KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

WWW.BİTİK.AZ

TƏHSİL, TƏDRİS, CƏMİYYƏT YENİ DÜNYA DÜZƏNİNDƏ ƏSASLI DƏYİŞİKLİKLƏRƏ MÖHTACDIR

TƏHSİL, TƏDRİS, CƏMİYYƏT YENİ DÜNYA DÜZƏNİNDƏ

ƏSASLI DƏYİŞİKLİKLƏRƏ MÖHTACDIR

                                                                Zərövşən Babayeva

                                     Naxçıvan Dövlət Universitetinin dosenti,

                                                  pedaqogika üzrə elmlər doktoru

                                       dr.zarifbabayeva@gmail.com

Bəşər tarixində bir çox kəskin dönüşlər olmuşdur. Lakin yaşadığımız müasir dövr bütün yönləri ilə digər etaplardan öz fərdi xüsusiyyəti ilə fərqlənir. Rəqəmsal həyat tərzinin üstünlük təşkil etdiyi bu günlərdə artıq baza bilikləri ilə dünyaya çıxa bilmərik. Həyatın bütün sahələrində işlər: maddi-texniki baza, banklar, təhsil sahəsi, tibbi qurumlar, iqtisadi münasibətlərdə yeni dünya düzəninə uyğun qurulmaq zorundadır. Bunun üçün əsas yük orta və ali məktəblərin üzərinə düşür. Çünki cəmiyyəti idarə edənlər və edəcək insan potensialı, mütəxəssis kadrları məhz təhsil sahəsinin nailiyyətləri kimi qiymətləndirilməlidir. Son illər yaşadığımız gözlənilməz hadisələr, fəlakətlər insan və cəmiyyət həyatında uzaqgörən dəyişikliklər edilməsini zərurətə çevirmişdir.

Yeni dövr artıq hazır bilikləri əzbərləməklə inkişafa nail olmağın qeyri-mümkünlüyünü göstərir. İndi cəmiyyət –

  • tarixin xronologiyasını əzbər bilən;
  • coğrafi xəritədə ölkələrin əhali sayını bilən, necə yerləşməsini göstərən;
  • bioloji bilikləri, canlıların anatomik-morfoloji quruluşunu sadəcə öyrənən;
  • ədəbiyyatdan yazıçı, şairlərin həyatını, əsərlərini oxuyan gəncliklə: şagird, tələbə, magistr, doktorantla yeni həyata ayaq uydura bilməyəcək.

XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət potensialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalışan mütəxəssislərlə ciddi rəqabətə davam gətirərək Ayda və Marsda yeni həyat qurmağı düşünürlər. Lakin bütün səviyyələrdə istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiyaların tətbiqi kifayət etmir. Təhsildə, cəmiyyətdə keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymətləndirmək, təhsil taksonomiyalarından düzgün istifadə etmək vacibdir. Təhsil işçilərinə, öyrədənlərə sərbəst fəaliyyət imkanları verilməsi də nəzərdən qaçırılmamamlıdır.

Əsas məsələlərdən biri bütün sahələrdən olan aparıcı mütəxəssislərin işini qiymətləndirmək, gənc nəsli daha yaradıcı olmağa istiqamətləndirmək, bunun üçün münbit şərait yaratmaq, öyrənənlərin öyrəndiklərinə tənqidi yanaşma bacarığı formalaşdırmaqdır. Bilik dediyimiz məfhum sorqulanarsa inkişaf edəcəkdir. Belə olmasaydı qədim dövrlərdən əsası qoyulan biologiya elmi günümüzdəki inkişafına çata bilməz, həmçinin tibb elmi özünün pik səviyyəsinə çatmaz, qədim, orta və intibah dövrlərində müxtəlib bioloq və həkimlərin əməyi boşa çıxardı. Təkcə insan orqanizminin anatomik-morfoloji quruluşunun öyrənilməsi, daxili orqanlarının həcmi və formasının öyrənilməsi üçün biologiya elmi ən çətin, qanlı, keşməkeşli yollardan keçmişdir. Vaxtilə bu sahəyə maraq göstərən o zamankı araşdırmaçılar həyatları bahasına biologiya elminə, tibb sahəsinə möhtəşəm töhfələr vermişlər. Qan köçürmənin tarixi isə özünəməxsus çətinliklərlə, etaplarla indiki 4 qan qrupunun kəşfinə qədər uzun yol keçmişdir. Ölməkdə olan insana quzu qanı köçürüb ölümdən xilas edən də, sonrakı cəhdlərin uğursuz alınmasına görə qanköçürməni qanunla qadağan edən də indi sahib olduğimuz Dünyanın o zamankı hər şeyə maraqlı, xəyalpərəst, tənqidi-yaradıcı düşünən İnsanları olmuşdur. Məlumdur ki, bütün elm sahələrində müxtəlif maraqlı faktlar vardır. Bu faktlar İnsan oğlunun bitib tükənməyən marağının qarşısında durula bilinməyəcəyini göstərir.

Dünyanın gedişatını dəyişdirən ən vacib texnoloji kəşflərdən bir neçəsi:

Bəzən inkişafın, bəzən isə qəribə təsadüflərin nəticəsində edilən texnoloji kəşflər həmin dövrdə yaşayan insanlarla yanaşı, əsrlər sonra bizim də həyatımızı dəyişdirməyə davam edir.

         Kompüter elmlərinin yaranması

         Əsası daha əvvəlki illərdə qoyulsa da, müasir dövrdə olan və elmi araşdırmalarla inkişaf etdirilən kompüter elmlərinin meydana çıxması ingilis alim Alan Turing’in fəaliyyəti nəticəsində mümkün olub. 1912-ci ildə Londonda dünyaya gələn, universiteti riyaziyyat və kriptologiya elmləri üzrə bitirən Turing İkinci Dünya Müharibəsi illərində Nasist ordusunun şifrələrini açaraq, müharibənin gedişatına da təsir etməyi bacarmışdı. Alan Turing Kriptologiya və riyaziyyatdan əlavə, süni intellekt sahəsində gördüyü işlərlə də müasir robotların təməlini atan alim hesab olunur. Steve Jobs və Steve Wozniak tərəfindən qurulan məşhur “Apple” şirkətinin loqosu və adı zəhərli alma yeyərək vəfat edən Alan Turing’in adıyla əlaqələndirilir.

İnternetin kəşfi

Bu gün həyatımızın və dünyadakı inkişafın əsas hissəsi olan internetin yaranması 1960-cı illərdən başlayır. İlk olaraq ABŞ ordusunun hərbi rabitə və kəşfiyyat şəbəkəsi olaraq qurulmuş və Advanced Research Projects Agency Network (ARPANET) olaraq adlandırılmışdı. Eyni illərdə eşitmə problemli həyat yoldaşının ətrafıyla daha rahat əlaqəsini yaratmaq üçün bir model düşünən gənc riyaziyyatçı Vinton Cerf kompüterlər arasında baş verəcək data transferini reallaşdırmaq istəyirdi. O, ABŞ ordusunun qapalı şəbəkəsini başlanğıc nöqtəsi olaraq götürür. 1973-78-ci illər arasında TCP/IP protokolunun inkişaf etdirilməsində də rolu olan Vinton Cerf sayəsində dünyanın hər yerindən internetə qoşulmaq mümkün oldu.

İlk iPhone

            İndi bizə nə qədər inanılmaz gəlsə də, amma həyatımızın ayrılmaz parçasına çevrilmiş müasir “ağıllı telefonlar” əvvəllər həyatımızda yox idi. 9 yanvar, 2007-ci ildə Steve Jobs tərəfindən təqdim edilən iPhone yeni bir dövrün başlanğıcı olmuşdu. O günlərdə həm tənqid, həm də təriflərin hədəfi olan bu yeni telefonla ekranı, əlverişli istifadəsi və online mağazasıyla tamamilə yeni bir dövrün başlanğıcı idi.

Səmanın yeni gücü: Drone

Texnologiya ilə bağlı bir çox kəşf də hərbi sahədən qaynaqlanır. Əvvəlki illərdə “İnsansız hava vasitəsi” olaraq hərbi kəşfiyyat üçün istifadə olunan cihazlar inkişaf edərək, drone’ların yaranmasına səbəb oldu. Eyni zamanda həm internet yayan, həm də foto və video görüntləri çəkə bilən cihazlar texnologiyada yeni bir səhifənin açılması deməkdir.

           Gələcəyin fabrikləri: 3D printer

Evdə oturub lazım olan əşyanı istehsal etmək və ya xarab olan əşyanı yenisiylə dəyişdirmək istəyirsiniz? 3D printer texnologiyası yaxın gələcəkdə bunları da mümkün edəcək. Artıq bu texnologiya sayəsində sümük, diş kimi insan bədən hissələrinin yenilərini düzəldə bilmək mümkündür.

Bu kimi misalları indi göstərmək çox asan və rahatdır. Bütün bunlar isə dünyaya, ətrafa, həyata maraqla baxan, hər kəsin görə bilmədiyini görən, olanların fərqli variantını yaratmağa çalışan insanların xidmətidir. Yaşadığımız keşməkeşli, narahat, həm yüksəlişli, həm fərqli yaşam tərzi diktə edən son iki il verilən həyatın insanlığa xidmətdə ikən daha şərəfli, verimli olduğunu göstərir. Baş verənlər göstərir ki, hansı cəmiyyətlərdə birlik, bərabərlik, səmimiyyət, qarşılıqlı hörmət və inam varsa həm inkişafı, həm də siyasəti düzgün istiqamət­də­dir. Əslində hər bir işdə xeyir güdülməməli, götürülən qazancın hakedilməsi əsas qayə olmalıdır. Müəllimlərin bu sahədə əsas işi yetişdirdiyi kadrların yeni dünya düzəninə, dünya standartları səviyyəsinə yüksəlt­məsidir. Onların, xüsusilə təbiət elmlərinə – fizika, kimya, biologiya, coğrafiya və s.  yiyələnən gələcək kadrların vətənpərvər, insansevər, qayğıkeş olmaları, Dünyanı vahid evimiz kimi görmələrini təmin etmək təhsil sahəsinin əsas vəzifələrindən olmalıdır.  

Universitetdə dərslərin yüksək səviyyədə qurulması, aparılmış yenidənqurma işlərinin nəticəsi kimi bu il – 2021-ci ildə yüksək reytinqli universitetlər içərisində Naxçıvan Dövlət Universitetinin adının da çəkilməsi hamımızı qürurlandırmışdır. Təbii ki, bunda Azərbaycan dövləti, Müxtar Respublika rəhbərliyinin birbaşa qayğısı və diqqəti ilə yaradılmış əlverişli imkanlardan istifadə edən professor-müəllim heyətinin də əməyi danılmazdır.

Ümid edirik ki, qarşıdan gələn yeni dərs ilində yeni enerji ilə dərslərin yüksək səviyyədə aparılmasına bütün kollektiv fəal iştirak edəcək, ümumiyyətlə cəmiyyət həyatını məşğul edən problemlərin həllində öz işini əsirgəməyəcək. Hamıya yeni uğurlar diləyir, Dünyada baş verən neqativ proseslərin, xəstəliklərin, soyqırımların, müharibələrin, təbii fəlakətlərin sonlanmasını arzulayıram.

Leave a Reply