KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

WWW.BİTİK.AZ

YUXULARDAN OYANMAQ… – QƏŞƏM NƏCƏFZADƏ

YUXULARDAN OYANMAQ…
(Kəramət Böyükçölə)
Anana demişəm,
Pişık çırmaqlayan dizindən danışmasın.
Əmiziyini xatırlatmasın,
Qolundakı xalını yadıma salmasın…
Doğum evində demişdim ki,
Körpəmiz dəyişik düşər.
Demişdi, qolunda qara xalı var, qorxma…
Bəs böyüyəndə,
Sən kimlə dəyişik düşdün, oğlum?
İndi deyirəm o xalı
Yaddaşımdan pozsun.
Bütün xatirələrini
Birdəfəlik büküb
Palazın alta qoysun.
Mənə
Bir dənə xatirəni göstərməsin.
Işə bax,
Göbəyin quruyub düşəndə
İlk kitabımın arasına qoymuşammış…
Bu axşam anan göstərdi mənə.
Süd dişini hələ də saxlayırammış,
Yapışıb kitabın son vərəqinə.
Evdə atıla –atıla yeriyərim ki,
Ayaq izlərini əzməyim.
Şirin yuxulardan oyanıram ki,
ləzzətlə səni gözləyim.
Evimiz elə böyükdü ki,
Anan məni axtarır evdə.
Oyunçağı olmayan uşaqlara bənzəyirik,
Yuxuya gedirik, hərəmiz bir güncdə.
Gəlib indi görsən, ağlarsan
Səpmişik evə sənin uşaqlıq şəkillərini,
Şəkillərlə oynaya – oynaya
Yuxu bizi aparıb…
Göbəyin və süd dişin ananın əllərində
Balaca süd şüşəsi yırğalanır sinəmdə…

Müəllif: Qəşəm Nəcəfzadə

QƏŞƏM NƏCƏFZADƏNİN DİGƏR YAZILARI

QƏŞƏM NƏCƏFZADƏ DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply