KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

WWW.BİTİK.AZ

STEAM METODU – LAYİHƏ ƏSASLI ÖYRƏNMƏ – PBL

Zərövşən Babayeva

Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasının dosenti,

pedaqogika üzrə elmlər doktoru

dr.zarifbabayeva@yahoo.com

STEAM METODU – LAYİHƏ ƏSASLI ÖYRƏNMƏ – PBL

Yeni dövr – yeni format, yeni metod və vasitələr tələb etməkdədir. Artıq qloballaşan dün­ya­da hər bir inkişaf kimi, problemlər də tez bir zamanda bütün  dünyanı əhatə etməklə səfər­bər­lik diktə edir. Tədris sahəsi də baş verən dəyişiklik fonunda artıq dünyada baş verən  dəyişik­lik­lə­rə səmərəli cavab vermək məcburiyyətində. Bunun üçün dünyada gedən yeniliklərə inteqrasiya etmək üçün istər təhsil, istər də texnologiyalar sahəsində kadr potensialını zənginləşdirməlidir. Bu­raya həmçinin təhsil ocaqlarının maddi-texniki bazasının yenilənməsi də daxil­dir. Hazırda bi­o­lo­giyanın tədrisində istifadə etdiyimiz metod və üsullar tədrisin səmərəliliyinə təsir göstər­mək­də davam edir. Lakin çalışıb fərqli, yeni imkanlar da axtarmaqda davam etmə­li­yik. Dünyada isti­fa­də olunan yeni vasitələr, İKT-dən istifadənin fərqli metodikasını tədrisə gə­tir­mək­lə öyrənən­lər­də marağı artırmaq tədrisin keyfiyyətini artıracaq amildir.

Son illər həyatımızda, bütün fəaliyyət sahəsində baş verən yeniliklər (texnologiyalar, müasir metodlar və s.) həyatın sirlərini öyrənməklə məhdudlaşmayıb, öyrənməni daha cazib hala gətirmişdir. Bu layihələrdən biri də STEAM layihəsidir. STEM ingilis dilində Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyat (Math) sözlərinin qısaltmasıdır. Termin ilk dəfə ABŞ Milli Elm Qurumu (U.S. National Science Foundation) tərəfindən 2001-ci ildə SMET olaraq bir neçə fənn və bacarığın inteqrasiyasından ibarət olan peşələri ifadə etmək üçün istifadə olunub. Daha sonra bioloq Cudit Ramili (Judith Ramaley) tərəfindən STEM olaraq dəyişdirilib (Hallinen, 2016). Qısaltmaya daha sonra incəsənət/sənət ənasına gələn “Art”-da əlavə olundu (STEAM və ya STEM+A). STEM və STEAM arasındakı əsas fərq, STEM elmi anlayışlara daha çox diqqət yetirir. STEAM -də elmi anlayışları araşdırır, lakin bunu yaradıcılıq prosesində istifadə edilən sorğu və problemə-həll etməyə əsaslanan təlim metodları vasitəsilə edir (Wade-Leeuwen, 2018).

STEAM tədris metodu ad olaraq yeni olsa da, təhsil sahəsində yeni bir yanaşma deyil və tədris-təlim məşğələlərinə yaradıcı yanaşan yenilikçi metodistlər tərəfindən  müxtəlif platformalarda təbliğ edilmiş, hazırda təkmilləşdirmə mərhələsindədir. İnteqrasiyalı təhsil yüksək peşəkarlıq tələb etdiyindən yalnız  XX əsrin 80-ci illərində qabaqcıl ölkələrdə tətbiq edilməyə başlandı. STEM-i əsas populyarlaşdıran isə 2009-cu ildə ABŞ-ın STEM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoyması ilə başladı. Nəticədə qeyd olunan sahə üzrə elmi tətqiqatların və məhsulların sayı artdı və böyük kütlələr üçün əlçatan oldu. Əksər peşələr birdən artıq fənn/sahə üzrə bilik tələb etdiyindən orta əsrlərdən etibarən ali təhsil verən müəssisələrdə fənlər əlaqəli olaraq tədris edilməyə çalışılırdı. 2000-ci illərin başlanğıcından Naxçıvan Dövlət Universitetində elmi tədqiqatlarımızın bu istiqamətdə  – biologiyanın tədrisində fənlərarası, fənndaxili, nəntiqi-tənqidi təfəkkürün inkişafı, yaradıcı tətbiqetməyə üstünlük verilmişdir (Babayeva Z). 2017-ci ildə Fəlsəfə doktorluğu, 2017-ci ildə elmlər doktorluğu dissertasiyasında bioloji təhsildə, ümumiyyətlə təhsil sahəsində baş verən keyfiyyət dəyişikliklərinin düzgün istiqamətdə tətbiqi imkanlarını işləyib hazırlamış, dərslik, dərs vəsaiti, monoqrafiyalar hazırlamışıq. Bu illər ərzində Naxçıvan Dövlət Universitetində yaradılmış yüksək keyfiyyətli təhsil təminatı sayəsində əvvəllər çətinlik çəkdiyimiz sahələrdə geniş imkanlar qazanaraq XXI əsr təhsil sferasına uyğun fəaliyyət planına sahib olmuşuq.

STEAM metodu – Layihə əsaslı öyrənmə – PBL (Project Based Learning), Fənlərarası inteqrasiya və fənlərararası öyrənmə (Interdisciplinary&Cross-dissplinary), Araşdırma əsaslı öyrənmə (Inquiry Based Learning),  Oyun əsaslı öyrənmə (Gamification), Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies), Mobil əsaslı öyrənmə (Mobile learning), Tinkering- kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənmə metodları ilə təhsil sahəsində öyrətmə-öyrənmə prosesini durğunluqdan çıxarıb yaradıcılıq fəaliyyətinə çevirməyə xidmət göstərir.

 2019-2020-ci tədris ilinin əvvəlindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə tətbiqinə başlanılan “STEAM” layihəsinin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşüncə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. Artıq Yeni Dünya Düzənində baza təhsili ilə gözlənilməz sürprizlərdən sığortalanmaq üçün cəmiyyətlərə hər vəziyyətdən çıxma yollarını düşünüb tapa bilən, aldığı nəzəri bilikləri düzgün, insanlıq naminə tətbiq edə bilən mütəxəssislər hazırlamağa məhkumuq. Dünyada baş verən son hadisələr bunu sübut edir.

Həmçinin öyrənilən hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim audi­to­­­riyalarda təkrarlayıram. Hər bir var olana tənqidi-məntiqi yanaşma bacarığı həm öyrəni­lə­nin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradacaqdır. Həm­çinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xü­susi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:

  •  Anlamaq; Anlatmaq; Anlaşmaq.

Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir.

  • Təhsil; Tərbiyə – nəticədirYəni – təlim – təhsil – tərbiyə = inkişafdır.

Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha verimli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqi vacib sayılır. Müasir dövr öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal iştirakçılarına çevirmək, biliklərin həyata tətbiqini perspektivli hesab edilir. Xüsusilə də “Canlı müşahidədən mücərrd təfəkkürə, sonra təcrübədə tətbiqetmə” biologiyanın tədrisində xüsusi əhəmiyyət kəsb edir.

Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent bir­lik­də iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəti­cə­də arzuolunan təhsili formalaşdırır. Hazırkı təhsil sistemində STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutan təhsil sisteminə/metoduna verilən addır. STEAM təhsil metodu 5 əsas meyarın birgə təşkilidir: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math). STEAM məhz bu meyarların birgə və inteqrasiya olunmuş formada tədrisi ideyası üzərində qurulub.

            STEM təhsil metodunun müsbət cəhətləri – STEM təhsil metodu/sistemi düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir:

  • Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar  vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür (Leite, Walter L.; Svinicki, Marilla; Shi, Yuying (April 2010).
  • Yaradıcılıq – «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, biz övladlarımıza onları maşınlardan fərqləndirəcək nəsə öyrətməliyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qalma şansları olacaq» (Whiting, 2019). Yaradıcılıq insanı digər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır.
  • Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miqyaslı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
  • Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar formasında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda yoldaşlarının işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırırlar. Bundan başqa, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
  • Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layihənin nəticəsi ilə bağlı hesabat və ya prezentasiya (təqdimat) ilə yekunlaşır.
  • Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksiyasını da yerinə yetirir, qrupa/layihəyə rəhbərlik edir, qərarlar alırlar. Nəticədə şagirdlərdə liderlik bacarıqları inkişaf edir.
  • İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır. Yuxarıda qeyd edilən bütün bacarıqlar şagirləri səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlamış olur.

Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətiirilən yeniliklərin tətbiqi də müəyyən problemlərlə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də vardır:

  • Sahə üzrə önə çıxan çətinliklərdən, əsasən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar.
  • STEM dərslərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bir çox qabaqcıl ölkələrdə belə qeyd olunan problem var. Nəticədə STEM tədris metodunu bütün yaş qrupları üzrə tədris proqramına cəlb edən dövlət yoxdur.

Əlavə olaraq, STEM tədris metodu şagirlərlə yanaşı, valideyinlərin də prosesə aktiv iştirakını tələb edir. Dərslər sinif otaqlarında yekunlaşmır. Məsələn, valideynin şagirdin evdə tapşırıq olaraq həyata keçirdiyi müşahidə və ya təcrübəyə qoşulması, onunla müzakirə aparması tələb oluna bilir. Valideyn olaraq təhsil və iş sahəsində baş verən IV sənaye inqilabına biganə qalmaq olmaz. Şagirdlərin, xüsusi ilə də, azyaşlıların qazanacağı bacarıqlar onlara iş həyatında daha sağlam mövqe tutmağa imkan verəcək. Bəs valideynlər bu istiqamətdə hansı işləri görməli:

  1. peşəkar STEM dərsləri tədris edən müəssisələrdən dəstək ala bilər;
  2. sahə ilə bağlı araşdırmalar edib müəyyən qədər övladı ilə fərdi məşğul ola bilər.

Müasir dövrdə məktəb-ailə işbirliyi qaçılmaz olmuşdur. Dəyişən Dünya düzəninə ayaq uydurmaq üçün məktəblə şagird arasındakı ünsiyyət azlıq edir, bu zəncirə ailəni, ətraf mühiti də əlavə etməklə kompleks yaradıcı əlaqə əldə etməliyik. Bunun üçün də hərtərəfli bilik-bacarığa, yaradıcılığa malik insan potensialının yetişdirilməsi üçün hər gün dəyişən texnologiyaları, metod və üsulları tətbiq edə bilən mütəxəssislər hazırlanmalıdır. STEAM təhsili də bütün bunları özündə cəmləyərək təhsilə interaktiv təlimlə gətirilən canlılığı, yaradıcılığa, kreatif fəaliyyətə, məntiqi-tənqidi düşüncənin inkişafına yönəltmişdir.

            STEAM metodunun geniş yayılıb səmərəliliyinin artırılması üçün beynəlxalq və respublikadaxili treyninqlərin keçirilməsi, müəllimlərin bu layihədə iştirakı həm təcrübə mübadiləsi üçün şərait yaradır, həm də dünyagörüşün zənginləşməsi, təhsil müəssisələri işçilərinin müzakirələrdə fikirlərinin alınması təhsil sahəsinə öz töhfəsini verir. Bu sahədə işlər davam etməkdədir. Ümimilikdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliyyətinin izlənməsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir. STEAM layihəsinin fəaliyyəti steam.edu.az portalı, eləcədə layihənin rəsmi  sosial şəbəkə səhifələri vasitəsilə işıqlandırılır və izləyicilərlə əlaqə yaradılır (https://www.stemart.az/az/newsd/9-stem-steam-haqqinda-bilmak-istadiklariniz).

Naxçıvan Dövlət Universiteti ilklərə imza atması ilə, yeniliklərə hər zaman açıq olması ilə fərqlənmiş, bu sahədə işlərini davam etdirir. Bu ildən STEAM metodu seçmə fənn kimi tədris yükünə daxil edilmiş, universitetdə STARTAP, ENACTUS kimi layihələrin davamı olaraq sınaqdan keçirilərək tələbələrin böyük marağına səbəb olmuşdur. Universitetin nəzdində dövlətimizin xüsusi qayğısı ilə STEAM mərkəzinin tikilişi və bu sahədə aparılan işlər, universitet rəhbərliyinin universitetdəki yenidənqurma, təhsil-tədris prosesinin keyfiyyətinin qaldırılmasındakı səyləri də xüsusi qeyd edilməlidir. Universitetimizin bu yaxınlarda ən yaxşı universitetlər sırasında ilk beşliyə (5-ci yer) düşməsi də qürurvericidir. Azərbaycan Respublikası rəhbərliyinin, Naxçıvan Ali Məclisi Sədrinin birbaşa qayğısını öz üzərində daim hiss edən universitet kollektivi, universitetdə yeni enerji ilə, yeniliklərin tətbiqi ilə  Qarabağ Zəfərimizin 1-ci ildönümündə öz işlərini bundan sonra da layiqincə yerinə yetirmək əzmindədir.

Yaxın gələcəkdə Şuşada, Ağdamda konfranslara, simposimlara qatılmaq arzusu hə həvəsi ilə çalışan Naxçıvan ziyalıları gündən-günə inkişaf edən Azərbaycanın cənnət diyarı Naxçıvanda hələ Azərbaycan elminə, təhsilinə çox töhfələr verəcəkdir.


ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply