necəsən, amma başqasan”.
O “hamı”lar, o “başqa”lardı ilahi sevgiyə, xoşbəxtliyə qənim kəsilənlər.
Malik isə laboratoriyada ilk atüstü görüşdəcə Aynaya gözəllikdən alacalanmış şəhvətli gözlərlə baxır, Aynanın əlini öpməyə çalışır. Sonrakı görüş üçün restoranı bağlatdırır, Aynanın barmağına üzük taxmaq şərəfinə nail olmaq istəyir. İki fərqli münasibət, iki fərqli duyğu, biri ilahi, o biri qeyri səmimi. Ağappaq incə çiçək dəstəsi və brilyant üzük. İki fərqli sevgi etirafı. Malik də Aynanı sevirdi, yazıçı bizi buna inandırır, ancaq Malik anlamaq iqtidarında deyil ki, sevgi qarşılıqlı olmalıdır:
“Tanrı insana həyat adlı ən gözəl nemət, dərk etmək imkanı və bir az da şans verirsə və o bundan düzgün istifadə edə bilmirsə, günah özündədir. Ən Ali məhkəmədə “nədən narazısan?” sualına cavabı “heç nədən” olmalıdır. Çünki həyat yaşamaq üçündür”.
Dərin hikmətdir, lap aforizm səviyyəsində…
Həyat bəşər övladının gözündə ya məzhəkə, ya dram, ya da faciə şəklində yazılmış ömür kitabıdır. Hər kəs bu kitabı öz əməlləri ilə yazır, pozur. İradə xanım Aynanın və Elçinin həyatına dramatiklik gətirən səhnələrin müəllifiydi, Ayna, Elçin, Aida isə xoşbəxtliyi üçün çarpışan, ömür kitabının hər qiymətli səhifəsini işıqlı qəlbləri ilə yazmağa çaılşan həyat aşiqləri, həm də bəyaz barış göyərçinləri. Doğrudan da, bir mahnıda deyildiyi kimi, sevənlərindi dünya…
İradə xanımın monoloqvari gecikmiş etirafı sonrakı peşmançılıqdan, quru təsəllidən başqa bir məna daşımır:
“Gör başıma nələr gəldi. Mən qızımın ad-sanını qorumağa çalışarkən indi bu naməlum əlaqəni necə qəbul edə bildim? Mən Elçinə evimdə qızımla görüşməyə necə icazə verdim? Bəlkə həqiqətən bütün bunları Tanrı mənim yersiz qürurumun, yekəxanalığımın nə qədər əsassız olduğunu sübut etmək üçün göstərir? Mən doğma qızımı sevdiyi insandan ayırıb onu pula, evə, vəzifəyə görə bir başqasına ərə getməyə vadar etdim. Allahın işinə bax ki, qızım bu neçə ildə ana da ola bilmədi. İndi isə mən, İradə xanım, heç vaxt qəbul etmədiyim qanunsuz görüşlərə, qızımın başqa kişiylə görüşməyinə göz yumuram. Mən bunu necə edə bildim? İndi hətta Aynanın Elçindən uşağı olsa, mən bunu qəbul etməyə hazıram”.
Obrazların daxili aləminə vara bilmək, psixoloji məqamları açmaq bacarığı yazıçı, şair kimi Təranə xanımın böyük uğurudur. Bu onun ana, həyat yoldaşı, pedaqoq missiyasının və mühüm dövlət orqanlarındakı işinin nəticəsidir.
Təranə xanım “Sirr” romanı ilə ürəyindəkiləri bəşər övladına bəyan edir: ”siz hər şeyi bilə bilməzsiniz, çünki siz Allah deyilsiniz!”. Allahlıq iddiasında olanların sonrakı peşmanlığının faydasız olduğunu babalarımız çoxdan deyiblər, çoxumuz isə ata-babalarımızın dediyinə biganələrdənik. Çat vermiş ürəklərin ağrılarına məlhəm qoymaq bəzən heç zamanın da yadına düşmür. Nə yaxşı ki, Elçinlər, Aynalar, Aidalar hələ ətrafımızda yaşayırlar…
Roman elə qeyri-adi, gözlənilməz hadisələrlə sona çatır ki, bu ədəbi keçidi heç kim gözləmirdi. Nədir, gözləmədiyimiz hadisələr? Qoy, bu da sirr olsun. Bu sirri bilmək üçün əsəri oxumaq məsləhətdir. ‘Sırr’ sızi nəhəng bir novella təsiri bağışlayacaq.
Aristotelə görə, sevgi əzab çəkməkdir. Ayna da, Elçin də əzab çəkə-çəkə yaşadılar və…
Bu “və”nin arxasında çox suallar dayanıb. On yeddi ildə Elçin tez-tez kimin qəbrinin üstə tər ağappaq gül dəstəsi qoyurdu? Və sair, və ilaxir…
Təranə xanımın bir ana harayıdı “Sirr”. İnsanları başa salmağa çalışır ki, ürəyimizi sevgi ilə qidalandırmasaq mənəvi dünyamız bütün müqəddəs dəyərləri itirəcək. Bu da insanlığın məhvi olacaq.
Bəli, Təranə xanım, “sevgini insanı diriltmək gücünə inanmayanlar” yaşaya bilməzlər…
“ Xoşbəxtliyə azadlıq vermək lazımdır” (Əbu Turxan). Xoşbəxtliyə azadlıq verilməyəndə doğmalarımıza əzablı ömür yaşadırıq və yaşadacağıq. Axı həyatın hər anı qiymətlidir. Qədrini bilək…
Yanvar 2022.

Müəllif: Vaqif OSMANOV

VAQİF OSMANOVUN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Xəyalə “Türk ədəbiyyatı” dərgisinin keçib gəldiyi 50 illik Yolun işığında Dərginin Ocak sayını vərəqləyir…

No Comments

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI

Xəyalə “Türk ədəbiyyatı” dərgisinin keçib gəldiyi 50 illik Yolun işığında Dərginin Ocak sayını vərəqləyir

Ədəbiyyat bütün zamanlarda cəmiyyətin mənəvi barometri, mənəviyyat aynası, dərsliyi olmuşdur. Cəmiyyətin sağlamlığı və ya ondakı mənəvi çatışmazlıqlar ədəbiyyata, ədəbiyyat isə insana, mənəvi mühitə daim təsir etmişdir. Zamanın tələbinə cavab verən ədəbiyyatı yaratmaq sözün əsl mənasında, qəhrəmanlıqdır. Bu günkü baxış bucağından bizə asan və ya sadə görünən işləri reallaşdırmaq tarixin çətin və ziddiyyətli dönəmlərində həqiqətən də böyük zəhmət və iradə hesabına başa gəlib. Ahmet Kabaklı ədəbiyyat dünyasının məhz belə fədakar şəxsiyyətlərindən olub. Cumhuriyyət dönəmində Türkiyənin əsas ədəbiyyatşünaslıq mərkəzlərindən biri olan və Türk dünyasının dörd bir yanından axışıb gələn ziyalıların müqəddəs ocaq bildiyi Türk Ədəbiyyatı Vəqfini yaratması və Vəqfin ayrılmaz bir parçası olan “Türk ədəbiyyatı” dərgisini təsis etməsi Ahmet Kabaklının ədəbiyyat və mədəniyyət tariximizdə gerçəkləşdirdiyi əvəzsiz xidmətlərindəndir. 15 Ocak 1972-ci il “Türk ədəbiyyatı” dərgisinin ilk sayının işıq üzü gördüyü gündür. Bu il ədəbi-fəlsəfi, elmi-publisistik yönləriylə Türk dünyasında milli düşüncənin gəlişməsində bir mərhələ, təmayül, məktəb yaradan dərginin yaranmasından 50 il ötür. Fuad Köprülü, Cəmil Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz Yıldırım Gençosmanoğlu, İsgəndər Öksüz, Əminə İşınsu, Ömər Lütfü Mete kimi milli düşüncəli aydınları öz ətrafında toplayan dərgi 50 ildir ki, kəsintisiz yayınlanmaqla türk mədəniyyətinə və ədəbiyyatına hizmətdə bulunmaqdadır. Türk Ədəbiyyatı Vəqfinin və eləcə də Vəqfin mətbu orqanı olan “Türk ədəbiyyatı” dərgisinin ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən, Azərbaycanı əhatə edir. Türk Ədəbiyyatı Vəqfi İstanbula gedən hər bir Azərbaycan ziyalısı üçün müqəddəs ocaqdır. Sözün bütün mənalarında, Vəqf bir yurd yeri, ata ocağı kimi hansı doğmalıqdadırsa, “Türk ədəbiyyatı” dərgisinin hər bir səhifəsi də bizlər üçün eyni doğmalığı kəsb etməkdədir. 

 Böyük mütəfəkkir Ahmet Kabaklı Haqqa yürüdükdən sonra dərgiyə İsa Kocakaplan, Bəşir Ayvazoğlu, Bəxtiyar Aslan baş redaktorluq etmişlər. Öz tarixi kökləri, gələnək və milli dəyərlərə bağlılığı ilə yaddaşlarda işığa çevrilən “Türk ədəbiyyatı” dərgisinin baş redaktorluğu kimi böyük ədəbi məsuliyyət və mənəvi missiyanı bu gün Türk dünyasının sevilən qələm adamı, istedadlı yazıçı, tərcüməçi İmdat Avşar ləyaqətlə yerinə yetirməkdədir. Şeyxülmühərririn başladığı qutlu yolun mənəvi miraslığını üstlənən İmdat bəyin bu zaman ərzində ortaya qoyduğu böyük işlər Onun ədəbi vicdanı, yoluna və qələminə ləyaqətlə bağlılığını, paradiqmatik düşüncə tərzini, milli və bəşəri məsələlərə yanaşma özəlliyini, dünyaya və xüsusən Türk dünyasına dair məsələlərə sərgilədiyi baxış obyektivliyini bir daha təsdiq etməkdədir. İmdat bəyin baş redaktorluğu ilə işıq üzü görən hər bir buraxılış uzun illərin sınağından çıxmış təcrübəyə əsaslandığı, kökə bağlı olduğu kimi, eyni zamanda yeni ruhu, yeni nəfəsi ilə həm Türkiyədə, həm də Azərbaycanda böyük rəğbət və maraqla qarşılanmaqdadır. Ahmet Kabaklı bir məqaləsində yazır ki: Düşüncənin milli oluşu geniş anlamda millətin milli zövqünün və milli həyatının əsəri olunuşundadır. Dil və düşüncə kökə söykənəndə milliləşir və daha da bütövləşir. Bu mənada, “Türk ədəbiyyatı”nın hər sayını vərəqlədikcə dərginin ədəbi-bədii, elmi-fəlsəfi mündəricəsi dəyərində həm də milli düşüncəyə köklənmiş mənəviyyat abidəsi olduğunu müşahidə etməkdəyik. Zəngin ədəbi ənənələrə və milli məfkurəyə söykənməsi, sözün həqiqi mənasında, dərginin daha oxunaqlı olmasını şərtləndirir. 50 yaşını tamamlayan “Türk ədəbiyyatı”nın 579-cu buraxılışı Ocak sayı da bu mənada maraqlı ədəbi-fəlsəfi mündəricəsi ilə diqqəti çəkməkdədir. Dərginin ilk səhifəsindən baş redaktor İmdat Avşarın “Həsbi-hal”ı, şeyxülmühərririn Ahmet Kabaklının 50 il bundan öncə ilk say işıq üzü görəndə qələmə aldığı “Çıxarkən” adlı müraciət yazısı, professor Emil Birolun “Bir fikir, ədəbiyyat və sənət dərgisi Türk ədəbiyyatı 50 yaşında” və professor “İsa Kocakaplanın “ 50 ildir yanan ocaq” məqalələri dərginin yarım əsr boyunca keçib gəldiyi keşməkeşli yola ayna tutur. Dəyərli İmdat bəy böyük təvazökarlıq və minnətdarlıq duyğusu ilə illərin maddi-mənəvi çətinliklərinə rəğmən dərginin işıq üzü görməsində özündən əvvəlki redaktorlar və yaradıcı heyətin fədakar əməyini vurğulamaqla bərabər bu il Türk ədəbiyyatının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İlin dərgisi” mükafatına layiq görülməsini bundan öncəki ədəbi nəsillərin və yönəticilərin uğuru hesab edir: “Dərgimiz bu sayı ilə yayın həyatındakı yarım əsrlik sürəci tamamlayır. 50 ilimizin ilk sayını çıxarmaq bəndənizə nəsib olsa da bu ehtişamın əsl memarları – başda qurucumuz, “yazarların mənəvi-başqanı” Ahmet Kabaklı və bu mənəvi estafeti ondan alan İsa Kocakaplan, Bəşir Ayvazoğlu və Bəxtiyar Aslandır. Bu uğurda – hər bir sayımızın işıq üzü görməsində zəhməti olan dəyərli böyüklərimizin, elm, mədəniyyət və sənət xadimlərinin, 50 ildir yazıları ilə ədəbiyyatımıza misilsiz xidmət edən yazarların payı böyükdür. Ədəbiyyat tariximizdə ən uzunömürlü dərgilərdən biri olan “Türk ədəbiyyatı”nın – bu müqəddəs ocağın məşəlini sönməyə qoymayan qəhrəmanlara minnətdaram. Vəfat edənlərə Allahdan rəhmət, həyatda olanlara sağlıqlı və uzun ömürlər diləyirəm. 50 illik böyük bir zamanda bir ədəbiyyat dərgisini yaşatmanın çətinliklərinə, sıxıntılarına bizdən öncəki nəsil mətanətlə sinə gərmişlər. Bu il Mədəniyyət və Turizm Nazirliyinin “Türk ədəbiyyatı” dərgisini “İlin dərgisi” mükafatına layiq görməsi, əslində, bizdən öncəki nəsillərin uğurudur. İmdat bəyin “Həsbi-hal”ından sonra dərginin ilk səhifələrində yer alan mütəfəkkir ziyalı, mərhum Ahmet Kabaklının “Çıxarkən” başlıqlı manifest xarakterli yazısı “Türk ədəbiyyatı”nın ətrafında cəmləşən qələm əhli üçün 15 yanvar 1972-ci ildən bugünə qədər və bundan sonra yol bələdçisi təsiri bağışlayır. 

 Professor Birol Emil “Bir fikir, ədəbiyyat və sənət dərgisi “Türk ədəbiyyatı” 50 yaşında” adlı məqaləsi ilə oxucunu 1971-ci illərə aparır, gənclik xatirələrini vərəqləyərək dərginin çıxacağı ərəfədə mərhum Ahmet Kabaklı ilə Mehmet Kaplanın söhbətlərini yada salır: “1971-ci ilin oktyabr ya noyabr ayı idi. Bir gün əziz müəllimim prof.dr. Mehmet Kaplan: “Birol, Ahmet Kabaklı bir dərgi çıxarmaq istəyir. Məni Cağaloğlundakı yerinə dəvət etdi. Gəl birlikdə gedək”, – dedi. Cağaloğlundan Sirkəciyə enərkən küçənin solunda üçmərtəbəli bir binanın ikinci mərtəbəsində çox sadə döşənmiş, əşyası bir masa, bir neçə stul, bir kitab rəfindən ibarət olan bir otağa girdik. Ahmet Kabaklı bizi həmişəki sayğı və mütəvaziliklə qarşıladı. Mən o zamanlar dr.assisent idim. İki müəllimin söhbətini diqqətlə dinləyirdim. Ahmet Kabaklı “Türk ədəbiyyatı” adıyla bir dərgi çıxarmaq arzusundan, Türk oxucusunu ədəbi-bədii səviyyəsi olmayan dərgi “hərc-mərcliyindən” qurtarmaq yolunda çabasından, layihəsini hazırladığı “Türk ədəbiyyatı”nın Türk ruhuna və milli şüuruna bağlı bir sənət toplusu olacağından söhbət açdı”. Professor Birol Emilin 50 il bundan öncəki xatirələri vərəqləməsi “Türk ədəbiyyatı”nın yayınlanmasının hansı zamanda necə bir mənəvi ehtiyacdan doğulduğunu oxucunun təsəvvüründə canlandırır: “Ahmet Kabaklı hocamız “Türkiyə Ədəbiyyat Cəmiyyəti”ni, Türk Ədəbiyyatı Vəqfini qurmaqla və “Türk ədəbiyyatı” dərgisini çıxarmaqla çox mühüm bir iş ərsəyə gətirmişdir. 1970-ci illərdə Türk cəmiyyətində dəyərini və etibarını get-gedə itirən Türk ədəbiyyatına əvvəlki dəyərini və etibarını qazandırmaq istəyirdi. O, bir ədəbiyyat tarixçisi olaraq gözəl bilirdi ki, Tənzimat dövründən etibarən Türkiyənin ən böyük mədəni dəyəri ədəbiyyatdır. Siyasi rejimlə yanaşı mədəniyyət və ədəbiyyat dünyasındakı dəyişikliklərədək hər şeyin təməl səbəbi milli mücadilədən doğur. Və bu milli mücadilənin Məhmət Akifin, Yahya Kamalın, Yaqub Qədrinin, Xalidə Ədib Adıvarın, Ruşən Əşrəfin, Falih Rıfqının və daha neçə yazarın yaradıcılığından qaynaqlandığını Ahmet Kabaklı hocamız çox gözəl bilirdi…” Professor İsa Kocakaplan “Əlli ildir yanan ocaq” məqaləsində “Türk ədəbiyyatı” ailəsinə qədəm qoyduğu illəri xatırlayır, dərginin yayınlanması ərəfəsində mərhum Ahmet bəyin necə zorluqlara sinə gərdiyini, hansı maddi-mənəvi yoxluqlarla üz-üzə gəldiyini və bütün çətinliklərə mətinliklə dözdüyünü qələmə alır: “Mənim “Türk ədəbiyyatı” dərgisində çalışmağa başlamağım təxminən 1979-cu ilin aprelinə təsadüf edir. Müəllimim Nuri Soydal bir dərgidə çalışırdı. Mənə söylədi ki, yanımda çalışmaq üçün bir kadra ehtiyacım var. Getdim. Vəqfin müdiri, dərginin də yazı işləri müdiri olan mərhum Niyazi Yıldırım Gənçosmanoğlu ilə söhbətləşdikdən sonra işə başladım. O zamankı şərtlərə görə dərginin işində xeyli axsamalar var idi. Satış çox azalmışdı. Dərginin cəmi 500 abunəsi var idi. O abunələr də mərhum Alparslan Türkeşin MHP təşkilatları idi. Qəribə burasıdır ki, kimsənin dərgiyə iltifat etmədiyi bir dönəmdə Türk ədəbiyyatına MHP təşkilatları abunə idi. Bunu Alparslan Türkeş sağlamışdı. Əlbəttə ki, böyük lider olmaq asan məsələ deyildi. Dərginin yayın işlərində maddi sıxıtılar Kabaklı hocayı son dərəcə narahat edirdi, bu durum 1981-ci ilin fevralına qədər davam etdi. Fevral aylarında Ahmet Hoca Kamal İlicakdan maddi dəstək istəmək məcburiyyətində qaldı. 48 səhifəlik bir dərginin rəhmətlik Kamal İlicak Tərcüman təsislərində heç bir təmənnasız 8 ay boyunca çap etdi. Dərgi bugünkü səviyyəyə gəlib çıxana qədər bunu bənzər xeyli çətinliklərdən keçib uzun bir yol gəldi” – deyə xatirələrini vərəqləyir İsa Kocakaplan. “İnsanlığın dirilişi”, “Zamana adanmış sözlər”, “Körfəz”, “Səslər”, “Ayinlər” kitabları ilə çağdaş türk poeziyasında mərhələ yaradan Sezai Karakoçun Haqqa yürüməsinin ardından “Türk ədəbiyyatı”nın bu Ocaq sayı onun sənət aləminə, yaradıcılıq dünyasına işıq tutması, sənətkarın əziz xatirəsinə həsr olunmuş yazıların bir-birilə vahid süjet əsasında bağlanması elə Sezai Karakoçun Türk mədəniyyətinə bəxş etdikləri kimi bütöv bir kompozisiya təsiri bağışlayır. Sezai Karakoç dosyasını hazırlayan Alim Kahramanın “Şeir və düşüncə evreniylə Sezai Karakoç”, Fatih Arslanın “Kölgənin hökmü Günəşə varana qədər”, Nuray Alpərin “Ənənə boxçasında müasir ilmələrlə toxunmuş bir şeir: Sezai Karakoçun “İlk” şeiri”, yazar-şair A.Yağmur Tunalının “Namuslu aydın” məqalələri bizim təsəvvürümüzdə Sezai Karakoçun sözün həqiqi mənasında bir rəssam həssasiyyəti ilə çizilmiş böyük İnsan, istedadlı şair və ən əsası ömrünü ləyaqətlə yaşamış, Yağmur Tunalının təbiri ilə desək, namuslu bir aydın obrazını yaradır. Professor Cemal Kurnazın “Türkün məktəbi Türkü məktəbi”, “Türkülərin gücü”, Türküdən şeirə” kitablarında olduğu kimi ruhumuzun, düşüncəmizin formalaşmasında misilsiz rolu olan türkülərimizdən bəhs edən professor Ömür Ceylanın “Ömürləşən şərqilər” kitabı və bu kitabla bağlı İmdat Avşarla etdiyi söhbətin Dərgidə yer aldığı səhifələr oxucunun böyük marağına səbəb olur. Baş redaktorun özünün də söylədiyi kimi ruhumuzu qanadlandıran söz və güftələri nəğmə-nəğmə uçuran sənətçilərimizin həzin hekayələri ilə bağlı müsahibə oxucuda həzin təəssürat oyadır. Türkülərdən, nəğmələrdən söz açmışkən, Saadet xanım Örməcinin türküləriylə könlümüzdə taxt quran “Muharrem Ertaşa sayğı gecəsi” adlı yazısı sadəcə bir anım günü, ədəbi-bədii gecə ilə bağlı xəbər yazısı deyil, həm də böyük sənətkarın xatirəsinə bir töhfə kimi oxucunun diqqətini cəlb edir. Nəsr bölümündə Ayşə Ünüvar “Dəlilik medalı”, Necdet Ekici “Ah Kofe Vah Karabaş”, Gün Marlen “Hüsniyyə” hekayələri ilə oxucuların görüşünə gəlir. Poeziya bölümündə Sezai Karakoçun “Yağmur duası” poeziya sevərlərə dəyərli bir ərməğan olur. Feyza Aras “Sanrı”, Mehmet Ali Kalkan “Qırmızılar”, İhsan Tevfik “Gərəyi düşünüldü”, Yasin Mortaş “Saklanbaç sözlüyü”, Hamit Oral “Ağac”, Hüseyn Çolak “Dünya ləkəsi” şeirləri ilə oxucuları salamlayır. Ramazan Kahramanın “2021-ci ilin indeksi” adlı biblioqrafik göstərici isə oxucuda Türk ədəbiyyatı”nın ötən ilki fəaliyyətini bütöv halda oxucunun gözləri önündə canlandırır və ədəbi ortamı izləməyə geniş imkan yaradır. Ötən ay Türk Ədəbiyyatı Vəqfi Başqanı əziz Sərhat Kabaklının və Türk Ədəbiyyatı Dərgisinin Baş redaktoru, Ədəbiyyatımızın fədakar təbliğatçısı İmdat Avşarın Bakıya səfəri çərçivəsində təltif olunduqları mükafatlar dərginin 50 illik yubiley ərəfəsinə bir ərməğan olmaqla yanaşı həm də mədəniyyətimiz və ədəbiyyatlarımız arasında mənəvi bağ oluşdurur. Ocak sayını oxuduqca Dərgidə yer alan araşdırmaların məntiqiliyi və elmi səviyyəsi, bir-birindən maraqlı informasiyaların dərin məna tutumu, bədii əsərlərin: hekayə və şeir güldəstəsinin poetik ifadə özəllikləri, elmi-publisistik mətnlərin, müsahibələrin xüsusi bir nizamla düzülüşü, dərginin məsuliyyətli baş redaktorla bərabər yüksək peşəkarlıqla çalışan yaradıcı heyətinin yorulmaz əməyini gözlərimiz önündə sərgiləyir. Bu, illər boyu da belə olmuşdur, bu gün də belədir, yarın da belə olacağı mütləqdir. Müxtəlif mövzulara müraciət etməsinə baxmayaraq araşdırılan hər bir mövzunun, aparılan hər bir müsahibənin, elmi-publisistik məqalənin, bədii portret yazının bütövlükdə maraqlı bir ədəbi mənzərə yaratdığı dərginin hər bir səhifəsində zərgər dəqiqliyi ilə çalışan yaradıcı redaksiya heyətinin gərgin əməyinin, yüksək həssasiyyətinin və böyük zəhmətinin uğurlu nəticəsi kimi “Türk ədəbiyyatı”nın bütün sayları kimi yubiley buraxılışı olan Ocak sayı da, gələcəkdə görüşümüzə gələcək Şubat sayı, Mart sayı, Nisan sayı da… ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına inanır, başda dəyərli böyüyümüz Sərhat Kabaklı, Ustadım İmdat Avşar olmaqla; bütün redaksiya heyətini – Prof.dr. Ömür Ceylan, prof.dr. Tuba İşınsu Durmuş, prof.dr. Mesut Şen, prof.dr. Alaattin Karaca, doç.dr. Gökhan Tunç, dr. Necati Tonga, yazar-şair A.Yağmur Tunalı, Saadet xanım Örmeci, Enver Uğur Aykol, Atilla Ceylan və Halit Baykalın şəxsində bütün dostlarımızı gönüldən təbrik edir, Azərbaycandan qucaq dolusu salamlar və sayğılar göndərir, dərginin gələcək fəaliyyətində başarılar diləyirəm! 

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Təbrik edirik, Ayşən bala!

No Comments

AYTAC İBRAHİMİN YAZILARI

AYŞƏN BALA

Şirindir şəkər kimi,
Saçları suray bala.
Özü aydan da gözəl,
Bizim bu Ayşən bala.

Ad günüdür bax bu gün,
9 yaşa qədəm qoyur.
Hələ körpə fidandır,
Böyüyəcək Ayşən bala.

Söz-söhbəti kəm şirin,
Küsəyən, kövrək bala.
İlk nübardır siz bilin,
İlkimizdir Ayşən bala.

Gülüşü dərdlər açar,
Evlərinə gül saçar.
bacısı Günel kimi
Dəcəldir Ayşən bala.

Dərslərində uğurlar,
Gələcəyi nur bala.
Mübarəkdir ad günün,
Ay səni Ayşən bala.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

“Azərbaycan dilinin frazeologiya lüğəti” işıq üzü görüb

No Comments
YENİ KİTAB

“Azərbaycan dilinin frazeologiya lüğəti” işıq üzü görüb

“Azərbaycan dilinin frazeologiya lüğəti” 
dilçiliyimizin leksikoqrafiya tarixində misli görünməmiş frazeologiya lüğətidir. Lüğətin orjinallığı təkcə onun həcmi ilə deyil, birinci növbədə lüğətin xüsusi elmi-nəzəri bazası ilə, lüğət məqa­lələrinin vahid struktur prinsiplərinə riayət etməklə tərtib olunması ilə ölçü­lür. Xüsusi elmi-nəzəri baza dedikdə biz frazeologiya nəzəriyyəsi məkanında irəli sürülmüş TRANSDİL ideyasını nəzərdə tuturuq, yəni dilin frazeologiya fondunun TRANSDİL mahiyyətli bir fenomen olması ideyasını qabardırıq. Frazeologiyanın TRANSDİL konsepsiyası akademik Kamal Abdullayevin və professor İlyas Həmidovun Moskvada Rusiya Federasiyası Elmlər Akademiyasının Dilçilik institutunun sabiq direktoru REA müxbir üzvü V.A.Vinoqradovun yubileyinə həsr olunmuş “В пространстве языка и культуры. Звук, знак, смысл (М., ЯСК, 2010) adlı çox ciddi bir elmi məqalələr toplusunda nəşr olunmuş, Rusiya frazeoloqlar cəmiyyətində bir növ aprobasiyadan keçmişdir. Sözügedən konsepsiya barədə lüğətin “Ön söz” bölməsində də müfəssəl məlumat verilir. Həmin bölmədə lüğət məqalələrinin spesifik strukturunu təşkil edən informasion blokların vaciblik dərəcəsi aydınlaşdırılır.

Lüğət məqaləsinin quruluşu birinci növbədə aşağıdakı tələb və prinsiplərlə şərtlənir: a) vokabula – ifadənin dominant forması olmalıdır və b) bu dominant formasının leksik-qrammatik variantları semantik baxımdan dominantdan heç bir konnotasiya ilə fərqlənməməlidir ki, c) dominant formanın (vokabulanın) məna izahı və ya izahları variantların da adekvat məna izahı kimi çıxış edə bilsin; d) məna izahının hər iki pozisiya üçün adekvat olmasını isə klassik ədəbiyyatdan cəlb olunmuş illüstrativ materialın köməyi ilə işıqlandırmış oluruq; e) növbəti pozisi­yada vokabula ilə (dominant forma ilə) bu və ya digər semasioloji nisbətdə olan, onların mənalarını bu və ya digər səpgidə – etimoloji baxımdan, sinonimiya-variativlik və ya “daxili forma” baxımından açıqlayan dil vasitələrinin toplusu təqdim edilir ki, bu da dilimizin real, amma bəzən unudulmuş rəngarəng ifadə­lə­rinin oxucu yaddaşında canlandırmaq, oyatmaq məqsədini güdür; ə) o ki qaldı dominant ifadələrin rus dilinə tərcümə-ekvivalentlər blokunun lüğətdə yer tut­ma­sına, demək lazımdır ki, tərcüməçilik praktikasında məhz frazeoloji vahidlərin tərcüməsi xüsusi çətinliklərlə qarşılaşır. Bu mənada lüğətdə təqdim olunan tərcümə materialları ali məktəblərin tərcüməçilik fakultələrində təhsil alan tələbələr üçün və ümumiyyətlə, tərcümə işi ilə məşğul olan ixtisasçılar üçün böyük kömək ola bilər. Bu mənada təqdim olunan Lüğət polifunksional (izahlı-tərcümə) xarakterli leksikoqrafik mənbə kimi çıxış edir: polifunksional leksikoqrafik əsərlər leksikoqrafiya tarixində heç də istisna olmamışdır – rusistikada, qermanistikada bu qəbildən olan lüğətlər mövcuddur.

Təqdim olunmuş lüğətin digər əsaslı – nəzəri, praktik, funksional – xüsu­siy­yətlərindən biri də əsərin Azərbaycan dilinin frazeoloji leksikoqrafiyasında aça biləcəyi perspektivlərdir:

1. Doğma dilimizin frazeologiya fonduna ixtisasçı-tədqiqatçı marağının çoxalması, dilimizin frazeologiyasının zənginliyinin aşılanması işində dəyərli təsir effektinin yaranması.

2. Lüğətimizin materialları əsasında orta məktəb şagirdləri üçün frazeoloji minimum lüğətinin tərtibi probleminin asanlaşması perspektivi.

3. Azırbaycan dilinin frazeoloji sinonimlər lüğətinin tərtibi sahəsində görülə biləcək işlərin aktuallaşması.

4. İrihəcmli azərbaycanca-rusca frazeologiya lüğətinin tərtibinin gündəmə gətirilməsi və s.

Lüğətin üz qabığında göstərilən statistik məlumatlar dediklərimizə əyani sübut kimi çıxış edə bilər.

“Azərbaycan dilinin frazeolofiya lüğəti”nin mükafata təqdim olunma səbəblərini yuxarıda ərz elədiyimiz sistemli faktlarda görürük. Əlavə göstəricilər qismində qeyd edək: Lüğətin yaradıcı kollektivinin üzvlərinin fədakar əməyi (kiçik bir qrup entuziast alimlərin 15 ildə gördüyü iş heç də əzabsız olmamışdır) öz bəhrəsini bu şəkildə vermişdir. Necə deyərlər, bizim bacardığımız bütün ilklər kimi heç də möqsansız deyil. Nöqsansız, mükəmməl lüğəti ancaq Allah-taala tərtib edə bilər (Pyer Büast). Bizim ən ümdə işimiz gələcək tədqiqatçılara qida vermək oldu. Qoy bizdən sonra gələn alimlər daha yaxşısını yaratsın. Azərbaycan frazeologiyasında – bu nəhəng və dərin dəryada – hamı üçün fəaliyyət dairəsi genişdən genişdir.

Dir bir fakt da, fikrimizcə, önəmlidir. Adı çəkilən lüğətin tərtibçiləri rusistika üzrə ixtisasçılardır. Amma həmin müəlliflərdən üç nəfəri – proyektin rəhbəri professor İ.H. Həmidov, professor M.Q. Qocayev və dosent R.Ə. Məmmədova – orta məktəbi Azərbaycan dilində bitirmişlər, yəni azərbaycandilli alimlərdir. Yalnız dosent L.İ. Həmidova rus təhsilli mütəxəssisdir, ancaq azərbaycan dilini mükəmməl bilir və namizədlik dissertasiyası da rus-Azərbaycan frazeoloji tipologiya və tərcüməçilik məsələlərinə həsr olunmuş bir təqqiqat əsəridir.

1. Professor İlyas Həmidulla oğlu Həmidov– rus dilinin frazeoloji sintaksisi üzrə mütəxəssisdir. Bu sahədə bir neçə monoqrafik əsərin müəllifidir. 3 irihəcmli rusca-azərbaycanca paremiya-frazeologiya lüğətinin müəllifi kimi özünü səriştəli bir leksikoqraf kimi tanıtmışdır. Azərbaycan dilində də bir sıra elmi əsərlər yazmışdır. yetişdirdiyi elmlər namizədləri və doktorları sırasında (21 nəfər) 8 nəfəri azərbaycan-rus paremiya-frazeologiyası üzrə mütəxəssislərdir.                    

2. Professor Məmməd Qoca oğlu Qocayev əməkdar elm xadimi, klassik rus və azərbaycan ədəbiyyatı tarixi üzrə tanınmış mütəxəssisdir. Azərbaycan və rus dilini  ana dili səviyyəsində mükəmməl bilir. F.M. Dostoyevskinin 13 irili-xırdalı romanını Azərbaycan dilinə tərcümə etmiş, ədəbi tərcüməçilər sırasında özünəməxsus yer tutmuşdur.

3. Dosent Rəna Əlyar qızı Məmmədova Azərbaycan-rus tipoloji (müqa­yi­səli) frazeologiyası üzrə təcrübəli və sanballı mütəxəssisdir. Azərbaycan dilinin frazeologiya sisteminin praktik səpgidə çox gözəl bilicisidir və bir leksikoqraf kimi yetişmişdir. Lüğətin çoxminli kartoteka bazasının təşkil olunmasında, onun sistem­ləşdirilməsində layihə rəhbəri ilə bərabər əmək sərf etmiş və onu əsaslı surətdə dəstəkləmişdir.

4. Dosent Leyla İlyas qızı Həmidova, yuxarıda qeyd etdiyimiz kimi filologiya elmləri namizədi, Azərbaycan-rus tipoloji frazeologiyası üzrə ixtisasçı­dır, 3 rusca-azərbaycanca lüğətin müəllifi kimi özünü bacarıqlı leksikoqraf kimi tanıtmışdır. Hazırda Azərbaycan Dillər Universitetində çalışır.


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

LƏTİFƏ ORUCUN “SİRLİ GEDİŞLƏR”İNİN SEHRİ

No Comments


Lətifə Oruc – “Sirli Gedişlər”

LƏTİFƏ ORUCUN “SİRLİ GEDİŞLƏR”İNİN SEHRİ

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha! Hər dəfə sizlərlə bölüşməyə sözüm olanda sevincimin həddi-hüdudu olmur. Bu dəfə məni belə sevindirən, ruhumu ovsunlayıb öz sehrinə qərq edən  çox dəyərli bir kitabdır. Böyük əminliklə qeyd edirəm ki, əgər siz bu yazını oxuyursunuzsa, mütləq mənim “Su dünyaya açılan bir pəncərədir”  adlı yazımı da oxumusunuz. Bu məqamı xatırlatmaqda məqsədim kitabla necə tanış olduğumu sizlərə çatdırmaqdan ibarətdir. Belə bir kitabın varlığından tam xəbərsiz olaraq, sadəcə “sirli aləm”, “sirli dünya”, “dünyanın sirli işdəkləri” kimi ifadələr yazıb “Google” dostumuzun əvəzsiz xidmətlərindən faydalanırdım. Axtarş nəticəsi olaraq çıxmış “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. Lingdən keçid edib qısa araşdırma aparanda məlum oldu ki, “Vahid Mərkəzləşdirilmiş Kitabxana Portalı”nın  “Göygöl rayon Mərkəzi Kitabxana”sının qonağıyam və həmsöhbətim Lətifə Orucun (Lətifə Əliyeva)  “Sirli gedişlər” kitabıdır. Bizim tanışlığımız bax beləcə, iki bir-birini tanımayan qonağın onların hər ikisini yaxşı tanıyan dost evində görüşü kimi qəfil, gözlənilməz şəraitdə baş tutdu. “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. PDF kitabı pulsuz və təhlükəsiz şəkildə endirib oxumağa başladım. Axşam saat 20:00 – a az qalırdı. Axşam xəbərlərini gözlədiyimə görə vaxt dəqiq yadımda qalıb. “Xəbərlər”in başlamasına qalan 5-6 dəqiqə vaxt  ərzində mən “Sirli gedişlər”  adlı kitabın müəllifinin Lətifə Oruc olduğunu, hörmətli professorumuz Nadir Məmmədli tərəfindən 2021-ci ildə “Elm və təhsil” nəşriyyatında çap edildiyini öyrəndim və hətta çox hörmətli şairimiz Sabir Rüstəmxanlı tərəfindən kitaba yazılmış ön sözə də göz ata bildim. AzTv-də “Xəbərlər” proqramının başladığını bildirən video çarxın getdiyi (səsindən məlum olur) anda mən artıq “I FƏSİL” də “Suyun kənarında Quran oxunuşu, musiqi, qarğış…” (üçüncü abzas) ilə başlayan maraqlı məqamla rastlaşmışdım. Mövzu mənə tanış gəldiyinə və çox maraqlı oduğuna görə, – “Tunu qaqa, (Tuncay Şəhriliyə adətən belə müraciət edirəm) televizorun səsini azalt”,- deyə bildim və “Sirli gedişlər”  məni öz sehirli ağuşuna aldı. Bu günə qədər oxuduğum kitabların içərisində yalnız və yalnız  5-ci sinfdə oxuyan zaman  kənd  kitabxanasından götürüb oxuduğum (Ağdam rayonu, Yusifcanlı kəndi) “Kapitan Qrantın uşaqları” (fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman) kitabını belə,  ilk cümləsindən sonuna qədər ayrılmadan, birnəfəsə oxumuşdum. Kitab ötən əsrin ortalarından başlayaraq sonlarına doğru, iki əsrin kəsişməsindəki keşməkeşli dövrü, əsrimizin təlatümlü çağlarını (keçmiş ittifaq və müstəqillik dövürlərində) tipik orta statistik  kasıb ailənin və belə ailədə böyüyüb, boya-başa çatmış övladların həyatı, yaşam tərzi fonunda şahidi olduğumuz həyat  reallıqlarını gözlər önünə səririr. Bu məqamda, təfsilata keçməzdən əvvəl  ən azı  gələcəkdə istinad etmək üçün  sizi müəlliflə tanış etmək vacibdir.

QISA  ARAYIŞ

Lətifə Oruc (Əliyeva Lətifə Oruc) 9 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikasında (Şərur rayonu, Düdəngə kəndi) anadan olub.  1976-cı ildə Şərur rayon, Cəlil Məmmədquluzadə adına  Cəlilkənd kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Müəllifi olduğu “Sirli gedişlər”  (kitab Azərbaycan, Rus və İngilis dillərinə tərcümə olunub) adlı kitabına görə Rusiya Yazıçılar Birliyinə üzv qəbul olunub.

Ailəlidir. Biri qız, biri (tanınmış şahmatçı Rauf Məmmədov) oğlan olmaqla iki övladı var.

Əsərdə şərti adlarla təqdim olunan ailə; sürücü ata, evdar qadın  və onların  yeddi qız övladı real həyatdan götürülüb (Lətifə xanımın öz ailəsi). Lətifə xanımın yanvar ayında doğulmağından tutmuş, bütün təhsil pillələrində və iş karyerasında əzmlə irəliləməsi, eyni zamanda bacılarının həyatı, zəhmətkeş atanın, qayğıkeş ananın fəaliyyəti belə bir faydalı kitabın yaranıb, ortaya çıxmasında mühüm rol oynamışdır.

Kitab “Tərəfsiz ədəbiyyat tarixdir” prizmasından baxdıqda da bütün tələbləri ödəyir.

Lətifə xanım istər keçmiş ittifaqda yaşadığımız çağlarda, istərsə də müstəqillik dövrümüzdə adi ailə-məişət zəminində baş vermiş hadisələri  elə böyük ustalıqla təqdim edir ki, hadisələr fonları ilə birlikdə tarixi, mədəni, mənəvi əhəmiyyət kəsb edir.

Əsərdə təqdim olunan olduqca müxtəlif vəziyyətlər onun real həyat hadisələrindən qaynaqlandığının göstəricisidir. Çünki, situasiyalar və onların təsvirləri  o qədər təbii və inandırıcıdır ki, bu kimi halların sadəcə yazıçı təxəyülünün, fantaziyasının məhsulu olmaq ehtimalını heçə endirir.

Əsərdə baş verən hadisələr, onların kompanentləri təbii olduğu kimi, dili də olduqca sadə və axıcıdır. Məhz dilin sadəliyi onu birnəfəsə oxunan kitablar sırasına qoşur.  Yuxarıda qeyd etdiyim  kimi kitabın Azərbaycan, Rus və İngilis dillərində olan variantları var. Hər üç dildə olan variantlarla artıq tanış olmuş bir oxucu kimi deyə bilərəm ki, dilindən asılı olmayaraq oxunaqlı əsərdir. Qəti olaraq oxucu yorulmur. Burada dilin sadəliyi ilə yanaşı müəllifin hadisələri oxucunu intizarda saxlayacaq tərzdə inkişaf etdirmək bacarığı da mühüm rol oynayır.

Ümumilikdə son olaraq, onu qeyd etmək istəyirəm ki, bəlkə də nadir, hər halda ibrətamiz əhvalatlarla dolu unikal bir ailənin həyat hekayəsini gözlər önünə sərən  Lətifə Orucun  “Sirli Gedişlər” kitabı  əhatə etdiyi dövrün  zəruri  mədəni, sosioloji, tarixi  məlumatlarını özündə daşıdığına görə olduqca əhəmiyyətli ədəbiyyat hadisəısidir. Hamınızı bu hadisə ilə yaxından maraqlanmağa və faydalanmağa dəvət edirəm. Sona qədər həmsöhbət olub, Uca Yaradanın bizlərə ən böyük hədiyyəsi  olan çox dəyərli zamanınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə qarşınızda təzim edir və intəhasız təşəkkürlərimi sunuram.

27.01.2022. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Gülyaz Əliyeva – Sizə nə?

No Comments

Gülyaz ƏLİYEVA

Vallahi, billahi, çox maraqlı bir öllkədə yaşayırlq, macəralarla dolu bir ölkədə…

Macəra dolu Amerika bizə baxanda toya getməlidir. Bə nə? Heyf deyil, hər gün gündəmi bir yeni qeyri-adi, heyrətamuz olay zəbt edə? Bir gün eşidəsən, şagird müəllimi döyüb, müəllim işdən çıxarılıb. Bir gün eşidəsən, müəllim şagirdi döyüb,  yenə müəllim işdən çıxarılıb. Bir gün müəllim şagirdi intizama dəvət edə, mərəkə qopa, bir gün sinifdə baş verən hadisələrə gözüçıxan qardaşını görən müəllim gözünün ucu ilə də etina etməyə, yenə mərəkə qopa… Adı “Buraxılış” olan  imtahanı buraxılışdan 3 ay əvvələ salalar, uşaq da Hatəmxan ağa demiş: “hoppana gedə düşə Arazın o tayına… “. Bundan sonra  da müəllim 3 ay əli çıraqlı şagird axtara davamiyyəti düzəltmək üçün…

Bir gün yuxudan oyanasan ki, əsgərlərin qanı bahasına aldığı Şuşa adını komandasına qoyan, amma o adı qorumağa cürəti çatmayan, ermənilərin ağzına çeynəməyə saqqız verən nəşəli və sözəbaxan ağıllı, lal-dinməz oğlanlar klubu onu “Buta” ilə əvəz edə… Utanıb-qızarmaq əvəzinə sabahı camaata elə təppəcə gələ ki, day deməyə sözün qalmaya.  …Ayıbına kor olmaqdansa, camaata qeyrət, namus, şərəf dərsi keçələr, sən də maddım-maddım baxasan… Bir gün də oyanasan ki, şou-biznes əhlindən birisi başlaya hərbiçini sosial şəbəkələrdə açıq-açığına söyə, zənən xeylağı kimi ağzına gələn qarğışı yağdıra, “əcəb eləmişəm, yaxşı eləmişəm”, – deyə-deyə, hamının da matı-qutu quruya…

Maraqlı ölkədə yaşayırıq, Vallahi, Billahi. Adamın burada günü əyləncəli keçir, adamı qəti darıxmağa, öz dərd-sərin, çörəyin, neftin qiymətlərinin qalxmasının dərdin çəkməyə, fikir eləməyə qoymurlar ki! Sağ olsunlar. Gərəkdir bizim ölkənin bu təcrübəsin özgə ölkələr də mənimsəyə, yayıb geniş istifadə edələr… Hansını deyək, hansını danışaq? 17 ildə 3 dəfə orfoqrafiya lüğəti çıxarılıb, 3-ü də yararsız. Burada da o  orfoqrafiyanı nəşr elətdirənlər yox, günahkar xalq ola ki, bəs, düz-əməlli söz işlədə bilmir. İşləri-peşələri də yoxdur, elə bil orfoqrafiyadan başqa söz tapmırlar danışmağa… Ancaq onu müzakirə edirlər. A bala, çörəyin qiyməti qalxmayıb, neftin qiyməti qalxmayıb, reklamlarda-zadda sözlər hamısı səhv-sühv yazılmayıb? Get onu müzakirə elə dana. Nə dərdinə qalıb orfoqrafiyada “dəmşalaq” sözü var, “mişoppa” sözü yoxdur? Hıy!? Başına iş qəhətdur? Əcəb edirlər, “oxşar” və “bənzər” sözü ilə eyni sözlərin sayın artırırlar. İstəyərlər, “meymunabənzər” yazarlar, istərlər, “meymunaoxşar”, istəyərlər, “suiti” yazarlar, istəyərlər, “dəniziti”, “supərisi” və ya  “dənizpərisi”. Bax bundan sənə nə?

Nə dərdinə qalıb ee?! Küçələrdə reklam və obyekt adlarının 99, 99%-i əcnəbicədir?  Sənə nə?

Vallahi, billahi qəribə, maraqlı, macəra dolu bir ölkədə yaşayırıq, sensasiya dolu bir diyarda! Sağ olsunlar, adamı darıxmağa, fikir eləməyə qoymurlar. Hər gün yuxudan durursan ki: “Şok, şok, şok!”

Hər gün bir yeni olay,
Hər gün bir yeni vay-vay .
Maraqlıdır buralar,
İşiniz olsun kolay.

Müəllif: Gülyaz ƏLİYEVA

GÜLYAZ ƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI Şəlalə CAMAL

No Comments

Şəlalə CAMAL

“MƏN KİMƏM?”

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI Şəlalə CAMAL

– Salam, Şəlalə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü  oxucularımıza necə təqdim edərdiniz? Buyurun.

– Salam! Çox sağ olun. Təşəkkür edirəm. Maraqlı layihədir. Mən Şəlalə Camal 8 fevral 1993- cü ildə Bakı şəhərində dünyaya göz açmışam. Əslən Kəlbəcərliyəm. Uşaq yaşlarımdan yaradıcılığa meyilli olmuşam.
Orta təhsilimi Bakı Şəhəri N.Nərimanov Rayonu Rafiq Nəsirəddinov adına 39 saylı tam orta məktəbdə almışam. Yazılarım məktəb qəzetlərində dərc olunardı.
2010 – cu ildən etibarən müstəqil qəzetlərdə fəailiyyət göstərməyə başladım. “Gün” qəzeti daha sonra isə “Həftə-Nedelya” qəzetində fəaliyyətimi davam etdirdim. Günün aktual mövzularını, o cümlədən Mədəniyyət və İncəsənət sahəsini işıqlandırdım. Foto – reportajlar hazırladım, tanınmış simalardan müsahibələr aldım. ADMİU – nun 90 illiyinə həsr olunmuş “ Kövrək duyğular “ kitabında da yazılarım dərc olundu.
2011 – ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” fakültəsinə qəbul oldum. Bu müddətdə “Həftə – Nedelya” qəzetində əsaslı işçi idim. Jurnalistikaya, yazıçılığa olan həvəsim təkcə qəzetdə deyil, həmçinin televiziya və radioda da baş tutdu. Paralel olaraq həmin ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC – də təcrübə keçərək ştatdankənar təcrübəçi kimi çalışmağa başladım. İxtisasca rejissor olduğum üçün, universiteti bitirdiyim il AzTV QSC – də Səsyazma sexində ilkin olaraq səs operatoru, qeyri – xətti səs montajçısı kimi çalışmağa başladım. Eyni zamanda Beynəlxalq Radioda müəllif olaraq materiallar hazırlayıb səsləndirdim. İşim daha çox komputerlə olduğu üçün komputer elmlərinə dərindən yiyələnmək üçün 2015 – ci ildə Azərbaycan Texnologiya Universitetində “ İnformasiya Texnologiyaları və Sistemlər Mühəndisliyi” ixtisasına daxil olaraq 2020 – ci ildə təhsilimi bitirdim. 2020 – ci ildə Azərbayacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə daxil oldum. Həmin ildən “Psixologiya məktəbinə” – də paralel olaraq qəbul oldum və psixoloji bilik və bacarıqlarımı təkmilləşdirdim. Hazırda sözügedən universitetin və məktəbin məzunu, Beynəlxalq Radionun xarici dillərdə yayımlanan verilişlərinin rejissoruyam. İxtisasımı artırmaq, təkmilləşdirmək üçün müxtəlif dövlət qrumlarında, o cümlədən yerli və xarici seminarlarda müntəzəm olaraq təlim keçərək diplomlarla, sertifikatlarla qiymətləndirilmişəm.
Bununla bərabər 525 – ci qəzet, Ədalət qəzetində və bir sıra mətbu orqanlarda da yazılarım dərc olunur.
Qeyd edim ki, Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüyəm.
Aşağıdakı təltiflərim var:
Mükafatlar;
“İlin yazarı” (2014),
“ İlin Mədəniyyət Jurnalisti” (2014),
“Qızıl Qələm” mükafatı laureatı (2016).
Şəhadətnamə;
Asan Xidmət və Təhsil Nazirliyi – Məktəblinin dostu ( master ).
Sertifikatlar;
Teleradio Akademiyası – Televiziya rejissorluğu və aparıcı – müxbir,
Sivas Cumhuriyyet Universiteti – Mediya yapımcılığı,
Nişantaşı Universiteti – Tv proqramı,
Nirvana Akademi – Yaşam koçluğu eğitimi,
GTC company – Psixologiya, Psixoloqların Həmrəylik Formu və s.
Daim öz üzərimdə işləyir, cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmağa çalışıram. Bu qədər. Layihədə mənə də yer verdiyinizə görə bir daha təşəkkür edirəm.

Hazırladı: Tuncay ŞƏHRİLİ


TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC