KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

"ZİYADAR" MÜKAFATI, ƏDƏBİYYAT, JURNALLAR, XƏZAN, YAZARLAR

ÜÇÜNCÜ DÜNYA SAVAŞI – ƏSƏD CAHANGİR

Əsəd CAHANGİR

ÜÇÜNCÜ DÜNYA SAVAŞI

Pandemiya
Üçüncü Dünya Savaşıdır.
Öncəki savaşlar
günbatanda başlamışdı,
bu gündoğanda.
Öncəkilər texnoloji idi,
bu, bioloji.
Öncəkilər
meydanlarda gedirdi,
bu, xəstəxanalarda.
Öncəkilər qanlı idi,
bu, qansız.
Öncəkilərin əsgərləri vardı,
bunun xəstələri.
Öncəkilərin
topu-topxanası varıydı,
bunun gopu-gopxanası.
Öncəkilərin gülləsi vardı,
bunun virusu.
Öncəkilərin
ikinci cəbhəsi vardı,
bunun ikinci dalğası.
Öncəkilərə
inanmayan yoxuydu,
buna inanan.
Öncəkiləri törədirdilər ki,
hegemon olsunlar,
bunu törədənlər hegemondu.
Öncəkilərdə
torpaqlar tutulurdu,
bunda adamlar.
Öncəkilərdə
sərhədlər açılırdı,
bunda bağlanır.
Öncəkilərdə
cavanlar qırılırdı,
bunda qocalar.
Öncəkilərdə
bizimkilər vardı,
bunda yoluxmayanlar.
Öncəkilərdə
düşmənlər vardı,
bunda yoluxanlar.
Öncəkilərdə
özgələr öldürürdü,
bunda özününkülər.
Öncəkilərdə
həkimlər arxada gedirdi,
bunda qabaqda.
Öncəkilərdə
kiminsə sığortası vardı,
bunda heç kimin.
Öncəkilərdə yaralanırdın,
bunda yoluxursan.
Öncəkilərdə şəhid olurdun,
bunda meyit.
Öncəkilərdə
“çölə çıx” deyirdilər,
bunda “evdə qal!”
Öncəkilərdə
evə qaçanı güllələyirdilər,
bunda evdən çıxanı cərimələyirlər.
Öncəkilərdə kaska taxırdın,
bunda maska!
Öncəkilərdən çıxış varıydı,
bunda yoxuş!

Koronovirus üçüncü dünya savaşıdır.

Öncəkilərdə də ölüm vardı,
bunda da!
Nə öncəkilərin Allahı vardı,
nə bunun!
Öncəkilərə də lənət,
buna da!

Müəllif: Əsəd CAHANGİR


ƏSƏD CAHANGİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply