KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

WWW.BİTİK.AZ

ONLAR YENİ BİR TARİX YAZIRLAR – AYTAC İBRAHİM

Onlar yeni bir tarix yazırlar – O gün…

Onlar yeni bir tarix yazırlar, özləri gedirlər, bəxş etdikləri gözəlliklər isə qalır.Əzəldən bəri belə olub…
Kimi şənlərinə şeir, mahnı, dastan yazır.Kiminin bir ayağı xiyabanda, qəlbi isə ah fəğanda olur…

Oğlunu, dostunu, qardaşını, canını itirib hər şeyə lap əvvəldən başlamaq rahatdırmı?! Toxuna bilmədiyin, görə bilmədiyin, üz-üzə söhbət edə bilmədiyin bir yaxının məzar daşı ilə baxışmaq, danışmaq, bağrına basmaq rahatdırmı?!
İnsanın həyatda hər kəsi öz yerində, hər şeyi öz qaydasında olanda, birdən o düzənsizlik pozulanda belə sıxıntı yaşayır.Di gəl ki, dağ boyda, aslan hünərli oğulları torpağa tapşırasan…

Biz o oğullardan yetim qaldıq xəbəriniz varmı sizin?! Bizə görə canını, qanını, gələcəyini qurban edən igidlərdən yetim qaldıq…
Hər məzar daşının altında bir igidin həyatı, cismi, arzuları, son dəfə sevdiklərinə deyəcəyi kəlmələr yatır…
Görəsən, son saniyələrində kimi görmək istəmişdilər? Kimi düşünmüşdülər? Son istəkləri nə olmuşdu?
Adamı nakam ömürlərin ağrısı yandırır.Anaların fəryadı, ataların boynu bükük qalıb, heç kim eşitməsin deyə hıçqıra-hıçqıra gözünün yaşını silməyi yandırır…
27 sentyabr 2020-ci il, nə zillət imişsən sən?! Necə bir il imişsən sən?!
O gündən sonra bütün günlər, bütün illər bağrına daş basıb yaşamağa çalışan adamlar çoxaldı, dərdlər artdı.Sevincini yaşaya bilməyən, ruhsuz canlar artdı.Atasız böyüyən övladlar, ata qucağı, ata üzü görməyən körpələr artdı.Dayağı olmadan, tək qadın gücü ilə övladlarına həm ata, həm ana olan qadınlar artdı…
Bir evin dərdi, bir böyük məmləkətin dərdinə çevrildi.Oğul evdən getmədi, oğul eldən getdi…

Torpağı qaytaran oğullar, torpağın altında yatır.Xoşbəxtliyə, sevincə, toy-büsata layiq olan oğullar bizdən çox çox uzaqdadırlar…
Bu həsrət, bu ağrı bir ömür boyu unudulan deyil.
O tarixi biz canlı-canlı yaşamışıqsa, hansısa bir kitabdan deyil, məhz öz gözlərimizin şahidliyi ilə əzbər etmişiksə, o tarixi unutdurmaq, yad etməmək bizə yaraşmaz.Nəsildən-nəsilə, obadan-obaya ötürərək qəhrəmanlarımızı yaşadaq.Yaşadaq ki, bizə təbəssüm etsinlər.Yaşadaq ki, şad olsunlar…

Yaşadığımız hər saniyəni, gəzdiyimiz hər qarış vətən torpağını, azadlığımızı onlara borcluyuq, millət!
Ruhları şad, şəhidlik mərtəbələri mübarək olsun… 

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply